Özünə qənim kəsilənlər

Публицистика

 
 
Məlumata görə, restorana borclu qalan toy sahibinin qayınanası girov götürülüb. Verilən məlumata görə, toy sahibinin restorana 1000 manata yaxın borcu olub.
 
Borcu ödəyə bilmədiyindən restoran rəhbərliyi onun qayınanasını bir günlük girov saxlayıb. Avqustun 23-ü pul ödəndikdən sonra girov buraxılıb... (avrasiya.net).
 
Öncəliklə bunu yazmalıyam: mənə sünnət toyunun mahiyyəti ümumiyyətlə çatmır. Dünyanın başqa harasında camaat cinsiyyət orqanına toy edir?! Bir ovuc adam illərdir sənin başında qoz sındırsın (qozu məxsusi yazıram - niyəsini anlayan anlamışdır), sənə toy tutsun, sən də heç nə olmamış kimi, başını aşağı sal, dinməz, söyləməz yaşa, hələ üstəlik, cinsiyyət orqanına da toy elə. Belə də iş olar?!
 
İkincisi: sünnət toylarında adətən ilk söz bu olur ki, “bu gün dünyada bir nəfər də müsəlman da artır”. Sonra da hamı bu münasibətlə araq dolu badə toqquşdurur. Vallah komediyadır. Həm də tragikomediya. O nə pəhrizdir, bu nə turşu? Müsəlman hara, araq hara?! Hansında səmimisiniz - dünyada bir müsəlmanın da artdığını deyəndə, yoxsa şərab küpünə girəndə?!
 
İndi isə gələk girovluq məsələsinə. Ilk dəfə deyil bu haqda oxuyuruq. Üstəlik, söhbət ancaq sünnət toyundan da getmir. Şadlıq evinə borclu qaldığına görə hətta bəy-gəlinin də restoranda girov saxlanıldığı barədə çox eşitmişik. Adam deməyə söz tapmır. Görünüb ki, toy şənlik, fərəh hadisəsi olar. Bizdə isə toy başdan-ayağa dərddir, azardır, əzabdır, işgəncədir. Məsələn, toy sahibi neçə gün əvvəldən içini-içalatını yeyir ki, birdən dəvətlilərin çoxu gəlməz, restoranda boş masa çox qalar, gələnlər az nəmər düşər, işin altından qalxa bilməz. Bəy-gəlin toyudursa, hələ bunun cehizi var, toya mütləq bir nəfər bərkgedən müğənni gətirməlisən, gəlin maşını mütləq “Hammer” olmalıdır, ya da “Limuzin” və s. və i. Toya dəvət olunan da qarınağrısına düşür ki, nəmər pulunu hardan tapsın.
 
Hələ şadlıq evlərinin gic menyülərini, diringi musiqilərini, üstəlik, o diringi musiqilər üstündə yabalaşmaları, dəhrələşmələri, bıçaqlaşmaları demirəm. Geniş təsvirə ehtiyac yoxdur. Vəziyyət hamımıza aydındır. Hər şey hamımızın gözü qarşısında baş verir. Onsuz da hamımız bu məsxərənin, tragikomediyanın zorən, ya da könüllü iştiakçılarıyıq.
 
Uzun sözün qısası, azərbaycanlılar fərəh, hüzur, sevinc, şadlıq hadisəsi olan toyu da mənasız mental ənənələr, yersiz “qonşundan qalma dala” prinsipi ilə özləri üçün zəhərə, zəqqutuna çeviriblər. 
 
Axı nə ehtiyac var buna? Onsuz da həyatımız çətinliklərlə doludur. Bizə insanca yaşamağı, sevinməyi, şadlanmağı haram ediblər. Bir də özümüz özümüzə niyə çətinlik, başağrısı yaradırıq? Hamılıqla zalım idarəetmənin, Şər rejiminin girovuyuq onsuz da, bir də hansısa düşük səbəblərlə özümüzü şadlıq evlərində niyə girova çeviririk axı? Məcburuqmu cinsiyyət orqanına toy etməyə? Iki sevən qəlbi birləşdirmək üçün illah ki, gücümüz çatmayan, imkanlarımızın yetmədiyi dəbdəbə, təmtəraqmı olmalıdır? “Başqaları nə deyər?!” kimi axmaq “arqument”in ətəyindən tutub bahalı cehizlər almaqdan ötrü özümüzü kredit bataqlığına salmağa məcburuqmu? Məcburuqmu hansısa “tanınmış” bozbaş müğənnisinə bir ətək pul verib özümüzü borc girdabına salmağa?! 
 
Yaptokratiya bir tərəfdən ömrümüzə qənim kəsilib. Niyə icazə veririk ki, adını “milli-mənəvi dəyər” qoyduğumuz dəyərsizliklər də o biri tərəfdən qəsdimizə dursun? Heç olmasa, hansısa oliqarxın şadlıq evinə girov düşməyə bilərik də! Heç olmasa, özümüzü geydirmə səbəblərlə hansısa oliqarxın bankının əsirinə çevirməyə bilərik də! Bu ki, öz əlimizdədir! Bəs bunu niyə bacarmırıq axı? Niyə özümüzə bu qədər yağıyıq? Nə üçündür özümüzün özümüzə bunca qəsdimiz?! 
 
Ona görəmi ki, elimizin mənasız, aqrar, arxaik adət-ənənələri yaşasın, ya da kimsə desin, bəhmənkəsin toyunda filan “bozbaş” oxudu?!
 
Ayıbdır e, vallah. Biabırçılıqdır, rüsvayçılıqdır. Hərdən başını qaldırıb dünyaya da baxmaq lazımdır ki,  el-aləm nə ilə məşğuldur, biz nə ilə!
 
Elnur Astanbəyli
 
Azadliq.info
Kultura.az | Developed by Samir Yahyazade