Leyla Depp: Problem pul deyil ee..

Публицистика

 

“Problem pul deyil ee, problem odur ki....” hələ də problemin pul deyil də başqa bir şey olduğunu zənn edənlərin, söhbətdə nümunə gətirmək istəyənlərin, məsuliyyət sahiblərinin fikirlərinin nə olduğunu anlamamışam. Daha doğrusu uydurmalarını xatırlaya bilmirəm, çünki “problem pul deyil” ifadəsindən sonra nə dedikləri onsuz da nəzərimdə öz əhəmiyyətini itirir. Görəsən kapitalizm dövründə bu cümlənin hansı bir sehri vardır ki, hələ də öz aktuallığını saxlayır, halbuki insana ikrah hissindən başqa bir şey bəxş etmir. Yoxsa özlərinə “pis kişi” ayamasını yapışdırtmaq istəməyənlərin ucuz materialdan düzəldilmiş qalxanlarıdır? 
Demək olar ki, bu ifadə ilə əksəriyyətimiz qarşılaşmışıq. Yaş həddindən asılı olmayaraq. Deyirəm ki, bəs nazirliyin hədiyyə etdiyi o kompüterlərdə (hədiyyə ediblər, sağ olsunlar, xeyli əziyyət çəkiblər o sistem blokunun hissələrini tapınca)bir sıra problem var, məsələn, elektrikə qoşulan əsas şnurları “unudublar” deyəsən (başa düşürəm, yeni dərs ilinin başlaması münasibətilə gərgin iş rejimindədilər deyə nəzərlərindən qaçıb). Cəhənnəm özümüz alıb quraşdıraq ki, bu yazıq uşaqlara nəsə öyrədə bilək. Mənə belə deyir : “problem pul deyil ee..” adama deyərlər a kişi bəs nədir problem. Problem elə puldur, pul! Bunu özünüz də gözəl bilirsiniz, sadəcə yağla, balla məsuliyyəti üzərinizdən kənarlaşdırmaqla məşğulsunuz.
Deyilənə görə, müəllimlik ən şərəfli peşədir. Havanın dəyişməsi ilə bağlı üst-üstə yığılmış bir neçə oxunmalı kitablarım yadıma düşdü, həftə sonları letargiyaya düşməmək üçün yaxşı vasitə olduğunu zənn etdim. Çexovun ədəbiyyat müəllimi ilk olaraq oxunulmağa laiq olduğunu hiss etdirdi, sanki, Çexovun müəllimini tanımağa səbirsizləndim. “Cəfəngiyyata bax! – Sən müəllimsən, ən nəcib bir sahədə çalışırsan... Daha başqa bir aləm sənin nəyinə gərəkdir? Axı bu, nə cəfəngiyyatdır?” Doğrudanmı müəllimlik ən nəcib bir sahədir, hətta nəcib olmayan müəllimlərə rast gəlsək belə? Hansı ki, daha artıq pula yiyələnmək ehtiraslarından nəcibliklərini görə bilmirəm. Məncə, müəllimlik nə qədər şərəfli, nəcib peşə olsa da insanları pul hərisliyindən sığortalayacaq qədər sehrə malik deyil. Bəzən bizə fəlsəfi vəhy gələr, hansısa bu kimi mövzular ətrafında mühakimə yürütməyə başlayırıq. Sonra hamıya çoxdan məlum olan şeylər barəsində danışmağa başlayarıq. Axı bunlar kimin nəynə lazım? Özümüzdən başlamalı, özümüzü tərbiyə etməliyik. “Problem pul deyil ee...” deyən “nəcib” müəllim mənə ikrah hissindən başqa nə bəxş edə bilər ki? Davamlı pafoslu çıxışları ilə özlərini müəllimlik mərtəbəsinin ən üstün pilləsində zənn edənlərə Şebaldinin parodiyasını etmək zövqümü əyləndirər : “Mən çay süfrəsində sizin mübahisənizi eşitmək şərəfinə nail oldum. Sizin fikrinizə tam tərəfdar çıxıram. Biz həmfikirik, ona görə də sizinlə söhbət etmək mənim üçün çox xoş olardı. Siz, lütfən, Lessinqin “Hamburq dramaturgiyası”nı oxumusunuzmu?”
Mən gənc bir müəlliməm, parta arxasında əyləşdiyim vaxtlar müəllimlərin dünyanın ən yaxşı insanları olduğunu düşünürdüm, keçdikləri dərsdən əlavə bizə öyüd-nəsihət verməyi, nədənsə, çox sevərdilər, mən də sevə-sevə dinləyərdim. Bizə düzgünlüyü, ləyaqətliliyi, gözütox olmağı və s. bu kimi müsbət keyfiyyətləri təlqin edərdilər hər zaman. Amma zaman həyatın bir pardoks olduğunu göstərir. Əgər siz bir əqrəb balasınızsa, unutmayın, su qalxdıqca ayaqaltı dayaq kimi istifadə ediləcəksiniz. 
Sabir demişkən : “Ax!... necə kef çəkməli əyyam idi, Onda ki, övladi-vətən xam idi!”

Kultura.az

Kultura.az | Developed by Samir Yahyazade