post-title

İçimdəki qorxu

Deməli, Rusiyada xarici ərzağa qadağalarla bağlı yerli hakimiyyət avqustun 18-də hətta “qaynar xətt” açıb. Adamlar bu xətlə zəng edərək xarici ərzaq yeyən qonşularından xəbərçilik etməlidirlər. Xətt açılandan az sonra Vladivostokdan Nikolay adlı bir vətəndaş zəng edib və xəbər verib ki, qonşuları Polşa toyuğu yeyib üstündən holland siqareti çəkirlər.

 
İl 2015. Və siz Gertsenin, Belinskinin, Radişşevin, Çernışevskinin vətəninin halına baxın. Sadəcə, dəhşətdir! 
 
Elə özümüz də ruslardan abırlı gündə deyilik. Dünən yayılan bir xəbərdə deyilirdi ki, Azərbaycandan Suriyaya döyüşməyə gedən 38 yaşlı, Ağdam rayonundan məcburi köçkün olan Valeh Axundov uzun müddətdir Bakıda yaşayırmış. Nanə adlı xanımdan bir qızı və oğlu olub. Radikal dini cərəyan üzvlərinə qoşulduqdan bir müddət sonra - ötən ilin sonlarında özü ilə həyat yoldaşını və uşaqlarını da götürərək Suriyaya döyüşməyə gedib. Bu yaxınlarda Valehin qızı gizlicə Bakıdakı qohumlarına zəng vuraraq atasının gözləri önündə öldürüldüyünü bildirib. Qız atasının başını İŞİD-çilərin kəsdiyini deyib, bildirib ki, onun özünü varlı kişiyə satıblar, anasını isə atasının silah yoldaşına ərə veriblər. Kiçik qardaşına gəlincə, o, İŞİD-in təlim meydançasında saxlanılır.
 
Düşdüyümüz hala, gəldiyimiz nöqtəyə baxın! Görün, Ömər Faiqin, Mirzə Cəlilin, Sabirin, Haqverdiyevin, Üzeyir bəyin yurddaşlarının səsi haradan gəlir? Görün, 21-ci əsrdə Azərbaycan insanı hansı təfəkkürlə yaşayır, özünə, övladlarına hansı aqibəti rəva görür? Görün, öz ölkələri cəhənnəmə çevrilərkən veclərinə olmayanlar, tükü tərpənməyənlər nə işlə məşğuldurlar - ərəb çöllərində cənnət axtarmaqla!
 
Bəli, vəziyyət dözülməz həddədir, dəhşətlidir, faciəvidir. Qoruq müdirinin təhsil naziri qoyulduğu ölkənin vətəndaşlarından başqa nə gözləyəsən?! Allah qoymasa, guya Nobel mükafatına layiq hesab edilən aliminin aşuranı “millətin oyanışına təkan verə biləcək hadisə” adlandırdığı, Elmlər Akademiyası işçisinin mələyin uçma sürətini hesabladığı ölkənin orta statistik insanından nə umasan, nə küsəsən?!
 
Bu yaxınlarda bir neçə tanış-bilişlə çayxanada oturmuşduq, qonşu masada 20-25 yaşlı cavanlar əyləşmişdi. Istər-istəməz qulaq müsafiri oldum, söhbətin mövzusu din idi. Bir nəfər inadla digərlərini inandırırdı ki, Azərbaycandan o dünyaya gedib cənnətə düşmək çətindir, nəinki Iraqdan, Suriyadan. Guya Iraqda, Suriyada ölüb birbaşa, heç bir sorğu-sualsız cənnətə düşürsən. Tüklərim biz-biz oldu. Bizi elmsiz, bilgisiz, təhsilsiz qoyanları, ölkəni bilərəkdən, məqsədli şəkildə cəhalətə sürükləyənləri (nə var, nə var, cahil topluma hökm etmək asandır, nə var, nə var, cahil toplum tabe olmağı, sorğu-sualsız itaət etməyi sevir!) ürəyimdə dönə-dönə yad etdim. Ustad Nazim Hikmət demişkən, bəylər, bu vətənə necə qıyırsınız! Hakimiyyətinizi əbədi, toxunulmaz etmək üçün bu ölkədə kitabdan, bilgidən, elmdən, təhsildən, mədəniyyətdən uzaq, içində İŞİD, “Hizbullah”, cihad heyranlığı bəsləyən, bəşəri ideallardan, modern dəyərlərdən, çağdaşlıqdan uzaq bir gənclik yetişməsinə “yaşıl işıq” yandırmağa nə haqqınız var! Ən azı buna görə sizi əsla və əsla bağışlamaq, əfv etmək mümkün deyil.
 
Bütün bunlardan sonra hələ üstəlik, Nadir Qafarzadənin Bakının hansısa qəsəbəsindəki mədəniyyət klubuna direktor təyin edilməsinə qıcıq olanlar da var. Adamdan soruşmazlarmı, niyə və hansı haqla? Ayaqyoluna “mədəniyyət evi” deyən biz deyilikmi, indi durub hansı üzlə bir “bozbaş” müğənninin mədəniyyət evinə direktor təyin olunmasına ağız əyirik, dodaq büzürük?! O Nadir Qafarzadə deyilmi, kitaba, qəzet-jurnala qəpik-quruş xərcləməyi rəva bilmədiyiniz halda toylarınıza çağırıb başından şabaş yağdırdığınız, selfie çəkdirmək üçün növbəsinə dayandığınız?! Toylarda dayanmadan, “Maral, maral” oxudurlar, “Maral, maral”a qol götürərək süzürlər, amma Nadir Qafarzadə mədəniyyət evinə direktor təyin olunanda xətirlərinə dəyir. Guya bunlara ta nətəri mədəniyyət-zad lazımdır də! Mənə qalsa, Nadiri birbaşa mədəniyyət naziri qoymaq lazımdır, necə deyərlər, “elə başa belə daraq”.
 
...Sizi bilmirəm, amma məni övladlarımın belə bir ölkədə böyüməsi hər keçən gün daha çox qorxudur.
 
Elnur Astanbəyli
 
Azadliq.info
Yuxarı