Fərhad Yalquzaq: Yadplanetlilərin müraciəti

Публицистика

 

Bu gün Universe Explorers səhifəsində yayımlanmış bir yazını oxudum: yadplanetlilərin bizim planetin sakinlərinə müraciətiydi. Təbii, yazımın elə birinci cümləsi yetər ki, skeptiklər dərhal darbalaqlarını başına çəkib vay-şüvən salmağa başlasınlar. Kimlərsə düşünəcək ki, beş-altı adam yığışıb bir yerə və camaatı dolamaq üçün yadplanetlilərin adından belə bir müraciət hazırlayıblar. Bəlkə də belədir, ancaq bu məni narahat etmir. Mən sadəcə olaraq buna inanmaq istəyirəm, necə ki, sizin 98 faiziniz abstrakt allah fenomeninə inanırsınız.

Həmin müraciətdən bir hissəni tərcümə edib bu yazıya yerləşdirəcəyəm, ancaq gəlin ilk öncə bəzi məsələlər haqqında sizə öz fikrimi bildirim. Yadplanetlilər varmı? Dostlar, yad planetlərin mövcud olması haqqında yəgin ki, heç kim mənimlə münahisə etməz. Təkcə bizim günəş sistemində gözlə görünən planetlərin olduğunu bilirsiniz. Bizim Süd Yolu qalaktikasında isə milyonlarla günəş sistemi var. Kainatda olan milyardlarla qalaktika arasında isə bizim qalaktika öz ölçüsü ilə heç də ən nəhəngi deyil, baxmayaraq ki, bizim qalaktikanın bir başından o biri başına kimi 100 000 işıq ili uzunluğunda bir məsafə var. İşıq bir saniyədə 300 000 km qət edir, indi özünüz təsəvvür edin ki (əgər təsəvvür edə bilsəniz), bizim qalaktikanın uzunluğu nə qədərdir. Yenə də deyirəm, hələ Süd Yolu qalaktikası kainatda ən böyük qalaktika deyil.

Qayıdaq suala: yadplanetlilər varmı? Əgər kainatda bu qədər qalaktika və saysız-hesabsız planetlər varsa (bu əlbəttə ki, müzakirə mövzusu deyil), deməli həmin trilyonlarla planetlərin içərisində yalnız bizim planetdə canlı həyatın var olmasını söyləmək ən azı axmaqlıqdır. Əlbəttə ki, yad planetlərdə də həyat var və mən əminəm ki, onların böyük əksəriyyətində sivilizasiya bizim sivilizasiyanı milyonlarla il qabaqlayır. Onların texnologiyaları belə uzun məsafələri qət edib bizim planetə yaxınlaşmağa imkan verir. Onlar dəfələrlə yerə mesaj ötürüb bizimlə ünsiyyət qurmaq istəyiblər, hətta birbaşa ünsiyyət də qurublar, ancaq onların ünsiyyət qurduğu adamlar yadplanetlilərin bizim planetimizə gəlməsini istəməyiblər. Məhz buna görə də, yadplanetlilər artıq böyük dövlətlərin başında oturan adamlara yox, sadə adamlara müraciət etmək qərarına gəliblər. Çünki yuxarıda oturanlar heç zaman başqalarının gəlib onların qurduğu səltənətə iddiada bulunmasına rəvac verməzlər. Sadə insanlar öz arzularını bildirəndən sonra, piramidanın ucunda oturanların iradəsi bir şeyə yaramayacaq.

İkinci sual: mən nə üçün yadplanetlilərin gəlib bizim planetdə yerləşməsini istəyirəm? Çünki mənim bu planetdə istəmədiyim bir sürü şey var ki, onların mövcudluğuna son qoymağa gücüm çatmır və bunu yadplanetlilərin bacaracağına əminəm. Nədir o şeylər? Mən yer kürəsində atom bombalarının hamısının adi dəmir parçasına dönməsini, sonra bu dəmir parçalarının insanlar üçün sivil gəmilərə, uçaqlara, qatarlara çevrilməsini istəyirəm. Yer kürəsində az bir qism insanın milyon il yeyə biləcək bir sərmayəsi olduğu halda, milyonlarla insanın bu gündən sabaha yemək tapa bilməməsini qəbul edə bilmirəm. Mən okeanlarımızın plastik zibil tullantılarıyla dolu dənizlərə çevrilməsini istəmirəm. Mən ölkələr arasında sərhədlərin olmasını istəmirəm. Mən yer planetinin daimi düşmənçilik ocaqlarıyla dolu olmasını istəmirəm. Ədalətsizliyin baş götürüb getməsini, insanların din vasitəsiylə köləyə çevrilib istismar edilməsini istəmirəm. İstəmədiyim şeylərin hamısını yazsam gərək dənizlər mürəkkəb, meşələr qələm olsun.

Bəli, yer planetinin düzələcəyinə, burada insaların bir gün ağıllanıb qardaşcasına, bərabər, qarşılıqlı sayğıyla, xoşbəxt yaşayacağına ümidsizliyim elə bir səviyyəyə çatıb ki, mən mücərrəd allahdan yox, varlıqlarına inandığım yadplanetlilərdən nicat gözləyirəm. Biz bu planetdə minillər ərzində normal yaşanası bir dünya qura bilməməklə öz bacarıqsızlığımızı, inkompetent olduğumuzu artıq sübut etmişik. Biz ədalətli, sivil qanunların işlədiyi, hər bir fərdin azad şəxsiyyət olmasının sakral olduğunu hamı tərəfindən qəbul edəcək bir cəmiyyət, bir dünya qura bilmədik. Hadisələrin gedişatı da göstərir ki, bundan sonra min il keçsə də, biz bu işin öhdəsindən gələ bilməyəcəyik. Odur ki, mən hamını yadplanetlilərin müraciətinə ciddi yanaşmağı, öz ürəyini səsinə qulaq asaraq onların minlərlə gəmisinin bizim səmamızda görünməsi üçün “hə” deməsini arzulayıram.

İndi isə həmin müraciətdən bəzi hissələri sizin üçün tərcümə edirəm:

“Bütün şüurlu irqlər kimi, inkişafın indiki mərhələsində siz də özünüzü planetinizdə izolə olunmuş kimi hiss edirsiniz. Bu təəssüratla siz öz taleyinizə müəyyən bir bucaq altında baxırsınız.

Sizin gələcəyinizi sizin seçiminiz olmadan müəyyənləşdirmək bizim məsuliyyətimiz altında deyil. Odur ki, bu müraciəti bir referendum kimi qəbul edin və öz seçiminizi edin.

Nə sizin elm adamlarınız, nə də din nümayəndələriniz insanların minilliklər boyu şahidi olduğu müəyyən mübhəm, sirrli hadisələrlə bağlı suallara bilikli, doğru cavab verə bilmirlər.

Gerçəyi bilmək üçün, siz nə qədər sayğıyla yanaşsanız da, öz doqmalarınızın, inanclarınızın filtrindən keçirmədən onunla üzləşməlisiniz.

Yadınızdan çıxarmayın ki, insnalıq tarixində imkansız, gülməli görünən bir çox şeylər son əlli il ərzində mümkün olmuişdur. Sizin bir çox anonim araştırmacılarınız biliyin yeni cığırlarını öyrənərək gerçəkliyə bir xeyli yaxınlaşmışlar.

Biz kimik:

Evolyusiyanın fərqli mərhələlərində olduğumuzu nəzərə almasaq biz sizdən fundamental olaraq çox da fərqlənmirik. Başqa təşkilatlanmış cəmiyyətlərdə olduğu kimi bizim də daxili münasibətlərimizdə ierarxiya var. Ancaq bizim ierarxiya bir neçə fərqli irqin müdrikliyi üzərində qurulmuşdur. Məhz bu ierarxiyanın təşəbbüsü ilə biz sizə müraciət ünvanlayırıq.

Beləliklə, biz nə tanrı, nə də yarımtanrı deyilik; biz Kosmik Qardaşlıq məkanında sizinlə virtual olaraq bərabərik. Fiziki görünüşcə sizdən fərqlənsək də bizim çoxumuz humonoid görünüşlüyük.

Biz, sizin tarixinizin indiki dönəmindəki boşluğu doldurmaq istəyirik. Biz öz tərəfimizdən kollektiv qərar qəbul etmişik, ancaq bu azdır – bizə sizin qərarınız da lazımdır.

Biz niyə gözə görünmürük?

Evolyusiyanın müəyyən mərhələsində kosmik canlılar material məsələsində müəyyən elmi prinsipləri aşkar ediblər. Onlardan biri də struktural dematerializasiya və materializasiyadır.

Bir çox insanlar bizim gəmilərdən bəzilərilə səsli, görüntülü və fiziki təmasda olmuşdur. Ehtiyatla qeyd etmək istəyirik ki, bizim gəmilərdən bəziləri sizi idarə edən qüvvələrin təsiri altındadır, biz onları “üçüncü tərəf” adlandırırıq.

Hər şeyə rağmən, insanlğın qalaktik sivilizasiya ailəsinə qoşulmasını biz çox arzulayırıq.

Bu birliyi qavramağa kömək etmək üçün biz günlərin bir günü tam işıqlı bir vaxtda sizin qarşısında peyda ola bilərik, ancaq bunu indiyə qədər etməmişik, çünki sizlərdən çox azı bunu ürəkdən arzulayır; bir çoxunuz isə qorxu və laqeydlik duyğusunun təsiri altındasınız”.

Müraciətdə çox maraqlı məqamlar var. Məsələn, “siz kimsiniz?”, “sizin situasiyanız nədən ibarətdir?”, “biz sizə nə təklif edə bilərik?”, “sizdən gözləntilərimiz nədir?” suallarına müraciətdə cavab verilir. Açığı, bütün müraciəti tərcümə etməyə həvəsim yoxdur, kiminçünsə maraqlı olsa mənim fb profilimdən linki götürüb tərcümə edə bilər. Mən sadəcə olaraq bu müraciəti ciddi qəbul etdiyimdən sizinlə fikirlərimi bölüşmək istədim.

Əlbətəə, hər şey ola bilər: sabah biri bir məqalə yazıb deyə bilər ki, yadplanetlilərin adından bu müraciəti mən hazırlamışam, sadəcə məzələnmişəm və sair və ilaxır. Ola bilər. Ancaq mən yenə də gülünc vəziyyətə düşməyəcəyəm, çünki inanıram ki, bu müraciət sabah saxta çıxsa, növbəti gün real müraciəti biz yenə də görəcəyik.

Dünya öz tarixində elə bir dərin uçurum qırağına gəlib dirənib ki, obyektiv və subyektiv səbəblərdən məhvi labüddür. Bunu “başbilənlər” başa düşə bilmirlər, yaxud təhlükənin miqyasını anlamırlar. Bizim də ümidimiz qalıb yadplanetlilərə, çünki allah ideologiyası, ona bağlanan ümidlər bu minilliklər ərzində özünü qətiyyən doğrultmadı.

 

Fərhad Yalquzaq
Kultura.az

Kultura.az | Developed by Samir Yahyazade