post-title

Yalçın İslamzadə: Elm bütün dinlərin gələcəyidirmi?

Yuval Noah Harari, Homo Sapiensin bu uğurunu təxminən 70 000 il əvvəl başlayan idrak (koqnitiv) inqilabıyla izah edir. Koqnitiv inqilabın əsas aparıcı gücü xəyal edə bilmək idi, mövcud olmayan, ancaq mümkün olanı xəyal edib bunu reallığa çevirmək.

 

Yuval Noah Hararinin “Sapiens: İnsan növünün qısa tarixi” kitabı

21-ci əsrdə, biologiya və onun müxtəlif sahələri ilə əlaqədar araşdırmalar dünyanın anlaşılmasında və dəyişdirilməsində getdikcə daha mərkəzi yer tutmağa başlayır.

Fərdi genetik mutasiyaları nəzərə almaqla insan mərkəzli tibbin yaradılmasından növlərin genom xəritələrinin çıxarılmasına qədər, yeni bitki və canlı variasiyalarının yetişdirilməsindən müxtəlif mədəniyyətlərin formalaşması və yox olmasına qədər geniş spektrdəki mövzularda bioloji baxışın açıqlama gücü getdikcə artır.

Astrobiologiya, molekulyar kimya, təkamül psixologiyası, Yerdən kənar yaşayış koloniyalarının qurulması çalışmaları biologiyanın son 150 ildə əldə etdiyi uğurlar nəticəsində mümkün oldu.

Hətta fəlsəfədə mübahisə tarixinə malik olan obyektiv reallıq və onu bilməyin mümkün olub-olmaması sualı da “növün davamı” prinsipi çərçivəsində öz mənasını itirir - obyektiv reallıq mövzusunda doğru bilgiyə sahib olmasaydılar, bugünkü canlılar həyatda qala bilməzdilər.

Bu bilgi xüsusilə Homo Sapiens üçün həyati əhəmiyyət daşıdı; heç bir fiziki üstünlüyü olmayan, çox uzun və müdafiəsiz uşaqlıq dövrünə sahib olan bu növ ovçu-toplayıcı kimi tapdıqları ilə kifayətlənən kiçik qruplardan milyonlarla əhalisi olan, böyük yerləşimlər quran və qida zəncirində ən üstdə qərarlaşan bir növə çevrildi.

Bir zamanlar eyni anda yer üzərində yaşayan Homo cinsinin müxtəlif növlərindən (soloensis, floresiensis, denisova, ergaster) sadəcə biri (sapiens) bu günə qədər mövcud olmağı bacardı.

Yuval Noah Harari, Homo Sapiensin bu uğurunu təxminən 70 000 il əvvəl başlayan idrak (koqnitiv) inqilabıyla izah edir.

Koqnitiv inqilab Sapiens insanına həyatda qalmaq üçün mübarizədə bioloji prinsiplərdən asılılıqdan qurtularaq, izafi qida yaratmağa və mədəniyyət qurmağa imkan verdi.

Koqnitiv inqilab əkinçilikdə, elmdə və sənayedə inqilablara səbəb oldu.

Koqnitiv inqilabın əsas aparıcı gücü xəyal edə bilmək idi, mövcud olmayan, ancaq mümkün olanı xəyal edib bunu reallığa çevirmək.

“Heyvanlardan Tanrılara Sapiens: insan növünün qısa tarixi” koqnitiv inqilabdan bu günə insanların mədəni tarixini bioloji perspektivdən şərh edən əsərdir.

İmperatorluqlar, maliyyə bazarı, elm, coğrafi kəşflər, sənaye, etika, ailə kimi ən müxtəlif insan institutlarının fərqli - bioloji perspektivdən incələnməsidir.

Harariyə görə, insanın dünyanı anlaması bildiyini fərz etmək yerinə, öz cəhalətini kəşf etməsilə, bilmədiyini qəbul edib bu boşluğu doldurmağa çalşmasıyla başladı.

“70 000 il əvvəl Homo Sapiens Afrikada bir küncdə öz işiylə məşğul olan əhəmiyyətsiz bir canlı idi. Sonrakı illərdə özünü planetin əfəndisinə və eko-sistemin başağrısına çevirən tranformasiyalardan keçdi. Bu günsə yaratmaq və yox etmək kimi ilahi bacarıqları ələ keçirmək ərəfəsindədir.”

Kitab Homo Sapiensin yaşamaq üçün başqa canlıların mərhəmətinə və təbiətdə tapdıqlarına bağlı olan bir növün müəllifin “ilahi bacarıqlar” adlandırdığı biologiya mühəndisliyi, kiborq mühəndisliyi və qeyri-üzvi həyatın yaradılması sahələrində əldə edilmiş uğurlara qədər olan tarixinin bioloji perspektivdən təsviridir.

Sadəcə təsvir deyil, bu gün təbii görünən insan bədəninin analizi və müəllifin insanlığın gələcəyinə dair hipotezlərinin təqdimatıdır.

 

Azadlıq radiosu
 

 

Yuxarı