Uşaqlar üçün müharibə kitabı. Balaca qurbanlar faciə haqqında nə düşünürdülər.

Публицистика

 

Yura Leninqrad blokadasını görmüş uşaqlardan idi. O, blokada dövründə anası və bacısı İra ilə Leninqradda yaşayırdı. Yura tək blokada ilə mübarizə aparmırdı, həmçinin özü ilə, vicdanı ilə də mübarizə aparırdı. Son tikəsini ən yaxınları ilə-anası və bacısı ilə bölüşməli idi. İrina İvanovna hələ sağdır və o, azad olunmamışdan əvvəl son dəfə qardaşını necə gördüyünü xatırlayırdı:


Getməyə artıq taqəti qalmayan, sandığa tərəf əyilən anam bütün yol boyu halsız halda “Yurka, mənim Yurkam orada qaldı” deyə onlara səslənirdi. Ananın gücü ancaq balaca qızını Voloqdaya qədər aparmaq və onun gözləri önündə vağzalda ölməyə çatırdı.
Yuranın necə öldüyünü isə heç kim dəqiq bilmir. Təsadüfi halda qardaşının gündəliyi İrina İvanovnanın əlinə keçir və o, öz qardaşının sağ olduğuna inanmaq istəyir. Onu axtarmaq istəyir.. Lakin təhqir və qürur hisləri onu axtarmağa imkan vermir.

Yuranın gündəliyindən parçalar:

Ölümcül aclığın qorxulu qollarından qurtulmaq, öz həyatın üçün qorxmaqdan qurtulmaq, hansısa bir kənddə - təbiətin qoynunda sakit həyata başlamaq, yaşanılmış qorxulu hər şeyi unutmaq... Bax bunlardır mənim bu günə olan arzularım.
Çıxılmaz yerlər. Mən artıq belə yaşaya bilmirəm. Aclıq. Qorxulu aclıq. Anamla və bacım İra ilə birlikdə. Onlardan bir parça çörəklərini ala bilmərəm. Bunu edə bilmərəm. İndi çörək qırıntısının belə nə olduğunu bilə-bilə bunu edə bilmərəm. Bu gün çörəkçidən qayıdanda mən anamdan və İradan 25 qramlıq tutumu olan çörəyi aldım və gizlincə yedim. Uçuruma düşmüşəm və bu uçurumun adı vicdanın olmadığı pozğunluqdur. Necə qəmlidir. Vicdan əzabı çəkirəm. İraya baxmaq necə də üzücüdür. Yemək! 
1941, dekabr

Demək olar ki, mən nə yeriyə, nə işləyə bilirəm. Həmçinin anam da taqətdən düşüb. O artıq yeriyə bilmir, məni tez-tez döyür, danlayır, qışqırır. O, şiddətli əsəb gərginliyi keçirir. Anam mənim bu dəyərsiz görünüşümü-gücsüzlüyümü, aclığımı, əzab çəkən halımı qəbul edə bilmir.
1942, yanvar

Kral aclıq

Leninqrad blokadasının digər qurbanlarından biri də 14 yaşlı Lena İqoşeva idi. O, blokadanın ən ac günlərini yaşayaraq, atasını ititrərək yalnız 1942-ci ildə Leninqraddan xilas ola bildi. Sağ qalmaq möcüzə nəticəsində baş verdi.

Lera İqoşevanın gündəliyindən:


Beynimdə tez-tez uzun cümlələr və mətnlər qururam. Məsələn onlardan biri-Dünyada kral var. O, amansızdır, onun adı-ACLIQDIR.
İkinci pişiyi biz artıq heç bir ikrah hissi olmadan yedik, əsas o idi ki, doyuzdurucu nəsə olsun. Sonra xüsusi aclıq günləri başladı. Mağazalarda qəti heç nə yoxdur. Evdə də demək olar ki, yemeyə heç nə yoxdur. Görünür, pişikləri yeyən tək biz deyildik. İndi küçədə heç bitli pişik də görmək olmurdu...
18-i atam öldü. Anam da xəstə idi. Atam poçtda yaşayırdı. Öncə xəstəxanada yatmışdı və bir az da olsa sağalmışdı. Sonra birdən ishal xəstəliyinə tutuldu - heç nə yeməməyə və qurumağa başladı. 18-i günorta elə oradaca öldü. Həkim dedi ki, atam hələ yanvar-fevral aylarından ölümə məhkum idi. Belə ki, xəstəliyin üçüncü mərhələsinin müalicəsi yoxdur.
Biz onu basdırdıq. Düzdür bunu tabutsuz etdik. Əziz atam, bağışla ki, biz səni ədyala bükərək basdırdıq.

 

Vasya Baranov Drezdendə olan məhbuslardan idi. Drezdenə gedən yolda qonşu kənddən olan , 7-ci sinifdə oxuyan sevdiyi qız Olqa ilə onu Belestokda ayırırlar. Belestoka qədər onlar yük qatarında qonşu vaqonlarda gəlirlər. Onları müxtəlif hərbi düşərgələrə yollayırlar. Xoşbəxtlikdən onlar sağ qaldılar və geri döndükdən sonra evləndilər. Bir oğul və qızları dünyaya gəldi. Vasya klarnetdə çalmağı öyrəndi və bütün ömrü boyu musiqi məktəbində dərs dedi. Olqa isə rus dili və ədəbiyyatdan dərs deməyə başladı. Həyatlarını yaxşı keçirdilər; sevdilər-sevildilər. Lakin Olqa indi təkdir. O, danışırdı ki, əri düşərgədə yazdığı gündəliyi qoruyub saxlaya bilmişdi. Ömrünün sonuna qədər gündəliyi açırdı, oxuyurdu və ağlayırdı. Axı bu gərçək həyatdır...

Vasyanın gündəliyindən parçalar:

Daha neçə ay belə vəziyyətədə yaşaya bilərəm heç özüm də təxmin etmirəm. Qaçmağa çalışdım alınmadı. Yenidən zavoda gətirdilər. Hiss edirəm ki, sağ qala bilməyəcəm. Dünən Qay öldü. Onu maşınla harasa apardılar. Yəni mən də belə öləcəm? 
Bu lənətə gəlmiş qandallar çox ağırdır. Tezliklə onları geyinməyimin bir ayı tamam olacaq, ancaq hələ də öyrəşməmişəm, heç öyrəşməyəcəm də... Naharda biz əlavə yemək üçün dırmaşmağa başladıq. Polyak qadın tam gücüylə bir belorusun başına çömçəylə vurdu. O, qanlı halda yuxarı dırmaşanlardan sallandı. Almanlar və polyaklar bu mənzərəyə baxaraq, bizi donuz adlandıraraq yenidən işə dağıldılar.
İnsan nəyə desən dönüşə bilər. Mənim özümə indi elə gəlir ki, mən sadecə 25975 nömrəsi altında “rus donuzu”yam. Papağımda iş nömrəm var, özümə məxsus nömrə isə cibimdədir. Halbuki boynumda gəzdirməyə məcbur edirlər. Bütünlüklə nömrələnmişəm.
Yenə də gecə növbəsində həmin canavar ustanın yanında işləyirəm. Gecə talonu olanlara sup verirdilər. Adətən talonu olanlar almanlar, fransızlar və belçikalılar olurdu. İtalyanlara isə əlavə də verirdilər. Ruslara heç nə vermirdilər , əvəzində bizləri baş aşpaz yeməkxanadan qovurdu. Mən çıxarkən o, məni 2 dəfə vurdu...
Sevdiyi qız Olya haqqında Vasya gündəliyində bunları yazırdı: Olya adında bir qız sevdim lakin indi onu unutmalıyam. Görəsən o da mənim kimi dərd çəkirmi? Xatirələr insanın qəlbini daha çox incidir.

Ölümlə yan-yana


O, bu qorxulu gündəliyi yazmadı- 14 il ərzində əzbərdən öyrəndi. Bu düşərgələrdə ölümlə yan-yana olursan. “Səninlə nə olacaqsa bu yazılarla da o olacaq”- Maşanın anası belə deyirdi. Maşa cümləbəcümlə təkrarlayırdı.
Ştutqof düşərgəsindən azad olduqdan sonra o, Vilnyusa qayıtdı. Burada atasını tapdı. Artıq atası ikinci dəfə başqası ilə evlənmişdi. Başına gələn hər şeyi hərfinə qədər 3 böyük qalın dəftərə yazdı. Mariya Qriqorevna indi tək Sankt-Peterburqda yaşayır. İşləyir. Yazır. Bütün qəhrəmanları oradandır - zindandan.

Maşanın gündəliyindən parçalar:

Mis qabı əlimdə gəzdirirəm. Baxıram hitlerçi barmağı ilə çağırır. Həqiqətənmi məni çağırır? Qorxaraq yaxınlaşıb gözləyirəm ki, o, nə deyəcək? Məni yanağımdan vurur. Yumruqları ilə döyür. Əlimdəki qabla üzümü gizlətməyə çalışıram, o, qabı əlimdən alıb küncə fırladır. Yenidən döyməyə, kötəkləməyə başlayır. Ayaq üstə dayana bilməyib yıxılıram. Ayağa durmaq istəyirəm lakin bacarmıram. O, isə təpikləməyə davam edir. Dönə bilmirəm-gözümün qarşısında onun çəkməsinin parıltısı var. Ağzı üstə düşürəm.
Binanın bu başından o başına kimi bu canavar hamımızı döydü. Burada çox pisdir. Çünki bu blokların başçısı - Maks – indi bizi döyən adamdır. O, insan cildində şeytandır. Neçə nəfəri o, ölüncəyə qədər döydü. O, özü də məhbusdur. Artıq on birinci ildir ki, öz arvadı və uşaqlarını öldürdüyü üçün həbsxanada yatır. SS-lər (Hitlerin şəxsi mühafizəsi üçün yaradılmış qurum üzvləri; sonradan hərbi düşərgələrə də nəzarət edirdilər) Maksı tərifsiz qəddarlığına görə sevirdilər.
Gözətçi sıradan mən də daxil olmaqla 8 nəfəri seçdi və bildirdi ki, bu “cənazə komandası”dır. İndiyə qədər onsuzda qarışıqlıq idi. Bir neçə gün ərzində ölənlərin meyitləri baraklarda idi. Biz ölüləri soyundurmalı, qızıl dişlərini götürməli və barakın qapısına qoymalı idik.
Sanki mərhum mənə rişxəndlə gülərək öz qızıl dişlərini göstərirdi. Nə etməli? Axı mən onu zorla ala bilmərəm? Gözətçinin görüb-görmədiyini bilmək üçün arxaya baxıram. Kəlbətinlə ağzını açıram. Gözətçi bunu gördü. Məni elə möhkəm vurdu ki, meyitin üstünə yıxıldım. Sıçramaq istəyirəm. Elə bil ki, o, bunu da gözləyirdi. Məni nə isə ağır bir şeylə vurmağa başladı. Mənə elə gəldi ki, başım iki yerə bölündü. Döşəmədə qan var...
Onlar özləri yorulana qədər döyürdülər.

Mən xatırlayıram, qisas alacam

Frida-yəhudi qız, məktəb yoldaşı. Bu ad Kremendən olan 15 yaşlı Roma Kravçenkonun əlyazmalarında bir neçə yerdə keçirdi. Sonradan onun ilk məhəbbətinin adı yer üzündən itən kimi onun yazılarından da yoxa çıxır.
Şəhərin azad olunmasına bir neçə ay qalmış Roma gündəliyi harada gizlətdiyini validenylərinə deyərək Qırmızı Orduya gedir. Romanın atası çar höküməti dövründə zabit olmuşdur. Çardaqda tapılan gündəlik onun əlinə keçən kimi o, bu dəftərçəni nasistlərin işi ilə məşğul olan komiserlərə verir. Romanın yazıları Nürnberq prosesində şahid qismində olurlar. O, evə döndükdən sonra Lvov Universitetində fizika fakultəsini bitirir. Roma Kravçenko 2011-ci ildə vəfat etmişdir. Öldüyü günə qədər arvadı Lyudmila ilə yaşamışdır. Roma öz gündəliyindəki yazılar əsasında kitab dərc etdirmişdir.

Roma Kravçenkonun gündəliyindən parçalar:

Gecə küçələrdə sovet əsirlərini qovurdular. Onlara mal-qaradan da pis davranırdılar. Əsirləri əhalinin gözü qarşısında dəyənəklərlə döyürdülər. Al sənə “alman mədəniyyəti”. 
Gestapoda 23-ü bütün yəhudi ziyalıları toplandı. Onların hamısını orada saxlayırdılar. Bəziləri azad olunur, bəziləri güllələnirdi. 
Dünənki gün təxminən 5 min insan güllələnmişdi. Bizdə şəhərdən kənarda uzunluğu kilometrdən çox olan xəndək var. Qamçılanma prosesi - cəza vermə orada davam edirdi. Yük maşını dayandı, artıq taleləri həll olunmuş məhkumlar maşından düşdülər. Elə oradaca paltarların soyundular. Kişilər və qadınlar bir - bir xəndəyə doğru yaxınlaşırlar. Xəndək xlorlanmış insan cəsədləri ilə dolu idi. Kənarda kəmərinə qədər paltarsız əlində silah iki gestapoçu oturub. İnsanlar xəndəyə düşür. Silah səsləri eşidilir. Bitdi. Növbəti ! 
İnsan son nəfəsində nə düşünür bilmirəm. Fikirləşmək də istəmirəm. Dəli olmaq olar.

Bu gün Fridanı apardılar. Özümə hislərimlə bağlı hesabat verə bilmirəm. Çox ağırdır, utancvericidir. Baş verənlərə laqeydliklə və sevinclə baxanların hansından pis idi ki Frida? O yaxşı və cəsur qız idi. O, ayaqda başını dimdik tutaraq yeriyirdi. Mən əmindim ki, o ölərkən belə başını aşağı salmayacaqdı. Frida, bil ki, mən səni xatırlayıram; heç vaxt unutmayacam və nə vaxtsa onlardan qisas alacam!


Həbsxanadan yazarkən silah səsləri eşidilir. Yenə də! Bəlkə də eşitdiyim silah səslərindən biri Fridanın payına düşürdü. Belə bir vəziyyətdə indi ona daha yaxşıdır. Yox, heç bir halda. Təsəvvür edə bilmirəm: Frida, paltarsız, bədəni ağardılıb. Yaralar. Ətrafda - hər yerdə çoxlu belə bədənlər. Dəhşət. 
Şəhər susdurulub. Küçələrdə insan yoxdur. Hamı gözləyir: indi mənim növbəmdir. İndi hamı, hətta düşmənlər belə bir ümidlə gözləyirlər: bolşeviklər gələcək. Bəs ona qədər necə sağ qalmalı? Danışırlar ki, almanların geri çəkildiyi torpaqlarda canlı ruh qalmır. Biz də istisna olmayacayıq.

Anya Araçkaya gündəliyini cəbhə xəttində, güllələrin yağdırıldığı bir vaxtda yazırdı. Anyanın 9 uşaqlı ailəsi Stalinqradda yaşayırdı. Sonra ailə başçısı olan atalarını öldürdülər. Bundan sonra onlar ac və soyuq Volqa çöllərində sərgərdən dolaşmağa başladılar. Hamısı sağ qala bilmədi. Müharibədən sonra Anya uzun illər mühasib işlədi. 1996-cı ildə vəfat etdi və bundan sonra bacısı Anyanın gündəliyini muzeyə təhvil verdi.

Anya Araçkayanın gündəliyindən hissələr:

Heç düşünməzdim ki, alovun, göz yaşlarının, sonsuz kədərin və soyuğun qoynunda yenidən gündəlik yazmaq həvəsim olar. Bu gün elə bir hadisə baş verdi ki, məni yazmağa məcbur etdi. Hər səhər olduğu kimi, bu səhər də atam yarma bişirmək üçün tonqal qalmağa getməyə hazırlaşırdı. Xəndəyin qapağını açdı və qonşuya qışqırdı: ”Şura, çıx siz sağsınız”. Bu cümlə ilə də onun həyatı yarıda qaldı. Silah səsi eşidildi. Atam yavaş-yavaş xəndəyin pilləkənlərinə sərildi. O, ölmüşdü, düzdür nəbzi və ürəyi hələ də döyünürdü. Qan çox axırdı; elə bil fontan kimi açılmışdı. Mən barmağımla qanı saxlamağa başladım ancaq barmağım asanlıqla güllə yerinə daxil oldu. 
Biz ölmüş atamızla susuz, yeməksiz və yuxusuz elə beləcə də oturduq. Həmin gün çox adam öldü lakin ilk ölən mənim atam idi. Xəndəyin yanında bizim qonşularımz öldü. Nə qədər də döyüşçülər öldürülmüşdü...
Biz keçidə çatana qədər dəhşətli bombalanma və atışmadan keçməli olduq. Bu il payız tez gəldi. Soyuq yağışlı-qarlı havalar başlamışdı, lakin bizim geyinməyə heç nəyimiz yox idi. Heç kim bizi gecələmək üçün evinə buraxmırdı. Bizim heç onlara gecə üçün verməyə pulumuz da yox idi. Beləliklə biz buz kimi yağışın altında donurduq....

 

Aif.ru

Tərcümə: Asya Cəlilova

 

Kultura.az | Developed by Samir Yahyazade