Axmağın qəlbindəki xəzinə...

Публицистика

 
Bilmirəm niyə, amma bir çox insan, xüsusən, yaradıcı olanlar, insanları müxtəlif əsaslara dayanaraq sinifləndirməyi çox sevir. Yəqin, bu, həyatı və insanları anlamağa onlara kömək edir, hər şeyi daha aydın və anlaşılan qılır.  Bu mənada, ən çox sevdiyim sinifləndirməni Nikolo Makiavveli (Niccolo Machiavelli) edib. Onun fikrincə, insanlar üç yerə bölünür: a)dahilər, b) dahi olmayıb amma onları başa düşənlər, c) nə dahi olanlar, nə də dahi olanları başa düşənlər. Bu sinifləndirmədə hamı öz yerini rahatca görə bilər.
 
Rəsmdən başım çıxmır, o mənada ki, mən onu heç bir zaman dəyələndirə bilməmişəm, bilmirəm. Məsələn, adi rəssamın çəkdiyi təbiət təsviri ilə Van Qoqun çəkdiyi rəsmi göstərsinlər, onlardan hansının peşəkar, hansının adi  rəssam tərəfindən çəkildiyini dəqiq deyə bilməyəcəm. Görünən odur ki, bu mənada çox zövqsüzəm. Amma bütün bunlar rəssamların həyatına, onların yaradıcılıq ehtirasına olan marağımı qətiyyən azaltmayıb. Son günlərdə Vinsent Van Qoqun öz qardaşı Teoya və dostlarına yazdığı məktubların toplusunu oxudum.
 
Van Qoq haqqında ümumi olan, hamı tərəfindən bilinən fakt yalnız onun qulağını kəsmiş rəssam olmasıdır. Dahi insanların bu şəkildə adi insanların yaddaşında qalması, təbii ki, adamı məyus edir. Yəqin ki, bu, bütün yaradıcı insanların bəxtinə düşən haldır, onlar adi insanlar tərəfindən həmişə “dəlilikləri” ilə yadda qalıblar.  Makiavellinin sinifləndirməsində üçüncü qrupa daxil olan insanlar üçün bu qədərinin bilinməsi bəs edib.
 
“Dünyanın ən yaxşı qardaşı”-na yazılan məktublar
 
Van Qoqun həyatı indiyə kimi oxuduğum yaradıcı insanlar içərisində ən ağır olanlardan biridir. Daim özünü axtarışda olan, özünü ifadəyə çalışan Van Qoq, həyatını gənclik dövrlərində rəsm əsərləri satmaqla, müəllim olmağa çalışmaqla, kilsədə ruhani olub insanlara xidmət etməklə keçirdir. Həyatın bu dövrlərində qardaşına yazdığı məktublarda o, daima, “yararlı olmaq, dünyada boşuna yaşamadığını, ona verilən həyatın qarşılığını layiqincə vermək” ümidi ilə çırpındığını yazır. Onu həmin dövrlərdə dərindən incidən digər hadisə aşiq olduğu qadının onu rədd etməsi idi. Qadının onun bütün cəhdlərinə “yox” deməsini o, buzla müqayisə edir, “buzların bir gün mütləq əriyəcəyinə” dərindən inanırdı, amma  buzlar ərimir ki, ərimir.
 
Van Qoqun həyatında ən böyük hadisələrdən digəri onun kilsə ilə konfliktə girərək, ayrılması olur. O, kilsə xadimi kimi kömür karxanalarında işləyən insanlara “ruhsal rahatlıq bəxş etmək” üçün onların qaldığı əraziyə köçür. Uzun müddət bu insanları müşahidə edən Van Qoq, fəhlələrin “dəhşətli əzablarının”, onların daima “kədərli gözlərinin, yorğun görüntülərinin” şahidi kimi dərin sarsıntı keçirdir. Bu insanlara Tanrı kəlamı ilə yardım edə bilməyəcəyini anlayan Van Qoq onların yanında yer alaraq, onları “istismar edən burjuaziya” qrupu ilə davaya qoşulur.
 
Kilsənin bu məsələdə kapitalistlərin yanında olması, onun kilsə ilə olan son bağlarını da qoparır. Məktublarda yazmasa da, məlum olub ki, Van Qoq gündəlik çörəyini bu insanlarla bölüşüb, hətta son çarpayısını da yatağı olmayan fəhələrdən birinə verib.
 
Müxtəlif aralıqlarla rəsm satılan qalareyalarda işləyən Van Qoq, insanların həqiqi dəyəri olan rəsmləri anlamamasından, rəsm satan satıcıların rəsmdən, rəssamlıqdan başı çıxmamasından həmişə gileylənir. Özünü heç yerdə tapa bilməyən Van Qoq, nəhayət, rəssam olmağa qərar verir. O, özünün ən böyük ehtirasının arxasınca getmək üçün hər şeydən imtina edir.
 
Və məhz bu andan başlayaraq onun həyatı müdhiş ağrı-acılarla dolub daşır. Onun seçdiyi yol, nə ailəsi, nə qohumları tərəfindən təqdir olunmur. İlk başlarda, onlar bunu “keçici həvəs” hesab edirlər. Belə olmadığı, Van Qoqun son dərəcə ciddi olduğu aydınlaşanda isə ailəsi ilə kəskin mübahisələr yaşayır. O, atası və anasının “onu heç zaman başa düşməyəcəyini”, çünki “onların həyata baxışlarının onun özündən kəskin fərqləndiyini” qardaşına yazırdı.
 
Rəsmlə məşğul olmağa başladıqdan sonra Van Qoq yalnız qardaşının yardımı ilə dolana bilir. O, ömrünün axırına kimi qardaşı Teonun yardımı ilə yaşayır. Ona inanan yeganə ailə üzvü Teo, qardaşının kirayə haqqını, gündəlik qidalanmasını, rəsm üçün lazım olan ləvazimatlarını təmin etməyə çalışır. Bütün bu yardımlara baxmayaraq, Van Qoq daima pis qidalanır, əlində olan pullarının hamısını daha çox rəsm üçün materiallara xərcləyir.
 
Məktublarda ən ağır yerlərdən biri Van Qoqun insanların onun haqqında avaraçılıqla məşğul olduğu fikri ilə bağlı narahatçılığı ilə bağlıdır.  Çevrəsinin nə düşündüyünə laqeyd olmağa çalışan, zaman keçdikcə bunu daha yaxşı bacaran Van Qoq qardaşının da bu fikirləri bölüşməsindən dəhşətli narahatlıq keçirdir. Onu bu həyatda nəyəsə yararlı olması ilə bağlı manyakal bir fikir təqib edir. Məktublarda, onun şiddətli şəkildə özünü biruzə verən rəssam olmaq istəyi ilə, dərin şəkildə özünü hiss etdirən, həyatda yararlı olmaq narahatçılığı arasında sanki bir uçurumu hiss edirsən. Bu uçrumun yaranma səbəbi onun arzuladığı şəkildə rəssam ola bilməyəcəyi, qarşısında qoyduğu hədəfə çatmayacağı qorxusu təqib edir. 
 
O qardaşına yazır: “Sən məndə avaraçılqdan başqa bir şeyin də var olduğunu görə bilsən,  buna çox şad olardım...”
 
“Əksərriyyətin gözündə mən kiməm? Sıfır, heç kim, xoşagəlməz adam, elə adam  ki, o heç bir zaman cəmiyyətdə özünə yer tapa bilməyəcək – heçlərdən heçi. Hesab edək ki, bu belədir. Nə olar, mən zamanla bu heçin, axmağın ürəyində hansı xəzinənin gizləndiyini onlara göstərəcəm”.
 
“Mən nə qədər bədbəxt olsam da, qəlbimin dərinliyində sakitlik, hüzr və musiqiyə bənzər harmoniya höküm sürür. Ən kasıb, kirli yerlərdə rəsmlərim üçün süjet görürəm. Onlar məni özünə çəkir. Bu çəkim gücləndikcə, mənim üçün yerdə qalan şeylər öz əhəmiyyətin, marağın itirirək arxa plana keçir, mənim gözlərim rəsmləri daha aydınlığı ilə görməyə başlayır”.
 
Düşdüyü vəziyyət onu haldan-hala salsa da, o, bütün bunlara “insani həyatın kiçik kədərləri” deyib, daha ali məqsədinə doğru, yəni, rəssam olmaq, incəsənət əsərləri yaratmaq istəyindən bərk-bərk yapışır.
 
Van Qoqun ətrafından, yəni, ailəsindən, dostlarından, qohumlarından, cəmiyyətdən tam qopma anı isə onun “küçə qadınına” yazığı gəldiyi üçün onunla birgə yaşayışa başlaması ilə başlayır. O, cəmiyyətin geriçi dəyərlərini şiddətlə tənqid edir, onları ikiüzlülükdə ittiham edir, öz hərəkətinin daha ali olduğunu qardaşına isbat etməyə çalışır. Məktublarda qardaşı Teonun bununla bağlı narahatlığı hiss  edilir. Amma Van Qoq hər şeydən, hətta qardaşından da imtina edə biləcəyini, amma o qadını yalnız buraxmayacağını dilinə gətirir.
 
Van Qoq ömrünün sonuna kimi, bir gün qiymətləndiriləcəyi ilə bağlı arzusunu daima özündə yaşadır. Yaşadığı “zamanın insanının” onun, onun kimi digər yaradıcı insaların dəyərini bilməməkdə günahlandırır, tarixə ekskursiya edərək demək olar, bütün yaradıcı insanların eyni aqibətlə üzləşdiyini, yəni, zamanında dəyərinin verilmədiyini və bunun onun “yeganə təsəllisi” olduğunu qardaşına yazır.
 
Məktublarda maraqlı məqamlardan biri, Van Qoqun bəddi ədəbiyyata, oxumağa olan münasibətidir. Dövrünün bəddi ədəbiyyatını yüksək dəyərləndirən Van Qoq, Emil Zolya, Onore de Balzak, Carlz Dikkens və digərlərini böyük zövqlə oxuduğunu yazır. O, kitab oxumaqla rəssamlıqla məşğul olmaq arasında parlellər apararaq, rəssamların mütləq kitab oxumalı olduğunu, bunun onları rəsm əsərlərini daha da zənginləşdirəcəyini yazır. O, dövrünün rəssamlarının bədii ədəbiyyat oxumamasını bərk qınayır, onların yalnız rəsm çəkməklə ustalaşacağına olan inanclarını şübhə altına alır.
 
Van Qoqu daima narahat edən digər bir duyğu, onun “gec qaldığı”, buna görə daha çox çalışmalı olduğu hissidir. Bu hiss və xəstəliyi ilə onda yaranan gənc yaşda öləcəyi ilə bağlı öngörməsi, onun ömrünün sonlarına doğru çoxsaylı rəsmlər çəkməsinə təkan veririr. Van Qoqun həyatının son dövrləri, daha çox psixiatrik xəstəxanalarda keçir. O,  xəstəxanada da rəsm çəkməyə davam edir. Rəsm çəkməklə xoşbəxt olduğunu, özünü onda tapdığını yazır.
 
Van Qoq demək olar ki, bütün məktublarında “bir gün rəsmlərinin satılacağına”, qardaşının “onu saxlamaq kimi ağır yükdən qurtulacağına” olan ümidini itirmir. Amma o bütün həyatı boyu,  “Qırmızı üzümlüklər” adlı cəmi bir rəsm əsəri sata bilir. İki il sonra isə o, 1890-cı iyul ayının 27-sində, ağır depressiya halında özünü tapança ilə vuraraq intihar edir. 
 
Məktublarla bağlı daha çox yazmaq olar, amma onun oxunmasını istədiyimdən burada yazını dayandırıram. Hər şey bir qırağa, bu məktublar sözün həqiqi mənasında ədəbiyyat hadisəsidir. 
 
Emin Aslan
 
Meydan.tv
Kultura.az | Developed by Samir Yahyazade