post-title

Şahanə Manafova: Çimnaz - Hekayə

Kəndin şərq üfüqlərindən günəş yavaş-yavaş qalxırdı. Bu fonda təpənin üstü ilə iki nöqtə irəliləyirdi. Biri böyük, biri balaca.

 
 
Çimnaz qardaşından nə az, nə çox, düz 3 yaş böyük idi. Qardaşının 7, onun 10 yaşı vardı. Qardaşı birinci sinifə gedirdi. Çimnaz da birinci sinifə gedirdi. Daha doğrusu bu gündən başlayaraq o da gedəcəkdi. Artıq 10 yaşı tamam və noyabrın sonu olmasına baxmayaraq, o ilk dəfəydi məktəb yolunu gedirdi. Bu vaxta qədər o yalnız evdə olmayan anasının tapşırıqlarını yerinə yetirərdi. Onlar qaçqın ailəsindəniydilər. Kəlbəcər alınarkən Çimnazın 2 yaşı vardı, qardaşı isə ümumiyyətlə doğulmamışdı. Bərdədə məskunlaşdıqdan sonra atası pul qazanmaq adı ilə Rusiyaya getmiş, o zamandan ondan xəbər-ətər olmamışdı. Anası Zeynəb hamilə olduğunu əri getdikdən sonra öyrənmişdi. Yarıac-yarıtox bir ildən sonra Zeynəb muzdla işləməyə başladı, yerli sakinlərin təsərrüfat işləriylə məşğul olar və zəhmətinin əvəzində az miqdarda pul, bəxti gətirdikdə isə əlavə yemək və köhnə paltar da alardı. Lap kiçik olanda Nicatı belinə bağlayıb işə elə gedərdi, böyüdükdən sonra isə onu Çimnaza tapşırardı. Çimnaz anası olmadığı müddətdə evləri yığışdırar, həyət-bacada işləyər, yemək bişirər, köhnə paltarlara yamaq vurardı. Evi, həyət-bacanı belə səliqəli saxlayan bir qızın pinti görkəmi anlaşılmaz təəssürat doğururdu. Paltarı natəmiz, sifəti kirdən qaralmış, dişləri sarı, saçları dağınıq olardı daima. Ümumiyyətlə, bu qızın nə zamansa əlinə daraq alması şübhə doğururdu. Üzündə donuq bir ifadə vardı. Heç bir insani hissin yer almadığı, yalnız instiktiv yaşayan canlıya məxsus bir ifadə. Son üç ayda, yəni qardaşı birinci sinifə getməyə başlayandan, o gələrkən çiynindən çantasını çıxaran kimi onu boşaldar və içində rəngli şəkilləri olan kitabı vərəqlərdi. Şəkillərdə ailə lövhələri, səliqəli evlərdə səliqəli geyimli valideynlər olardı. Məktəb şəkilləri də vardı.
 
Sinif otaqlarında səliqəli partalar, dibçəkli pəncərələr, lövhə, təbaşir, silgi təsvir olunurdu. Orda lövhəyə çıxan qızın saçında ağ bantı, ayaqlarında ağ corab və laklı tuflisi vardı. Bəzən Çimnaza elə gəlirdi ki, o da məktəbə getsə, belə səliqəli və təmiz görünəcək. Və nəhayət bir gecə anasına qardaşıyla məktəbə getmək istədiyini söylədi. Anası dilxor oldu, deyinməyə başladı: Min bir əziyyətlə Nicata qış paltarı üçün pul topladığı zamanda bir də qızının yükünü çəkməyə heç həvəsi yox idi. 
 
Nicatsa əksinə sevinmişdi, çünki onun yanında ondan iyrənməyən biri oturacaqdı. Kasıb görünüşünə görə kimsə onun yanında oturmaq istəmədiyindən, o ən arxa partada tək oturardı. Yanındakı partaya isə öndəki şagirdlər gödəkçə və pencəklərini yığardılar. Bir dəfə digərləri kimi ondan zəhləsi gedən qızlardan biri onu pencəyindən pul götürməkdə ittiham etmiş, bu barədə müəllimə xəbər vermişdi. Nicat isə müəllimin dəfələrlə qulaq çəkməsinə və sillələrinə baxmayaraq, heç bir reaksiya vermədi və sakitcə dərsin sonunadək küncdə tək ayağı üstdə dayandı. Sabahı gün Zeynəbi çağırıb pulu ona ödətmişdilər. Bütün bunları götür-qoy edərək Zeynəb əslində qızının oğluyla eyni sinifdə olmasının pis fikir olmadığı qərarına gəldi. “2-3 sinif bir yerdə oxuyarlar, Nicat böyüyəndən sonra yenə evdə oturar.” - düşündü.  “Sabah gedərsən” – dedi Çimnaza. Çimnazsa kobud səsilə “bəs nə geyinəcəm?” - soruşdu.  Zeynəb bir qədər düşündükdən sonra çoxdan ona bir ailənin xidmət əvəzi verdiyi və içində çoxlu köhnə pal-paltar olan düyünçəni açdı. Ordan bir qara və Çimnaza böyük olan yubka və qısaqol köynək çıxardı.
 
Yubkanın iki arxa kəmər yerini bir-birinə tikib içəri qatladı. Çimnaz paltarları geyindikdən sonra Zeynəb öz işindən razı qalmış şəkildə “bu köynəklə biraz soyuq olacaq, hələ bunları geyin sonra bir şey fikirləşərik” - dedi. 
 
Səhər tezdən bacı-qardaş dərsə yola düşdülər. Çimnaz anasının yayda xeyrə-şərə geyindiyi ayaqqabını geyinmişdi, ayaqqabı ona böyük idi. Amma barmaqlarıyla ayaqqabını ayaqlarına sıxaraq bunu büruzə verməməyə çalışırdı. Nəhayət məktəbə çatdılar. Nicat öndə gedirdi, sinif otağına çatdıqdan sonra Nicat dayandı, qapını ehtiyatla açıb içəri daxil oldu. Çimnaz gözlədiyinin əksinə səliqəsiz və tozlu sinif otağı ilə qarşılaşdı. Lövhə və partalar köhnəlmişdi. Amma qızlar ağ bantikdə və laklı tuflidə idilər və özlərindən xeyli böyük və çirkli məxluqu təəccüblü baxışlarla süzürdülər. Bu baxışlardan sıxılan Çimnaz “kaş bu sinif kimi bu qızlar da köhnə geyimli olaydı” düşünürdü. Çox keçmədən zəng səsi gəldi. Müəllimə sinifə daxil oldu. Uşaqları salamladı. Çimnaz da uşaqların ediyi hərəkəti təkrar edirdi. Hamı əyləşdikdən sonra müəllimə arxada oturmasına baxmayaraq, boyuna görə hər kəsdən fərqlənən Çimnazı gördü. 
 
"Deyəsən qonağımız var", - deyib Çimnaza müraciət etdi:
 
- Sən məktəbi görməyə gəlmisən?
 
- Yox oxumağa - deyə oturaq vəziyyətdə cavab verdi Çimnaz.
 
- müəllim sual verəndə ayağa qalxarlar. Yox deməzlər, “xeyr” deyərlər.  Adın nədir sənin? 
 
Çimnaz ayağa qalxıb dedi:
 
- Çimnaz
 
- Demək hərgün gələcəksən, hə?
 
- Hə 
 
- Hə yox, bəli deyərlər. Neçə yaşın var?
 
Çimnaz susurdu. Müəllim bir daha sualı təkrar etdi:
 
- Neçə yaşın var?
 
Nicat yerindən qalxıb:
 
- 10 yaşı var-dedi. 
 
- Sən niyə yerindən icazəsiz qalxırsan? Həm sən onun yaşını hardan bilirsən?
 
- Mənim bacımdır.
 
Müəllim bir qədər susub:
 
- Anana de ki, sabah sənədləri də gətirib gəlsin. Yalnız direktorun icazəsi olduqdan sonra onun adı jurnalda gedə bilər. Amma madam gəlib, birgünlük iştirak edə bilər.
 
Nicat əyləşdi.
 
Dərs öz axarında davam etdi. Müəllim ev tapşırıqlarını yoxlayıb qiymət yazdı. Yeni dərsi izah etdi, düzgün yazılış qaydalarını öyrətdi. Sonra uşaqları bir-bir lövhəyə çağırıb nümunələri yazdırdı. Ən axırda növbə Çimnaza çatdı. Çimnaz lövhəyə çıxdı. Pis vəziyyətdə idi, hətta indiyədək əlində təbaşir belə tutmamışdı. Necə yola verəcəyini düşünürdü. əlinə təbaşiri almışdı ki, qapı döyüldü. 
 
Müəllim gəlin dedi.
 
İçəri kök, eynəkli bir qadın daxil oldu. Məktəbin direktoru idi. Hərkəs ayağa qalxdı. Çimnaz xeyli yüngüllük hiss etdi. Axır ki, biraz vaxt qazanıb lövhədəki hərfi necə yazacağını fikirləşəcəkdi. 
 
Direktor salam verdikdən sonra dedi:
 
- Dərsinizi böldüm. Dünən mənə valideynlərdən yenə şikayət gəlib, uşaqlar evə getdikdən sonra başlarını şiddətlə qaşımağa başlayıblar və özlərini narahat aparırlar. Aydındır ki məktəbdə bit yayılıb. Bir dəfə yoxladım adlarını çəkmədim ki, utanarlar. Xeyri olmadı, bu dəfə kimdə ki bit var, dərsdən qovacam, bitini təmizlədikdən sonra gələr dərsə.
 
Beləcə direktor sıraları gəzməyə qızların qulaqlarının ətrafını və ənsələrini yoxlamağa başladı. Çimnaz isə lövhənin küncündə özü üçün nümunədəki hərfləri yazır, direktor getdikdən sonra böyük hərflə yazmaq üçün məşq edirdi. Hər sonra yazdığı əvvəl yazdığından daha uğurlu alındığı üçün sevinirdi. İlahi, o hətta öz adını belə yaza biləcəkdi. 
 
Direktor sıranı bitirdikdən sonra “bu sinifdə yoxdur” deyib döndü. Və lövhənin qabağında arxasını ona çevirib yazı yazan Çimnazı gördü. Onun üst-başını gözüylə süzdükdən sonra “bu başda bit olmaya bilməz” düşünərək, öz ovuna yaxınlaşarcasına yanaşdı Çimnaza. Əlindəki uzun çubuqla (adətən bu çubuqla nadinclik edən oğlanları döyərdi) Çimnazın çiyninə toxundu. Çimnaz diksinib çevrildi. 
 
- Sən, başını bura gətir. 
 
Çimnaz ehtiyatla direktora yaxınlaşdı. Başını ona tərəf əydi, direktor Çimnazın pırtlaşıq saçlarını çətinliklə də olsa aralayıb baxdı.
 
- Mm, aydındır - dedi.
 
Sonra qəfildən səsini yüksəldərək: "Otağı tərk et!" - deyə qışqırdı. Çimnaz gözləri bərələ-bərələ direktora baxırdı və heç nə anlamırdı. 
 
- Sənə dedim ki, otağı dərhal tərk et. Sənin kimilərə görə hərgün mənə şikayət gəlir.
 
Çimnaz sükut çökmüş sinifə baxdı. Hərkəs ona nifrətlə baxırdı, bir Nicatdan başqa. Nicatın gözləri dolmuşdu. Çimnaz ilk dəfə idi bunu görürdü. Odur ki, naməlum günah hissindən özü də sinifi tərk etmək, hərşeyin bitməsini istəyirdi. Ürəyində qəfil həmin an evdə olmaq və öz işləriylə məşğul olmaq hissi baş qaldırdı. Və bu sinifi tərk edib, bir daha bura qayıtmamaq istədi. Artıq nə adını yazmaq, nə hesabı bilmək istəyi, sevgisi yox idi içində. Elə bunları fikirləşirdi ki, direktor çubuqla başina vurdu. 
 
- Get demirəm sənə?!
 
Çimnaz çiyinlərini qısaraq, ayaqqabılarını barmaqlarına sıxmağı unudub, şapıldadaraq sinifi tərk etdi. 
 
Direktor arxasınca: "Gəl çantanı da götür", - dedi kinayəylə.
 
"Qardaşı aparar" - müəllimə dilləndi. 
 
"Onun çantası yoxdur"- dedi Nicat, boğularaq.
 
Çimnaz bir daha məktəbə gəlmədi.
 
Şahanə Manafova
 
Kultura.az
Yuxarı