Tural Metesoy: Yadlaşmış fəlsəfə

Публицистика

 

Hər bir ölkədə, cəmiyyətdə düşüncə sahəsinin aşağı səviyyəyə düşməsi insanların mənəvi keyfiyyətlərindən tutmuş maddi həyatlarına kimi təsir edir. Ötən əsrin 90-cı illərin əvvəllərində sovet sosialist sisteminin süqutu bütün sosialist dövlətləri kimi bizim də başımıza ağır bəlalar açdı, bütün postsovet cəmiyyətləri kimi bizim də cəmiyyətimizdə dərin xaotik sistem yaratdı. Bu xaotık vəziyyət bütün sahələrdə- iqtisadiyyatda, sosial arenada, siyasətdə, mədəniyyətdə dərin durğunluq formalaşdırdı. Düzdür sonradan siyasi və iqtisadi stabillik formalaşsa da sosial sahədə problemlərin aradan qaldırılması yönündə istənilən nəticələr əldə olunmadı. Sosial sahə, təhsil sistemində hamının da bildiyi kimi böyük problemlər var. Mənim isə toxunacağım mövzu təhsil sisteminin zəifliyi nəticəsində bütün dünya üçün həyati əhəmiyyət daşıyan fəlsəfə sahəsinin ölkəmdə ağır böhran keçirməsi və lazimsızlaşması problemidir. Bu yazımla mən həyəcan təbili çalıram!

Nədir fəlsəfə? Az əvvəl yuxarıda da qeyd etdiyim kimi düşünməkdən yayınmaq insanı istənilən halda geri salır. İnsan başqa canlılardan fərqli olaraq şüurlu varlıqdır, deməli düşünməlidir və hətta düşünməyə məhkumdur, lakin bilə-bilə bundan yayınmaq insanı insana qarşı qoyur və insan bununla özünə yadlaşır. İnsanın öz təbiiliyinə yadlaşması isə cəmiyyətə yadlaşmasıdır. Yadlaşmış fərdin və ya şəxsiyyətin qarşısında olan hər şey itir və bütün dəyər və keyfiyyətlər məhv olur! Bir problem də var yadlaşma təkcə hər şeyi tam məhv etmir, o həmçinin yarımcıq da məhv etmə funksiyası daşıyır. Yəni aldadıcılıq xarakteri formalaşdırır. Bu isə insanda ya sırf maddiyyatın, ya da sırf mənəviyyatın üzərində məskən salmasına səbəb olur. İfratçılıq isə ekzistensional filosofların dediyi kimi çöküşdür! Bəli hal-hazırda biz çöküş halındayıq. Fəlsəfə isə düşünmək deməkdir, düşünüb problemləri tapmaq və həlli metodlarını ortaya qoymaqdır. Bizim kimi yadlaşmanın sürətli getdiyi cəmiyyətdə isə fəlsəfədən qaçmaq, onu rədd etmək bir növ öz-özü üçün qəbir qazmaq kimi bir şeydir. Təhsilimizin inkişafdan kənar qalması isə heç şübhəsiz buna gətirir. Fəlsəfi düşüncə nəticədə kölgədə qalır və yerini başqa istiqamətlərə verir. Əsas problemlərdən birini qeyd etmək burada yerinə düşər. Ölkənin onlarla ali təhsil ocaqları olduğu halda cəmi fəlsəfə ixtisası üzrə bir yer var ki, o da Bakı Dövlət Universitetindədir! Bütün bunlar bir yana bu ixtisasın məzunları belə çox az qismi istisna olmaqla öz sahələrinin dəyərini dərk etmirlər. Dərk edənlər və ya dərk etmiş kimi görünənlər isə özlüyündə bir problem də yaradırlar. Bu problem isə fəlsəfə tələbə və məzunlarının fəlsəfədən kənar insanlara “filosof”kimi qiymət verməsi və dəyərləndirmələridir. Məsələn ixtisası filoloq ya da geoloq olan bir nəfər çox gözəl danışdığı üçün lakin sözlərinin mahiyyətcə heç bir dərin mənası olmasına baxmayaraq dörd il oxuyub əziyyət çəkmiş fəlsəfə məzununun rəğbətini qazana bilir, daha doğrusu onları aldatmağa nail olur. Bu cür insanlar bunu necə edir? Təbii ki, elmin praktikası bizdə sıfır vəziyyətində olduğunu bilirik, təkcə ayaq üstə nəzəri tərəfi qalıb həmin insanlar fəlsəfədən kənar ixtisaslarını nəzəri bildiyi üçün biraz da fəlsəfi terminlərlə cümlələrini rəngləyir və rəngbərəng görüntü əldə edir. Bununla da fəlsəfə tələbə və məzunlarını ələ almağı bacarırlar. Təəssüflər olsun ki, geyim, danışıq tərzi ilə fərqlənən, lakin düşüncə və əməlləri kütleye xidmət edən bu cür marginal insanlar cəmiyyətimizdə " filosof" adını utanmadan üzərlərinə gətirir və yadlaşmağa doğru gedən cəmiyyətimizin gəncliyini çöküşün dibinə aparırlar. Bu cür insanlardan necə qorunmalı?

Əvvəla onu qeyd etməliyəm ki, bu cür insanlar əsasən orta yaşlı nəslin içindən çıxırlar və pafosa aşiqanə bağlıdırlar. Kimisi bazar iqtisadiyyatının dərinliklərindən, liberalizmin mahiyyətindən danışır, kimi dinin həqiqətindən, kimi də millətçiliyin tarixi köklərindən, turançılıqdan dəm vurur. Məhz belə olduqda o insanlarla ilk tanışlıq kimi yaradıcılıqlarına fikir verin. Həm də diqqətlə fikir verin! Onların çoxu sovet dövründə yaşayıblar və o dövrdə yazdıqları əsərlərlə indiki dövrdə ərsəyə getirdikləri əsərləri müqayisə edin əgər fikir və əqidə ziddiyyəti tapsanız bilin ki, onlar azad təfəkkürə yox mənfəətə xidmət edirlər. Hansı dövrdə nə papulyardısa ona qaçırlar, bir növ harda aş orda baş məsəli kimi. Bu cür insanlar heç vaxt filosof ola bilməzlər, onlara qulaq asmağa davam etsəz batarsınız. Yox əgər belə bir hal müşahidə etməsəniz o zaman ikinci bir xüsusiyyətə diqqət edin. Onların ixtisaslarını dəqiqləşdirin, əgər onlardan kimisi filoloq, kimisi ilahiyyatçı kimisi fizik və s ixtisas sahibidirsə o zaman öz ixtisaslarındakı uğurları öyrənin görün psixoloq Freyd kimi, ilahiyyatcı Hegel və b kimi özlərinə aid sahədə nə yenilik və ya uğur əldə ediblər, dünyaya, cəmiyyətimizə nə xeyirləri dəyib. Yox əgər elə də bir şey görməsəniz deməli həmin " filosoflar" sizinlə ancaq söz oyunu oynayır ( taftalogiya) ! Onların əsas məqsədi bu yolda ancaq birdir. Sizin qəlbinizdə, təfəkkürünüzdə kapitulyasiya əldə etmək və sizi azad düşüncədən kənarlaşdırmaq, görülməsi lazım olan işlərdən yayındırmaqdır. Bu yolda başda fəlsəfə məzun və tələbələri olmaq üzrə bütün gəncliyi ehtiyatlı olmağa və onlardan qorunmağa çağırıram.

 

Tural Metesoy
Kultura.az

Kultura.az | Developed by Samir Yahyazade