Erkin Qədirli: \"Biz indi qızların məktəbə getməsi mövzusunu müzakirə edirik\" - MÜSAHİBƏ

Интервью

 

Erkin müəllimlə üçüncü cəhdimizdə görüşə bildik. İki dəfə görüşü qarşı tərəfin istəyi ilə təxirə salmalı olduq.  O qədər əsəbləşdim ki, oturub "Erkin hardadır?" adında yazı yazmaq istəyirdim. Ki, ay Erkin müəllim, siz siyasətçisiniz, birdən oldunuz nazir, komitə sədri. Bəs o vaxt biz sizi necə axtarıb tapmalıyıq. Yazıda onu babat sancmaq istəyirdim və bir az məsuliyyətli olmağa səsləyəcəkdim. Özümü birtəhər sıxıb saxladım. Öz-özümə düşündüm. Onsuz da bir-birimizə qarşı çox qəddar münasibətdəyik. Bir çox hallarda hətta məqsədləri eyni olan adamlar bir-birlərini didir, sancır, bir-birlərinin heçliyini, mənasızlığını sübit etməyə çalışır, bir-birlərində yorğunluq yaradır.

Nəyin davası gedir? Əgər biz eyni arzularla yaşayırıqsa və eyni problemlərdən əziyyət çəkiriksə, bu didişmə nəyə lazımdı? Nə xeyiri var bunun? Niyə bir-birimizin qədrini bilmirik? Niyə bir-birimizi qorumuruq, dəyər vermirik? Niyə adam kimi oturub söhbət edə bilmirik? Yaxşı, hərəmiz bir tərəfdən düşdük Erkinin üstünə (Olsun Erkin kimi bir başqası) onu bezdirdik, heçliyini, mənasızlığını sübut etdik, bəs bu davadan bir xalq və cəmiyyət olaraq qazanıcımız nə olacaq? Oturaq gözləyək, görək bir də Erkin kimi adam nə vaxt yetişəcək. Əgər ölkədə min Erkin Qədirli kimisi olsa birinin üstündən asanlıqla xətt çəkmək olar. Təəssüflər olsun ki, ölkədə min Erkin Qədirli yoxdur və ona görə də biz bir az ehtiyyatlı davranmalıyıq, ümumi işin xeyrinə dözüm nümayiş etdirməliyik, amma bu o demək deyil ki, bir nəfər insan qıtlıqından sui istifadə edib özünü istədiyi kimi aparmalı, görüşü iki dəfə təxirə salmalıdır. Əfsuslar olsun ki, mən özüm də zaman-zaman mənasız və ziyanlı davalarda iştirak etmişəm. Xəqani Hassın hələ 2005 ci ildə yazdığı yazıdan bir fikir yadıma düşür. Bizim bütün azadlıqlarımız əlimizdən alınıb. Yalnız bir azadlıq bizə tanınıb. Bu azadlığın adı bir-birimizi didmək azadlığıdır. Bir-birimizi didmək də vəziyyətin ağırlığından, çıxılmazlığından yaranır. Müşahidələr göstərir ki, nəyin ki, toxun acdan, hətta bir çox hallarda acın da acdan xəbəri olmur. Bu kimi düşüncələr altında özüm öz qəzəbimi soyutdum və "Erkin hardadır?" yazısını yazmadım. Amma çox istərdim bu söhbətin gedəcəyi saytda yazmadığım yazının qonorarını nəzərə alsınlar, beş manat da olsa hesabıma qonorar yazsınlar. Çünki bu girişin özü də bir yazıdır. Mən də ki, pulsuz yazı yazanda başım ağrıyır..       

"Biz indi qızlar məktəbə getməsi mövzusunu müzakirə edirik"

Seymur Baycan: Erkin bəy, qarşıdan 28 May - ADR-in yaranma günü gəlir. Cəmiyyətdə uzun illərdir bu mövzuda müzakirələr gedir ki, bəs ADR qalsaydı, Azərbaycan tamam fərqli bir dövlət olardı. Bu sual bəlkə də sizə çox verilib, amma bu dəfə istərdik ki, ətraflı danışasınız. Siz necə düşünürsünüz, ADR yaşasaydı, necə olacaqdı?

- Bu haqda çox düşünmüşəm. Çox maraqlı və böyük sualdır. Aydın məsələdir ki, bu suala verilən hansısa bir cavab elmi ola bilməz. Çünki bu, tarixi hadisədir. Biz tarixi təftiş edəsi deyilik. Necə ola bilərdi? Buna kontur faktual tarix deyirlər. Bu, elm deyil, amma elmin içində bir sahə kimi istifadə edilir. Tarixşünasların özləri bunu inkişaf etdirirlər. Yəni bu baş versəydi, belə olardı, bu olmasaydı, elə olardı... Ehtimallar, gümanlar üzərində qurulur. O cərəyanla tanış olandan sonra təxminən mən də başladım o dövrdən hesablamağa- Azərbaycan Xalq Cümhuriyyəti qalsaydı, nə ola bilərdi? Əlbəttə, sovet keçmişini bilənlərdə bu sual bir az qıcıq yarada bilər. Çünki sovetin cəmiyyətimizi bəlli yerdən bəlli yerə qədər gətirdiyi inkişaf var. Məsələn, pulsuz təhsil, pulsuz səhiyyə, qadınlarımızın cəmiyyətdə rolu, dünyəviliyin dərinləşməsi ... Düzdür, bunlar çox baha başa gəldi. Çünki o zaman yetişmiş bütöv bir cümhuriyyətçi nəsil - siyasətçilər, yazarlar, intellektuallar hamısı qırıldı. O varsilik tamam bitdi. Tarix unuduldu, unutduruldu.  Sovet dövrü məktəb təhsilimi xatırlayıram. ADR-lə bağlı olan dövr bizə bir paraqraf kimi tədris olunurdu. Təxminən belə bir təqdimat idi ki, bu xırda bir burjua  cəmiyyəti idi və Britaniyanın marionetqası idi. Başqa elə bir şey bilmirdik. Bizə bunu öyrədirdi sovet təhsili. Əlbəttə, cümhuriyyət qalsaydı, inkişafın sürəti baxımından daha yavaş olacaqdı. Sovet illərindəki kimi qadınların birdən-birə cəmiyyətdə mühüm bir yeri olmayacaqdı, birdən-birə pulsuz və hamıya açıq bir təhsil sistemi qurula bilməyəcəkdi. Yollar, zavodlar, iş yerləri bu sürətlə artmayacaqdı. Bunlar daha çox zaman  alacaqdı. Ola bilərdi ki, hətta qonşularla dini müharibələr də olacaqdı. Bilirsiniz ki, Qarabağ müharibəsi hətta o zaman da var idi. Çox şey ola bilərdi, amma müsbətə köklənsək, mən belə görmürəm. Məsələn, sovetin gətirdiyi yaxşılığın nəyin bahasına baş verdiyini biləndə, anlayanda, bugünkü geriləməyimizin də səbəbini aydın görə bilirik. Çox zaman deyilir ki, sovet bizə təhsil, televiziya, kino, radio, balet, simfoniya verdi. Amma baxın bizdən bu işlərin hamısına gec başlamış başqa müsəlman ölkələrinə. Məsələn, Türkiyəyə. Bizdə televiziya, radio, balet, simfoniya olanda Türkiyədə bu, yox idi. Amma bizə bunun hamısı imperial bir hakimiyyətin mərkəzindən məcburən yeridildiyinə görə, mədəni dalğa gəldi. Bu dalğada kim batdısa batdı, kim üzə çıxdısa çıxdı. Amma dalğa  geri getdi, sovet çökdü və özüylə də o mədəni layı da aşırdı. Bu gün biz görürük ki, Türkiyənin televiziyası, səhiyyəsi, təhsili, mediası bizdən yaxşıdır. Mən misal olaraq Türkiyəni deyirəm, hətta bu misalı İranla da çəkə bilərik.  Bir cox sahələr bizdə birinci oldu, biz bununla çox öyünürük. Lakin özümüzün olmadığına, öz zəhmətimizin hesabına qurulmadığına görə, sovet çökən kimi yeniliklər, nailiyyətlər də getdi. Biz indi nəyə başlamışıq? Qızların məktəbə getməsi mövzusuna. Halbuki bu mövzu Mirzə Ələkbər Sabir dövründə təxminən bitirilmiş mövzu idi. Biz yenidən hicab mövzusuna, erkən nigahlar mövzusuna qayıdırıq. O dövrə ki,  sovet Azərbaycanı dövründə heç bir azərbaycanlının ağlına gətirməyəcəyi mövzular idi bunlar. Bu gün o problemlərə yenidən qayıtdıq, nədən qayıtdıq? Çünki o keçilmiş yol bizim yol deyildi. Bizimlə baş verdi, burada baş verdi, amma bizimlə deyildi. Sovet bunu gətirdi, sovet onu gətirdi,  sovet çökdü və özüylə gətirdiyiklərini də apardı. Əgər öz inkişafımız olsaydı, cumhuriyyətimiz inkişaf etsəydi, bəlkə də, çətin olacaqdı, gec olacaqdı, amma hər naliyyət dərinləşib kök salıb, təsisatlanacaqdı. Məsələn, mənim özümə çox zaman deyirlər ki, sizə nə var, pulsuz sovet təhsili almısınız, onun lüksunu yaşayırsınız. Biz gənclərin elə bir müqayisəsi yoxdur. Deyirəm, tamam, anladım. Mən bunu inkar etmirəm. Əlbəttə ki, sovetin həm orta, həm də ali məktəbində pulsuz təhsil almışam. Həm də yaxşı təhsil almışam. Düzdü özüm də yaxşı oxumuşam,  verilən təhsil də yaxşı idi.  Cümhuriyyət qalsaydı, bu olmayacaqdı deyirlər. Deyirəm ola bilsin ki, siz deyəndir. Cümhuriyyət qalsaydı mənim babam heç  Bakıya köçməyəcəkdi, torpaqda qalacaqdı. Amma cümhuriyyət qalsaydı, hüquq dövlət qalacaqdı, özəl mülkiyyətə hörmət yaranacaqdı. Babam da torpaqda işləyə-işləyə, yəqin ki, bacarsaydı pul qazanacaqdı, fermer olacaqdı, məni oxumağa göndərərdi öz halal puluyla. Yəni bu da ola bilərdi. Amma belə də sovet mənə təhsil verdi. Əslində, təhsilimə görə özümü çox iddialı sayıram. Lakin mənim maddiyatım mənim bilik səviyyəmə uyğun gəlmir. Nədən? Çünki sovet özəl mülkiyyəti ləğv elədi, insanlara təhsil verdi. Mülkiyyətsiz  təhsil nəyə yarayır ki? Sən onu ağlınla qazana bilmirsən. Sən onu ağlınla qazana bilmədiyin üçün təhsil sənə dərd olur, bilik sənə yük olur. Bunu bir dəfə yazdım, solçular düşdülər üstümə. Mən yazdım ki, əslində, bu vacib mövzudur. Sovet hakimiyyəti kişini mülkiyyətdən məhrum elədi, qadına təhsil verdi. Bax bu çox qəddar bir eksperiment idi. Qadın onsuz da kasıb kişini çox da bəyənmir. Burada üstəlik də təhsilli qadın var. Yəni kişi təhsilli qadın qarşısında mülkiyyətsiz qalaraq, çox aciz duruma düşdü. Baxın rusların özlərinin çəkdikləri həmin dövr kinolarda, yazdıqları ədəbiyyatlarda strotip kişi kim idi: ya sərxoş, dərddən içir, ya da yaltaqlıqla  hansısa bir vəziyyətdən çıxmalı olurdu, ya da arvadın sözünə baxan idi. Yəni kişi sındırılırdı. Ya müdir nə desə, o olurdu, ya da qadın nə desə. Yaxud da əyri yollarla özünün nüfuzunu qoruyub saxlayırdı. Bunların heç birini isə özünə yaraşdırmayanda, gedib dərddən içir, beləcə məhv olurdu. Tamam, qadınlara da təhsil verilməli idi. Bu, aydındır.  Biri də var ki, bu tədricən, qanunauyqunluqla  olacaqdı. Baxın İsveçrədə qadınlara seçki hüququ 1971-ci ildə verildi. İsveçrə kimi ölkədə. 1969-cu ilə kimi Portuqaliyada qadın kişinin razılığı olmadan ölkəni tərk edə bilməzdi. Əri varsa, əri, yoxdusa, atası, atası yoxdursa, qardaşı tərəfindən razılıq verilməliydi ki, qadın ölkəni tərk etsin. Baxın ailədən hansısa kişi ona rəsmən icazə verməliydi ki, o, ölkəni tərk etsin. Bu bizim sovet Azərbaycanı ilə müqayisədə ağılasığmaz bir gerilikdir. Biz 1918-c ildə qadına seçki azadlığı verimişdik. İsveçirə 1971-də bunu etdi. İndi incə bir məsələ  var, İsveçdə qadın 1971-ci ildə səs verəndə onun səsi artıq sayılmağa başladı. Yəni qadın kimə səs verdisə, qutudan da o çıxdı. Biz 1918-də qadına səsvermə hüququ verdik, amma qadın olsun, istərsə də kişi, onun verdiyi səs sayılmadı. Formal olaraq gəlib bülleten doldurdular. Bu, səsvermə hüququ deyil, səhnədir. Səs vermə hüququ budur ki, səs verdiyin insan qalib gəlir.

"Cümhiryyət qalsaydı, biz daha yavaş inkişaf edəcəkdik"

Seymur Baycan: Bəy, düşünmürsünüz ki, cumhuriyyətə qarşı bir qərəz var…

- Qoy ilk sualın cavabını bitirim, bu məsələyə gələcəm. Təkrar edirəm, qadınlarımız daha gec ictimai həyata girəcəkdi, daha gec təhsillənəcəkdi, ümumiyyətlə təhsil belə sürətlə getməyəcəkdi. Cümhuriyyət quranların əksəriyyəti bəy və xan nəsilindən idi. Hətta bəzilərinin soyadında belə bu qalırdı.Amma baxın, bu bəy və xan nəsilindən olanlan insanlar cümhiriyyət qurdu. Belə baxanda nə idi ki, aralarından bir nəfəri şah və xan seçib monarxiya qurardılar. Zəmanənin ruhu cümhuriyyət qurmağı tələb edirdi. Rusiyada parlament respublikası, Gürcüstanda parlament respublikası quruldu, Avropada monarxiya tarixə qovuşurdu.  Bizimkilər də zəmanənin ruhundan təsirlənib cumhuriyyət qurdular. Sovet gəldi, bunların hamısını damğaladı ki, bunlar xan, bəy -  geridə qalmış insanlardır. Bizim solçular bunları indi də deyir. Məni ən çox yandıran budur. Sovet qırdı bunların nəslini, əvəzində isə fəhlə-kəndli sinfinin arasından  saxta bir elita düzəltdi. Zavod direktorları, fabrik rəhbərləri partiya və dövlət rəhbərləri oldu. Bu cür insanlara fürsət verildi. Rəsmən bəy və xan olan insanlar cümhuriyyət qururlar, bərabərlik elan edirlər, demokratik bir ölkə qururlar, qadınlara seçki azadlığı verirlər, ancaq bunu inkişaf etdirməyə zamanları qalmır. Həmin o fəhlə sinfindən çıxmışlar isə hansı ki indi vəzifədədilər, özlərini xan və bəy kimi aparırlar. O havaya giriblər. Yanlarında cangüdənlər, hündür hasarlar və s. Bu adamlar "elita" havasına giriblər, insanlara qara camaat kimi baxırlar.Yaxşı, sən özün hardan çıxmısan? Bax, geriyə dönüş burdadır. Məlum olur ki, həmin dövrün xanları və bəyləri daha proqresiv idilər, nəinki sovetin yetişdirdiyi fəhlə-kəndli sinifinin bugünki "bəyləri" və "xanları". Səbəb? Çünki hər şey zorla oldu, həqiqi ziyalıların nəslini kəsdilər, tarix unuduldu.Tarixi unutdura bilərsən, məlumat olaraq, amma bəlli bir inkişaf məntiqi var ki, sən onu qıra bilməzsən. Romalılar deyirdilər ki, tarix sıçrayış etmir. Bəy və xanı qırdın, nəslini kəsdin. Bugünkülər isə bəy və xanların ən karikatur və parodik formasını yaşayırlar. Hərçənd ki, o bəylər və xanlar bərabərlik uğrundaydılar, cümhuriyyət uğrunda idilər, demokratiya uğrunda idilər. İstehzaya bir baxın. Nə oldusa oldu. Mən tarixi indi təftiş etmək istəmirəm, söhbət açıldı deyə deyirəm.Amma mən inanıram ki, o cümhiryyət qalsaydı, biz daha yavaş inkişaf edəcəkdik, daha çətin olacaqdı, amma hər nə uğurumuz olacaqdısa, bu dərin kök salacaqdı, uğurun da üstünə uğur gələcəkdi.

Seymur Baycan: İkincisi, demək istəyirəm ki,  o dövr haqda klassik ədəbiyyatda məlumatlar var. Ən dəqiq məlumatı da məncə, elə ordan- o dövrün ədəbiyyatından almaq lazımdır. Məni qorxudan, düşündürən,  bu mövzuda ehtiyyatlı danışmağa vadar edən bilirsiz  nədir? Cümhuriyyətin o qədər savadsız, cahil, cəhalətin caynaqında inləyən  insanlarla işləməyə  gücü çatacaqdımı?

- Gücü çatacaqdımı bilmirəm, amma  sualı genişləndirsək, bir tək Azərbaycanla məhdudlaşdırmasaq, mən belə deyərdim, əksinə bütün sterotiplərə rəğmən dərin  və tez nəticə verəcək islahatları  elə məhz savadsız cəmiyyətlərdə  daha tez həyata keçirmək mümkündür. Baxın, Rusiyanın özü savadsız deyildimi? Başdan ayağa savadsız idi. Yəni miqyasla düşünsək çox zəif bir elita var idi, onları da qovdular, sürgün etdilər, çox az qismi də bolşeviklərin tərəfinə keçdi. Türkiyənin özü Atatürkün vaxtında savadsız bir cəmiyyət idi. Amma Atatürk nələr etdi. Yəni savadsız ölkələrin  bir yaxşı  cəhəti bundadır ki, əgər tarixi fürsət yetişirsə və hətta bəxti gətirirsə (bu sözdən xoşum gəlməsə də, başqa söz tapa bilmirəm- E.Q), bir çox islahatları reallaşdıra bilir. Millətin bəxti də onda gətirir ki, uzaqgörən, maarifçi hətta deyərdim ki, millətçi hökümət formalaşır və belə bir halda  savadsız cəmiyyəti daha çox islah etmək , inkişaf etdirmək olur, nəinki savadlı cəmiyyəti. Çünki savadlı durub islahat aparana sual verəcək, niyə belə oldu, filan kitabda belə yazılıb, filan yerdə elə yazılıb, mən razı deyiləm…  Savadsızı ruhlandırmaq daha asandır. Savadsız sual verməyəcək, deyəcək  buyur nə deyirsinizsə edək. Sovetin öz tarixi də göstərir ki, bizim babalarımız da savadsız kənd ailələrindən çıxıblar. Amm zamanə onları necə  ruhlandırdısa, onlar öz övladlarına  deyirdilər ki, get, a bala, oxu, hətta qızlarını məktəbə də göndərirdilər. Görün cəmiyyət necə bir havaya düşmüşdü. İndi mən düşünürəm ki, Azərbaycanda o zaman cümhuriyyət qalsaydı, sovetlər kimi birdən-birə belə sürətli,  məcburi təhsil siyasətini yeridə bilməyəcəkdi, lakin elitar təhsil ocaqları səviyyəsində təhsil olacaqdı. Avropa da belə yetişib. Oksford, Kembric, Harvardın da bu günə qədər elitar bir havası var.  Zatən  hamının savadlı olması  hər şey demək deyil. 

Məsələn, 1914-cü ilə -  Birinci Dünya müharibəsi başlayana qədər Britaniya və Almaniya insanlarının savad faizini müəyyən edirlər. Məlum olur ki, Almaniyada əhalinin 80, Britaniyada isə 25 faizi savadlıdır.Yəni Almaniya Brtaniyadan rəqəmsal götürsək, 3 dəfə savadlı idi. Amma Britaniyada olan 25 faiz insanın arasında demokratiya, hüquq sistemi,  mülkiyyət toxunulmazlığı, media azadlığı, təsisatlar daha dərin kök salmışdı və qorunurdu, nəinki Almaniyanın 80 faiz insanının arasında. Hər adam başına İngiltərədə 5-7 qəzet düşürdüsə, tiraj olaraq, Almaniyada isə hər 3 nəfərə bir qəzet düşürdü. Mətbuatın azadlığı da burada bir göstəricidir. Yəni savadlı olmaq, hələ hər şey demək deyil. Ya da başqa bir missal:  Yunanıstan da mədəni baxımından inkişaf etmişdi. Teatrı, fələsəfəsi, riyaziyyatı  vardı, daha savadlı cəmiyyət idi. Roma isə yüklənmişdi orduya, ticarətə. Yəni Yunanıstan kimi çox incə zövqlü bir cəmiyyət deyildi. Tarixdə bəs nə qaldı?  Roma hüququ. Yunanlardan bəs sivilizasiyaya  nə qaldı? Düzdür, qalan qalıb, mən aşağılamaq istəmirəm. Sadəcə, Roma ilə  müqayisədə aşağıdır. Bugünki Amerikanın da Avropayla müqayisə edilməyəcək dərəcədə mədəni səviyyəsi aşağıdır.  Amma amerkanlilar  nəyə yükləndilər? Orduya, ticarətə, hüquqa. Əhalinin savad dərəcəsinə görə də Amerika cəmiyyəti Avropadan geri qalır. Bu gün dünyada ən yaxşı təhsil sistemi kimi Finlandiyanın adı çəkilir. Amma ölkənin çəkisinə baxın. Əlbəttə, bu cür müqayisələrin hər biri qüsurludur. Ona görə deyirəm ki, yəqin, savadlı insanların sayı yavaş-yavaş artacaqdı. Amma o gerçək savad olacaqdı, tətbiqi olacaqdı, biz o savadın bəhrəsini görəcəkdik. Biliklə yanaşı, mədəniyyət genişlənəcəkdi. Sovet hamını birdən mədəniləşdirməyə başladı. Sovet çökəndən sonra məlum oldu ki, əvvəlki mədəniyyətsizlik qalıb. Ona görə də cümhuriyyət qalsaydı, bunlar daha yaxşı olardı, təbii ki, kənar faktorlar olmasaydı, işğallar baş verməsəydi. Zatən, inkişafın özü də insanlara fürsətlər açmaqdır, onları inkişaf etdirmək deyil. İnsan öz-özünü inkişaf etdirməlidir. Təməldə özəl mülkiyyət olsaydı, düzdür, cümhuriyyət hökuməti bunu bəyan etməmişdi, amma bu yol gediləcəkdi. Neft və sairə sərvətlər bir ovuc adamın əlində cəmləşməyəcəkdi.

"Bizim iqtidarımız da sovetdən qalma insanlardır, müxalifətimiz də"

Seymur Baycan: Erkin bəy, indi bir az bəri gələk. Bugünki Azərbaycan Erkin Qədirlinin gözünə necə görünür? Həm müəllim, həm siyasətçi, həm də hüquqşünas kimi. Sizin gözünüzlə indiki Azərbaycana baxmaq istərdim. Nə baş verir? İnsanlar, siyasət, media nə gündədir, biz özümüz hansı gündəyik ?

 - Bu suallara cavab verəcəm. Amma əvvəlki sualınız yadımdan çıxdı. Cümhuriyyətə olan qərəz. Sovet vaxtı cumhuriyyətə olan qərəzin arxasında nə dayanırdı bəlli idi. O vaxt bizə belə təqdim edilirdi ki, bu xırda burjua cəmiyyəti olub. Hərçənd ki, elə əsil demokratiya xırda burjua cəmiyyətinin məhsuludur. Birtaniya marionetkası və sairə belə damğalar qoyulurdu. Rəsulzadənin özünə, bir xeyli böhtanlar atılmışdı, Səməd Vurğun da şeir yazmışdı bu haqda. Bizə də belə öyrədilirdi. Bu gün o mövzu qadağan deyil, arxivlər açıqdır, rahat danışmaq olar. Amma fərdi təşəbbüslər səviyyəsindədir, rəsmi səviyyədə təbliğ və təşviq edilmir. Burda da qərəz var. Hazırkı iqtidar öz hekayəsini 1969-cü ildən bu yana qurur.  14 iyun rəsmi dövlət bayramı  olmasa da, kifayət qədər qutlanır. Konsertlər, tədbirlər... Təbii ki, bu fonda ADR-in təşviqi bunlara əlavə üstünlüklər gətirmir. Üstəlik, burada bir firqə davası var. Bu mövzunu ilk dəfə gündəmə gətirən, onu təbliğ edən Azərbaycan Xalq Cəbhəsi olub. Bu iqtidar da, həmişə özünü o cəbhəyə qarşı qoyur ideoloji baxımdan. Abreviaturası da eyni idi. Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan Xalq Cəbhəsi.  Düzdür, bu az rol oynayır, amma bu da var.   Fikir verirsinizsə,  heç bir ADR qurucusunun abidəsi yoxdur şəhərin mərkəzində. Onların irsi təbliğ olunmur, hərçənd ki, böyük adamlar olublar zamanəsində, böyük işlər görüblər bizim üçün. Bu təşviq olunmur, təbliğ olunmur. Çünki bu iqtidarın hekayəsi 1969-cu ildən bu yana başlayır. Arada bir az fasilələr olub, Bağırovun, Mütəllibovun vaxtında. Amma hekayəsi budur. Bu hekayəni də otuzdura bilməyiblər. Buna görə də biz sovetdən də qurtula bilməmişik. Orta Asiya respublikaları da bizim durmumuzdadır. Çünki onları da idarə edənlər keçmiş Kommunist Partiyasının rəhbərləridir. Yəni demək istədiyim odur ki, biz sovetdə ilişib qalmışıq. Bizim iqtidarımız da sovetdən qalma insanlardır, müxalifətimiz də. Xalqa göstərilən ziyalılar, professorlar, akademiklər, yazıçılar, siyasətçilər də sovetdən qalma insanlardır.Yeni nəsil göstərilmir. Ona görə də belə bir təəssürat yaranır ki, olanımız budur. Bunun özü də bir siyasətdir. “Olanımız budur” siyasətini yaratmaq. Ola bilsin düşünülmüş siyasət deyil, amma  fakt ortadadır.

İndi gələk növbəti sualınız olan bugünkü Azərbaycan mövzusuna. Bugünkü Azərbaycan çox fərqlidir. Bilmirəm bu yaxşıdır, yoxsa pisdir, amma çox fərqlidir. Bunun özü də yaxşıdır. Çünki bu fərqi Azərbaycana gətirən, Azərbaycanın özü ilə bağlı olmayan bir xeyli səbəblər də var. Əvvəla, Azərbaycan müstəqill olandan sonra pisi də özümüzün oldu, yaxşısı da. Bu yaxşıdır. Biz özümüz qərar verə bilirik, məsuliyyəti də özümüz çəkirik, yükü də özümüz çəkirik. Artıq kiməsə ümid etmək, kimisə günahkar çıxarmaq metodoloji olaraq yanlış mövqedir. Dünya dəyişir. Dünya ilə yanaşı Azərbaycan da dəyişir. Yeni texnologiyalar  öz sözunu deyir. Mənim gəncliyimdə belə bir şey olmayıb. Mən ilk dəfə kompüteri 26 yaşımda görmüşəm. Bu gün məktəbə getməyən uşaqlar planşetlərdə cizgi filimlərini seçib baxa bilirlər. Bizim böyüdüyümüz cəmiyyətdə xəbəri evə valdeyin gətirirdi, ata, ana. Hərənin öz çevrəsi vardı. Ata işdən gəlirdi, hamı gözləyirdi ki, o nələr baş verdiyini  danışacaq. Çünki ata ya partiyada, ya dövlət işində, ya universitedə, ya da başqa bir yerdə işləyirdi. Bəlli bir ictimai mövzuların içində idi. Rəsmi dairələrdən, qeyri-rəsmi, amma rəsmi adamlardan eşidilmiş xəbərlər gətirirdi . Ana da özəl həyat içərisindən, toydan, yasdan, qohumdan-qonşudan. Beləcə bizim təsəvvürlər formalaşırdı. Ananın gətirdiyi özəl xəbərlər, bir də atanın getirdiyi rəsmi xəbərlər…  Bu idi mənzərəmiz. Ölkə də qapalı, başqa da heç bir yerə çıxa bilmirdik. Oxuya biləcəyimiz dil də rus dili idi . İndiki gənclik xarici ədəbiyyatı orjinal dildə oxuya bilər. Biz məcbur idik rus dilində oxumağa. Çünki xarici ədəbiyyata çıxışımız ancaq bu dillə mümkün idi. Rus dilini bilməmək isə gerilik sayılırdı. Bu gün isə xəbəri evə gənclər gətirir. Yeni nəsil. Valdeyin oturur evdə, gozleyir  yeni nəsildən nəsə soruşsun. Çünki televizordan, qəzetdən alacağı bir xəbər yoxdur. Evə xəbəri  gənc gətirir.  Genc açır komputeri, telefonu deyir ki,  baxın görün filankəs necə danışdı, nə dedi.  Xəbər gətirməyin sosial yönü budur ki, artıq dominat nəsil sən olursan. Bizim dövrdə sən ancaq yaşlandıqca  dominat nəsil ola bilirdin. Sənə deyirdilər ki, hələ nə yaşın var bir böyü, hələ bir inistuta gir, hələ bir evlən filan-falan...Başqa variant yox idi. Bu gün  həmin sxem pozulub.Bu gün valdeyin informasiya almaq baxımından övladından aslıdır. Qoş görüm orda nə deyirlər, bir onu çap elə ver oxuyum görüm ne yazıblar… .Yəni sosial üstünlük, zaman duyumu bir mənalı olaraq yeni nəsilin tərəfindədir. Hətta hökümət də bununla bacara bilmir. Baxın televiziyaları, qəzetləri qapatdılar, partiyaları dağıtdılar, nə mümkün idisə  onu etdilər. Amma sosial media, internetlə bacara bilmədilər.  Nə qədər pul xərcləsə də, nə qədər “nə var, nə yox” tipli saytlar açıb xəbər düzəltsə də, hökümət  sosial mediada  uduzub. Mənanı yeni nəsil formalaşdırır. Hətta müxalifətin köhnə nəsili belə sosisal mediada  yeni nəsilə uduzur.  Əvvəllər xarici gedib-gəlmələr yox idi. Biz belə şeyləri ancaq xəyal edə bilərdik. O deyirlər e “Biləcəridən o tərəfə getməyib”…  Bir düşünün, mən ilk dəfə ölkədən kənara Londona getmişəm. Əvvəl Moskva belədir, elədir eşidərdik. Mən Moskvaya ilk dəfə gedənə qədər Londonda, Parsidə, Berlində olmuşdum. Moskvada olanda, evdəkilərin danışdıqları xatirələr canlandı gözümün önündə. Fikirləşdim ki, bu idi sizin təriflədiyiniz Moskva? Həmişə ağız dolusu danışardınız. İndi  mən bele fikirləşdimsə, görün yeni nəsil  nələr fikirləşir. Artıq məktəb vaxtından, məktəbi bitirdikdən sonra xarici gedirlər,  dil bilirlərsə, dünyanın istənilən yerindən kimləsə yazışmaq, danışmaq mümkündür. Ona görə də bugünkü Azərbaycanın bütün mənfilikləri ilə yanaşı, üstünlüklərini də görürəm. Əlbəttə ki, daha yaxşı ola bilərdi, bir çox fürsətlər qaçırılıb bu başqa bir mövzudu. Əgər indiki Azərbaycanla, ovaxtkı Azərbaycanı fotolarda dondurub baxsaq, mən nə qədər olsa indiki Azərbaycana üstünlük vererəm. Bəziləri əvvəlki zamanın xiffətini edirlər. Deyirlər ki, getdi o zaman, əvvəl belə deyildi, salam-əleykim vardı və sairə. Boş söhbətlərdir, indi də bunlar var. İkincisi, həyat sürətlənir, əyləncələr çoxalır, imkanlar artır, həyat çeşidlənir.Bu gün bizim mətbəximiz də xeyli dəyişib.Biz o vaxt steyk nədir bilirdikmi? Ancaq xarici ədəbiyyatlarda buna rast gəlirdik. İndi rahatlıqda istədiyin mətbəxin yeməyini sifariş edə, istənilən içkini içə bilərsən.  Mətbəx də insanın dünyagörüşünün dəyişməsinə müsbət təsir göstərir. Gənclər belə, gənclər elə… İstənilən cəmiyyətdə bu kimi mövzular var. Platonun əsərlərinə baxın. Baxın görün Platon nə qədər gileylənir gənclərdən. Bu bitməz mövzudur. Biz də qocalanda belə olacağıq .Ümid edirəm ki, biz belə danışmarıq. Amma tarix göstərir ki, heç kim bu mövzulardan qaça bilmir. Bəlkə də, gəncləri qınayıb deyəcəyik ki, siz nə görmüsünüz biz sizin vaxtınızda belə deyildik.

Seymur Baycan: Bu aydındır. Nə mənada aydındır? Bu haqda geniş danışmaq istəmirəm. Çünki hazırda buna ehtiyac duymuram. Amma mən bu sualı ona göre verməmişdim ki, bu  Azərbaycanla əvvəlki Azərbaycanı müqayisə edek. Əlbəttə bu bayaq dediklərinizin heç də dəyərini  aşağı salmır. Sualı o mənada vermişdim  ki , sizin bir müəllim, hüquqşünas, siyasətçi kimi Azerbaycanı necə gördüyünüzü bilmək istəyirdim.  

Hə tamam. İndi bir az neqativ istiqamətə yönlədirisiniz məni. Mən pozitivlərdən danışdım, indi gələk neqativlərə. Bir şeyi deyim,  bayaqkı suala cavab verərkən nədən pozitiv danışmışdım? Çünki bizdə ümumi neqativ fonda, müsbəti görmək çətinliyi var. İnsanlar çox gileylənirlər, çox bədbinləşirlər. Bəlkə də demək olar siyasətə girdiyimdəndir ki, istəmirəm insanlara neqativ yükləyəm. Hər halda bir siyasətçiyə yaraşmaz məncə. Məgər sən deyirsənsə hər şey pisdirsə o zaman niyə gəlirsən siyasətə? Qoymurlar, fürsət yoxdur, imkan vermirlər deyəcəksənsə onda girmə  bu siyasətə. Əlbəttə biz biliyimizə güvənib, bir az xarici görüb, çevrəmizi genişləndirib deyə bilərik ki, biz buna layiq deyilik. Biz indiki duruma deyil, bundan da yaxşısına layiqik. Həm şəxs olaraq, həm də toplum olaraq. Biz daha çox iş görə bilərdik, daha çox uğur arzu əldə bilərdik və daha mədəni, yüksək pilləyə çıxa bilərdik. Əvvəlki suallarda mən demişdim ki, biz qayıtmışıq ki, erkən nigahlara, abortlara, qızların məkətəbə buraxılmamasına  və sairə bu  kimi mövzulara. Hansıları ki, cumhuriyyət dövrümüzə aid idi və ədəbiyyat bunu bitirmişdi. Sovet dövrü də bu kimi mövzuların kökünü kəsmişdi.  Amma zorla kəsmişdi deyə, getdi o dalğa və geriyə qayıdış oldu. Yəni orada tarixi baxımdan bir obyektivlik də var. Məsələn deyirlər ki, dindarlaşır cəmiyyət. Əgər cümhuriyyətimiz normal inkişaf edə bilsəydi, təxminən dindarlıqla, dünyəvilik arasındakı nisbət bugunki kimi  olacaqdı.Yəni mən düşünmürəm ki, bizim cəmiyyət aşırı dindardır. Amma inanclı insanların sayı artıb. Bu da normaldır, çünki sovet vaxtı bu insanlar basqı halında idi, indi təbii halını alır. Cəmiyyətin təqribən üçdə biri açıq inancı olan insanlardır. Bizim toplum çox rəngarəngdir, hansısa bir vahid idelogiya altında yaşayan insanlar deyillər. Həm də ki, insanımız da çox fərdiyyətçidir. Bu böyük bir resusdur inkişaf üçün. Ona görə əlbəttə,  insanları görəndəki onlardan istifadə edilmir və yaxut bacardıqlarını edə bilmirlər bədbinləşirlər. Siyasi səhnə qapadılıb, akademik çevrə dağıdılıb. Tənqidi və alternativ fikirlər sıxışdırılıb. Bu gün sənlə mən oturub belə rahat danışa bilirik, amma sovet vaxtı bunu danışa bilməzdik. Bu gün danışırıq, prinsipcə bu müsbət bir şeydir. Amma öz aramızda danışırıq, mənfi tərəfi də budur. Yəni bizim bu danışığımızın ictimai faydası çox azdır. Çünki mövzular tutmur, geniş səhnəyə çıxışı yoxdur, siyasi səhnədə bunun gerçəkləşdirilməsi ehtimalı demək olar ki, azdır.Buna görə də hətta intellektual adamların arasında olan söhbət bele bəzən dərtləşmə, giley, hərdən də qeybət səviyyəsinə gəlib çatır. Çünki səhnə qapadılıb, çevrə daralıb. Bu kimi şeylər əlbəttə cəmiyyət olaraq bizi geridə qoyur. Xeyli fürsətlər qaçırılır, bizim nəsil öz potensialını boşa xərcləyir, elə özümü də nəzərdə tuturam. Əlbbəttə bu çox mənfi şeylərdir.

Bizdə urabizasiya, şəhərləşmə çox gec olub

Elkin Xəlilov: Erkin müəllim bayaq dediniz ki, sovetlər bizə bəzi şeyləri zorla gətirmişdilər. Və təbii tarixi proses olaraq, sovet dağılandan sonra bu zorla gətirilən dediyiniz mədəniyyət dalğası geri çəkildi. Bəs bizim qonşuluğumuzda olan Gürcüstanda niye qızların erkən evlənməsi adli bir problem demək olar yoxdur.

Bu artıq din məsələsidir.

Elkin Xəlilov: Axı gürcülər də kifayət qədər dindar millətdir

Yəqin ki, oxucularımızın arasında din kəsimdən də olan insanlar olacaq. Mən din deyəndə qıcıq verməsin deyə inanclı insanla, allah arasında olan münasibətə girmirəm. O başqa bir şeydir. Mən din deyəndə sosial təcrübəni deyirəm. Din unversal deyil. Din corafiyaya uyğunlaşır. Məsələn Ərəbin inandığı islamla, bizim  inandığımiz  islam arasında fərq var. Bu təriqət məsələsi deyil. Bu inancın ifadə formasıdır.Çünki yerli adatlər, dilin ifadə ve  imkanlar forması, tarix izter iztemez oz tesirini gosterir.  Məsələn Novruz bayaramını götürək. Bizim insanlar Novruz bayramı keçirməkdən imtina etmədilər. Var ərəbdə Novruz bayramı? Yoxdur. Nə sovet, nə islam bunu bizim xalqa unutdura bilmədi. İslama qədər bir çox inanclarımız, adətlərimiz vardı. Onlar islamdan sonra da qaldı.Yəni demək istədiyim budur ki, mən din deyəndə sosial təcrübəni nəzərdə tuturam. Gürcülərdə, ermənilərdə din başlanğıcdan siyasət idi.Çünki onlarda dövlət olmadığı vaxtdan, kilsə vardı. Kilsə də  dövlət səlahiyyətini  tam əla almışdı.Vergi yığırdı, kitab çap edirdi, müasir dillə desək mühazirələr təşkil edirdi,  təhsil verirdi, əlifbanı, yazı dilini inkişaf etdirirdi. Həm də bir milli kimlik formalaşdırırdı.Xüsusi ilə o xiristianlıqın içində olan bir təriqətdirsə. Üstəlik corafia, dağlar… Yəni bizdə kilsə yoxdur, o siyasi rolu üzərinə götürəcək dini bir qurum yoxdur. İslam da çox fərdiyyətçi dindir. Keşiş və müqəddeəs  ata kimi vasitəçi tələb etmir. Məsələn gedəsən yanına o sənin günahını bağışlaya. Ona görə də islamın özündə belə sosiallaşma olmayıb. Bizdə urabizasiya, şəhərləşmə çox gec olub. Bizdə məsələn, kənt təfəkkürü çox güclü olub. Mən bunu aşağılamaq üçün demirəm. Sadəcə bu tarixdir. Bunun özü də paradoksdur. Normalda millətçilik şəhərdə yetişən bir idologiyadır, bizdə millətçilik kəntdə yetişib. Çünki bizim şəhərimiz Bakı olub, Bakıda da bütün dominat mövqeləri digər etnik qruplar təşkil edib. Ruslar, ermənilər, yəhudilər. ..Bizim  millətçilər bölgələrdə yaşayıblar.Bəzən demirlər, naxçıvanlılar, yerazlar? Niyə belə onlar həmrəy ola biliblər? Çünki yad mühitdə olublar. Ermənilər onlara türk-türk deyiblər. Biz burada heç bir təziq filan olmadan, öz lüksümüzdə yaşamışıq. Hə rus gəlib, ona da belə sıradan baxmışıq. Amma onlarda millətçi ruhu yetişirdi, ona görə də onlar həm kompak, həm də mütəşəkkil idilər.Bu gün də bunlar var. Nə qəstdir, nə qərəzdir, nə də başqa bir şeydir.Bu tarixdir. Çünki o bölgələr hər zaman ermənilərlə, gürcülə ilə təmasda olublar. Onların atmacalarına cavab verməli olublar.Bunlar da müavimət göstərməli olublar və şüur elə yetişib. Bəlkə də şəxsən zəhləsi gedə bilər, amma özümüzünküdür deyə bir-birlərinə dəstək olurlar. Sovetin dalğası gedəndən sonra Bakının etnik tərkibi dəyişdi və Bakı milli bir şəhərə çevrildi.Həm müsbət olaarq, həm də mənfi olaraq.

Siz örnək verdiyiniz Gürcüstanın zadəngənlari belə fərqli olub.Onların  kinyazları  çox kasıb olub. Geyimi üstündən bir xəncər bağlayıb çox rahatlıqla şəhərdə gəzirdi. Təkəbbür, əda, yerinde idi , amma  pul olmadığı üçün o ətrafında elə bir lüks yarada bilmirdi.Lüks yarada bilmədiyin üçün isə camaat içində olmalı idi. Yəni onların elitası da xalqına çox yaxın idi. Bu da milli ruhun formalaşmasına, dilə münasibətə, rus sektoruna münasibətə, incəsənətə münasibətə, her şeyə təsir elədi. Təkrar edirəm islamın sosial təcrübəsi yox idi , təsviri incəsənəti təşfiq eləmirdi. Zatən xiristinalıq da bunu din olaarq təşfiq eləmirdi.  Lakin  orada kilsə bir təşkilat olduğu üçün bəlli bir zamandan sonra ikrah doğurmağa başladı. Elə məsələ də belə qoyuldu. Kilsəni, dövlətdən ayırdılar. İslamda bu mövzunun bele qoyuluşu  çox çətindir. Nəyi, nədən ayıracaqsan? Kilsə deyilən bir qurum yoxdur ki. Biz də məscid var, inanclı adam da istəsə gedib orda namaz qılar, istəməsə də getməz.  

Azərbaycan bu baxımdan çox unikal bir tarix keçib.Bu da təbii ki, Rusiyanın təsiridir.Mirzə Fətəlinin dövründə mövzu qoyuldu, həm də öz sərtliyi ilə, üstünə də sovet gəldi, bütün müsbət və mənfisi ilə onu daha da dərinləşdirdi.Türkiyə o baxımdan daha problemli ölkədir, nəyinki biz.Bizim dünyagörüşümüz daha açıqdır, bizim imperialist ətalətimiz yoxdur, bizim nəsə böyük, öyünəcəyimiz keçmişimiz yoxdur, bizim Türkiyə kimi bir xilafət istəyimiz də olmayıb, islamın qoruyucusu da olmamışıq. Biz rahatıq o baxımdan.Biz bütün imperiyaların ən ucqar bölgəsi olmuşuq. Baxın Sasanilər, Əhəmənilər, Romalılar, Osmanlı, Səfəvi, Rusiya… Kim bura hakim olubsa biz onun ən ucqar vilayəti olmuşuq. Ən ucqar vilayət olmağın üstün və mənfi tərəfləri var. Üstün tərəfi ondadır ki, kimliyini qoruya bilirsən, çox dəymirlər sənə.Zəif tərəfi odur ki, imperiyanın mərkəzindən yayılan mədəni inkişaf dalğasının ən sonuncusu və ən zəifi gəlib sənə çatır. Yəni imperiyanın mərkəzi ilə müqayəisədə daha gec inkişaf edirsən. Zatən kimliyini də bunun hesabına qoruya bilirsən. Məsələ bundadır ki, biz bu imperiyaların hərəsindən nəsə götürmüşük. Yəni bizim kimliyimiz çox çeşidlidir. Dərin, oturşmuş başqa xalqlarda olduqu kimi sərt  sterotiplər yoxdur ki, mütləq onları sındıraraq islahat eləməlisən. Bizd sterotipler məişət səviyyəsindədir  və çox asanlıqla həll olunan şeylərdir. 

Yəni elə şeylər var ki, biz çox inkişaf eləmişik, elə şeylər də var ki, onlar. Bizdə həqiqətən o çox çeşidlilik sayəsində mənalar oturuşmur. Çünki biz hamını anlaya bilirik. Biz rusu, farsı, türkü də yaxşı anlayırıq.  İndi bu xaricilər gəlir, biz onlarla rahatlıqla dil tapa bilirik. Ünsiyyət qurma baxımdan bu çox yaxşıdır. Amma araya  milli təhlükəsizlik məsələsi gələndə görürsən ki, bir boşluq yaranır. Fundament yoxdur. Gürcülər isə həm şovinist, həm də dindardılar. Harda kilsə gördü, xaç çevirir. Bizdə yoxdur belə bir şey. Onlar öz patriaxlarına millət atası kimi baxırlar. bu  həm yaxşıdır, həm də pis. Baxır nəylə müqayisə edirsən.Tarixi baxımdan deyirəm imperial keçmişdə onların milli kimliyinin qorunması üçün yaxşıdır. Əlifbanı qorudu kilsə, dili inkişaf etdirdi. Söhbet  müasirləşməyə, demokratikləşməyə gələndə mən bu xalqın potensialını onlardan üstün sayıram. Bəlkə də fərdləri müqayisə eləsək, gürcülər və ermənilər kimi bizim fərdlərimiz yoxdur, amma kolllektiv olaraq  biz onlardan daha üstünük.  Bir dəfə dedim solçuların xoşuna gəlmədi. Bizim dili ticarət yaşatdırıb. Bütün üst, kübar həyat sürən insanlar ərəbcə, farsca, rusca danışan insanlar olublar. Real həyata enəndə sən bunu türk dilində anlatmalı idin. Ticarət böyük gücdür və bu xalq da onu bacarır, onun sayəsində də yaşadır. Sadəcə olaraq, siyasi fürsətlər olmalıdır ki, bu potensial üzə çıxsın. Bunun da qarşısını hakim təbəqə alır. Çünki neft müftə puldur, heçnə eləmirsən pul gəlir.Ona görə də Gürcüstan kimi ölkələr siyasi açlıma məcburdur. Çünki hökümətlərinin heç bir şeyi yoxdur ki, xalqı, cəmiyyəti susdursun. Şvarnadzenin burdakı kimi resursu olsaydı, Saakaşvili də heç vaxt hakimiyyətə gəlməzdi.O da sovet məkətbini kemiş adamdır. Sadəcə resursu olmadı deyə, anlaşmaya getdi. 1990-cı illərdə bizdə belə deyidli axı.Canlı yayımda müxalifət liderləri, nazirlər gəlib jurnalistin sualına cavab verirdilər, mitinqlər vardı.Çünki o vaxtkı iqtidarın pulu indiki qədər deyildi, hamını susdura bilmirdi, qorxuda bilmirdi cəmiyyəti. İndi əksəriyyət pulla susdurulub. Məsələn, tutaq ki, biri  kamaz şoferidir, hər reysinə 50 manat pul alır, axşam evinə çörəkpulu gətirir. 1990-cı illərdə bu fürsət yox idi. İndi var. Nə olsun tikinti, yol sektorunda milyardlar dağıdılır? Orda işləyən işçini bu qayğılandırmır.  O özünün indiki durumunu 1990-cı illərdə olan vəziyyət ilə müqayisə edir.  Fikirləşir ki, o zaman baxanda indi bir şey var. Bu daşı aparıb boşaldıb gələcəm, axşam 50 manatım hazırdır. Müqaviləsi, sığortası yoxdur, hər gün işdən çıxarıla bilər. Sən gəlib ona deyəndəki istəməzdinmi bu olsun, o olsun? Deyir əlbəttə istərdim.Onda deyirsən gəl mitinqə.Cavabı bu olur ki, mitinq çox nisyə söhbətdir, mən bu gün mitinqə gəlsəm çayxanamı əlimdən alacaqlar.Ona görə siz gedin mitinq edin, əgər alınsa, mən də gəlib sizə qoşulacam, sizinləyəm. Bu əslində qorxaqlıq deyil. Köhnə müxalifətin səhvi də bunda oldu ki, xalqı qorxaq saydı. Xalq qorxaq zad deyil. Bu xalq çox praqmatikdir, şansını dəyərləndirir. İnanın bu hökümət bir az büdrəsə, pul azalsa görün necə canlanır bu cəmiyyət.

Ardı var...

Seymur Baycan

Elkin Xəlilov

Qaynar.info 

Kultura.az | Developed by Samir Yahyazade