Rəşad Səfər: \"Velotrek\"də görüş (hekayə)

Публицистика

 

Etirafı ən çətin şeylər utanılacaq və gülünc olanlardır bəzən, cinayətlər deyil. Hətta bu utanılacaq şeylərin bilincsiz yaşanması da insanı etiraf qorxusundan xilas etmir. "Utanılacaq" qavramına xırda və ya böyük, bilincli, yaxud bilincsiz ədəbsizliklərdən (hər kəs hər kəsin həyatında dəfələrlə burnunu qurdaladığını bildiyi halda, kim rahatlıqla "tez-tez burnumu qurdalayıram" deyə etiraf edər?) tutmuş, zamanında haqlı və düzgün olduğunu düşündüyün, indi isə buna görə utanc duyduğun hərəkətlərə, fikirlərə qədər çox şey aiddir. Bu "zamanında haqlılıq" isə bəzən elə sərt yanılma olur ki, utancdan əlavə, bir günah kimi boynunda gəzdirməli olursan. Bu, bir hərəkət və ya sadəcə bir düşüncə də ola bilər. Necə ki bir vaxt ağlıma sahib düşüncə sonradan səssiz, heç kimə söyləyə bilmədiyim utancıma çevrildi...
İllər öncə iki əziz insanı eyni ildə itirdim. Birini yazda, birini payızda. Anam martda öldü, növruzdan dörd gün sonra. Dostumu isə oktyabrda itirdim. Yox, dostum ölmədi, amma o zaman əbədi sandığım bir gedişlə yoxa çıxdı. 
Uşaqlığımız birlikdə keçmişdi. Qonşu olmasaq da, yaxınlıqda yaşayırdıq. Adımız eyni idi. Yalnız soyadlarımız fərqlənirdi, o da hərflərin düzülüşünə görə. O, Fərəcov, mən Cəfərov. Sonra bir sinifdə oxuduq. Adımız qarışmasın deyə, müəllimlər bizi soyadımızla çağırırdı. Bu çağırış başqa uşaqların, elə özümüzün də dilimizə düşmüşdü. Bir-birimizi soyadımızla çağırırdıq, "partiya" işçiləri kimi. 
İkimiz də müəllimlərin sevimlisi, hamının haqqında danışdığı şagirdləriydik. Üzdə söyləməsək də, içimizdə həm də bir-birimizin rəqibi idik. Amma bu rəqabət, bu qısqanclıq balaca dostluğumuza kölgə salmazdı. Dərslərə birlikdə hazırlaşardıq, köməyimizi bir-birimizdən əsirgəməzdik. Boş vaxtlarımızı da birlikdə keçirər, birlikdə gəzər, oynayar, birlikdə əylənərdik. Məndən fərqli olaraq yaxşı musiqi duyumu vardı, yaxşı qarmon çalmağı da öyrənmişdi. Həftəsonları dostumgildə yığışardıq, dərslərimizi bitirdikdən sonra böyük zala keçər, orda dostum qarmonunu dizlərinin üstünə qoyub çalmağa başlayar, mən də əlimdən oynamaqdan başqa bir şey gəlmədiyinə görə, ortalığa düşüb oynayardım. İri bədənli, gümrah, gözləri işıl-işıl parıldayan anası isə enli əllərini bir-birinə çırpıb əl çalar, ritm tutar, qəhqəhəsi aləmi bürüyərdi. Gülərkən bu böyük bədəndən çıxan gurultulu qəhqəhə qarmonun səsini də batırardı və bu qəhqəhə zamanı adi vaxtlarda ağzının ətrafında xəfif qara kölgə kimi görünən dairə yoxa çıxar, önə çıxmış dümağ dişləri üzündəki başqa hər şeyin cazibəsini görünməz edərdi.
Uşaqlıq xəyallarımız, arzularımız getdikcə yerini yeniyetməlik xəyallarına verirdi. Bu xəyallar və arzuları daha içdən duyur, bir-birimizə daha aydın izah edə bilirdik. Uşaqlığın nağılvari arzularından fərqli olaraq indi daha aydın bir yol vardı önümüzdə: məktəbi bitirmək, universitetə girmək, iş, uğur. Ağlımızda tutduğumuz, özlərinin belə xəbəri olmayan sevgililərimizlə xəyali gəzintilər, evliliklər... Bunları əvvəlcə özlüyümüzdə düşünər, xəyalların planını qurar, sonra bir-birimizə söylərdik. Söylədikcə də plana əlavələr olurdu. Yeni arzular, yeni hədəflər dilimizdən sürüşüb söhbətimizin ortasına atılırdı.
Həmin ilin oktyabrına, təhsilimizin doqquzuncu ilinin ikinci ayına qədər dostluğumuz belə davam etdi. Amma həmin il sanki mütləq nələrisə pozub-dağıdacam, deyə and içərək gəlmişdi. Yazdakı ölümün kədərini bu hekayətə calaq etmək fikrim olmadığından, haqqında çox danışmıram., Hekayəyə kiçik bir yardımı dəydiyinə görə toxundum anamın ölümünə. 
Həmin ilin oktyabrında bir gün dostum məktəbə gəlmədi. Xəstələnib, deyə düşündüm. Amma adətini pozmuşdu, kimsəyə xəbər verməmişdi. Bir gün öncəki günü xatırladım. Bir az solğun idi. Kefsiz idi. Amma xəstə deyildi. Bütün dərs boyunca susmuşdu. Hiss olunurdu ki, gözlərini ixtiyarsız zillədiyi nöqtələrdən ayırmağa gücü çatmır. Təbii ki, heç nə anlamamışdıq bir gün öncə. Həmin gün dərsə gəlməyincə isə, başqaları da yəqin mənim kimi öncəki günü xatırlamış, özlərində bir səbəb axtarmışdılar. Bəlkə də, heç veclərinə də olmamışdı.
Məktəbdən sonra evlərinə getdim. Heç kim yox idi. Qonaq getdiklərini düşündüm. 
Sonrakı gün də gəlmədi. Bir sonrakı gün də. Ondan sonrakı gün də... Evdə dostumla bağlı nəsə söhbətlər eşidirdim, amma fərqində deyildim. Ya da anlamırdım, deyək. 
Növbəti həftənin ilk günü müəllimimiz sinfə girib, "Fərəcov daha dərsə gəlməyəcək", dedi. "Bakıya köçüblər", dedi. Sonra yenə nəsə dedi. Sonra kimsə nəsə əlavə elədi. Amma mən daha heç nə eşitmirdim. Lap az yaşımızdan bəri, demək olar, bir neçə gündən artıq heç vaxt ayrı qalmadığım dostum salamsız-sağolsuz çıxıb getmişdi və daha gəlməyəcəkdi. Anamdan nə fərqi vardı? İkisini də həmişəlik itirmişdim. Səbəbini isə bilmirdim. Heç o an bilmək də istəmirdim. Necə ki anamın da ölümünün səbəbini günlər sonra öyrəndim, ölərkən səbəbini nə söyləmişdilər, nə də mən soruşmuşdum. 
Amma istəməməklə deyil, bir neçə gün sonra dostumun gedişinin səbəbini öyrəndim. Nənəsi bir gün evə gələrkən gəlinini, yəni dostumun anasını, o qaraşın, nəhəng qadını məşuqu ilə bir yataqda tutmuşdu. Özü də günün günorta çağı (bunu xüsusi vurğulayırdılar, sanki əsas məsələ yataqda məşuqla tutulmaq deyil, məhz günün günorta çağı tutulmaq idi, gecə olsaydı, yenə başqa söhbət olardı). Məşuqu da qonşusu imiş. Nəysə ki, evin kişisi daha liberal çıxıb, öldürməyib arvadını. Bir neçə günlük dava-qırğından sonra anasını uşaqları ilə birlikdə qovublar evdən. Onlar da çıxıb gediblər Bakıya.
Bura qədəri sıradan bir məişət konfliktidir. Mənimlə bir əlaqəsi yoxdur. Mənim utanacağım bir şey də yoxdur.
Lakin günlər sonra, dost itkisinin qısamüddətli acısı keçib getdikdən sonra başqa duyğular baş qaldırdı. Dostumun fəlakətinə, gedişinə sevinməyə başladım. Sinifdə daha rəqibim qalmamışdı. Hər kəsin sevimlisi yalnız mən olacaqdım bundan sonra. Bu azmış kimi, evdə, qonşuda, məktəbdə danışılanlardan təsirlənib mən də ürəyimdə, ya da açıq-aşkar dostumu da, anasını da qınamağa başladım. Yaxşı ki, çıxıb gediblər, dedim, yaxşı ki daha belə bir dostum yoxdur, dedim, yaxşı ki, mənim anam yoxdur, heç vaxt keçmiş dostumun vəziyyətinə düşmərəm, dedim... yox, sonuncunu demədim, bunu arsızca düşündüm sadəcə. Sinifdə həmişə bir partada oturduğum dostumun əvəzinə indi yanıma sinfin ən gözəl qızı gəlmişdi, bununla da məndən asılı olmayan qələbəmin sevincini lap doya-doya yaşamağa başladım Bir il sonra artıq dostumu unutmuşdum. Nəinki söhbətimin, heç fikirlərimin də mövzusu deyildi...
İllər keçdi. Yaşıma nisbətdə xeyli müddət. On il təqribən. Artıq nəinki söhbətlərdə, fikirlərdə, heç yaddaşımda belə bir insan yox idi. 
On il sonrakı payızda, "20 yanvar"da, "Velotrek" deyilən yerdə mağazaların arası ilə yeriyirdim. Qarşıma tanış sima çıxdı. Xatırlamaq üçün zamana ehtiyacım vardı. Amma onun ehtiyacı yox imiş. Dərhal, "Cəfərov" dedi. Soyadımı çağırışı və səsi xatırlatdı mənə bu adamın kimliyini.
Gözləmədiyim rastlantı idi. Və insanın gözlənilməz rastlantı qarşısında necə dayanması lazımdırsa, elə də dayanmışdım: bir az duruxmuş, söyləyəcəyi ilk kəlməni tapmaqda çətinlik çəkən, başı azca önə əyilmiş, əllərini qoymağa yer tapmayan bir insanın duruşu. Amma əllərimin çarəsini tapmışdım; bir neçə saniyə sonra salamlaşarkən əlimin tərini hiss etməsin deyə əllərimi şalvarıma sürtməyə başladım (sol əlimi də o birinə dəstək olsun deyə sürtürdüm)...
Metronun yanındakı çayxanada oturduq. Söhbət etdik ötənlərdən. O özündən, mən özümdən. O oktyabr günündən sonra yaşadıqlarının özətini verdi. Gedişinin səbəbinə bir kəlmə də toxunmadan, sadəcə ondan sonrakıları anlatdı. Bakıya gəliblər. Anası, özü, qardaşı. Bir müddət satıcı işləyib mağazaların birində. Sonra zamanla özü də mağaza sahibi olub. İndi bir neçə mağazası var. Təbii ki, məktəb, oxumaq məsələsini bir kənara buraxıb. Əvəzində qardaşının oxumasına yardım edib. Söhbətinin hansısa yerində gözlərini qıyıb, səsində bir təəssüf, "Cəfərov, sən oxudun, istədiyini elədin, amma məndə alınmadı", dedi. Yəqin ki, bu cümlədən sonra da nələrdənsə danışdıq. Amma mən gerisini xatırlamıram. Sadəcə, o an duyduğum utancı xatırlayıram. Şiddətli üzr istəmək duyğusunu xatırlayıram. Gedişinə, fəlakətinə sevindiyimi söyləyib üzr istəmək, anasının günahsız olduğunu, bir ailə intriqasının qurbanı olduğunu illər öncə bildiyimi, hətta bunu bilərkən artıq yeniyetmə olmadığımı, amma yenə də utanmadığımı etiraf edib üzr istəmək istədiyimi xatırlayıram. Yox, üzr filan istəmədim. Utanılacaq şeyləri etiraf etmək cinayətləri etiraf etməkdən daha çətindir. 

 

Rəşad Səfər
Kultura.az

 

Kultura.az | Developed by Samir Yahyazade