Terror qurbanlarını fitə basmaq tənliyi

Публицистика

 
 
Halbuki bu iki ölkənin tarixi bir-birinə qarşı amansız müharibələrlə doludur. Elə indi də Fransa və İngiltərə arasında rəqabət var. Amma artıq mədəniyyət də elə bir həddə gəlib çatıb ki, ingilislər əldə Fransa bayrağı tutub bir ağızdan “Marselyoza”nı oxuyurdular. Gözləri yaşardan mənzərə idi...
 
İndi təsəvvür edin İranda baş vermiş hansısa hadisəyə görə, Türkiyədə azarkeşlər İran himnini oxuyurlar, yaxud əksinə. Gürcüstanda baş vermiş hansısa hadisəyə görə, stadionda azərbaycanlılar Gürcüstan himnini oxuyurlar, yaxud əksinə və s. və ilaxır. 
 
Amma bunu təsəvvür etmək mümkün deyil. Ümumiyyətlə, bu coğrafiyada, Şərqin heç bir qarışında belə şeyi təsəvvürə sığdırmaq olmur.  
 
İngiltərə-Fransa qarşılaşmasından saatlar öncə Bakıda Olimpiya stadionunda Azərbaycan-Moldova futbol matçında hakimlər Parisdə qurban gedənlərin xatirəsini anmaq üçün 1 dəqiqəlik sükut elan etdilər. Və stadionda toplaşmış azarkeşlər anım mərasimini fitə basıb protesto eləməyə başladılar. Bakıda yəqin ki, nə vaxtsa hansısa stadionda belə uğultu səsi yüksəlməmişdi. Azarkeşlər anım mərasimini pozurdular. Göz yaşardan mənzərə idi, amma bu dəfə utancdan. 
 
Təxminən eyni vaxtda Türkiyədə Türkiyə-Yunanıstan futbol qarşılaşmasında eyni hal təkrarlandı. Parisdə ölən insanların xatirəsini anmaq üçün sükut elan ediləndə, bütün stadion anım mərasimini fitə basdı. Bu məhz o ölkədə baş verdi ki, bir müddət əvvəl Ankarada terror nəticəsində ölən insanların xatirəsini anmaq üçün Türkiyə-İslandiya futbol qarşılaşmasında 1 dəqiqəlik sükut elan edilmişdi. Onda da bütün stadion anım mərasimini fitə basmışdı. Adamlar öz ölülərini fitə basmışdılar. Öz ölülərini fitə basan təfəkkürün hansısa fransızı anacağını gözləmək əbləhlik olardı. Anmadılar da...
 
Ortada bir fakt var - terror və qurban gedən günahsız insanlar.  Terroru İŞİD adlanan barbar, başkəsən təşkilatın üzvləri törədib. Bu həmən İŞİD-dir ki, müsəlmanların əksəriyyəti onun İslama dəxli olmadığını deyirlər. Amma İŞİD-in öldürdüyü günahsız qurbanların xatirəsi anılanda, özlərini pak müsəlman adlandıranlar bunu fitlə protesto edirlər. İndi necə olsun, kim kimin tərəfindədir, başa düşmək olmur axı...
 
Özlərinə görə səbəbləri varmış. Suriyada, Livanda, İraqda öldürülənlərin diqqətdən kənarda qaldığını, Fransa qətliamının hədsiz şişirdildiyini deyirlər. Və Suriyada öldürülənlərə diqqət çəkmək üçün Fransada öldürülənləri fitə basırlar, anım mərasimini pozurlar. Maraqlıdır, bu adamlar nə elədiklərini özləri də bilirlərmi? Bu, o qədər çətin tənlikdirmi ki, bir ölüyə diqqət çəkmək üçün o birini aşağılamazlar?  
 
Nadir hallarda müsəlmanın əlinə özünü ifadə eləmək fürsəti düşür. Onda da belə... Dünya deyir, terrorun İslama dəxli yoxdu, Parisdə baş verənlərə görə, sıravi müsəlmanlar yox, fanatik terrorçular məsuliyyət daşıyır. Bütün dünyanın diqqət mərkəzində olan futbol qarşılaşmalarında isə özlərini müsəlman adlandıran azarkeşlər günahsız gurbanların anım mərasimini fitə basırlar. Avropa dövlətlərinin zorakı siyasətinə etiraz edirlərmiş. Siyasətə etiraz etmək üçün terror qurbanlarını fitə basmaq nə qədər düzgün taktikadır? Siyasətə etiraz etmək üçün azca da olsa, kreativ olmaq, başqa yol seçmək olmazdımı? Sənin əlində bir dəqiqə vardı, sən o bir dəqiqədən elə istifadə edə bilərdin ki, bütün dünya heyran qalardı, amma sən tamam əksini elədin...
 
Avropa tribunalarında Suriyada, İraqda, Ərəbistanda, Türkiyədə, Azərbaycanda öldürülənlərin anım mərasimi, hansısa müsəlman ölkəsinin himni fitə basılsa, görən nə baş verər? Məsələn, onlar da çox asanlıqla deyə bilərlər ki, bu ölkələrin idarəçiliyi pisdir, ölkə rəhbərləri ancaq özlərinin şəxsi mənafelərini düşünürlər, xalqları əzirlər, demokratiya, insan hüquqlarını tapdalayırlar, təhsil, mədəniyyət aşağı səviyyədədir, xalqların da səsi çıxmır, biganədirlər, ordan Avropaya gələnlər isə potensial təhlükədirlər, ona görə də fitə basırıq... 
 
Amma belə şey mümkün deyil, heç vaxt da olmayacaq. Obyektiv səbəblər buna imkan vermir. 
 
Bir insan üçün dünyada ən vacib şeylərdən biri özünü ifadə etməkdir. İnsan var, özünü ifadə etmək istəyəndə, belinə bomba bağlayıb terror törədir. İnsan var, siyasətə etiraz etmək istəyəndə, günahsız ölənləri fitə basır. İnsan var öz gözündə çöpü görmür, başqasının gözündə tir axtarır, öz eyiblərini düzəltmək üçün çalışmır, əvəzində başqalarını lənətləyir...
 
Doğrudan da, bəlkə yatmış adamı oyatmaq olar, amma özlərini yuxuluğa vurmuşları oyatmaq müşkül məsələdir... 
 
Cavid Ramazanlı 
Qaynar.info
Kultura.az | Developed by Samir Yahyazade