post-title

İntiqam Hacılı: "Seriallara dəxli olmayan adamları, idmançıları, qohumlarını çəkirlər"

Yeni mövsüm başlar-başlamaz daha bir neçə serialın çəkiləcəyi ilə bağlı söz-söhbət gündəmə gəlsə də, hələ ki, onların heç birindən xəbər yoxdur. Ötən ildən çəkilişləri yarımçıq qalan serialları nəzərə almasaq, bu il sanki Azərbaycanda serial çəkilişləri dayandırılıb.

 
 
Ssenari Mərkəzinin rəhbəri, rejissor-ssenarist İntiqam Hacılı "Reytinq"ə deyib ki, hər il serial çəkilişlərinə dövlət başçısı 5-6 milyon manat vəsait ayırsa da, bu dəfə maliyyə köçürülməyib. 
 
Azərbaycanda serial sənayesinin iki ildir formalaşmaqda olduğunu bildirən İntiqam Hacılının sözlərinə görə, iki il ərzində bu sahədə sürətli inkişaf gözləmək yersizdir: "Bunun üçün, minimum 5 il lazımdır. Bu müddət ərzində serial rejissorları və ssenaristləri ortaya çıxacaq". 
 
Hər bir telekanalda serial şöbəsinə baxan insanların olduğunu xatırladan müsahibimiz bildirib ki, telekanallarda ildə 5 serial nümayiş olunurdusa, onların hansı rejissor tərəfindən çəkildiyini də tamaşaçılar kimi, kanal rəhbərləri də bilirdilər: "Onlar bilir ki, bu sahədə daha çox hansı rejissorla işləmək olar və bu rejissorlar serial bazarına nə qədər xeyir verə bilərlər. Bütün bunları müəyyənləşdirmək üçün ən azı 5 il lazımdır. Yalnız bundan sonra telekanal rəsmisi hansı rejissorla işləyəcəyinə qərar verə bilər".
 
Mərkəz rəhbərinin fikrincə, onun çəkdiyi serialın nümayiş olunduğu ATV daha çox kinemotoqrafçılarla işləməyə üstünlük verir: "Onlar istəyir ki, serial sahəsində kino adamları ilə işləsinlər. Açığı, həmin keyfiyyəti də əldə etmişdilər. Məsələn, Rövşən İsak, Babək Şirin, elə mənim özümlə iş birliyi qurublar. Bunlar kino sahəsini bilən insanlardır. Demirəm ki, klip çəkənlər seriallarla işləməsinlər. Onlar da serial sahəsində öz biliklərini artıra bilərlər. Elə rejissor var ki, serial sahəsində məşhurlaşmaq istəyir. Keyfiyyəti axtarmaq üçün əvvəlcə bu işi bilənlərə ağız açmaq lazımdır. Serial çox dərin bir sahədir. Bunun üçün məlumatın çox olmalı, filmlərə daha çox baxmalı və çox oxumalısan". 
 
Serial çəkilişi zamanı bəzən peşəkar aktyorların kənarda qalmasına gəlincə, İ.Hacılı seriallarda ordan-burdan gətirilmə aktyorların olduğunu təsdiqləyib: "Mən də o mənzərənin şahidi olmuşam. Həqiqətən də, bəzən seriallara dəxli olmayan adamları, idmançıları hətta bəziləri yaxın qohumlarını da çəkirlər. Əsasən serial sahəsi inkişaf etmiş ölkələrdə - Türkiyədə belə şeylər var. Onlar daha çox modelləri çəkirlər. Amma əvvəlcə həmin şəxslərə kurs keçir, sonra səhnəyə gətirirlər". 
 
"Qız yükü" serialında 80 faiz peşəkar aktyorlarla işlədiyini xatırladan rejissorun fikrincə, həmin şəxslər bu sahəni daha gözəl bilirlər: "Ola bilər, kiminsə teatrda böyük naliyyətləri olub. Amma etiraf edək ki, onlar kamera qarşısında həmişə uğurlu çıxış etmirlər. Saydığımız aktyorların özündə də problemlər var. Yaradıcı sahə elədir ki, özümüzü rejimdə saxlamaq üçün daima oxumalı və filmlərə baxmalıyıq. Bu, hamıya, eləcə də rejissorlara da aiddir. Oxumadıqda, mütaliyə etmədikdə, beyin 20 il əvvəlki formada qalır". 
 
Bəzi tanınmış aktyorlar mətbuata açıqlamalarında "biz serail aktyoru deyilik",- ifadəsini işlədirlər. Müsahibimiz isə onların bu fikri razılaşır: "Bu fikri işlətməkdə çox gözəl edirlər. O mənada ki, kimsə kimisə məcbur edib günü 20 manata seriala çəkə bilməz. Kimsə gedirsə, günah onun özündədir. Bizim çəkdiyimiz serialda rol alan aktyorlardan heç biri maliyyə baxımından narazı ola bilməz. Hər biri yüksək qonorar alıb. Yaxşı olar ki, aktyorlar öz hüqüqlarını bilsinlər və tələb etsinlər ki, bu qiymətə seriala çəkilmək olmaz, qonorar azdır. Yəni, onların hüquqlarını əlindən alan rejisorlara qarşı aktyorların işbirliyi olmalıdır". 
 
Ərəb və balkan ölkələrinin daha çox Türkiyədən serial aldığını söyləyən İ.Hacılının sözlərinə görə, daha çox serial ixrac edən ölkələr Latın Amerikası və Türkiyədir: "İdxal edən ölkələr isə balkan və ərəb ölkələridir. Bizdə də mümkündür. Hər şey ssenarinin dramaturgiyasından asılıdır. 
 
Məişət səviyyəsində olan bir ssenarini çox peşəkarcasına ortaya qoysan, hansı problem olar ki? Mən eşitmişdim ki, Yaşar Əhmədovun serialını Orta Asiya və ərəb ölkələrindən biri istəyib. Amma bilmədim ki, sonu necə oldu. 
Ərəb ölkələri daha çox sevgi məcaralarına üstünlük verdiyindən, bizim mövzular onlara maraqlı gəlir. Azərbaycanda daha çox seriallar çəkilsə, saf rəqabət aparılsa, həmin ölkələr mütləq bizim istehsal etdiyimiz serialları da alar. Təki serail biznesi Azərbaycanda formalaşsın. Buna da daha çox telekanallar cəhd göstərməlidir. Hər dəfə fondan maliyyə ayrılmasını gözləmək olmaz. Bu bazarın inkişafı üçün digər maliyyə mənbələri də var". 
Rejissorun sözlərinə görə, iş adamları da bu sahəyə maraq göstərməlidir: "Əslində, iş adamları seriallara pul qoymur. Sadəcə, serial biznesi telekanaların işidir. Bunu telekanal etməlidir. Onlar reklam verən şirkətlərlə danışıb, gəlir mənbəyi tapmalıdır. Daha çox izləyici toplaya bilən serialda həddən artıq böyük şirkətlərin reklam çarxları gedir. Odur ki, elə serial çəkilməlidir ki, bütün ölkə ondan danışsın, sponsor və təşkilatlar da öz aralarında rəqabət aparsınlar". 
 
Reytinq qəzeti
Yuxarı