Cavid Ramazanlı: Ədəbiyyat və siyasətçilər

Публицистика

 
 
Svetlana Aleksiyeviçin əsərlərində yüzlərlə şəhər, minlərlə real insan obrazı iştirak edir. O, müxtəlif müharibələri, böhranları öz gözləriylə görmüş insanların danışdıqlarını yazılarına töküb. 
 
Bəzən real həyatın yaşantıları ədəbiyyatı vurub keçir, bəzən elə hadisələr baş verir ki, onlara bədii çalar verməyə, təsəvvür qatmağa ehtiyac qalmır – Svetlana Aleksiyeviçin əsərləri də məhz bu qəbildəndir - ədəbiyyatsız ədəbiyyat. 
 
“Sonuncu şahidlər” əsərində 6 yaşlı uşaq Böyük Vətən müharibəsinin başlandığı günü xatırlayır, gecə anası tifil uşaqlara nağıl oxuyur, səhər duranda isə 6 yaşlı Jenyanın bütün həyatı bir dəfəlik dəyişmiş olur: 
 
“Səhər ertədən qorxu içində yuxudan ayıldım... Məni səksəndirib yuxudan oyadan anlamadığım bərk səs-küy olmuşdu...
 
Atamla anam yatdığımı düşünürdülər, ancaq mən bacımla yanaşı uzanıb özümü yuxuluğa vurmuşdum. Gizlincə baxıb atamın uzun-uzadı anamı öpdüyünü gördüm, o, ara vermədən, anamın üzündən, əllərindən öpürdü və bu mənə çox qəribə gəlirdi, axı qabaqlar heç vaxt onun anamı belə öpdüyünü görməmişdim. 
 
Sonra onlar əl-ələ tutub həyətə çıxdılar, mən yerimdən sıçrayıb pəncərənin qabağına qaçdım, onları güdməyə başladım – anam atamın boynuna sarılıb onu buraxmırdı. Atam onu güclə özündən ayırıb qaçmağa başladı, anam qaçıb özünü ona yetirdi və yenidən onu bərk-bərk qucaqlayıb buraxmır, nə isə qışqırırdı. Onda mən də bərkdən qışqırmağa başladım: “Ata! Ata!”
 
Kiçik bacımla, balaca qardaşım Vasya da səsimə oyandılar, mənim ağladığımı görən bacım da qışqırmağa başladı: “Ata!” Biz ikimiz də eyvana çıxıb qışqırmağa başladıq: “Ata!!” Atam səsimizi eşidib bizə baxdı və indiki kimi xatırlayıram: o əlləri ilə üzünü örtüb yeriməyə, biraz sonra isə qaçmağa başladı. O dönüb geriyə baxmağa qorxurdu...
 
Üzümə günəşin gur işığı düşmüşdü. Yanağımda günün istisini duyurdum... Nə gizlədim, hələ indiyə kimi də, o səhər atamın müharibəyə getdiyinə inana bilmirəm. Onda çox balaca olsam da, mənə elə gəlir o anda atamı sonuncu dəfə gördüyümü anlayırdım. Mən onu bir də heç vaxt görməyəcəyəm. Mən çox... Çox balaca idim...
 
Mənim yaddaşımda müharibə atamın yoxa çıxması ilə bağlı bir hadisə kimi qalıb... 
 
Sonra xatırlayıram: qapqara göydə qara rəngli təyyarələr uçub keçdilər. Şosse yolunun qırağında anam qollarını yana açıb uzanmışdı. Biz uşaqlar onu ayağa qalxmağa çağırırdıq, o isə yerindən tərpənmirdi. Əsgərlər anamı yataq kimi işlətdikləri plaşa bükdülər, sonra elə yolun qırağındaca qumu qazıb basdırdılar. Biz qışqırıb onlara yalvarırdıq: “Anamızı o çuxurda basdırmayın. O oyanacaq, biz onunla birgə gedəcəyik”. Qumu qazanda onun altında iri böcəklərin süründüyünü gördüm. Mən anamın yerin altında onlarla birgə necə yaşayacağını ağlıma belə gətirə bilmirdim. Biz onu sonra necə tapacaqdıq, harada görüşəcəkdik? Bundan sonra atama kim məktub yazacaqdı?
 
Əsgərlərdən biri məndən soruşdu: “Ay qız, adın nədir?” Adımı unutmuşdum... Əsgər soruşdu: “Ay qız, sənin familyan nədir? Ananın adı nədir?” Mən heç nə xatırlaya bilmirdim... Biz gecə düşənədək anamın altında uyuduğu təpəciyin yanında oturub qaldıq, sonra kimsə bizi götürüb arabaya mindirib apardı.” (Tərcümə: Araz Gündüz)
 
Bu, Svetlana Aleksiyeviçin yaradıcılığındakı saysız-hesabsız təsirli real insan hekayələrindən sadəcə biridir. 
 
Əl, düşüncə və qəlb birləşəndə sənətkar şedevr yaradır. Belorus yazıçının bioqrafiyasını oxuyanda gözlərinin qarşısında əməksevər və insanlıq üçün çalışan bir yazıçı görürsən. Sovetlər dövründə əsərlərinin çapına qadağa qoyulub, Belorus artıq müstəqil olanda, 2000-ci ildə haqqında cinayət işi başladılıb və o, ölkəsini tərk edərək, 10 il mühacirətdə yaşamalı olub. Bunun da nəticəsində Nobel komitəsinin qərarının siyasi olması barədə fikirlər səsləndirilir, həmişə olduğu kimi. 
 
Amma olsun siyasi. Müasir dövrdə siyasi olmayan nə var ki? Bütün həyatımız, hisslərimiz siyasətə bulaşmayıbmı? Böhranların, müharibələrin baş qaldırdığı dövrdə ədəbiyyat üzrə Nobel mükafatını yaradıcılığını müharibələrin, böhranların qurbanı olan insanlığa həsr edən yazıçıya verməkdən təbii və alqışlanası nə ola bilər?
 
Əslində Svetlana Aleksiyeviçin əsərlərini oxuyanda siyasət görürsən, amma bu əsərlərin arxasında görünən siyasət başqalarının siyasətidir, bu, insan faciələrinə, məşəqqətlərinə səbəb olanların siyasətidir. 
 
Aleksiyeviçin Nobelə layiq görülməsi həm də siyasətin əhliləşdirilməsi məsələsini yenidən gündəmə gətirir.
  
Dünyanı siyasətçilər idarə edir, dünən də onlar idarə edirdilər, bu gün də. Onların qərarları, addımları isə nəinki tək-tük insanın, hətta milyonların şəxsi faciəsinə, qurban getməsinə səbəb olur. Siyasətçilər, siyasi çalarlı şəxslər əllərindəki geniş imkanlarla insan kütlələrini asanlıqla qızışdıra, bir-birinə düşmən edə bilirlər. Çox nadir hallarda onlar insanlıq və ümumi rifah naminə nəsə edirlər, belə şəxsiyyət nümunələri nadirdir. Əksərən onlar özlərinin məhdud şəxsi və klan maraqlarını güdürlər. 
 
Kimin dediyi yadımda deyil, belə bir məşhur aforizm var: “Tarix bizə öyrədir ki, biz tarixdən heç nə öyrənmirik”. Son yüz ildə bəşəriyyət iki böyük dünya müharibəsi görüb. Dünya elə indi də böyük bir böhran yaşayır, nəhəng coğrafiyada müharibələr, münaqişələr baş verir. Və sən hansısa xəbəri və ya təhlili oxuyanda tez-tez belə ifadələrlə rastlaşırsan: Qərbin səhv siyasəti, Rusiyanın səhv siyasəti, Türkiyə hökumətinin səhvi, Azərbaycan rəhbərliyinin səhvi və s. İlk baxışda bu adi cümlələrdir, amma bu səhvlərin arxasında real şəxslər dayanır və çox vaxt bu səhvlər milyonlarla insanın taleyinə, yaşantısına təsir edir. Bu gün baş verən böhran da məhdud maraqlardan yaranıb. İnsan həyatı qədər vacib heç nə yoxdur deyirlər, amma məsələ siyasətə gəlib çatanda insan həyatı o qədər də vacib olmur. 
 
Bugünlərdə məşhur astrofizik alim Nil Degras Taysonun ABŞ telekanallarından birindəki çıxışına qulaq asırdım. Müasir siyasət və siyasətçilər haqqında belə deyirdi: 
 
“Kimdir bu siyasətçilər, nədir onların peşələri? Hüquq, hüquq, hüquq, hüquq, biznesmen, hüquq, hüquq, hüquq... Hardadır elm adamları, hardadır mühəndislər? Hardadır digərləri...” 
 
Doğurdan da hardadır filosoflar, psixoloqlar, yazıçılar, insanlığın ruhunu, problemlərini anlayanlar, çözmək istəyənlər? Müasir siyasətdə yoxdur belələri. 
 
Siyasətçilərin əksəriyyəti bizim məktəbdə, universitetdə gördüyümüz ambisiyalı, hədsiz dərəcədə öz maraqlarına, istəklərinə köklənmiş adamlardılar. Onlar məktəbdə də rəsmi geyinirdilər, universitetdə də, sonra da. Siyasətçilərin əksəriyyətinin həyatı ütülüdür, onlar yaşantılarında heç vaxt mübaliğəyə yol verməzlər, şərabdan çox içib şeir deməzlər, mahnı oxumazlar, ürəkləri tez-tez döyünməz, kəskin hisslər yaşamazlar, həyəcan keçirməzlər, pərt olmazlar, nadir hallarda hansısa yazıçıdan, şairdən sitat gətirərlər, onu da xal toplamaq naminə. Ancaq insan ruhundan anlamayanlar insanlığı idarə edirlər. Necəsə belə alınır...
 
Elm, sənət və ədəbiyyat isə təəssüf ki, hələ də siyasət və siyasətçilər qarşısında gücsüzdür, onlara təsir etmək imkanı yoxdur. Və nə qədər ki, gücsüz olacaq, ona qədər də yer üzündə cəhənnəmlər yaranmaqda davam edəcək...
 
Cavid Ramazanlı
 
Qaynar.info
Kultura.az | Developed by Samir Yahyazade