Tural Hüseyn: Qlobal İdarəetmə Sistemləri və Dövlət Suverenliyi

Публицистика

 

Qlobalizasiya prossesinin dünyanı və beynəlxalq münasibətləri dəyişdiyinə heç bir şübhə yoxdur. Dünya hal-hazırda olduğu qədər heç vaxt bir-biri ilə qarşılıqlı əlaqədə olmayıb (həm iqtisadi, həm siyasi, həm mədəni, həm də xəbərləşmə baxımından). İndi, dövlətlər təbii fəlakətlərin qarşını almaqda, qlobal cinayətləri dayandırmaqda, yoluxucu xəstəliklərin yayılmasının önünə keçməkdə əvvəlkindən daha çox əməkdaşlıq içərisindədirlər. Qeyd etdiyim kimi qloballaşma prossesi zamanı dəyişən məfhumlardan biri də mədəniyyətdir, Dower və Williams iddia edir ki, “getdikcə daha da kosmopolitləşən dünyada insanlar özlərini hər hansı bir ölkənin vətəndaşı kimi yox, qlobal vətəndaş kimi görməyə başlayırlar, çünki harada ki, mədəniyyətlər bir-biri ilə qarışır, ora da daha yeni mədəniyyətlər yaranır”. Bütün bu prosseslər ölkələrin tarixi sərhədlərinin yıxılmağına və suverenliklərinin azalmağına səbəb olur.


Suveren dövlət heç bir xarici təsir olmadan öz –özünü idarə edən, ali siyasi gücün sahibi olmaq deməkdir. Ali siyasi gücün sahibi olmaq demək isə, müraciət və ya şikayət ediləcək ən sonuncu səlahiyyətli orqan olmaq mənasına gəlir. Yəni, suveren olan, heç bir sistem qarşısında cavabdehlik daşımır və onlardan asılı deyil. Keçmişdə dövlətlərin mütləq suverenlikləri var idi, ölkə daxilində olan prosseslərə heç bir beynəlxalq təşkilatın qarışması mümkün deyildi. Lakin “Yeni Dünyaya” baxdığımız zaman görürük ki, dövlətlərin qarşısında öhdəlik götürdükləri beynəlxalq qurumlar ölkənin daxilində olan qanunlara belə müdaxilə etməyə haqq qazanır. Məsələn,qurum dövlətin hər hansı bir qanununun insan haqqlarına zidd olduğu ilə bağlı bəyənat versə və dəyişdirilməyini tələb etsə, dövlət bu tələblərə uymadığı təqdirdə müxtəlif cəzalar qarşısında qalır (pul cəzası, iqtisadi embarqolar, siyasi izolyasiyalar və s.).


Artıq dövlətlər klassik anlamdakı suverenliklərini bu dərəcədə qoruya bilmirlər, Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq qurumlar sonuncu səlahiyyətli orqan vəzifəsini öz üzərinə götürür. Əlavə olaraq Avropa İnsan Haqqları Məhkəməsi, Beynəlxalq Cəza Məhkəməsi kimi beynəlxalq məhkəmə və tribunallar insan haqqları pozuntularının və müharibə cinayətlərinin (yəni bəraəti olmadan müharibə etmək, sivil insanları öldürmək, qula çevirmək, girov alınan insanları öldürmək, casusları məhkəmə qərarı olmadan cəzalandırmaq və ya öldürmək, hərbi xüsusiyyət daşımayan əraziləri bilərəkdən dağıtmaq) nəticə və yekunlarını müəyyən edir. 


Krasner qlobalizasiyanın dövlətin suverenliyini sarsıdaraq ölkə daxilindəki təhlükəsizliyə zərər verdiyi ilə bağlı olan fikirlər üçün əks arqument olaraq bildirir və deyir ki, “bu anlayış və düşüncə hədsiz dərəcədə qabardılıb və miyopikdir”. Çünki dövlət idarəetməsində olan problemlər daima var olub, buna görə də, bu problemlər qlobalizasiyanın yan məhsulu olaraq qəbul edilməməlidir. Dövlətlərin mütləq suverenlikləri olduğu zamanda buna düz mütənasib olan təhlükəsizliyinin var olduğu bir mifik keçmiş heç vaxt mövcud olmayıb. 
Əksinə, yenə Krasner iddia edir ki, “keçmişdə güclü dövlətlərin üzərində olan basqılarına görə zəif dövlətlər həm daxili, həm xarici siyasətini idarə etməkdə çətinlik çəkmişdir”


Bəzi akademik fikirlərə görə dövlət suverenliyinin sual altında olduğu doğrudur, lakin dövlətləri tamamilə suverenliklərindən imtina edib, beynəlxalq idarəetmə sistemlərinin hökmləri ilə idarə olunması fikri mübaliğədir. Lakin, başqa akademik fikilərə görə dövlətlərin qərar vermə mexanizmi artıq müdaxilə oluna biləcək haldadır, buna görə də suverenlik anlayışı getdikcə tarixə qarışır. Buna misal olaraq “Factortame” hadisəsini göstərmək olar. Britaniya parlamenti tarixdəki ən qədim parlamentlərdən olub, Krallığın ən yüksək dövlət idarəetmə instititudur. 1988-ci ildə su yolu ilə edilən ticarətlərə dair çıxan aktda (“Merchant Shipping Act”) bildirilir ki, xarici ölkə vətəndaşlarının balıqçıları Btitaniyanın su ərazisində balıq tutma ilə məşğul ola bilməzlər. Bu qanuna uyğun olaraq İspaniyanın “Factortame” şirkətininin Britaniyanın su ərazisi daxilində iş görməsinin qarşısını alınıb. Lakin, Avropa Birliyi hüquqları ilə Britaniyanın bu şirkətə tətbiq etdiyi qanun tamamilə bir-birinə ziddir. Tarixdə ilk dəfə Birləşmiş Krallığın parlamentinin çıxartdığı qanuna, yəni qərar vermə mexanizminə beynəlxalq bir təşkilat tərəfindən birbaşa müdaxilə olundu və bunun nəticəsində Britaniya “Factortame” şirkətinə yüz milyon funt sterlinqə yaxın kompensasiya ödəmək məcburiyyətində qaldı.


Keçən yüzillikdə baş verən dünya müharibələri, sülhlər, iqtisadi və ticari müqavilələr və eynilə bəzi dövlətlərə qoyulan embarqolar fərqli perspektivlərdən onu göstərir ki, dövlətlər artıq “Yeni Dünya”-ya ayaq uydurmalı və dövlət idarəetməsində həm xarici, həm də daxili təsirləri nəzərə almaq məcburiyyətindədir. Qlobal idarəetmə sistemlərinin gücünün artması da, bir çox dövlətlərin arasındakı sərhədlərin aradan qalxması da dövlətlərin artıq tam müstəqil şəkildə bütün xarici və daxili siyasəti idarəetmənin mümkünsüzlüyünə gətirib çıxarır. Çünki, qlobal siyasi təşkilatların bir-biri ilə, beynəlxalq və beynəlxalq olmayan şirkətlərlə, ayrı-ayrı ölkələrdəki hökümət və qeyri-hökümət təşkilatları ilə, insan haqqlarını müdafiə edən qurumlar ilə, dünyadakı böyük universitetlər ilə, kütləvi informasiya vasitələri ilə arasındakı əməkdaşlıqlar günü-gündən artdıqca dövlətlərin rolu və funksiyalarının da önəmli bir qismi kosmopolitləşməyə məcbur edilir. 


Dövlətlərin təkbaşına olduğu zaman gücünün azaldığına dair ən gözəl nümunələrdən biri 2008-ci ildə baş vermiş iqtisadi tənəzzüldür. Amerika Birləşmiş Ştatlarının bank sistemində kreditlərə görə başlamış olan böhran, daha sonra virus kimi bütün dünyaya yayıldı və iqtisadi böhrana çevrildi. Həqiqət budur ki, qlobal iqtisadi sistemin varlığı belə hadisələrin bütün dünyaya təsir etməsinə səbəb olur. Buna görə də, artıq dövlətlərin təkcə siyasi yox, həm də iqtisadi cəhətdən suverenlikləri tam olaraq yoxdur. Dövlətlər iqtisadi sabitlikləri üçün prinsiplərini dünya marketinə uyğun şəkildə qurmalıdır, çünki dövlətlərin iqtisadiyyatları əvvəlkindən daha çox və mürəkkəb şəkildə bir-biri ilə əlaqədədir, hətta bir-birindən asılıdır. 


Yuxarıda qeyd etdiyim kimi, açıq şəkildə görünür ki, qlobal idarəetmə sistemləri bir çox sahədə dövlətlərin suverenliyini azaldır, lakin bunu da qeyd etmək lazımdır ki, dövlətlərin suverenliklərinin tamamilə ortadan qalxması düşüncəsi mübaliğədir, bir çox dövlətin hal-hazırda da suverenliyi nisbi olaraq mövcuddur (təbii ki, bəzi dövlətlər digərlərinə nisbətdə daha çox suverendirlər). Buna baxmayaraq, qlobal idarəetmə sistemlərinin əhatə gücünün artmasını və beynəlxalq cəmiyyətlərin qarşılıqlı əlaqələrini göz ardı etmək olmaz. “Yeni Dünya”-dan uzaqlaşıb beynəlxalq təşkilatlarla əməkdaşlıq etməmək həm siyasi, həm də iqtisadi cəhətdən böhranlara səbəb olub, olur, olacaqdır.

 
Tural Hüseyn
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade