Puşkin necə Biləsuvar oldu?

Публицистика

 
 
Yaxşı, mən razı. Ölkədə həqiqətən yaxşı işçi, normal kadr tapmaq çətindir. Gərək, küçəyə çıxıb fənərlə axtarasan. Amma ortaya belə bir sual çıxır:  Necə oldu ki, vəziyyət bu həddə gəlib çıxdı?
 
Səbəblər çoxdur. Hər bir azərbaycan ailəsinin evinə soxulub uşaqdan böyüyə kimi hamısının beyinlərini yuyan, onları bayağılaşdıran televiziya kanallarından tutmuş, əsil günahkarlar qala-qala yumurtanın qiymətini süni qaldıranların cəzalandırılacaqlarını dövlət səviyyəsində bəyan edilməsinə, ölkədə istehsalı vacib olan kabab şişinin milli məclisdə əsas məsələ kimi müzakirəyə çıxarılmasına qədər çox səbəb saymaq olar. Biyabırçı təhsil, bərbad səhiyyə, qanunların işləməməsi, rüşvət, korrupsiya, seçki saxtakarlığı. Saymaqla bitməz. Bunu hamımız bilirik. Bilməyənlərdə özlərini bilməməzliyə vururlar.
 
Mən isə bu yazımda dillər əzbəri olmuş məhşur keçid dövründən danışacam. Bu hadisə uşaqlıq dövrümə düşdüyü üçün yaddaşımda asılıb qalan dumanlı xatirələrdir. Böyüyüb, boya-başa çatdığım Biləsuvar rayonu Sovetlər dövründə böyuk şair Puşkinin adını daşıyırdı. Keçid dövrünü elə bu rayonda yaşamışam.
 
Puşkin necə Biləsuvar oldu? Hə indi bəziləri deyinəcək ki, bu nə məntiqdir, Biləsuvar Puşkin olub. Ay aman qoymayın, vətən xaini gəldi…Mən isə deyirəm, şəhər o zaman şəhər olur ki, orada mədəniyyət inkişaf edir. Kitabxanalar, kinoklublar, şahmat məktəbi, incəsənət məktəbi, mədəniyyət evi tikilir. Bu mədəni proses isə Puşkin adı altında baş vermişdi.
 
Bu yazını nağıllardakı “biri vardır, biri yoxdur” kimi miskin cümlə ilə də başlaya bilərdim. Həqiqətən uşaqlıq illərim indiki dövrümüzə baxanda bitmiş, reallığı mümkün olmayan nağıla bənzəyir desəm, yanılmaram.
 
Rayonumuz cox da böyük deyildi. Ailəmiz isə kiçik, sadə müəllim ailəsi idi. Atam aran çöllərində oba salmış, böyük mal-qara sürüsü olan çoban oğlu idi. Buna baxmayaraq o, obalarından uzaq kənd məktəblərinin birinə təhsil almağa həvəslə gedirmiş. Adi kənd məktəbində qazandığı biliklər, beyninə hopan geniş, rəngli həyat axtarışı ucqar, kimsəsiz səhrada gözünü açandan inək, qoyun-quzudan savayı bir şey görməyən çoban oğlunu rəssam olmağa həvəsləndirmişdi. Bu həvəs onu ətrafına qarşı özünü yad hiss etdirərək, kanalın dibində oturub xəyallara dalmağa, uzaqda dumanlı görünən arzular qurmağa vadar edirdi.
 
Bu arzulara çatmaq üçün isə o, üzərində dayanmadan gece-gündüz işləyir. İstəyinə qismən nail olur. Əzim Əzimzadə adına rəssamlıq texnikomunu bitirir. Yolu davam etdirməyə gücü çatmasa da  anlayır ki, qayıdışı onu məhv etməyəcək. Rayonda işləyəcək, ailə qurub bu sənətlə ailəsini dolandıra biləcək. Və belə də olur. İlk uşaqlıq yaddaşım boş qonaq otağımızda döşəmədə böyük qırmızı parçalara ağ rənglə yazılmış şüarları seyr etməklə başlayır. Mən fırçanı götürüb rəngə batırıram, fırça əlimdən rəngin içinə düşür. O, isə üzümə baxıb gülümsəyərək fırçanı rəngdən götürüb silir və mənə uzadır. İndiyə kimi bu işıqlı hadisə yaddaşımdan silinməyib.
 
Rayona tez-tez teatr truppası, sirk gələrdi. Deyilənlərə görə, bir dəfə də səyyar zoopark gəlibmiş. Bayramlarda bizə yeni paltar geyindirərdilər. Bir əlimizdə kiçik qırmızı bayraq, bir əlimizdəndə valideynimiz tutub Cəfər Cabbarlı küçəsi ilə Axundov küçəsinə tərəf gedərdik. O Axundov küçəsi ki, geniş, başdan-başa alçaq çəpərlərlə əhatələnmiş güllü-çiçəkli bağçalarla dolu olan küçə idi. Puşkin Biləsuvar olanda, bu küçədən Axundovun adını birdəfəlik siləcəklər, alçaq çəpərlərisə böyük divarlar əvəzləyərək çiçəkli bağçaları görünməz edəcək. Sonralar “yaxşı edib, o kafirin adını küçədən yığışdırdılar!...” kimi quyunun dibindən gələn dəhşətli səs qulağımın pərdəsini yirtaraq orada uğuldayacaq.
 
Bütün bayramlar demək olar ki, Axundov adına küçədə keçirilirdi. Ömrümün ilk “parad”ını ucqar aran rayonunda, o küçədə görmüşdüm. Hər bayramda nə Hollandiyadan gətirilən bahalı güllər olurdu, nə də uzunluğu əlli metrə çatan tort. Bayramları bəzəyən insanların sevinci, uşaqların əllərində rəngli şarlar, bir də ucuz qırmızı kətanlara atamın və başqa rəssamların yazdığı şüarlar idi. Sərhədin o tayında olan Biləsuvarda isə insanları ibtidai qaydalarla dar ağacından asırdılar. Xəbərimiz yox idi o tərəflərdən. Bir şey yadımdadır. Sanırdım ki, gün batan yerdə ilanlar yaşayır.
 
O vaxtlar rayonda indiki kimi də heykəllər var idi. Puşkinin büstü, rayon parkında Leninin bütöv fiqur heykəli, idmançılar, kolxozçu qız. Amma bunlar çox pul aparmayan, ucuz sementdən tökülmüş heykəllər idi. Nə Puşkin adına müzey, nə də Lenin adına mərkəz var idi. Uşaqlığımın ən gözəl xatirələrindən biri də, rayonun məhşur dairəsində olan monumental döymə barelyef idi. Ömrümdə ilk gördüyüm orijinal döymə sosrealizm əsər. Sonralar onu “ermənilərin əl işidir” deyib, məhv edəcəklər.
 
Elə həmən dairədə Marksın, Engelsin, Leninin birgə məşhur plakatını yenidən çəkmək istəyən atama daş atan sinif yoldaşlarımın bu hadisəni məktəbdə ləzzətlə danışmaqlarını dinləyəcəm. İranla sərhədlər açılanda o tayda qalan qohumlarımızı görməyə gedərkən sərhədi keçən kimi, öz dilimdə hambal sözünü eşidib, əsil canlı hambal görəcəm. Bəziləri düşünə bilər ki, sovet ittifaqını bəyənənlərdənəm, indi həyatından bezmiş təqaüdçü kimi o dövrləri arzulayıram. Əsla belə deyil. Quruluşun səhvləri, boşluqları çox idi. Bu səbəbdən duruşa tab gətirə bilmədi. Mənim çatdırdığım isə mədəniyyətdən və bu mədəniyyətin kiçik bir rayonda necə iflasa uğramasından gedir.
 
Puşkin oldu Biləsuvar. Qovuşdu sanki o taydaki Biləsuvarına. Onun kimi oldu. Yaşadığım Cəvər Cabbarlı küçəsinin adı dəyişildi. Əvvəllər gecələr gizli uçan ələmlər indi gündüzlər də açıq-aydın uçurlar.  Ailədə içi mən qarışıq hamı namaz qılmağa başlayır. Vəziyyətimiz getdikcə ağırlaşırdı. Hiss edirdim, uçuruma yuvarlanırıq. Mənim rəssamlığa olan həvəsim isə ailədə tez-tez müzakirə olunurdu. Artıq rəssamlıq ailədə uğursuz sənət hesab olunur. “Bəlkə zərgər olasan, o da rəssamlığın bir növüdür? “ təklifi qarşısında o zamanlar nə qədər əzab çəkdiyimi, əzildiyimi indi yaza bilmirəm. Bu tək ailə faciəsi deyil, tək rayonun deyil bütöv ölkənin faciəsi idi. Bu faciədən beş-altı nəfər sağ çıxa bilibsə, o da öz səyləri nəticəsində olub. Əgər bir millət vəkili iyirmi altı dəfə həccə gedirsə, digəri xalqı “vorzakon”a hörmət etməyə çağırırsa, AzTv-də ABŞ-ın ştatlarından birində baş verən zəlzələ xəbərlərinə baxıb: “Onlar Allahın qəzəbinə tuş gəliblər!” deyən mömin atama nə deyə bilərəm?
 
Sadəcə baxıb, gülürəm…
 
Gündüz Ağayev
Meydan.tv
Kultura.az | Developed by Samir Yahyazade