Humanist devalvasiya

Публицистика

 
 
Fikrimcə, bizim şanlı hakimiyyətimiz devalvasiyada, manatın öldürülməsi, uca millətimizin canının alınması prosesində də humanist üsulu seçməklə xalqımıza hörmət elədi. Qiyməti yavaş-yavaş qaldırsaydılar xalqımız stress keçirərdi, yeməli olmazdı. İndi isə 21 dekabr zərbəsinin şokundan özünə gələ bilmir. Rahatca basıb yemək olar. Həm torda, həm yağda qızartmaq mümkündür. 
 
Manatın dünyasını dəyişməsindən hardasa bir həftə qabaq uşağın məktəbində unikal əhvalat olmuşdu. Uşaq pul istədi, dedi sinif yoldaşlarımızla şəhərə gəzməyə gedəcəyik, sinif rəhbərimiz də bizimlə gedir. Açığı, sinfin kollektiv səfərinə, müəllimin də onlarla yaxınlığına ürəyimdə şad oldum. Fikirləşdim yəqin hansısa muzeyə, teatra-filana da baş çəkərlər. Marşrut isə mənim bütün gözləntilərimə satira idi: uşaqlar “28 mall” alış-veriş mərkəzində gəzməyə gedirmiş. Orda toyuq qanadları yeyəcəklərmiş. Paltar dükanına baxacaqlarmış. Və sairə. Özü də uşaqlar belə qərara gəlib, müəllim etiraz eləməyib, guya onların seçiminə buraxıb. (Açığı, son vaxtlar ölkədə heç kimə inanmaq olmur - nə uşağa, nə böyüyə. İstəsəniz bu yazıya da inanmayın). 
 
Dünən bir dükana girib mallara baxıb çıxandan sonra birdən o səfər yadıma düşdü. Uşaqlar necə də uzaqgörəndir! Axı hazırkı qiymətlərlə bizim dükan-bazar elə muzey kimi bir yerə çevrilib. Eksponatlara, bahalı “sənətkarlıq” nümunələrinə pulsuz tamaşa etmək mümkündür. Bizə bu şəraiti yaratdığı üçün respublika rəhbərliyinə dərindən minnətdarlığımızı bildiririk. Baxmağa qoymasalar nə edərdik? 
 
“Nə edək” söhbəti də tragikomik nəticələr yaradır. Devalvasiyanın səhəri günü bir tanış dükançı mənə dedi ki, niyə tərpənmirsiniz, müxalifət hara baxır və sairə. Tanımasan Babəkin nəslindən olduğunu zənn  edərsən - o dərəcədə ağzından alov yağırdı. Dedim, vallah, mən 30 ildir icazəli-icazəsiz bütün mitinqlərə getmişəm, ancaq səni bir dəfə orda görməmişəm, indi xeyir ola? Dedi, doğru buyurursan, ancaq indi mitinq edin, gələcəyəm. Dedim, açığı, bu saat mənə mitinq lazım deyil, köhnədən bir-iki kilo qarğıdalı almışam, onları popkorn edib vəziyyətə tamaşa eləyəcəyəm. Nə desə yaxşıdır? “Qarğıdalını neçədən almısan?” Gör nə müdrik xalqdır...
 
Ta söz düşüb, bir dəyərli ziyalımızın da devalvasiyaya münasibətini öyrənsəniz yaxşı olar. 
Keçən yazılarımdan birində millətə “filan vaxt yazdıq, qulaqardına vurdunuz” tipində minnət vuranlardan bezdiyimi yarızarafat qeyd etmişdim. Doğrudan da, köhnə palanı tökməyin faydasını görmürəm. Yazımda xüsusi vurğuladığım kimi: əgər xeyri olmayıbsa, yada salmağın nə xeyri var? Bundan sonra yazıçı-publisist Seymur Baycandan qəzəbli məktub aldım: “Bulvarı icarəyə verək” başlıqlı yazınızı oxudum. Ola bilsin hər kəsin “mən bunu demişdim, filan, falan” deməsi səni qıcıqlandırıb. Ancaq bir yada sal, Bayraq meydanına, Evrovizion-a, Avropa oyunlarına görə bizim nə qədər zəhləmizi töküblər, axmaq-axmaq fikirlər söyləyiblər. Bəziləri bilməyərəkdən, bəziləri bilərəkdən. Xalq doğrudan da bununla fəxr edirdi. İndi fəxr etdikləri şeyləri gözlərinə soxmaq lazımdır. Hər ... (bu yerdə ziyalımız bir neçə söyüş yazıb - Z.H.) bizə örnək göstəriblər. Niyə indi biz onlara “Gördünüz?!” deməyək? Gürcüyə lağ edirdilər. Bu nə şəhərdir deyirdilər. Pul qudurtmuşdu, gözləri ayaqlarının altını görmürdü, biz də yetimçə kimi qalmışdıq, onlara heç nə başa sala bilmirdik. Vəziyyət dəyişməsə belə davam edirdilər. Bir çox insanlar var ki, mövqelərini, vəzifələrini itirməyincə hansı səviyyənin adamı olduqlarını onlara əsla başa salmaq mümkün deyil".  
 
Bu da xalqın ziyalısının mövqeyi... Axı problem ondadır ki, qəzet oxuyan adamlar çox az idi, onlar da vəziyyəti bilirdilər. O kəslər ki, indiki günü görmürdülər, onlar da qəzet oxuyan deyil. Özümüz deyib, özümüz eşidiriksə, “gördünüz?!” sözü kimə ünvanlıdır? 
 
Əlbəttə, bankda hesab açıb özünə büst qoydurmaq istəyən yazıçıdan xalqa ayrı münasibət gözləyə bilmərik.
 
Zamin Hacı
 
Musavat.com
Kultura.az | Developed by Samir Yahyazade