Zamin Hacı: Kifayət adlı oğlan

Публицистика

 
“Kişinin oğlu olar, igidin qızı”
(Qədim türk ata sözü)
***
Dünən hardasa statistika oxudum: Azərbaycanda illik abort sayı 30 min imiş. Ölkədə illik doğum sayının 120-130 min arası dəyişdiyini nəzərə alsaq 30 min abortun heç də kiçik rəqəm olmadığı aydındır. Özü də bunun statistikası düzgün aparılsa abort sayının bəlkə də iki dəfə çox olması, abort edilən uşaqların isə cins baxımından hər 10 nəfərindən 9-nun qız uşağı olması ortaya çıxar. 
 
Çox qeyri-səmimi, saxtakar cəmiyyətdə yaşayırıq. Yalandan “cənnət anaların ayağı altındadır”, “qadına böyük hörmətimiz var” deyərlər, amma qadınların Azərbaycanın ictimai-siyasi həyatında yeri sıfıra yaxındır. 
 
Elementar bir örnək çəkim. Ətrafınıza, qohum-əqrəbaya diqqət edin: böyük uşaq oğlan, kiçik uşaq qız olan neçə ailə tanıyırsınız? Barmaq sayı qədər olacaq. Amma hara baxsan bir, yaxud iki-üç böyük qız, yanlarında balaca qardaşlarını görərsən. Çünki azərbaycanlılar “bu işi” adətən oğlan uşağı doğulana qədər davam etdirirlər. Mənim rəhmətlik riyaziyyat müəllimim var idi, insafən çox yaxşı adam idi, ancaq ... səkkiz qız dünyaya gətirmişdi! Bunu qızlara məhəbbəti üzündən etmirdi təbii ki. Cəmiyyətin qızı olan kişilərə böyük basqısı var. Beləsini, yalan olmasın, kişi hesab eləmirlər. Kişi olmaq üçün gərək oğlun doğulsun. 
 
Elə öz şeyxinizin tərcümeyi-halı bunun başqa sübutudur. Sizcə onun adını niyə “Allahşükür” qoyublar? Doqquz qızdan sonra doğulduğu üçün! Belə adlarımız çoxdur. İndi yenə ətrafınıza baxın, görün neçə ailədə çox yox, 5-6 oğlandan sonra doğulan, adı misal üçün, “Şükriyyə” olan qız tanıyırsınız? Kifayət, Bəsti, Yetər, Tamam, Qızbəs, Qıztamam, Qızyetər... Bizim qız uşaqlarına qoyduğumuz adlar budur də! Halbuki, islamaqədərki azərbaycanlılarda “oğlu olanı ağ, qızı olanı al çadıra yerləşdirmək” kimi bir düşüncə vardı. Qədim türklər qadınla kişi arasına heç bir fərq qoymaz, kimisə cinsinə görə aşağılamazdılar. Nə qədər paradoksal olsa da, bunu bizə islam, ərəblər gətirdi. Ona görə paradoksal yazıram ki, dini inanclara görə islam qadına böyük hörmət qoyur, islama qədərki ərəblər qız uşağını heç sevməzmiş və sairə. Əlbəttə, heç deyən yoxdur o cür hörmətsizlik şəraitində peyğəmbərin xanımı Xədicə ticarətdə necə uğur qazanmışdı, çağdaş müsəlman ölkələrində neçə belə uğurlu müsəlman qadını saymaq mümkündür. Dəxli yoxdur, istər siyasət olsun, istər elm, ticarət və s. Bir Benazir Bhutto vardı Pakistanda, onu da öldürdülər. 
 
Azərbaycan cəmiyyətinin başqa bir saxtakarlıq əlamətini arxitekturada tapmaq olar. Görün ölkədə oğurluq, əliəyrilik necə dəhşətli miqyasda yayılıbsa insanlar hətta 9 qatlı binanın 7, 8-ci qatlarında da pəncərələrə qəfəs (reşotka) vururlar! Dünyanın başqa hansısa ölkəsində göydələnə qəfəs vurmaq ənənəsi varmı? Mən görməmişəm. Bu fonda isə hamı düzgünlükdən, halallıqdan dəm vurur. Beş manat pulu etibar edib beş günlüyə harasa getməyə beş nəfər tapsanız şükür edin. Uşaq vaxtı yadımdadır, ədəbiyyat dərsində bizə Qasım bəy Zakirin bir şeirini keçmişdilər. Sən demə şairin atını Qarabağ kəndliləri oğurlayıbmış. Bu misralar indiyəcən yadımdadır:
 
“Zərgər, Dilağarda aləmdə aşkar, 
Bir yandan oğurlar, bir yandan satar. 
Vay o günə sahibi at başı tutar,
Hər yandan tökülər üstünə çomaq".  
 
Sən demə adı çəkilən kəndlərin sakinləri şairin atını çırpışdırıbmış, şair bunun üstünü açanda isə üzr istəmək yerinə tökülüb şairi budayıbmışlar. Amma hazırda həmin ərazilərdə şair atı oğurlamaq mümkün deyil - işğal edilib yandırılıb, darmadağın olunub. 
Sözümün canı odur ki, 19-cu əsrdən bəri düzgünlük sahəsində elə də böyük tərəqqi etməmişik. Bəlkə əksinə, daha geri getmişik. 

Zamin Hacı
Musavat.com
Kultura.az | Developed by Samir Yahyazade