Müharibə günlərində sevgi macəraları

Публицистика

 
 
Lap sonralar bu hadisənin Qarabağ müharibəsi ilə əlaqədar olduğunu öyrəndim. 
 
Kimsə deyib ki, hələ indiyə qədər Yer üzündə müharibədən təsirlənməyən bəşər nəsli olmayıb. Hamı müəyyən dərəcədə ondan öz payını alıb. Bəlkə də buna görə efesli Heraklit deyirdi ki, müharibə hər kəsin atası, hər kəsin ağasıdır. O, kimini tanrı, kimini insan, kimini azad, kimini qul edir. 
 
Mən hər şeyin başladığı illərdə, keçən əsrin 80-cı illərinin sonunda doğulmuşam. Körpəliyim müharibə dövrünə təsadüf edib, uşaqlığım isə müharibənin kölgəsinin hələ də tünd olduğu 90-cı illərdə keçib. Uşaqlığın möcüzəvi aləmi o dövrün ağırlığını, məşumluğunu o qədər də hiss etdirməsə də, müharibənin soyuq əlini hər zaman kürəyimdə hiss eləmişəm, hamı kimi. Və bu soyuq, tikanlı əlin təması hələ də qalır. Müharibə qeyri-rəsmi davam edir, cəbhədən tez-tez ölüm-itim xəbərləri gəlir, işıl-işıl gənclər həlak olur, kəndlər atəşə tutulur, silahlar susmur. Biz müharibənin doğduğu nəsillərik, görünür taleyimizə bir gözümüz güləndə, digərinin daim nigaran qalmağı yazılıb. 
 
Qarabağ müharibəsi nəticəsində minlərlə insan ölüb, yüz minlərlə insan məcburi köçkünə çevrilib. Bəlkə də dünya miqyasında baş verən müharibələrlə müqayisədə bunlar elə də böyük rəqəmlər deyil. Ancaq müharibə müharibədir, Azərbaycan kimi kiçik ölkə isə ondan lazım olandan artıq təsirlənib. Qarabağ müharibəsi və məğlubiyyət təzəcə müstəqillik qazanan və öz ayaqları üstündə hələ durmağı təzəcə öyrənməli olan ölkəyə hədsiz böyük travma yaşadıb. Belə bir fikir var ki, kiçik, xüsusilə etnik zəmində baş verən müharibələr böyüklərindən daha qəddar olmasıyla fərqlənir, burda yaşanan faciələr də ağır olur. Təkcə balaca bir ölkə daxilində milyona yaxın insanın bir yerdən başqa yerə məcburi şəkildə köç etməsi az şey demək deyil. Müharibədə ölənlərin əksəriyyəti gənclər idi və onların arasında xeyli könüllü də var idi. Müharibələrdə cəmiyyət hər zaman ən yaxşılarını itirir...  
 
Bu yaxınlarda fərqinə vardım ki, zaman keçdikcə bu müharibə barədə daha çox düşünürəm. Qəfildən özüm üçün çox vacib bir şeyi də kəşf etdim, halbuki buna əvvəllər heç vaxt fikir verməmişdim. Birdən  anladım ki, yetkinlik çağımda həyatımda böyük rol oynamış insanların əksəriyyəti Qarabağ bölgəsindəndirlər. Mən özüm tamam başqa bölgədən olsam da, özümdən xəbərsiz hər zaman onlara doğru can atmışam. İlk ciddi münasibət yaşadığım qız, ən yaxın dostlarım, özümə müəllim bildiyim adamlar hamısı Qarabağ bölgəsindən olublar. Nədənsə həyatımda əhəmiyyətli rol oynayan insanlar istisnasız olaraq, müharibədən gələnlər olub. Səbəb nədir bilmirəm. Şüurlu həyatımın müharibəylə başlaması, ilk xatirələrimin müharibəylə əlaqədar olmasıdırmı?.. Dəqiq bilmirəm. 
 
Məni təəccübləndirən şeylərdən biri tanıdığım bu insanların eyni müharibənin ağuşundan çıxıb gəlmələrinə baxmayaraq, hər birinin özünəməxsus hekayəsinin olmasıdır. Onların hər birinin qüssə, hüzn, məğlubiyyət, qorxu, vahimə və utanc hekayəsi fərqliliyi ilə seçilir. Amma  bu insanlar həm də xaraktercə güclü və passionardırlar. Təəccüblüdür, amma yəqin, bu məsələdə hansısa təbii bir qanunauyğunluq var. 
 
Çox təəssüf ki, bizdə ədəbiyyatda, incəsənətdə və digər sahələrdə  Qarabağ müharibəsi mövzusu yetərincə yaxşı işlənməyib. Ölkənin həyatında bu qədər vacib rol oynamış bir hadisə çox vaxt pafoslu, alayarımçıq mətnlərlə, incəsənət nümunələriylə ifadə edilib. Yalnız son illərdə bizdə Qarabağ müharibəsiylə əlaqədar keyfiyyətli sənət nümunələri ortaya çıxmağa başlayır, xüsusilə ədəbiyyatda. Ola bilsin, belə mətnlərin ortaya çıxması üçün müəyyən bir dövr tələb olunur ki, hər şeyə daha uzaqdan və əhatəli baxmaq mümkün olsun. Mənim bu yazımı yazmağıma da belə nümunələrdən biri, Rasim Qaracanın “On bir gecə” hekayələr toplusu səbəb oldu. Rasim bəyin kitabı keçən il nəşr edilsə də, mən onu yalnız bugünlərdə oxuya bildim. 
 
 
Müharibə veteranı Kamil Dadaşovun gündəlikləri əsasında yazılan hekayələr bir əl içim su kimi asanca oxunur...       
 
Qarabağ müharibəsi zamanı 10 nəfər əsgər bir kənddə düşmənin mühasirəsinə düşür. Əsgərlərin arxa cəbhəylə əlaqələri kəsilib, sursatları bitmək üzrədir, yeməyə heç nələri qalmayıb, geriyə də yol yoxdur. Bütün bunlar azmış kimi, neçə gündür yağan yağış kəsmək bilmir, əsgərlərin sığındığı komaya hər tərəfdən su sızır. Gecənin qaranlığı ümidsizlik doğurur, göz-gözü görmür. Əsgərlər səhər tezdən ölüm-dirim savaşına çıxacaqlar... 
 
Bu vaxt onlardan biri maraqlı bir təklif edir, hərə başına gələn ilk sevgi macərasından və qadınla ilk əlaqəsindən danışsın. Və beləliklə hekayələr başlayır. Əsgərlər müharibə və ölüm kimi ən bərbad hisslərin hökm sürdüyü qaranlıq komada sevgi və qadın kimi ən gözəl hisslərin olduğu real əhvalatlarını danışmağa başlayırlar...
 
Mövzu sevgi və sevişmək olsa da, bu hekayələrin heç birində abırsızlıq, mübaliğə və sünilik yoxdur. Hekayələr nəinki əsgərlərin təbii hisslərini, onların müharibədən əvvəl necə həyat yaşadıqlarını, harda nə iş gördüklərini, nələr arzuladıqlarını, həmçinin ölkədə müharibə ərəfəsində və müharibə dövründə hansı situasiyanın yaşandığını da göstərir. Kitabı oxuduqca, Azərbaycanın həmin dövrdəki müxtəlif bölgələri, insanları, həyat tərzləri gözlərinin qarşısında canlanır - Ukraynaya nar satmağa gedən cavanlar, Abşeronun neftli bölgələrində yaşayan insanlar, Bakıda tələbəlik edən gənclər, Arandakı kənd həyatı, fəhlələrin əyləncə gecələri, internat uşaqları, kəndlərdə hind filmləri göstərən işçilər və s. Hekayələrin hər birində kolorit, qəribə işıq, rənglər var. 
 
Ölümə gedən əsgərlər növbə-növbə həyatlarındakı ən maraqlı əhvalatı danışır və susurlar. Məhəbbətini elə müharibədə tapan ən sonuncu əsgərin hekayəsi isə yarımçıq qalır, özü də ən maraqlı yerində... Hekayələr bitir. 
 
Kitabın arxa qapağında Rasim Qaracanın “Könülsüzlər” adlı essesindən bir çıxarış verilib, orada bu cümlələr yazılıb: 
 
“Yəqin ki, bütün savaşlardan sonra mutsuzluq insanların ən böyük problemi olur. Alınan travmanın mənəvi boyutları fiziki boyutlarını üstələyir, ən böyük şikəstliyi post-savaş dönəminin insanları öz könül dünyalarında yaşayırlar. Yəqin ona görə ki, savaş dönəmində bütün könüllülər cəbhəyə yollanırlar, yerdə qalanlar isə yalnız könülsüzlər olur.
 
İnsanlarımız könülsüzləşiblər. Bunun təkcə bir səbəbi var; yaxın Qarabağ savaşında bütün könüllülər cəbhəyə yollanıb və çoxu da həlak olub. Yerdə biz könülsüzlər qalmışıq. Artıq biz nə dostluq etməyi, nə də sevməyi bacarırıq. Qəlb dünyamızda səbəbini fəhm edə bilmədiyimiz bir boşluq yaranıb. Onlar bu millətin, qəlbi, ürəyi, könlüydü”.
 
Rasim Qaracanın “On bir gecə” kitabı Qarabağ müharibəsinə işıq salan və həmin dövrün yaşantılarını əks etdirən gözəl bir əsərdir. Gec də olsa, belə gözəl əsər ortaya qoyduğuna görə müəllifi təbrik edirəm...  
 
Cavid Ramazanlı
 
Qaynar.info
Kultura.az | Developed by Samir Yahyazade