Cavid Ramazanlı: Təbiətin işğalı

Публицистика

 
 
Təbii, insanın dünyanı qavramasında bilik, dünyagörüş rol oynayır, amma şəhərlilərin heç də hamısı mədəniyyət, intellekt dağarcığı deyillər (hələ bizdə ümumiyyətlə deyillər), həm də ki, insan dünyaya bir dəfə gəlir, deməli, Tolstoyun təbirincə desəm, kim daha rahat və xoşbəxtdirsə, o haqlıdır.
 
Ancaq kənd insanının daha dinc həyat yaşamasının səbəbi heç də kitabla, dünyagörüşlə bağlı deyil, təbiətlə əlaqədardır. İnsan nə qədər təbiətlə iç-içə və harmoniyadadırsa, o qədər dinc və xoşbəxtdir. Əsrlər boyu insan və təbiət anlayışları barədə çox yazılıb, çox mübahisələr edilib. Jan Jak Russo deyirdi ki, biz ümumiyyətlə, şəhərlərdən imtina edib təbiətə qayıtmalıyıq. Norveç yazıçısı Knut Hamsunun kənd həyatını vəsf edən “Torpağın bərəkəti” adlı şedevr bir romanı var. Hamsun romanını “mənim bəşəriyyətə xəbərdarlığım” adlandırıb, əsərinə görə də Nobel mükafatı alıb. Qısaca, insanın təbiətdən uzaqlaşmasını fəlakət adlandıran bu kimi çox sayda fərziyyələr, ədəbiyyat və incəsənət nümunələri var. Amma elmin gözəlliyi odur ki, o, suallara konkret cavablar verir... 
 
Bu günlərdə Amerikanın “Nyu-York Tayms” qəzetinin internet versiyasında təbiətin insan beyninə necə təsir etməsindən bəhs edən bir məqalə çıxmışdı. Biologiya terminologiyasından istifadə edib, məqalədən uzun-uzadı yazmaq fikrində deyiləm. Amma bu araşdırma yazı mənim özümə də maraqlı olan bir çox sualların cavabının tapılmasına kömək etdi... 
 
Təbiət bizim mənəvi sağlamlığımızın əsasıdır. Təbiətdən uzaq düşəndə insan depressiv, pessimist və gərgin olur. Bizim şəhərlərdə beton binaların balaca otaqlarında yaşamağımız, şəhər səs-küyünün, maşın ordusunun arasında təntiyib qalmağımız, əsəb və stres içində olmağımız normaldır, çünki biz təbiətdən qopmuşuq, süni həyat yaşayırıq. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, hətta şəhərlərdə yaşıllıqların, bağların yaxınlığında yaşayanlar digərlərinə nisbətdə daha rahatdırlar. Təbiət insanın yaradıcılığında və məhsuldarlığında da böyük rol oynayır. Ona görə də şəhərdə yaşıllıqlar, parklar, bağlar, göllər nə qədər çox olsa, insanlar da o qədər rahat və xoşbəxt olacaqlar. Londona, Vaşinqtona, Berlinə və digər mədəniyyət şəhərlərinə gedən insanları həmişə bu şəhərlərin parklarının, yaşıllıqlarının çoxluğu heyrətləndirir. Şəhərin içində iki addım atırsan, az qala meşəni xatırladan bağla rastlaşırsan. Bu onların sivilizasiyasından, mədəniyyətindən irəli gəlir. Təbiəti, yaşıllığı qorumaq, ağac əkmək mədəniyyət göstəricisidir. Müasir mədəniyyətin formalaşmasında böyük rol oynayanlardan biri, fransız filosofu Volter həyatı boyu saysız-hesabsız ağac əkmişdi. Bir dəfə ona sual veriləndə ki, bəşəriyyətə ən böyük töhvəniz nədir, əkdiyi ağacları göstərib demişdi: o birilər o qədər də vacib deyil, ən böyük töhfəm bu ağaclardır...
 
Təxminən 4-5 il əvvələ qədər Bakıda Gənclik metrosunun yanında böyük bir ağaclıq sahə vardı. İçinə girirdin, elə bilirdin vəhşi meşənin içinə düşmüsən. Həyatımın bir çox gözəl günlərini orada keçirmişəm. Demək olar o meşədə hər gün gəzintilərə çıxırdım, hər həftə pikniklərdə olurdum. Ağaclığın kənarında Bakı zooparkının ərazisi yerləşirdi, gedib onun yanına çatanda gövşəyən yekə dəvələri görürdün, insan qəribə hisslər keçirirdi. Sonra ərazi hasarlandı və ağaclar yoxa çıxdı. Artıq neçə illərdir ki, bu meşəlik ərazi qeyb olub. Hərdən gəzintiyə çıxanda Koroğlu heykəlinin arxasındakı gölə gəlib çatıram. Göl gözəldir bəli, amma onun kənarlarına vurulan təsvirləri heç cür başa düşə bilmirəm. Ağacları yoxa çıxardıb, əvəzində şəkillərini qoyublar. Ağac şəkilləri ilə əhatələnmiş göl... 
 
Sovet dövrünün Bakısının şəkillərinə baxanda şəhərin yamyaşıl olduğunu görürsən, bulvar ağaclıqların arxasında itib-batır, yol kənarlarında iri, uca ağaclar sırayla düzülüblər. Manaf Süleymanovun məşhur "Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim" kitabında hələ çarizm dövründə Bakını yaşıllaşdırmaq üçün necə böyük işlərin görüldüyündən bəhs edilir. Lənkəran zonasından Bakıya tonlarla qara torpaq daşıyırmışlar ki, bağları, parkları yaşıllaşdırmaq, daha iri və  kölgəli ağaclar əkmək mümkün olsun.
 
İndi Dağüstü parkdan Bakıya baxanda çılpaq küçələr, daş, beton, şüşə  yığınından başqa bir şey görmürsən. İş tərsinə görülür, ağacların sayını artırmaq əvəzinə, əksəriyyətini kəsib yerinə mərmər, beton düzürlər. İndi Bakının bağlarındakı tək-tük ağaclar betonlarla əhatələnmiş  eksponatlara bənzəyir...
 
Yayın cırhacırında sərin rayonlardan birinə gedib, təbiət qoynunda istirahət etmək istəyirsən məsəl üçün. Çayın, ağaclığın böyründə bir yer tapmırsan ki, oturub ailənlə, dostlarınla istirahət edəsən. Nə gözəgəlimli yer varsa, “istirahət mərkəzi” adıyla işğal edilib. Sən özün özbaşına istirahət edə bilməzsən, mütləq belə yerlərdən birində oturmalı, od bahasına olan keyfiyyətsiz yeməklərdən yeməlisən. Hələ indiyə qədər görməmişəm ki, bizim rayonlardakı “istirahət mərkəzləri”ndə hesab məsələsində adamı aldatmasınlar. Əksər vaxt hesabı qat-qat artıq gətirirlər, üzünə qırmızı-qırmızı baxıb, səni göz görə-görə aldadan adamları görəndə Azərbaycanda istirahət eləməyin nə olduğunu başa düşürsən... 
 
Bir balaca cəsarətə gəlib, uzaqda görünən gözəl əraziyə dincəlməyə getsən, başqa bir problemlə üzləşəcəksən. Üç-dörd nəfər adam üstünə gəlib deyəcək ki, təcili ərazini tərk et, bura filankəsin (hansısa oliqarxın) ərazisidir, burda istirahət etməyə icazə yoxdur. Elə bölgələr var, kəndlilərin özləri təbiətə həsrət qalıblar. Hansısa nüfuzlu şəxs təbiəti özününküləşdirib, heç kimi də yaxına buraxmır. 
 
Meşələri, dağları hasarlayırlar, dənizi hasarlayırlar, başqaları yaxın düşməsin deyə qala divarlarını xatırladan uca divarlar tikirlər. İndi Azərbaycanda sanki ibtidai icma quruluşu dövrünün sonlarıdır və insan ilk dəfə güc yoluyla çəpərləməni, ərazini özününkü elan etməyi kəşf edib... 
 
Cavid Ramazanlı
 
Qaynar.info
Kultura.az | Developed by Samir Yahyazade