Xoşbəxtlik üçün öldürmək

Публицистика

 
Kutzeenin demək olar bütün romanlarının qəhrəmanları adi insanlardır, məsələn, uzaq əyalətdə məskunlaşmış məmur, universitetdə dərs deyən müəllim, yeknəsək həyatın əsiri olan kifir gənc və digərləri. Kimlərsə fikirləşə bilər ki, indiki zəmanədə belə mövzularla uğur qazanmaq çətindir. Amma Kutzee iki dəfə "Buker” mükafatına, 2003-cü ildə isə Nobel mükafatına layiq görülüb. Parlaq istedadı ona bir yazıçının qazana biləcəyi hər şeyi qazandırıb. 
 
 "Maykl K.-nın həyatı və zəmanəsi” romanının qəhrəmanı dovşandodaq, ağıldan kəm bir adamdır. O, paytaxt Keyptaundakı parkların birində bağban işləyir. Maykl təbiət insanıdır; ağaclara, bitkilərə, torpağa vurğundur. 
 
Bir gün isə qəfildən hər şey pisləşir, Mayklın dünyadakı yeganə doğması olan anası ağır xəstələnir, özü isə işdə ixtisara düşmək təhlükəsiylə üzləşir. O, əvvəl-axır işdən çıxmalı olur, çünki anasının səhhəti pisləşməmiş onu doğulduğu uzaq əyalətə aparmalıdır. Yolda isə Mayklın başına min oyun gəlir, ölkə müharibənin cəngindədir, hər yanda xaos, təhlükə var. Quduzlaşmış insanlar Mayklı soymağa çalışır, əsgərlər yola davam etməsinə əngəl olurlar. Ananın vəziyyəti yolda daha daha pisləşir, oğlu onu bir təhər xəstəxanaya çatdırır... 
 
Bir neçə gündən sonra isə tibb işçilərindən biri Maykla yaxınlaşır və ona bir qab verir. Məlum olur ki, ana xəstəxanada vəfat edib, əlavə çətinlik olmasın deyə qadının cəsədi yandırılıb, indi tibb işçisinin Maykla verdiyi qabın içində isə anasının külü var. Maykl istəsə, onu özüylə apara bilər... 
 
Dovşandodaq, ağıldan kəm Maykl dünyada tamamilə yalqız qalır, o, indi ömür yolunu təkbaşına davam etdirməlidir. Beləliklə, Maykl K-nın həyatla mübarizəsi, daha doğrusu mübarizəsizliyi başlayır... 
 
Kutzee üçün Maykl K. sadəcə bir obraz deyil, o həm də bu obrazın vasitəsiylə alleqoriyalarla zəngin bir hekayə hörür. Bədii sənətin gücüylə müharibənin, zorakılığın, biganəliyin və yadlaşmanın nə olduğunu göstərir. 
 
Hara getsə, Maykl üçün təhlükə var, onu hasarlar arasına salmaq, əmrlərə tabe etmək, öz bildikləri qaydalarla yaşamağa məcbur etmək istəyirlər. O tez-tez həbs olunur, əmək düşərgələrinə salınır. Amma hər dəfə qaçmağa müvəffəq olur, qaçdıqca qaçır. Sonda Maykl bir soxulcan kimi torpağın altında özünə yuva düzəldib, beləcə yaşamağa başlayır. Tutulmamaq, müharibədən, köləlikdən, insan dünyasından qaçmaq üçün yalnız gecələr çölə çıxır, sürünə-sürünə yaşayır. O bu yaşayışıyla sanki insan olmaqdan da imtina edir. Amma Mayklı yenə də tapır, yuvasından çıxarır və sağalıb insanların arasına qarışması üçün xəstəxanaya göndərirlər... 
 
Romanın bu yerində yeni qəhrəman peyda olur: ağ xalatlı, həlim təbiətli, insanların xilasedicisi rolunda çıxış edən həkim. Mayklı tanıdıqdan sonra isə həkimin bütün həyatı, fikirləri alt-üst olur. O nə qədər cəhd etsə də, xəstəxana yeməklərindən və sağalmaqdan imtina edən Mayklı yola gətirə bilmir. Xəstəxana ağzına qədər yaralı və xəstəylə dolub-daşsa da, həkimin bütün fikri-zikri Maykl-ın yanındadır. O, bu adamda əvvəllər heç kimdə görmədiyi bir şeyi görür. Sağalmağa cəhd etməsi üçün əvvəlcə həkim Mayklı dilə tutur, sonra yalvarır, axırda da təhdid edir, amma bütün cəhdləri boşa çıxır. Çünki Maykl öz məhdud ağlıyla dərk edir ki, həkim nə qədər yaxşı insan olsa belə, onun bu xəstəxanada funksiyası var, o, xəstələri sağaltmalı, kökəltməli, sonra da döyüşmək, qulluqçuluq etmək, əmrlərə tabe olmaq üçün yenidən "azadlığ”a göndərməlidir. 
 
Romanda həkimin nəql etdiyi belə bir səhnə var:
 
"Bu gün onunla dostcasına söhbət etmək istədim, imtina elədi:
 
- Elə bilirsən ki, məni özbaşına buraxsan, öləcəyəm? Niyə məni kökəltmək istəyirsən? Mənim üçün bu qədər ələ-ayağa düşmək nəyə lazımdır? Məgər belə vacibəm?
 
Mübahisə etməyə həvəsim yox idi. Nəbzini yoxlamağa çalışdım, əlimi itələdi, böcək qısqacına bənzəyən qollarının gücü məni təəccübləndirdi. Bütün xəstələrə baş çəkdikdən sonra yanına qayıtdım. Ona deyəsi sözlərim var idi:
 
- Niyə vacib olduğunu soruşursan, Maykls. Düzdür, vacib deyilsən. Lakin bu o demək deyil ki, heç kimə lazım deyilsən. Qaranquşları yadına sal. Beş qaranquş bir fartinqə (pul vahidi – C.R) satılır, deməli, hətta onlar da lazımdır.
 
Uzun müddət gözünü tavana dikdi, sanki şaman ruhlarıyla məsləhətləşirdi. Sonra yenə dilləndi:
 
- Anam ömrü boyu işləyib. Başqalarının döşəmələrini təmizləyib, yemək bişirib, qablarını, çirkli paltarlarını yuyub. Dallarınca vanna otağını təmizləyib. Dizi üstə çöküb tualeti təmizləyib. Amma qocalıb xəstələnəndən sonra heç kimə lazım olmadı. Onu özlərindən kənarlaşdırdılar. Öləndə oda atdılar. Köhnə bir qutuda külünü verib dedilər: Bu da anan, götür apar, bizə lazım deyil””.
 
Bir gün isə həkim Mayklın iradəsindən və dirənişindən bezib tamamilə özündən çıxır: "Səni bura çağırmamışam. Sən gələnədək hər işim qaydasında idi. Xoşbəxt idim. Belə bir yerdə nə qədər xoşbəxt olmaq mümkündürsə, o qədər xoşbəxt idim. Ona görə də soruşuram: niyə mən?” 
 
Çox keçmədən həkim qorxduğu səhnəylə qarşılaşır. Bir gün gəlib görür ki, Mayklın yatdığı çarpayı boşdur, ölüm ayağında olan xəstə xəstəxanadan qaçıb. Onu nə qədər axtarsalar da, tapa bilmirlər...
 
***
 
Bədii ədəbiyyat həvəskarlarının çox yaxşı bildiyi bir hiss var. Roman oxuyarkən qarşına bir cümlə çıxır, sən böyük zövqlə o cümlənin altından qələmlə xətt çəkirsən, ya da təkrar-təkrar oxuyursan. Çünki heç vaxt fərqinə varmadığın, ya da beynində olub adlandıra bilmədiyin bir şeyin sözlərlə ifadə olunduğunu görürsən. Bədii ədəbiyyat bir çox sualların cavabının tapılması baxımından ən effektiv vasitələrdən biridir, çünki o, həyatı təkrar-təkrar yaşadır, göstərir, analizdən keçirir, psixoloji qatlara enir. 
 
Başqalarının adına danışmağım bəlkə də düz deyil, amma mən özüm çox vaxt suallarımın cavabını romanlarda, hekayələrdə tapıram... 
 
Ətrafımı müşahidə edirəm, qarşıma çıxan insanlara baxıram, söhbətləşirəm. Adamların əksəriyyəti çox gərgindirlər, xoşbəxtlik bir tərəfə qalsın, heç rahat deyillər. Sanki bir gözləntiləri var, nəyinsə bitəcəyinə, nəyinsə yenidən başlayacağına dair bir gözlənti. 
 
"Maykl K.-nın həyatı və zəmanəsi” kitabını oxuyarkən bir cümlə qarşıma çıxdı. Cümlə eynən belə idi: "Müharibə gözləmək deməkdir”. 
 
Bu cümləni oxuyanda insanların gözlərində gördüyüm ifadə yadıma düşdü: gözləmək ifadəsi. 
 
Ola bilsin, hazırda özümüz qanlı müharibənin içində deyilik, ancaq dənizlərin sahillərinə ölü uşaqların vurduğu bir dünyada insanların ən azından bu qədər gərgin gözlənti içində olması, öz-özləriylə müharibə şəraitində olması yəqin ki, çox təbii və ədalətlidir. Belə bir dünyada rahat və qayğısız olan insanlar isə yəqin ki, ya çox cahil, ya çox xəbərsiz, ya da çox vicdansızdırlar. Müharibə təkcə qan və ölümdə deyil, həm də ovqatda əks olunur. 
 
"Maykl K-nın həyatı və zəmanəsi” romanının sonlarına yaxın həkim belə bir sual verir: "Məgər bütün bu dava-dalaş insanları daha da xoşbəxt etmək üçün deyildimi?..”
 
Cavid Ramazanlı
 
ann.az
Kultura.az | Developed by Samir Yahyazade