Rusiyadan qorunmaq

Публицистика

 
 
Rusiyanın meşələri, çayları, qadınları və ədəbiyyatı valehedicidir, ancaq bunun məsələyə dəxli yoxdur. Hal-hazırda Rusiya mənim üçün itirilmiş ölkədir. Başqalarını yeyərək, yox edərək böyümək istəyən Rusiya divi, içindən kənd-kənd, qəsəbə-qəsəbə yox olmaqdadır. Fiziki yox olmaqdan daha əhəmiyyətlisi, Rusiyadakı şüur, düşüncə yox olmaqdadır, köhnəlmişdir, geridədir, dəyərsizdir və hər bir şüursuz zad kimi özü üçün və başqaları üçün təhlükədir. Rusiya öz daxilində heç nə tapa bilməyib bahalı, böyük, maşın və evi ilə mən də varam demək istəyən biri kimi, özündə heç nə olmadığı üçün ərazisinin böyüklüyü və başqalarına törətdiyi təhlükələrlə mən də varam deməkdədir. Rusiya həm də ona görə itirilmişdir ki, orada ümid də görünmür, sadəcə keçmişə, keçmişdəkilərə söykənib nəyəsə ümid etmək olar, bu isə mənasız təsəllidir, keçmişdə ilişib qalanın gələcəyi olmur. Rusiyanın elə ən böyük problemlərindən biri də keçmişidir, imperiya tarixidir,  əvvəllər olan  əzəmətidir, bu keçmişə olan heyranlıqdır. Bunun nəsə bir əhəmiyyəti olsa idi, buna görə söz haqqı verilsə idi, ən çox Monqolustan söz haqına sahib olardı. 
 
Rusiya çox ləngdir, ətalətlidir, müasir sürət və texnologiya dünyasına ayaq uydura bilməməkdədir. Rusiyanın Krımdaki zəfəri Pirr zəfəridir, Napaleonun Moskvanı işğal etməsi kimidir,  bir məğlubiyyətdir. Rusiya məğlubdur, ağıl, zəka və zəhmət yarışmasında məğlubdur. Rusiyanın dövlət aparatları, bürokratiyası Sovet nomenklaturası və qapalılığını davamıdır, müasir dövrlə uyğunlaşa bilməməkdədir.  
 
Rusiyanın dayanıqlı iqtisadiyyatı yoxdur, iqtisadiyyatı diversifkasiya olunmayıb, maliyyə bazarları funksional deyil, illüziyadır. Həm də ona görə ümid yoxdur ki, məsələ hakimiyyət və rejim məsələsi də deyil, məsələ rus xalqıdır, onun təfəkkürüdür. Məşəqqətlərə genetik müqaviməti olan rus xalqı qarşıda onu gözləyən faciələrə sinə gərməyə razıdır,  təki onun eqosu tətmin olunsun. Bu isə cahil eqosudur, cahil eqosu özünə və ətrafındakılara zərərlidir.  
 
Rusiyada təhsil və səhiyyə yox dərəcəsindədir, iqtisadiyyatla birlikdə idman və mənəviyyat da düşüşdədir. Şahmatda artıq rus və rusdilli hegemonluğuna son qoyulur, Rusiyanın olimpiada nəticələri hər olimpiadada bir az daha zəifləməkdədir. Rusiyada şəxsiyyətə hörmət yoxdur, humanizm prinspləri işləmir, deqradasiya hər sahədə hiss olunur. 
 
Rusiyanın gələcəyi də qaranlıqdır,  rus kişisi içki və laqeydliyin, rus uşağı kompüter oyunlarının, rus qadını isə əlacsızlığın əsirinə çevrilmişdir.  Bizdə tez-tez Rusiya-Türkiyə müqayisəsi aparılmaqdadır, biri o birinin yerinə qoyulmaqdadır, tərəfdarlıq edilməkdədir. Əslində isə Rusiya-Osmanlı müqayisəsi aparılmalıdır, 300 illik əzəmətli tarixindən sonra Avropanın xəstə adamına çevrilən Osmanlı kimi də Rusiya xəstə adama çevrilməkdədir. Heç bir dəyər istehsal etməyən, xammal ərazisinə çevrilmiş, iqtisadi böhranlar və devalvasiyalarla boğuşan, kitab çapına, yəni dolayısı ilə müasir dəyərlərə ayaq dirəyən Osmanlının günündədir Rusiya. 
 
Türkiyə ayrı mövzudur, sadəcə bir cümlə ilə toxunmaq istəyirəm, sənin hal-hazırda hansı nöqtədə olmağın, arxada və ya öndə olmağın əhəmiyyətli deyil, arxada və ya öndə olmaq düzxətli olmayan zamanda və məkanda nisbidir, haraya doğru getdiyin isə əhəmiyyətlidir. Türkiyə bu yolda hərdən büdrəsə də ümumilikdə işıqlı yola doğru getməkdədir, Rusiya isə zibilliyə doğru, tarixin zibilliyinə doğru gedir. 
 
Rusiya Azərbaycanın da baş bəlalarından biridir. Rusiya Qarabağ timsalında işğal edərək idarəetmə prinsipini bizim üzərimizdə də tətbiq etmişdir. Rusiyanın burda mənəvi zərərləri də böyükdür, bizim dövlət institutlarımız Rusiyanın "copy-paste"-dir, eyni ideyalar, eyni lənglik, bənzər problemlər. Sovet təhsilli nəslin, Rusiyanın ideoloji təsirində olan və mənfəət münasibətində olanların, 5-ci kolonun da burada əməyi danılmazdır, amma hər bir halda bu Rusiyanın köhnəlmiş müstəmləkə siyasətidir.
 
Bütün bunları əsas tutaraq biz bir ölkə kimi hazırlıqlı olmalıyıq, xəstə Rusiyanın üstümüzə çökməsindən və potansial təhlükələrindən özümüzü sığortalamalıyıq və bununla yanaşı, biz bu vəziyyətdən faydalanmağı da bacarmalıyıq. Bir dövlət kimi Rusiyada yaşayan azərbaycanlılara yönəlik siyasət aparmalı, onarın birlik- bərabərliyi, maarifçiliyi və mədəniliyi, çökməkdə olan Rusiyada söz sahibi olması üçün çalışmalı, Azərbaycanı onlar üçün əsl vətən etməli, orda qazandıqlarını buraya çəkməli, Rusiyadan gələn sərvətləri isə  Azərbaycanın quruculuğuna sərf etməliyik.
 
Aqşin İbişiov
 
Kultura.az
 
Kultura.az | Developed by Samir Yahyazade