post-title

Rasim Qaraca: Nəticələrin doğurduğu nəticələr

Nəticənin doğurduğu nəticələr də var: yazarlar xaricdə nəşr olunduqca ədəbi proses canlanır, yaradıcılıq üçün rəqabət mühiti yaranır, yazılan əsərlərin səviyyəsi artır. Digər tərəfdən, Azərbaycan gerçəklərini dünyaya tanıtmaq açısından da ədəbiyyatın rolu əvəzedilməzdir. Yalandan hərəkət havası yaradıb yerində saymaq isə heç yaxşı hal deyil...

 
Bir neçə gün əvvəl, Şotlandiya Tərcümə Fondu fəaliyyətə başladı. Fondun məqsədi Şotlandiyalı yazarların əsərlərini çap edən xarici naşirləri dəstəkləməkdir. Müasir yazarları seçən nəşriyyatlara üstünlük veriləcəyi qabaqcadan bildirilir...Həmin bu Şotlandiya Fonduna bənzəyən tərcümə proqramları bütün müstəqil Avropa ölkələrində vardır. Dolayısıyla, tərcümə proqramının yaradılması, bir mənada, Şotlandiyanın müstəqilliyinin ifadəsidir.
Bu cür tərcümə proqramlarının əsas məqsədi ölkənin öz milli ədəbiyyatının xaricdə tanıdılmasından, beləliklə mədəniyyətlərarası dialoqa nail olmaqdan ibarətdir. Misal olaraq Türkiyədəki  TEDA  projesini,  Almaniyadakı Goethe İnstitutunu, İsveçrədədəki Pro Helvetia, Yaponiyadakı Japan Foundation təşkilatını göstərmək olar. Bu proqramlar bütün mədəni ölkələrdə vardır. Hətta bir sıra inkişaf etməkdə olan ölkələrdə: Sinqapurda, Cənubi Afrika Respublikasında, Cənubi Koreyada, Braziliyada, Argentinadavə s. ölkələrdə də vardır.
 
3 il əvvəl qonşu Gürcüstanda, Mədəniyyət Nazirliyinin yanında oxşar bir fond yaradıldı. Georgian Book Centre hər il xarici naşirlər üçün 250 000 avroluq büdcə ayırır. Məqsəd xarici ölkələrdə gürcü müəlliflərin kitablarının nəşrinə dəstək olmaqdır. Kasıb Gürcüstan respublikası -filan ritorikasına qapılmadan deyə bilərəm ki, zahirən adi görünən bu hadisə hər hansı bir xalq üçün milli varlıq məsələsidir və Gürcüstan Mədəniyyət Nazirliyi bir neçə il hazırlıqdan sonra bu məsələnin öhdəsindən gəlib. Layihənin rəhbəri və icraçısı – Medea Metreveli və İrine Chogoşvili adlı gənc xanımlardır, - gənc olmalarını ayrıca yazmağımın səbəbi var, - bütün mədəni ölkələrdə olduğu kimi, Gürcüstanda da gənclərə etimad var.
 
Gəl-gələlim bizim respublikamıza. Bizimkilər hardansa eşidiblər həmin bu tərcümə proqramları haqqında. Hətta eşitdiyimə görə Türkiyədəki TEDA projesinin iş prinsiplərini öyrənməkdən ötrü buradan nümayəndə heyəti də göndərilib. Amma nədənsə nəticəsi olmayıb. Əvəzində Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Tərcümə Mərkəzi yaradılıb. TM-nin məqsədi rəsmi sənədlərdə belə ifadə olunur: “Mərkəz tərcümə olunan materiallarda Azərbaycan dilinin düzgün işlədilməsi ilə bağlı ölkədaxili və beynəlxalq müstəvidə ictimai-siyasi, elmi-texniki, ədəbi-mədəni mübadilələrin və əlaqələrin dil və tərcümə baxımından tənzimlənməsi, ölkə üzrə tərcümə prosesinin elmi, texniki, tibb, hüquq və digər sahələrdə təşkili və təkmilləşdirilməsi işinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır.”
 
Sonuncu cümlə olduğundan daha çox şey ifadə edir: “nəzarəti həyata keçirən icra orqanı” – insanın canından üşütmə keçir bunları oxuyanda. Hansı qafanın məhsuludur, bilmirəm, ancaq əminəm, TM-ni bu şəkildə formalaşdıran insan(lar)ın canından 1937 qorxusu hələ çıxmayıb. Bu cür mətnlərə diktaturanın hakim olduğu ölkələrdə rast gəlmək olar.
 
TM-nin məramını ifadə edən yuxarıdakı cümləyə diqqətlə fikir versəniz cəfəngiyyatdan başqa bir şey deyildir: “dilinin düzgün işlədilməsi ilə bağlı” nəzarəti həyata keçirən bu icra hakimiyyəti orqanı elə öz məramnaməsini ifadə edən bu cümlədə qrammatik xətaya yol verib: “Azərbaycan dilinin düzgün işlədilməsi ilə bağlı”... “mübadilələrin və əlaqələrin dil və tərcümə baxımından tənzimlənməsi” nə deməkdir görəsən? (həmin məramnamə mətnindəki 43 sözdən 33-ü ərəbəcədir). Fizikada belə bir qayda var, böyük teoremlər sadə cümləylə ifadə olunur, çünki həqiqət öz-özlüyündə məlumdur. Yəqin təsdiq edərsiz, TM-nin bu məramnamə cümləsində hədəflər aydın deyil.
 
Bunları qoyaq bir qırağa. Tərcümə Mərkəzi yaradılıb, ona büdcə ayrılıb, 100-ə yaxın əməkdaş işə götürülüb.  Gözəl yazıçı, peşəkar insan – Afaq Məsud Tərcümə Mərkəzinin rəhbərliyinə gətirilib. Lakin nə qədər peşəkar olsa da və dünya qədər pul ayrılsa da, məramı bəlli olmayan işin öhdəsindən gəlmək mümkün olmayacaq. Necə deyərlər, bitməz iş buyurub, adını yarıtmaz qoymaq düzgün deyil. Dünyada mövcud olan və Azərbaycanın da üzv olduğu Avropa Şurasının müəyyən konvensiyasıyla tənzimlənən standartlara uyğun Tərcümə Mərkəzi yaradılmalıydı. Özümüzdən Amerika kəşf etməyə ehtiyac yox idi.
 
Hər işin nəticəsi önəmli oluğu kimi, bu məsələdə də nəticələrə görə fikir yürütsək, ortadakı mənzərə acınacaqlıdır: Bizim Tərcümə Mərkəzimiz tərcümə olunan materiallarda Azərbaycan dilinin düzgün işlədilməsi ilə bağlı ölkədaxili və beynəlxalq müstəvidə ictimai-siyasi, elmi-texniki, ədəbi-mədəni mübadilələrin və əlaqələrin dil və tərcümə baxımından tənzimlənməsi, ölkə üzrə tərcümə prosesinin elmi, texniki, tibb, hüquq və digər sahələrdə təşkili və təkmilləşdirilməsi işinə nəzarəti həyata keçirənə qədər qonşu Gürcüstanın Tərcümə Mərkəzi gürcü yazarlarının əsərlərini çap edən 100-dən artıq xarici nəşriyyatla müqavilə bağlayıb, həmin nəşriyyatlara maddi dəstək verib.
 
Avropa Şurasının əsas prioritetlərindən biri olan mədəniyyətlərarası mübadilə prosesində Gürcüstan öz yerini tutub, Azərbaycan isə yenə də quyruqda qalıb. Bu gün dünyanın əsas dillərinə tərcümə olunan onlarla gürcüstanlı yazar var. Bizdə isə, öz hesabına xaricdə 50 ədəd kitab çap elətdirib öz ölkəsində hava atanları nəzərə almasaq, dünyaya açılan yazıçılarımız yox dərəcəsindədir.
 
Nəticənin doğurduğu nəticələr də var: yazarlar xaricdə nəşr olunduqca ədəbi proses canlanır, yaradıcılıq üçün rəqabət mühiti yaranır, yazılan əsərlərin səviyyəsi artır. Digər tərəfdən, Azərbaycan gerçəklərini dünyaya tanıtmaq açısından da ədəbiyyatın rolu əvəzedilməzdir. Yalandan hərəkət havası yaradıb yerində saymaq isə heç yaxşı hal deyil...
 
Nə bilim e, vallah, söz çoxdur. Amma kimə deyirsən...
 
Rasim Qaraca
Meydan.tv
Yuxarı