Abdulla Şaiq: Molla Nəsrəddin ( Xatirələrim)

Публицистика

 

“Molla Nəsrəddin” məcmuəsinin çox ardıcıl ədəbi, ictimai-siyasi istiqaməti var idi. Mətbuatımız tarixində çox mühüm yer tutan, ictimai-siyasi həyatımızın, ədəbiyyatımızın inkişafında böyük əhəmiyyəti olan bu məcmuənin ilk nömrəsindən aldığım təsiri heç bir qəzet və jurnaldan almamışam...

Bazar günü idi. Şəhər bağçasında oturub yoldaşlarımla danışırdım. Birdən-birə satıcı uşaqların hərəsinin əlində bir neçə məcmuə “Molla Nəsrəddin” - deyə çığırdıqlarını eşitdim. Məcmuənin ilk səhifələrində, əsrlədən bəri şirin lətifələri ilə xalq içərisində məşhur olan Molla Nəsrəddin mahir bir rəssam fırçasından çıxmış şəkildə verilmişdi. Məcmuəni alıcılar bir-birinin əlindən qapırdılar. Mən də aldım. Orijinal karikaturaları, məzhəkəli və mənalı tənqidləri məndə başqa hal və sevinc oyatdı. Məcmuənin ictimai və siyasi əhəmiyyətini anlayan gənclər o gün çox nəşəli və şən görünürdülər.

Məcmuə Mirzə Cəlil Məmmədquluzadə tərəfindən nəşr edilirdi. Birinci gündən başlayaraq yüzlərlə azərbaycanlılardan biri tək mən də bu məcmuənin oxucusu oldum. Demək olar ki, onun bütün nömrələrini aldıqdan sonra, səfərdən qayıdan, atasının yolunu gözləyən bir uşaq kimi o biri nömrəni gözləyir, günləri sayırdım. Mən tək deyildim, çoxları belə idi.

Ictimai nöqsanlarımızı açıq və aydın şəkildə, böyük cəsrətlə tənqidə tutan bu mübariz məcmuə gündən-günə gözümüzdə böyüyür, məcaralarla dolu şirin bir dastan kimi oxunur, dillərdə gəzirdi. Xalqın gözünü bağlayan və tərəqqimizə mane olan din nümayəndələri, yerli istismarçılar, çar məmurları, bəy və xanlar, İran və Türkiyə mürtəceləri, maymaq ziyalılar məcmuədə kəskin boyalarla tənqid edilir, bu yolla köhnə adət-ənənələrin aradan qalxmasına, xalqın oyanmasına səbəb olurdu. Odur ki, məcmuənin hər nömrəsini oxuduqda qəlbim böyük iftixar hissi ilə döyünür və ona xalqımızın mövhumat, gerilik və xurafatdan qurtarmaq istəyən bir xilaskar kimi baxırdım.

Əngin, dərin bir dənizə, ucsuz-bucaqsız fəzaya və yaxud gözəl üslub ilə tikilmiş möhtəşəm bir binaya baxdığımız zaman o ənginlik, genişlik, əzəmət bizdə ülvi, nəcib hisslər oyadır. Bəzən isə bunun əksinə olaraq zərərli bir həşərata təsadüf etdikdə, həyatda heç bir faydası olmayan cansız bir varlıqla qarşılaşdıqda bizdə dərin nifrət hissi oyanır. Biz həyatda bəzən dəniz kimi əngin, fəza kimi geniş təbiətli, möhkəm iradəli, dərin düşüncəli və istedadlı insanlara təsadüf edirik, bəzən də həşərat kimi həyatda heç bir əhəmiyyəti olmayan dar fikirli, dar təbiətli insanlarla üz-üzə gəlirik. “Molla Nəsrəddin” məcmuəsinin redaktoru Cəlil Məmmədquluzadəni də mən məhz belə böyük, qüdrətli bir insan kimi tanımışdım. Hələ gənc ikən o məndə ülvi hisslər, yeni fikirlər oyatmışdı. Odur ki, onun sözünə bəslədiyim hörmət, məndə satiraya da dərin rəğbət oyatmışdı... Bundan sonra mən də satira sahəsində qələmimi sınamağa başladım. C. Məmmədquluzadə yalnız Azərbaycanda deyil, bütün Şərq aləmində özünü sevdirən böyük ədəbi sima idi.

Satirik şeir ya felyeton yazmağa istedadım olmadığına baxmayaraq, “Molla Nəsrəddin”-ə “Keçəl” və başqa imzalarla üç-dörd kiçik felyeton yazıb göndərmişdim. “Keçəl” sərlövhəli felyetonumun çap olunmağı xatırımdadır.

“Molla Nəsrəddin” məcmuəsi mənim yazılarıma da bəzən öz münasibətini bildirirdi. Məsələn, mətbuatda çap olunmuş “Nişanlı qız” adlı bir şeirimi məcmuə öz üslubuna məxsus yol ilə təhlil etmişdir. Şeirdə qaranlıq gecədə dizlərini qucaqlayıb ağlaya-ağlaya barmağındakı nişan üzüyünü oynadan və ata-anasının onu sevmədiyi qoca bir varlıya verdiyindən şikayətlənən bir qızın acı taleyindən bəhs edilirdi. Həmin şeir haqqında Mirzə Cəlil məcmuədə yazmışdır: Şair, bu qız onun üçün ağlamır ki, onu qoca varlıya verirlər. Onun üçün ağlayır ki, niyə onun atası Fridrix, anası Mariya olmadı ki, onu qoca kişiyə ərə verəndə razı olmayıb danışmağa dili və haqqı olaydı. Ancaq bir şey var ki, o nişanlı qızın atası Fridrix, anası Mariya olsaydı, o qız da onlar ilə bərabər cəhənnəmə gedəcək idi... Mənə qalsa başı çarşablı tükəzbanlar ilə məşədilər, kəbleyilər ilə behiştə getməkdənsə, Fridrix və Mariyalar ilə cəhənnəmə getmək daha yaxşıdır”.

Mirzə Cəlil çox mürəkkəb bir tarixi şəraitdə fəaliyyət göstərir və Şərq həyatının yaralı, xəstə cəhətlərini cəsarətlə öz felyetonlarında açıb göstərə bilirdi. Məcmuənin təsir qüvvəsi çox geniş idi. Hər bir felyeton, karikatura müxtəlif sinif və zümrələrə çox tez təsir edir, əhali arasında müzakirə və mübahisələrə səbəb olurdu. Belə hallarda Mirzə Cəlilin özü də ziyan çəkmirdi. Məsələn, məcmuənin ilk nömrəsinin əfkari-ümumiyyədə qopardığı fırtınanı mən indi də yaddan çıxarmamışam. Səs-küyə səbəb olan iki məsələni də xatırlayıram. Bunlardan biri Şərq qadınlarınn açıq gəzməsini təbliğ edən, çarşaba qarşı çevrilmiş bir felyeton, digəri isə Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin həmən məcmuədə çap olunmuş rəsmi idi. Felyetonda Mirzə Cəlil açıqdan-açığa qadın məhkumluğunun əleyhinə çıxır, medallarla general formasında çəkilmiş Hacının şəklində isə Bakı milyonçusunu xalqı çarizmə satan bir sərvətdar kimi təndiq edirdi.

Bu iki məsələ o zaman mürtəcelər içərisində böyük çaxnaşmaya səbəb olmuşdu. Yenilik düşmənləri Mirzə Cəlilin arxasınca söyür, onu öldürməklə hədələyir və çirkin məzmunlu məktublar yazıb göndərirdilər. O cümlədən Dərbənd şairlərindən Mirzə Səməndər bir həcv yazıb C. Məmmədquluzadəyə göndərmiş və həmim həcvin başqa nüsxələrini isə Bakı köhnəpərəstləri arasında yaymışdı. Onlar həmin həcvi məclislərdə, qumarxana və kazinolarda oxuyur, bu yolla Mirzə Cəlili hörmətdən salmağa çalışırdılar.

Mirzə Cəlil siyasi, kəsərli feletonları ilə sərvətdarların, çar məmurlarının, köhnəpərəstlərin nüfuzunu qırmağa, ümumi ictimai məsələləri zəhmətkeşlərin və qabaqcıl ziyalıların mənafeyinə həll etməyə, onlarda təşəbbüs, iradə və fəaliyyət doğurmağa çalışırdı.

“Füyuzat” məcmuəsi də öz səhifələrində nəşr etdiyi şeir və məqalələrdə “Hürriyyəti” müdafiə edirdi. “Molla Nəsrəddin” məcmuəsi də. Ancaq bu hara, o hara.

Fars şairi yaxşı deyir:

Şəkkəri-Mazəndəranü şəkkəri-Hindustan,
Hər do şirinənd, əmma in koca vo on koca.

Yəni: Mazandaran şəkəri və Hindistan şəkəri,
Hər ikisi şirindir, ancaq bu hara, o hara.

“Füyuzat” da hürriyət məsələləri sərvətdrların, varlıların mənafeyinə uyğun olaraq izah olunurdu. “Molla Nəsrəddin” məcmuəsində isə bu məsələnin həlli demokratik istiqamətdə idi.

Mirzə Cəlil 20-ci əsrin çox böyük ədəbi simasi idi. O, Mirzə Fətəli Axundov məktəbini davam etdirən yazıçılarımızın içində dan ulduzu kimi parlamış, nüfuzedici şəfəqlərlə yaxın və uzaq ölkələri işıqlandırmışdı.

Doğrudur, böyük ədib bir çox qabaqcıl müasirləri kimi hələ o zaman inqilab qığılcımının fəhlə hərəkatı və tətillərinin zaman-zaman böyüyüb şölə şəklini alaraq çar hökümətini kökündən devirəcəyini və yerində proletar hakimiyyəti quracağını bilmirdi. Onlar ancaq fəhlələrin zəhmət haqqının artmasına, həyatının yaxşılaşmasına, səkkiz saatlıq iş gününə keçilməsinə, kəndlilərin mülkədar zülmündən xilas olmasına çalışır, xalqı əsarət pəncəsində əzən Nikolayı, Məmmədəli şahı, bəyləri, xanları, varlıları, mollaları ifşa edirdilər. Məcmuədə “Füyuzat” məcmuəsi, xüsusən onun dili kəskin tənqid olunurdu.

C. Məmmədquluzadənin və “Molla Nəsrəddin” məcmuəsinin yerli istismarçılara, çar məmurlarına, köhnəpərəstlərə qarşı, İran və Türkiyə hökmdarlarına qarşı, Şərq ətalətinə, dinə və mövhumata qarşı apardığı mübarizə Azərbaycan zəhmətkeşlərinin öz istiqlaliyyətləri uğrunda mübarizə etmək üçün ayağa qalxmalarına çox böyük fayda göstərmişdi.

Kultura.az | Developed by Samir Yahyazade