İnsanlığın ayıbı olan foto

Публицистика

 
 
Uşaqlardan söhbət gedəndə belə sözlərdən necə istifadə edəsən, yaraşmır. Adama elə gəlir ki, əslində fotonu səhv başa düşmüşük, uşaq dəniz kənarında oynayırmış, yıxılıb, bir azdan ayağa duracaq. 
 
Mən dindar deyiləm, amma hər hansı bir uşaq öləndə istəyirəm ki, kaş mənim inanmadığım, nağıl saydığım digər dünya həqiqətən olsun və onlar cənnətə düşsünlər.
 
Ağır mənzərədir. Hər gün yüzlərlə, minlərlə insan müharibənin əlindən baş götürüb Avropaya qaçır, çata bilməyənlər yolda qırılır, çatanlar da uyğunlaşa bilmir. Kəskin mədəni fərq, miqrantların yeni qaydalara öyrəşə bilməməsi səbəb olur ki, Avropa ölkələri qapılarını bağlasınlar. Hətta miqrant gəmilərinin məqsədli şəkildə batırılmadığı da sual altındadır.
 
Bu və ya digər ölçüdə gedənlər də günahkardır, qəbul etmək istəməyənlər də. İkincilər daha çox günahkardır, çünki vətəndaşı olduqları dövlətlər müharibə meydanına çevrilmiş dövlətlərin normal vəziyyətə düşməsi üçün heç bir şey etməyiblər. İqtisadi mənafelərini insan taleyindən daha üstün tutaraq şərqin diktatorlarını bu və ya digər formada dəstəkləyiblər. Bir növ bombanın ətrafında gəzişə-gəzişə, ona barıt doldurulmasına göz yumublar. Proses Qəzzafinin Yelisey sarayının önündə çadır qurması qədər biabırçı bir vəziyyətə qədər irəliləyib. Şərqin diktatorlarının pullarından istifadə ediblər, onlara muzey təmir etdiriblər, seçki kampaniyalarında onların dəstəyini alıblar. Nəticədə inqilab olarsa, ölkə qarışarsa yenidən toparlanmaq gücü olmayan cəmiyyətləri inkişafdan saxlayıblar. Nəhayət, bir gün bomba partlayıb və məlum olub ki, bu bombanın qəlpələri onların öz ölkələrinə qədər gəlib çıxır.
 
Bütün bunları öz tarixində faşizm kimi bir dəhşəti yaşamış, şərqində Auşvits kimi bir ölüm düşərgəsi olan Avropa edib. Maraqlıdır ki, hələ də bir sıra qərb dövlətləri həmin dövrdə edilən səhvlərdən nəticə çıxarmayıblar. Bəla kiçik olanda onun genişlənməsi əngəllənməlidir, böyüyəndə qabağında durmaq olmur. Lakin həmin dövlətlər öz sələflərinin Hitler hakimiyyətə gələndə, şərqə tərəf irəliləyəndə bunlara yalnız bəyanat verməklə etiraz etdikləri kimi davranırlar.
 
Əlbəttə, bütün bunlarla bərabər müharibədən qaçanların da günahlarını unutmaq olmaz. Öyrəşə bilmirlər, girdikləri cəmiyyətlərin içində əriyə, onlara qarışa, onlar kimi ola bilmirlər. Xülasə normal, mədəni insan kimi yaşaya bilmirlər. Bu günlərdə Macarıstanla sərhəddə minlərlə miqrant yığışmışdı. Beynəlxalq Qızıl Xaç Komitəsi onlara yardım göndərdi, yardım qutularının üstündə xaç işarəsi var idi deyə qəbul etmədilər, komitə də yardımları geri qaytardı. Yaxşı, indi sən deyirsən ki, Avropaya gedirəm, orda yaşayacam, xahiş edirəm məni qəbul eləyin, amma bir tərəfdən də, hələ onun sərhədində bu cür ifrata varıb, ona öyrəşə bilməyəcəyini göstərirsən. Sırf üzərində xaç var deyə, yardımdan imtina edən adamların sabah üzərində xaç var deyə haranısa dağıtmayacağına kim zəmanət verə bilər? Xaça olan nifrətini uşağının taleyindən üstün tutan adamdan normal davranış gözləmək olarmı?
 
Miqrantların olduğu şəhərdə təhlükəsizlik, təmizlik, sakitlik olmur. Düzdür, Avropada çox ölkə gəzməmişəm, amma gördüyüm ən təmiz və sakit şəhərlər Polşadadır, çünki onlarda miqrantlar, demək olar ki, yoxdur.
 
İstənilən halda o foto dəhşətdir, hər iki tərəfi, hər iki sivilizasiyanı aşan bir fotodur. Həmin foto təkcə məsələyə aidiyyatı olan ölkələrin, cəmiyyətlərin deyil, bütün insanlığın ayıbıdır. 
 
Araz Bayramov
 
Musavat.com
Kultura.az | Developed by Samir Yahyazade