Erkin Qədirli: \"Adam o qədər bəsit həqiqətlər uğrunda mübarizə aparır ki...\" - Müsahibə

Интервью

 

REAL Hərəkatının idarə heyyətinin üzvü, hüquqşünas Erkin Qədirlinin Yazıçı Seymur Baycana verdiyi müsahibənin ikinci hissəsini təqdim edirik.

 

Seymur Baycan: Bəy, xahiş edirəm bu sualı qərəzli  sual kimi qəbul etmə. Tam səmimi deyə bilərəm ki, verəcəyim suallarda bir qram da qərəz yoxdur. Nə varsa hamısı sadəcə  cavab almaq istəyimdən irəli gəlir. Bu "siçan dərmanı" nə məsələ idi? 

- Mən "siçan dərmanı" sözu işlətməmişəm. O sözü elə ilk dəfə deyəsən Əli Novruzov işlədib. 26 fevral Xocalı qətliyamı günü  gördüm ki, hamı günahı başqasında axtarır.  Biri  deyir ki, bunu Ayaz Mütəllibov edib, biri  deyir özümüzdədir günah, biri isə deyir ki, cəbhə hakimiyyətində oldu günah. Mən də bu yanaşmalara qəzəbləndim doğrusu. Günahı özümüzdə axtaran adamlara qəzəblənib, yazdım ki, bu günə qədər xüsusi xidmət orqanları bu işi görən əli bu cinayətdə olan, Sarksiyani, Ohanıyanı və Koçarıyanı aradan götürüb, öldürə bilərdi. O qədər olub ki, tarixdə belə şey.  Bir anlıq gözümün önünə gətirdim ki, bunu yazsam, həqiqət pərəslər girib yazacaqlar ki, bəs günahsız insanlar öləcək və sairə. Mən bunun üçün yazdım ki, girib onun  oturduğu yerə qumbara atıb günahsız insanları öldürmək olmasın deyə fərdi hədəf kimi yeməyinə zəhər qatıb aradan götürmək olar.  

Seymur Baycan: Yəni "siçan zəhəri" sözü olmayıb?

Erkin Qədirli: Yox zəhərlənmə sözü olub. "Siçan dərmanı", "siçan zəhəri" söhbətini sonradan bloggerlər tərəfindən əlavə edilən söz oldu. Mən bilmirəm indi birinci bunu Əli Novruzov işlətdi və ya başqası. Amma bu haqda ən çox yazan Əli Novruzov oldu. O status əslində yazılmamalı idi. Mən bircə o iradı qəbul edirəm. Amma deyəndəki sənin yazdığın düz deyil, bax onda tərs damarım tutur. Necə yəni düz deyil? Onlar bu qədər adam öldürüb, cəzasız gəzirlər ortada. Belə şeymi olar? Belə şeylər tarixdə çox olub. Amerika, İsrail və başqa ölkələr də bundan istifadə ediblər. Səsiz səmirsiz aradan götürürsən və üstəlik də bir baş sağlığı verirsən. Amma olan oldu, söhbət yayıldı. Peşman deyiləm. Sadəcə yənə deyirəm bircə iradı qəbul edirəm ki, gərək yazmazdım. Həmin gün bir az qəzəbli idim. Gördüm ki, insanlar şaxsey-vaxsey deyirlər, bir az insanlarda qürur olmalıdır. Bu adamlar bizim düşmənimizdir. 

Seymur Baycan:  Bu söz-söhbətlər çıxandan sonra bir xeyli münasibət ortaya qoyuldu . Bizim dostlardan biri belə bir fikir irli sürdü ki, İlqar Məmmədov həbs ediləndən sonra Erkin Qədirli qorxdu və buna görə də belə bir cəfəngiyat yazdı ki, öz nüfuzunu azaltsın, ciddiliyini itirsin. Belə bir fikri oldu və deyim ki, buna da inanlar oldu. Çünki əsas arqument də bu idi ki, Erkin ağlı başında olan adamdır, heç vaxt o belə aşağı söhbət etməz. Edibsə demək mqəsədli edib. İkinci münasibət də bu oldu ki, Erkin orta təbəqənin rəğbətini qazanmaq istəyir. Mən də öz-özümə düşündüm ki, bu  nə qədər doğru addım ola bilər, sən ağıllı adamların hədəfinə özünü çevirisən amma orta təbəqənin, hardasa aktiv olmayan adamların rəğbətini qazanırsan. 

Erkin Qədirli: Belə deyək də o statusu yazanda heç bir məqsədim yox idi. Ağlımda nəsə fikirləşməmişdim. Düşməmişdim ki, bu kiminsə xoşuna gələ bilər, kiminsə isə yox. Sadəcə qəzəbdən irəli gələn bir fikirlər idi. Belə baxanda irosianaldır. Baxın irosianal o demək deyil ki, ağılsızdır. Haqqımda belə bir təsəvvür vardı ki, mən akademik qalmalıyam, hamının xoşuna gələn formada danışmalıyam, hər şeyin yerini bilən olmalıyam . Belə deyək ultra pozitiv bir imic formalaşmışdı barəmdə. Siyasətə girəndə  özünə  ideoloji səngər qazırsan. Məsələn, sol ideologiya ilə heç vaxt bir yolun yolçusu ola bilmərəm . İstəyirəm ki, ölkəm qərbə inetqrasiya etsin. Bəziləri ölkənin gələcəyini İranla əməkdaşlıqda, bəziləri isə Rusiyayla görürlər. O qədər olub ki, belə diskusiyalar. Sadəcə  ictimaiyyətə çıxmayıb. O qədər gəlib gediblər ki senin islama münasibətin necədir. Deyirəm dərdin nədir sənin? Deyir hicab. Hicab əslində özün də yəqin başa düşürsən ki, təhsildə olan problemlərin siyahısında ən axrıncılarından biridir. Deyirlər hə bilirəm təhsilin vəziyyəti belədir. Mən onun bu probleminə sıcaq baxa bilərəm insan haqqları baxımından. O mənada ki, hicab dini etiqad azadlığıdır. Kim istəyirsə geyinsin. Bunu qadağan etmək olmaz. Deyir nə yaxşı. Amma o dəqiqə qırmızı xəttləri çəkirəm. Deyirəm bax, sən bunu güzəşt kimi qəbul eləmə. Sabah sən gəlib desən ki, gəl Darvini çıxaraq təhsil proqramından sərt cavab alacaqsan. Sabah gəlib desən ki, qızlarla oğlanlar ayrı-ayrı siniflərdə oxusun, mən buna qarşı çıxacam. Buyur hicab istəmirsən, bu da hicab. Amma qızlarla oğlanlar bir sinifdə oxuyacaq və onlara Darvin nəzəriyəsi keçiləcək. Bunu qəbul edən də var, etməyən də. Bizim dünyəvi, intelektual çevrəmiz söhbətin bir hissəsini görüb, nəticə çıxarılar.  Əslində isə mən cəmiyyəti qıcıqlandırmamaq üçün aparılan diskussiyaların bəzi hissələrin çıxartmıram cəmiyyətə. Rusiya məsələsi də bunun kimi. Son zamanlar rus sektorları ilə bağlı yazılarıma da xeyli fərqli münasibət gəldi. Mən Rus sektoruna bir təhsil kimi baxmıram. Bunu siyasi təsir kimi qəbul edirəm. Bu Rusiyanın yumuşaq gücüdür. Görmürsünüz hər dəfə bizim hökümət gedir hesabat verir ki, ölkədə bu qədər rus məktəbi var, rus dilində imtahan verilər və sairə.  Ona görə ideoloji baxımdan təməldən bu mövzuları qoyuram. Bu içəridə mövzu tapmamaq, gündəm mövzularına münasibət bildirməmək qorxusu deyil. Mən höküməti həmişə tənqid etmişəm. Müsahibə də verirəm bu barədə status da yazıram, yazılar da yazıram. Sadəcə mən içərimizdə olan problemlərin geniş mənzərəsini  göstərməyə çalışıram.  İndi gələk daha konkret suala. Əslində İlqar Məmmədovun həbsinə qədər də məni qorxutmağa, şirnikləşdirməyə çalışırdılar. Hər tərəfli basqılar vardı. Məni İlqara, İlqarı isə mənə pisləyirdilər. Amma tutmadı o söhbətlərin heç birisi. İlqarı tutdular amma REAL dağılmadı.  Qorxmağın əlaməti nədir ki? Çəkilirsən qırağa heç bir işə qoşulmursan. Və yaxud da hökümət deyir ki, gəl sənə bir iş verək  nə qədər müxalifətdə olacaqsan. Qorxaqlığın əlaməti başqadır. Buna qədər bir xeyli prokurorluğa çağırılıb dindirildim. Amma biz bunu ictimailəşdirmədik. Çünki siyasətçi gileylənməməlidir, ürkütməməlidir çevrəni. Bütün idarə heyyəti çağrılıb dindirilib. Qorxmaq necə olur ki? Sadəcə olaraq siyasətə girəndən anladım ki, ideoloji səngər qazmaq lazımdır. Mövzunu oturzdumaq lazımdır. Bəzən hətta olsun ki, dəfələrlə bir mövzu üzərində dartışmaq, mövzunu çürütmək lazımdır. Əlbəttə ki, bu kənardan baxan adamlar üçün başqa cür görünür. Onlar deyirlər ki, nə oldu yenə Erkin rus sektorundan yazdı. Mən bunu anlayıram. İntelektual çevrənin riskin içinə girmədən, yükü üzərinə götürmədən qıraqdan baxıb tənqid eləmək lüksu var. Mən də bir vaxtlar o mərhələdəydim. Buna görə də normal baxıram. Əksinə ciddi tənqidə  həmişə ciddi baxıram və öyrənməyə çalışıram. Sən siyasətə girmisənsə ideoloji səngər qazmalısan. Qıraq adamları bura buraxmamalısan. Sənin özünün elektoratın da olmasa, çevrəni formalaşdırmalısan, hekayələrinlə, mövzu ilə. Hərənin bir hekayəsi var,  girib onu içəridən dağıdası deyiləm. Solçunun da öz çevrəsi olmaldır. Onun əvəzinə çevrə yaradası deyiləm ki?  Marksı oxumuşam. Amma  Marksı inanaraq oxumamışam . Mən Marksı tənqidi oxumuşam. Eləcə də dini kitabı  məlumatlı olmaq üçün oxumuşam. 

Bu qorxu deyil yüz faiz. İkinci dediniz ki, məqsəd orta səviyyəli elektoratı özünə çəkməkdir.  Girişdə onu dedim ki, o status yazmaqda məqsədim yox idi. Amma nəticə etibarı ilə belə alındı. Özüm də gördüm ki, heç gözləmədiyim yerlərdən yaxınlaşanlar oldu. Gözləmədiyim, tanımadığım adamlardan bu məsələyə müsbət münasibət gördüm.  Ozümə də qəribə gəldi ki, əvvəllər  özümə belə şeyi yaraşdırmırdım. O söhbətin adamı deyildim. Amma siyasətə girdinsə gərək belə olasan. Bəlli bir dozada papulizmə ehtiyacın var . Bu ölkədə neçə Seymur Baycan, Əli Novruzov, Əli Əkbər, Elmir Mirzoyev var? Toplam yığarsan yüz nəfər olar?

Seymur Baycan: Vallah rəqəm deməyə qorxuram.

Erkin Qədirli: Olsun yüz, beş yüz, min. Tamam. Bu adamlardan sən dayaq yeyəcəksən, tənqid alacaqsan. Yıxıb sürüyəcəklər, səni mətbuatda. Amma əvəzində yüz min nəfərdən səs alacaqsan. Bu çox kobud bir hesaplamadır. Siyasətin bu bir tərəfidir. Siyasət akademik elm deyil. Siyasi elm var, amma siyasətin özü elm deyil. Siyasətdə sən həmişə orta statistik seçicini göz önünə gətirməlisən. Bir tərəfdən deyirlər ki, xalq belə, xalq elə. Amma tənqidə gəldikdə sanki sən bunu kiçik bir elitar cəmiyyət üçün etməlisən. Mən Seymur Baycanla görüşəndə başqa söhbət edəcəm, Elmir Mirzoyevlə isə başqa cür. Qarşımdakı adamın səviyyəsinə uyğunlaşmağı bacarıram. Yüksəkdirsə səviyyəsi yüksəlirəm, alçaqdırsa enirəm. Siyasət bunu mənə öyrətdi, məcbursan. Bilsəydim ki, bu xalqın savadsız hissəsi səs verməyəcək və  siyasi talehim sizin kimi insanların əlindən aslıdır,  heç elə söhbət edərdimmi? Bu praqmatik bir hesaplamdır. Xahiş edirəm bunu yaznada da olduğu kimi yazın. O status qəzəbdən yazılmışdı, əsəbdən yazılmışdı, heç bir nəticəyə hesaplanmamışdı. Sadəcə siz indi sual verdiniz, mən də ondan sonra olan müşahidələrimi sizlə bölüşdüm. 

Seymur Baycan: Yəni Qənirə Paşayeva deyilsiniz?

Erkin Qədirli: Yox. Yəni demək istədiyim budur ki, hər adamın  basıb içəridə saxladığı düşüncələr, ehtiraslar var. Adam kübar, mədəni, savadlı birisidirsə bu o demək deyil ki, onun ağlına axmaq fikirlər gəlmir. Sadəcə mədəni olmağın bir üstünlüyü var ki, sən basırsan içəridən özünü. Bunu demək olmaz, belə davranmaq olmaz. Təklikdə qaldıqda ola bilər daha rahat ola bilərsən. Əlbəttə o fikiri uzun müddət içəridə basıb saxlamışdım, sadəcə qəzəbin nəticəsində ortalığa çıxdı. Normalda deməməliydim, amma dedim. Amma bu o demək deyil ki, mən bu işin məsuliyyətini öz üzərimdən atacam. 

Seymur Baycan: 5 il bundan əvvəlki Erkin Qədirli ilə indiki Erkin Qədirli arasında hansı fərqləri görürsən. Nə dəyişiklik baş verib səndə. Həyat təcrübəsi, müdrüklik, şəxsi ovqat, savad hamısı ola bilər. Bu sualı niyə verirəm? Məndə həmişə belə bir duyğu olub, özümü dərk edəndən bu tərəfə. Özümü həyata 5 il gecikmiş hesab edirəm. Həmişə məndə belə bir hisslər olub. Kaş bu gün bildiyimi 5 il bundan əvvəl biləydim. 

- Beş ildə şəxsi həyatımı götürsək  əlbəttə ki, həyatım daha gərgin oldu. Daha çox stressə, depressiyaya, gərginliyə girdim. Həyəcanlar çox oldu. Yorğunluq. Bir var sən risklərini hesaplayırsan, biri də var ortada bir mənasızlıq var. Girmisən siyasətə, müxalifətdəsən, partiya qurmalısan, seçkilərə hazırlaşmalısan, amma sənin vaxtını alırlar ki, hər həftə getməlisən Şəkiyə, İlqara yemək aparmalısan. Məhkəməyə, ora bura. Bunların hamısı zaman alır, sinir tələb edir, həyəcan verir, maddi ziyan vurur. Bunlar hamısı  çox mənasız yorğunluq gətirir adama. Bu qədər yol, bu məhkəmə sənin, o məhkəmə mənim, bu qədər havayı enerji gedir, o polislə üzləşmək lazımdı, başqa bir prokuror səni dindirir. Həbsxana rəisi ordan sənə yüz söz deyir, amma  payı səndən götürsün deyə məcbursan  özünü sıxırsan. Burada prinsipiallığın da bir yeri yoxdur. Adam rəisdir çıxır sənə nəsə bir boş söz deyir, hərdən bütün ləyaqətin tələb edir ki, sən buna cavab verməlisən. Amma sənin strategiyan bu deyil. Sənin strategiyan budur ki, Bakıdan sovqat gətirmisən, bu İlqara çatmalıdır. Mən durub ona söz qaytarsam, deyəcək ki, bilrisən nə var? Yığışdır veş-vüşünü də, çıx get. Bunun hüququ yolu da yoxdur ki, aşasan bu həddi. Buna görə də mənim bir məqsədim var, İlqarla görüşmək, sovqatı ona çatdırmaq. Arada kimlə danışıramsa, nə söz olursa, atıram içimə. Çünki daha böyük məqsəd var. Mən durub prinsipə girsəm  deməyə sözüm də var, cürətim də var. Yəni bu kimi şeylər çox mənasız yorğunluq gətirir. Prosesin içində olanda elə də hiss etmirsən  bunları. Hətta hər an həbs olunacağını da göz önünə gətirmisən. O qədər adam həbs olundu ki, qondarma ittihamlarla. Həbs eləsələr, biri gəlib ilişəcək boş yerə içəri atacaqlar. Bunu arzulamırsan, amam göz önünə gətirirsən. Çönüb son beş  ilə baxanda görürəm ki, çox mənasız br yorğunluq var içimdə. Və bu yorğunluq  mənim beynimə, düşüncələrimə, həyat tərzimə tesir edir. Bu son iki ildə çox içməyə başlamışam. Düzdü əvvələr də içirdim, amma indi daha çox içirəm. Son iki ildə içdiyim qədər, heç vaxt içməmişəm. Söhbət spirtli içkidən gedir. Normal, mədəni içməyi bacaran adamam, yaxşı da içirəm. Amma həmişə uzun fasilələrlə olub. Bu son zamanlar o qədər içdim ki, özüm də bəzən deyirəm ki, bu çox oldu. Belə şeylər var. 

Seymur Baycan: Özünü tənbəl adam hesab edirsən?

Erkin Qədirli: Yox tənbəl adam deyiləm.

Seymur Baycan: Bəs niyə kitab yazmırsan?

Mən kitab yazıram. Amma mən sistemsiz işləyirəm onun üzərində.

Seymur Baycan:  Həmişə demişəm ki, biz folklor xalqıyıq. Şifahi ədəbiyyata üstünlük vermişik. Bizim köhnə müxalifət nümayəndələrinin də kitabı yoxdur. Bilirsiniz bunu niyə deyirəm? Çünki ölkədə min dənə Erkin Qədirli olsa, səni  qarşıma qoyub belə sual vermərəm. Düşündüm ki, Erkin məni neçə gündür fırladır. Bunun haqqında bir yazı yazım biabır edim. Sonra da öz-özümə düşündüm ki, axı cəmiyyət də neçə Erkin Qədirli var ki, bunun yıxaq yerə başını kəsək. Axı asandır adam vurmaq. Düşünürəm ki, bir-birimizi qorumalıyıq. Buna görə də deyirəm ki, sənin paylaşacağın yol var, paylaşacağın fikirlər var. Biz folklordan çıxmalıyıq. Bu yaxınlarda sənin keçmiş bir tələbənlə rastlaşdım. O deyirdi ki, Erkin müəllim 2005-ci ildən deyir ki, kitab yazıram. Viktor Hüqo səfilləri 20 ilə yazıb, inanıram ki, səndə də belə bir möhtəşəm bir şey olacaq.

- O hüquq kitabıdır. Akademik kitabdır, onun üzərində daha çox işləyirəm. Mən də düzdü bədii istedad yoxdur. Ən yaxşı halda akademik bir mətn yaza bilərəm. Gördüm ki, siyasi ideoloji baxışlarımı da yazmaq lazımdır. Buna ehtiyac var.  

Seymur: Bəs yazı niyə yazmırsan? Bir il mənə söz verdin ki, bir yazı yazacaqsan amma yazmadın?

-  Bu bir ildə nələr olmadı? Həbslər, məhkəmələr, polis idarələri, müstəntiqlər. Kənadran ola bilsin ki, mən tənbəl adam kimi görünə bilim. Amma bu belə deyil. Sadəcə məndə həvəsdən düşmə var. Tənbəl olmadığımı da durub hamıya sübut etməyi məcbur bilməmişəm özümü. Əslində o tənbəllik deyə bir şey varsa da, o məni pis şeylərdən də qoruyub. Bəzən olub ki, ağlıma çox pis fikir gəlib, etmək istəmişəm, amma həvəsim olmayıb. Çox çalışqan biri olsaydım, bunu edərdim. Bu yarızarafat yarı ciddi bir söz idi. Amma  tənbəl deyiləm, özümü tanıyıram. İşə girişəndə, qıraqdan mənə maneələr yoxdursa işləyirəm. Ən əziyyətli iş yazını başlamaqdır, bir də bitirmək. Başlamaq xüsusu ilə.  Bütün fikri axıra qədər görürəm. Amma onu axıra kimi yazana qədər, həvəsim ölür. Çünki özüm üçün fikri o qədər aydın görürəm ki, sanki özüm-özümə yazıram. Bu anda oxucunu unuduram. Bunlar da vərdişlə düzələn şeydir. Kənardan ola bilsin çox təmkinli, soyuqqanlı birisi kimi görünə bilirəm. Amma içimdə hər şey qaynayır.  Xətrimə dəyən sözlər də var, məni sevindirən hadisələr də var. Bəzən açıb demədiyim sözlər məni, içəridən qaynadır. Bəzən olur bir kitab səhifəsini üç dəfə oxuyuram, heç bilmirəm necə olur bu. Oxuduqlarım da yadımda qalmır. Son zamanlarda bunlar məndə yaranıb. Beyin artıq o qədər yüklənir ki, sonda bunlar baş verir. Adam o qədər bəsit həqiqətlər uğrunda mübarizə aparır ki, bu da mənasız yorğunluq yaradır. Heç vaxt özümü siyasətə hazırlaşdırmamışam, heç vaxt siyasi  davranış sərgiləməmişəm. Müəllim, akademik adam olmuşam. Siyasətə girəndə  dəyişməli oldum. İndi də dəyişirəm, bu ağrılı bir prosesdir. Xoşuma  gəlməyən hallar olur. Məcbursan.  Amma kitab yazıram.

Seymur Baycan: Gözləyirik. Bəy, müəllim demişkən tələbələrini görəndə hansı hisslər keçirirsən?

Buna bəxt deməyək, çəkinmədən naliyyət deyə bilərəm.  Peşələr çoxdur, mühəndislik də peşədir, amma siyasətə çox uzaqdır. Buna görə mühəndislər bir-birlərini tanımaya bilər. Amma hüquqşünaslıq çox dar peşədir, həm də siyasətə yaxındır. Hüquqşünaslar, xüsusi ilə də yaxşı hüquqşünaslar bir-birlərini çox yaxşı tanıyır, hətta buna şəxsən də demək olar. Mümkün deyil, peşə səni qarşılaşdırır. 12 il dərs demişəm.  Elə bir dövlət idarəsi yoxdur ki, orda keçmiş tələbəm olmasın. O mənada bunu naliyyətim sayıram ki, məni xoş xatirələrlə xatırlayırlar. Küçədə  görəndə salam verilər, nəsə bir qulluq təklif edirlər. Hərçənd onlardan umacağım bir şey yoxdur. Hərdən də gülməli şeylər olur. MTN-də işləyən tələbələrim hərdən məni görəndə deyirlər ki, müəllim sizi izləyirik.  İkibaşlı çıxır. Demək istəyirlər ki, facebook-da səni oxuyuruq. Xoş birşeylərdir bunlar.  2006-cı ildən yoxam universitetlərdə, 9 il edir. Dərs deyəndə məqsədsiz idim. Düşünmürdüm ki, elə dərs deyim ki, 10 ildən sonra tələbəm məni görəndə yaxınlaşıb salam versin. Manyak olasan ki, belə bir məqsəd qoyasan qarşına. Sadəcə müəllim kimi  uğurum bu idi ki, rüşvət almırdım, tələbəyə yaş fərqinə və statusuna baxmayaraq siz deyə müraciət edirdim, qiymətdə heç bir saxtakarlıq etmirdim. Bunlar mənim naliyyətimdir. 

Seymur Baycan:  Niyə bunu dedim? Çünki sizi hədəf seçənlər, tənqid edənlər arasında keçmiş tələbələriniz də var. Onlar da həmişə deyirlər ki, Erkin bizim müəllimiz olub, inkişafımda, düşüncəmim dəyişməsində rolu olubdur. Amma  filan, filan  fikirlərin qəbul etmirəm. Burda  məcburən bu tələbələrin sənə müxalif olmasını görmürsünüz ki? Baxın mən öz müəllimimə qarşı çıxıram. 

Erkin Qədirli: Yox, əksinə hesab edirəm ki, bu çox vacibdir. Fikirləşirəm ki, tələbə sonradan müəllimini üstələmirsə, demək müəllim yaxşı olmayıb. Bu gün  keçmiş tələbələrimdən elələri var ki, bildikləri sahədə məndən çox üstündülər. Əlbəttə ki, istəsəm həmin sahədə onlara çata bilərəm, amma maraq göstərmirəm. O sahədə məlumata etiyacım varsa, çəkinmədən tələbəmdən soruşaram. Bax məsləhət ver, öyrət məni, bu nə deməkdir. Belə tələbələrim çoxdur. O ki, qaldı tənqidə  siyasətə girdikdən sonra bunu çox normal sayıram.  Tələbələrimə bəlli bir ideoloji baxış təlqin etməmişəm. Müəllim olaraq borcum bu idi ki, bütün nəzəriyələri onlara izah edəm. Amma  imtahanda onları məcbur etmirdim ki, filan nəzəriyədən danış mənə. Və ya filan nəzəriyyə düzgündür, filan isə yanlışdır, mən isə başqa nəzəriyyəni qəbul edirəm.

O vaxt da  soruşurdular ki, müəllim bəs sizin hansı ideoloji baxışınız var.  O zaman  çəkinirdim buna tam cavab verməkdən. Çünki yönləndirmək istəmirdim. Neçə dəfə yazmalı oldum ki, mən liberal deyiləm. Mənim haqqımda bir liberal fikiri formalaşmışdı. Liberalizmindən mühaziə oxumuşamsa, bu o demək deyil ki, mən liberalam. Marksizmi də izah edirdim, amma bu o demək deyil ki, mən marksizəm. Bu bir akademik borcdur. 

Elkin Xəlilov: Ola bilər Erkin müəllim, siyasət sizə demək istəmədiyiniz sözləri dedizdirdi?

- Məcbur deyəndəki məni heç kim məcbur eləmir. Mən inamadığım şeyi demirəm. Amma inandığım hər şeyi də demirəm. Baxıb hesaplaşdığım  şeylər var. Bunu desəm xal itirərəm siyasətdə. Amma o inamı özümdə saxlayıram. Fürsət yetişsə onu deyəcəm, etməyə çalışacam.  nə deyirəmsə, yanlışıda dorğusu da, mənə aiddir. Yəni sücgəcdən keçirərək, düşünərək deyirəm. Misal üçün millətçilik. Mən həmişə millətçi olmuşam. Amma bunu heç vaxt deməmişəm. Millətçilik deyəndə vətəndaş millətçiliyini nəzərdə tuturam, şovinist olmamışam. Solçular, dindarlar kimi  deyiləm. Məni nə qüds, nə də bütün dünyanın fəhlələri maraqlandırmır.  Bura fokuslanmışam. Bunu heç vaxt demirdim, amma indi deyirəm. İnsan haqqlarından daha çox danışırdım, amma siyasətə girəndən az danışıram.Sənin qayğın öz insanlarını qorumaqdır, öz ölkənin gələcəyini düşünməkdir. Götürək ele son zamanlar olan Rusiya mövzusunu.  Deyirlər ki, bir Rusiyaya daha yaxın olmalıyıq, münasibətimiz yaxşı olmalıdır.  Demirəm ki, Rusiya ilə münasibətimizi pozaq.  Amma fakt budur ki, Rusiya mənim düşmənimin mütəfiqidir. Bu mənim seçim deyil, bu Rusiyanın seçimidir. Rusiya  düşmənimlə mütəfiqdirsə, mən çarəmi qılmalıyam. Mən də Rusiya kimi başqa gücə yaxınlaşmalıyam. Bu da Amerikadır. Başqa güc varsa göstər gedək yaxınlaşaq. Yoxdur . Amma mən Amerika pərəst deyiləm. Hesaplayıram ki, Ermənistan Rusiyaya yaxınlaşıbsa, biz də Amerikaya yaxınlşaq. Hələ bunun texnoloji, elmi gücünü demirəm.  Rus sektorundan çıxa-çıxa niyə rus sektoruna qarşı çıxıram?  bunu çox vaxt irad tuturlar. Əvvəla mənim oxuduğum rus sektoru bugunki rus sektoru deyil. Çünki  oxuduğum zaman rus sektoru xarici ədəbiyyata bir başa çıxış demək idi. Amma indi rus sektorunun o lüksü çoxdan dağılıb. Sən rus sektoru olmaya-olmaya bütün rus klassiklərini oxuya bilərsən. Məsələn Seymurun özü. Yəni bu məsələyə təhsil predmenti kimi də baxmıram. Baxıram facebook-da olan rus dillilərə, ancaq öz aralarında danışırlar. Heç facebook-un azərbaycan dillilərini belə tanımırlar. Öz dünyaları var. Bu təhlükəlidir. Onların da bir çoxu Moskvanın gözü ilə baxır dünyaya, propakanda işləyir. Baxın rus dilli saytlara. Tamam sən rus dilli jurnalistsən, amma sən Azərbaycanlısan axı. Bu yazdıqlarını kimi üçün yazırsan, Rusiya üçün? Rusca yazmaq, Rusiyanı tərənnüm etmək anlamına gəlməməlidir . Azərbaycanda hansı ağlı başında olan adam Rusiya ilə münasibətin psiləşməsini istəyər? Bir miqyası düşünün. Rusiya hara biz hara. Amma faktı da unutmaq olmaz, Rusiya bizim düşmənimizlə müttəfiqdir. 

Seymur Baycan: Bir fərd kimi yetişməyində daha çox kimə borclusan. Özünəmi, ailənəmi, müəllimlərinəmi və yaxud da hansısa tarixi bir hadisəyə?

- Burda hamısı var. Orda ailədə var, çox da dərinə getsən, gen də var. Mən babamla, nənəmin yanında böyümüşəm, məni onlar yetişdirib. Ətrafımda həmişə kitablar olub. Çox da  mecbur etmək lazım deyildi, özüm də maraqlı idim oxumağa. Həm də həmişə babamı, nənəmi görürdüm kitab oxuyan. Oturub oxumaq. Bu uşaqlıqdan məndə yaranan bir vərdişdir. Elə belə deyil üc saat susaraq oxumaq. Ətraf da uşaqlarla dolu. Kimsə çağırır ki, Erkin gəl futbol oynayaq. Futbol da oynayırdım, amma əlimə kitab almışamsa getmirdim. Ta yorulana, özüm üçün bəsdi deyənə qədər oxuyurdum. Zamanında bədii ədəbiyyat oxumuşam, amma müəyyən zamandan sonra, fəlsəfə, tarix, hüquq kitabları oxudum.  Yeri gəlmişkən  kiməsə müsahibə vermişdim, orda demişdim ki, bədii ədəbiyyat oxumuram. Söhbəti fırlatdılar ki, Erkin kitab oxumur.  Kitab oxumuram demədim axı, bədii ədəbiyyat oxumuram dedim.  Hərdən adama elə gəlir ki, səndən yalan danışırcasına cavab gözləyirlər.  Orda desəydim ki, bədii ədəbiyyat oxuyuram, söhbət bitəcəkdi. Əlavə sual da gəlməyəcəkdi. Oxumuram  niyə durub yalan deməliyəm? Amma bu kitab oxumamaq anlamına gəlmir, mən başqa kitablar oxuyuram. Bunu qoyaq kənara. Ailə, məktəb bunların hamısının rolu oldu. İndiki 225 saylı məktəbi bitirmişəm. Düzdü elitar bir məktəb deyildi, amma müəllimləri çox yaxşı idi. İki bölmə var idi, rus və azərbaycan. Yeri gəlmişkən bunun özü də mənə təsir etdi. Sinif-sinifə dava, atmacalar, bunların özü də sosiallaşmaq üçün vacib idi. Yəni  tam olaraq qopmamışdım Azərbaycan dillilərdən. Geriyə baxanda  bunu  vacib sayıram. Yaxşıkı bunlar  həyatımda baş verdi . Kübar, vas-vası, bir mühitdə böyümədim. ətrafımda hər cür  insanlar olub, seçim etməyi bacarmışam. İnsanlarda  kiçik istisnalarla yanılmamışam. İlk baxışdan sonra təəssüratım çox güclü olur. Və ən çox da fikir verdiyim intilekt olur. Hamımız insanıq, çatışmayan cəhətlər hər birimizdə olar. Ondan sonra hadisələr. Xalq hərəkatı. 1988-ci idlə mitinqlər başladı. Ölkə üçün bilmirəm yaxşı oldu ya pis. Amma mənim üçün çox yaxşı oldu. Ayıldım,  yenidən kodlandım. Rus sektoru havasından çıxdım.  O zamanlar kosmopolit bir düşüncədə idim. Həmin vaxt milliləşdim. Hətta Nemət Penahli  "oturmayan ermənidir" deyəndə mən də otururdum, dururdum. Hətta onda da bilirdim ki, bu çox axmaq bir şeydir. Oturmayan ermənidir demək nə deməkdir? Vəziyyətin tupolyuğunu bilirdim, amma kütlə otururdu deyə mən də oturub-dururdum. Xalq hərəkatının  ayılmağımda, milliləşməyimdə böyük rolu oldu.  Dəyişdim. Bunu çox yaxşı hesab edirəm. Bu söhbətlərdən sonra Azərbaycan dilinin üstünə düşdüm. Məişət dilim vardı, başladım qəzet, kitab oxumağa, ciddi söhbətlər etməyə, dilim inkişaf etdi. Dünyagörüşüm dəyişdi.  O kosmopolit havasından çıxdım, daha çox milliləşdim. Sözün yaxşı  mənasında. Mühafizəkarlşamadım, beynim yenə də açıq, geniş, hər cür mənbələri oxumağa çalışıram. Amma süzgəcdən keçirirəm, burda nə edə bilərik  gözüylə baxıram. Belə deyək , ailə, gen, məktəb, məhlə, dost-tanış və o hadisələr hamısının formalaşmağına təsiri olub. Xüsusi ilə də həmin hadisələr. Çünki ona kimi  başqa birisiydim. Yaxşı adam idim, amma başqa cür insan idim. Mən uşaqlıqda döyülsəm belə, amma söyülməmişəm. Bacaranda  döyürdüm, amma əksər hallarda  döyülürdüm. Fiziki baxımdan çox gücü biri deyildim. Heç vaxt əzələ tərəfimi inkişaf etdirmək istəməmişəm. Amma davadan qaçmırdım, döyülsəm belə. Ən maraqlısı isə bu idi ki, söyülmürdüm. Nə həyətdə, nə də məktəb də. Siyasətə girəndən sonra söyülməyə başladım. İlk dəfə qırx neçə yaşımda barəmə beş qat söyüşlər eşitdim. Bax bu mənə qəribə gəldi.

P.S Müsahibənin birinci hissəsini burdan (http://kultura.az/articles.php?item_id=20150613081948163&sec_id=8) oxuya bilərsiniz

Seymur Baycan

Elkin Xəlilov

Qaynar.info

 

Kultura.az | Developed by Samir Yahyazade