REAL yol gedirmi?

Публицистика

 
 
ABŞ-ın və Qərbi Avropa ölkələrinin arxasında durduğu 1990-cı illərin qlobal neoliberalizm dalğası Azərbaycanda da liberal demokratiya təbliğatı çətiri altında xeyli QHT formalaşdırmışdı. Qlobal neoliberalizm dalğasının yerli təzahürləri olan bir çox Azərbaycan QHT-ləri eyni zamanda həqiqətən də demokratikləşmə prosesinə müəyyən fayda verirdi. Keçən il bu təbəqə də sıradan çıxarıldı. ABŞ və onun neoliberalizmi onları müdafiə edə bilmədi. Ya da müdafiə etmək istəmədi. Çünki əslində neoliberalizmlə demokratik proses kifayət qədər ziddiyyətli fenomenlərdir. Demokratiya neoliberal qloballaşmaya mane olmadıqca, neoliberallar üçün problem deyil; o zaman ki mane olmağa başlayır, neoliberallar mənfəəti hər zaman daha üstün tuturlar.
 
1980-lərdən başlayaraq neoliberalizm ideologiyası ona xidmət edirdi ki, inkişaf etmiş ölkələr öz iqtisadi subyektləri üçün yeni coğrafiyaların qapısını aça bilsin – yəni inkişaf etməkdə olan ölkələrin təbii resurslarını və ya əmək bazarını istismar etmək üçün şərait yaratsın. Qoy bu resurslarla zəngin ölkələr “azad ticarət”-ə heç bir maneə törətməsinlər, onların dövlətləri “bazarın azad inkişafına” mane olmasın, beynəlxalq korporasiyalar isə vəziyyətdən istifadə edərək bacardıqları qədər mənfəət sömürüb öz ölkələrinə daşısınlar. Bugün bu ssenari o qədər aşkardır ki, “sol”-a heç bir aidiyyatı olmayan inkişaf etməkdə olan yeni sənaye ölkələri də bunun qarşısını almaq üçün kifayət qədər səy göstərir. Bu ölkələrdə dövlət birbaşa və bütün səviyyələrdə iqtisadi inkişafa intensiv şəkildə qarışır; aktiv makroiqtisadi planlaşdırma həyata keçirir, iqtisadi sektorları daima nəzarətdə saxlayır, müəyyən sahələrə struktural yardım göstərilir, yerli bazarı xarici kapital axını qarşısında sağlamlaşdırmağa çalışır. Bu ölkələrə misal kimi Sinqapur, Tayland, Tayvan, Vyetnamı, 70-ci illərin Cənubi Koreyasını, demək olar ki, bütün Latın Amerikası ölkələrini sadalamaq olar. Bu ölkələr öz iqtisadiyyatlarını yüksək sənayeləşmiş ölkələrin periferik xammal təminatçısına çevirməkdən qorumağa çalışırlar. 
 
Ümumiyyətlə, tarixən heç bir inkişaf etmiş dövlət öz əsas iqtisadi inkişaf dövrünü beynəlxalq azad ticarət və minimum dövlət prinsipi əsasında inkişaf etdirməyib. Məsələn, Britaniya hazırkı iqtisadi qüdrətinin böyük hissəsini 19-cu əsrdə və 20-ci əsrin birinci yarısında qazanıb. Məgər Britaniya hakimiyyəti bu dövrdə iqtisadiyyata müdaxilə etmirdimi? Yoxsa ABŞ 20-ci əsrin ikinci yarısında iqtsiadiyyata müdaxilə etmirdi? Bugünkü Çin, yaxud Cənubi Koreyanı götürək. Cənubi Koreya 1950-1980-ci illər arası ölkəyə birbaşa xarici investisiyanı bəyəm qadağan etməmişdimi? Ölçüsündən asılı olmayaraq hər bir Koreya şirkətinin qarşısında 3, 5, 10 illik istehsalat planları var idi. Eynisi Sinqapura da aiddir. Başqa sözlə, neoliberal propaqandanın mesajından asılı olmayaraq, tarixi faktlar heç bir halda bu mesajı dəstəkləmir. Siyasi avtoritar, eyni zamanda aqressiv kapitalist olan bu ölkələrin inkişafı hədsiz sosial çətinliklər və əzablardan keçib. 
Demokratik siyasi sistemlər isə  bəzən kapitalist qloballaşmanın əleyhinə işləyə bilir. Məsələn, bugün ABŞ və Avropa Birliyi üzvləri kənd təsərrüfatında idxal kvotalarını ən çox tədbiq edən dövlətlərdir. Bunun əsas səbəbi demokratik parlamentarizmdir. Demokratik parlamentarizm o deməkdir ki, neolioberalların nə deməsindən asılı olmayaraq parlamentdə vətəndaşı təmsil edən qüvvələr onların (həm də iqtisadi) maraqlarını qoruyur və imkan vermir ki, ABŞ vətəndaşının iqtisadi maraqları tapdansın. Doğrudur, hətta ABŞ-da belə zaman-zaman bir qrup fermerin marağı hansısa maqnatın maraqlarına qurban verilə bilər, lakin, sonradan da olsa, ABŞ məhkəmə sistemi ədaləti bərpa etməyə meyllidir. 
 
Beləliklə, əgər hər hansı dövlət öz milli iqtisadiyyatının inkişafını təmin edən milli iqtisadi siyasət aparmırsa, bu zaman onun neoliberal iqtisadi kursun qurbanına çevrilməsinin şansı böyükdür. Məsələn, Banqladeş kimi. 
 
Bəs görəsən REAL hərəkatı bu məsələyə münasibətdə hansı mövqedə dayanır? Təəssüf ki, normalda asan cavabı olan bu sual REAL-a gələndə xeyli qəliz bir cavab tələb edir.
 
Tərkibi böyük əksəriyyət etibarilə QHT sektorundan formalaşmış bu hərəkatın idarə heyətinin üzvləri 90-lardan bəri neoliberal propaqandanın ön cəbhəsində yer alan adamlardır. Bu adamlar iqtisadiyyatı və siyasi nəzəriyyəni sanki amerikan təşkilatlarının Azərbaycana bir həftəlik seminar keçmək üçün gətirdiyi alababat təqdimatçılardan öyrəniblər. Ona görə də, REAL üzvlərinin hər hansı bir mühazirəsini dinləyəndə, yaxud məqalələrini oxuyanda adamın burnuna optimist 2000-ci illərin vətəndaş cəmiyyəti seminarlarının iyi gəlir. Realçılar mexaniki şəkildə, heç bir nə nəzəri arqumentasiya, nə də praktik sübut gətirmədən müxtəlif akademik səfsətələrlə bol olan “dövlət kiçik olmalıdır, çünki böyük dövlət korrupsiyalaşmış olur” (maraqlıdır, görəsən niyə Almaniya dövləti korrupsiyalaşmış deyil?), “xarici ticarət azad olmalıdır, yoxsa rəqabət zəifləyir”,  “dövlət iqtisadiyyata müdaxilə etməməlidir” kimi şablonları geninə boluna, sağa-sola səpməklə düşünürlər ki, 2015-ci ildə Azərbaycanda onların bu əsassız və ən vacibi, köhnəlmiş ideyaları dəstəklənə bilər. 
 
Son zamanlar REAL-çıların maraqlı xasiyyəti əmələ gəlib. Bu xasiyyət başqa heç bir qurumda, siyasi partiyada müşahidə olunmur. REAL-çılar özlərindən müəyyən gümanlar, fərziyyələr uydurublar. Bu fərziyyələr sanki hər kəsin qəbul etdiyi həqiqətdir. Bunlardan biri budur ki, Azərbaycan camaatı “sağ” yönümlüdür. Bu nə deməkdir? Necə yəni camaat sağ yönümlüdür? Axı bu söz heç bir məna ifadə etmir, boş, əsassız, mənasız bir sözdür. Deyirlər ki, Azərbaycanlılar alverçi xalqdır və bu yaxşı şeydir. Nə deməkdir alverçi xalq? Bunu hansı meyarlar müəyyən edir? 20 ildir neftin ucbatından ölkədə bir dənə normal dəyər zəncirində istehsalat yoxdur, bu camaat necə dolanmalıdır bəs? Yaxud, Hindistan xalqı ticarət etmirmi? Bəlkə Zimbabve camaatı ticarət etmir? Yoxsa gürcülər ticarət etmir? Axı, ümumiyyətlə, əgər sən heç bir şey istehsal etmirsənsə, sənin ticarətin hansı əlavə dəyər yaradacaq? Yaxud, Yaponlar istehsal etdikləri məhsulları necə satırlar, əgər ticarətləri yoxdursa? Geridəqalmış aqrar bir ölkədən inkişaf etmiş sənayeləşmiş ölkə yaratmaq vizyonunu göz önünə almış REAL-çılar düşünürlər ki, “alverçi” azərbaycanlılar Moskva bazarında xiyar satmaqla ildə 60 milyardlıq dəyər yaradıb 20 milyardlıq büdcə təmin edəcəklər? Etməyəcəklərsə, proqramlarında qeyd etdikləri sosial xidmətlər necə təmin olunacaq? Edəcəklərsə, necə edəcəklər? 5-cə il sonra Azərbaycan xalqı alver ilə bugünkü həyat səviyyəsini qoruyub saxlaya biləcəkmi? Demək çətindir. REAL-çılar üçün isə, asan. 
 
Özünü ənənəvi müxalifət partiyalarından fərqləndirdiyini iddia edən REAL heç də onlardan fərqli olmayan ümumi və heç bir məna kəsb etməyən, haradan çıxdığı bəlli olmayan mücərrəd deyim və kəlmələrdən yapışıb Azərbaycanı xilas etmək istəyir. Bunların qurmağa çalışdığı hekayəyə baxın: guya Azərbaycan bəylərinin ailə dəyərləri varmış da, Sovetlər gəldi o dəyərləri dağıtdı, indi də onu bərpa etmək lazımdır. Onun-bunun başını kəsən, quldurluqla məşğul olan, maarifçi hərəkatın qəniminə çevrilmiş qoçularınmı ailə dəyərləri var idi? “Leyli və Məcnun”-un ilk tamaşasında Leylini oynamağa qadın tapmırdılar. Əbürrəhman Fərəcov, Əhməd Ağdamski üstündə tapança gəzdirirdi ki, birdən Leyli rolunu oynadıqlarına görə onları vursalar özünlərini müdafiə eləsinlər. Bəylərin qoçuların əlindən maarifçilər iş görə bilmirdilər. Yoxsa, 19-cu əsrdə Azərbaycanın hər kəndində əsilzadə, təhsilli zadəgan ailələri var idi, yığışıb həftədə bir dəfə “Vyana balı” təşkil edirdilər, xəbərimiz yoxdu? Bu məlumatlar, inanclar haradan qaynaqlanır, bəlli deyil. 
 
REAL üzvlərinin iqtisadi siyasət iddialarının arxasında heç bir akademik araşdırma, heç bir sorğu, heç bir nəzəri iqtsiadi model dayanmır. Neoliberal konyukturanın qulluqçusu olmaq bir yana, adamlar heç olmasa Menkyunun Azərbaycancaya tərcümə olunmuş "İqtisadiyyatın Əsasları" kitabını belə oxusaydılar, bu qədər mənasız iddialar səsləndirməzdilər. 
 
REAL-ın nə üzvləri ayrı-ayrılıqda hansı siyasi-iqtisadi mövqedə olduqlarını müəyyən edə bilirlər, nə də onları bir təşkilat kimi hansısa bir iqtisadi-siyasi ideologiya birləşdirir. Erkin Qədirli deyir mühafizəkar millətçiyəm. Liberal deyiləm. Neoliberalizmi inkar edir. Xeyli vaxtdır yazır ki, ABŞ-a bel bağlamaq olmaz, ehtiyatlı davranmaq lazımdır, demokratiyaya birbaşa keçid təhlükəlidir, Azərbaycana sağ avtoritarizm və avtoritar milli lider lazımdır, siyasi səhnəni sərt tədbirlərlə təmizləməliyik. Natiq Cəfərli deyir ki, Erkin düz eləmir, neoliberalizmin prinsipləri bizim xilas yolumuzdur, sonra da Pinoçeti tərifləyir. Pinoçet ABŞ-ın Çilidəki diktator kuklası idi. Adam 3,000 Çili vətəndaşını öldürüb, 80,000 adamı həbs edib. ABŞ-ın pulu ilə Çilini “inkişaf” etdirən Pinoçet 17 illik hakimiyyəti dövründə xeyli sayda dövlət əmlakını qanunsuz mənimsəyib, vergidən yayınıb. Bu da bizim “özəl mülkiyyət müqəddəsdir” modelinin təşviqatçısı REAL üzvünün dəstəklədiyi siyasətçi. İlqar Məmmədov isə həbsxanadan Fransız sosialist iqtisadçısı Thomas Pikettinin bərabərsizliyin kapitalizmin təbiətindən qaynaqlandığını və təcili olaraq qarşısının ən azından proqressiv vergilərlə tənzimləmə yolu ilə alınmalı olduğunu iddia edən kitabını tərifləyən yazı yazır. Thomas Piketti o adamdır ki, Fransanın Prezidenti sosialist partiyasının lideri Fransua Hollandı “kifayət qədər solçu olmamaqda” günahlandırır. Olmaya İlqar Məmmədov öz yoldaşlarından fərqli olaraq heç də sağçı yox, solçudur? 
 
Başqa sözlə, REAL-çılar sanki nə istədiklərini bilmirlər. Heç olmazsa, öz aralarındakı fikir ayrılığını, hansı ki, heç bir siyasi partiyada fundamental fikir ayrılığı normal deyil, bəlli etməsəydilər. REAL-çılar isə əksini edirlər. O ki qaldı REAL-ın vədlərinə, təbii ki, istənilən dəyişiklik tərəfdarı, özünü proqressiv hesab edən siyasi partiya “biz demokratik təsisatları yenidən qurmaq və əsaslı demokratik sistem yaratmaq” istəyirik deyəcək. Hansı partiya bugün Azərbaycanda, YAP daxil, bunun əksini deyir? Bu vəziyyətdə bunu demək axı həm də heç nə deməkdir.  REAL idarə heyəti üzvlərinin səsləndirdikləri bu mövqelərin heç biri onların siyasi proqramlarına uyğun gəlmir. REAL-ın siyasi proqramını oxuyandan sonra belə bir təəssürat yaranır ki, REAL siyasi olaraq proqressiv, iqtisadi olaraq mərkəzçi partiyadır. İnsan Haqları barədə mövqeləri, hətta proqramda qeyd etdikləri keçid dövründə belə, kompromissizdir. İcbari tibbi sığorta, imkansız ailələrə mənzil, gender bərabərliyi istiqamətində tədbirlər, təhsilin hər kəs üçün əlçatan olması və s. Üstəlik, proqramda Gürcüstan təcrübəsi açıq-aydın sezilir (məsələn, MTN-in ləğvi və s.) Sual yaranır: REAL-a üzv olmaq, onu dəstəkləmək istəyən vətəndaş kimə, nəyə inanmalıdır? REAL-ın proqramında vəd edilən missiyayamı, yoxsa REAL üzvlərinin proqramın demək olar ki hər bir bəndi ilə və həm də bir-birləri ilə düz gəlməyən absurd çıxışlarınamı? 
 
Bütün bu məsələlərin səbəbi odur ki, bu insanları ideoloji mövqe birləşdirmir. Onları birləşdirən həm eyni zamanda müəyyən dəyişikliyə nail olmaqda maraqlı olmaq, həm də digər dəyişiklik tərəfdarı olanlardan “olmamaq”-dır. Yəni ki, bu hakimiyyətdən və bu müxalifətdən deyilsənsə, deməli bizə qoşula bilərsən. Böyük iddiaları olan siyasi partiyanın prinsipi belə olmamalıdır. Uğrunda vuruşduqları dəyər REAL idarə heyətinin hər bir üzvü üçün ayrıdırsa, çətin ki, REAL bu yolda hərəkət edə bilsin. Bu, struktural problemdir. Erkin Qədirli demişkən, REAL-ın sistem problemi var. Bu sistem problemi onları kağızda birmənalı olaraq əhalinin güman olunan orta sinfinə (yəqin, orta sinfi də “plazma televizor kriteriyası” ilə müəyyən ediblər) xitab etməyə və opportunistik davranaraq mümkün qədər daha böyük kütlənin etimadını qazanmağa vadar edir. Bu isə, REAL-ı mərkəzçi partiyaya çevirərək ideoloji mövqeyini xeyli zəiflədir. 
 
REAL üzvləri neoliberalizm diskursunun təsirindən ayıla bilmirlər. Onlar sadəcə olaraq bir neoliberal sistemi digər neoliberal sistemlə əvəzləmək istəyirlər. Halbuki, dünya artıq başqa istiqamətdə inkişaf edir. Proqramlarında vəd etdikləri sözlər əslində “normal,” orta statistik Azərbaycanlının hər gün arzuladığı, taksi şoferlərinin hər gün səsləndirdiyi məsələlərdi. Azərbaycan hakimiyyətinin kağızda vəd etdiyi məsələlər REAL-ın vəd etdiyi məsələlərdən çox da fərqlənmir. Kağızda yazılanların reallığa çevrilməsinin qarşısında dayanan əsas maneə hakim sinfin qlobal neoliberal sistemə həddən artıq inteqrasiya olunması və ölkəni periferik kapitalist ölkəsinə çevirməsidir. Qısası, ölkəni getdikcə batmaqda olduğumuz quyunun içindən çıxartmağın əsas şərtlərindən biri odur ki, bu quyu ilə üzüyuxarı qalxanda çıxıb neoliberalizmin tələsinə düşməyəsən. REAL-ın isə, neoliberalizmin fəsadlarını neytrallaşdırmaq üçün heç bir addım atmaq niyyətində olduğu görünmür. Onlar bir tərəfdən siyasi avtoritar, iqtisadi azad “üçüncü yol” rejimi qurmaq iddiasındadırlar. Digər tərəfdən kütlənin etimadını qazanmaq üçün millətçiliyə sığınır və  eyni zamanda ölkəni demokratikləşdirəcəklərini vəd edirlər. Bir tərəfdən mütləq liberalizm təbliğ edirlər, o biri tərəfdən mərkəzçi siyasət yürüdürlər. Rəşad Şirin də yazır ki, REAL üçüncü yolu (siyasi avtoritar, aqressiv kapitalist) gedə biləcəkmi. Hərçənd mənə görə “üçüncü yol” əslində elə birinci yoldur (avtoritarizm), düzü REAL hələ bilmir birinci yolumu gedir, yoxsa ikinci yolumu (demokratiya) gedir. Qalmışdı üçüncü yol. Ümumiyyətlə, REAL yol gedirmi?
 
Nicat Qarayev
 
Kultura.az
 
Kultura.az | Developed by Samir Yahyazade