Böhranın xoş məqamları

Публицистика

 
 
Manat böhranının müsbət tərəflərini görməyə və mümkün qədər praqmatik yanaşmağa çalışıram.
 
Böhranın nəhayət ki, azərbaycanlılarda istehlakçılıq mədəniyyətinin formalaşmasına təkan verəcəyinə ümid edirəm. Məsələn, sıravi azərbaycanlı qohum-qonşuya, dosta-düşmənə acıq vermək üçün təmtəraqlı toy-nişan eləməyəcək. Düşünürük ki, toy süfrəsində təam azlığı, ucuz restoranlarda şadyanalıq eləmək bizim nüfuzumuzun əskikliyi, qürurumuzun aşağılanmasıdır. Qürurunu, adını-sanını süfrə, bahalı restoranla ölçən azərbaycanlı toyun iki nəfərin şəxsi işi olduğu, mərasimin qənaətcil, məhdud dairədə keçirməsi fikrinə gələcək. Və bəlkə indi anladı ki, qürurun, milli kimliyin təmtəraqlı toy-nişan ənənəsi ilə heç bir əlaqəsi yoxdur. Əgər belə olsa, hesab edin ki, bu, bizim təfəkkürümüzdə və məişətimizdə ciddi innovasiyadır.          
 
Facebooku dolduran hər gün “mən indi filan restoranda, ya kafedeyəm, pizza yeyirəm, ya vanilli kappuççino içirəm” kimi istehlak mədəniyyətsizliyindən xəbər verən, bir-birini təkrarlayan məzmunsuz fotolar azalacaq. Artıq böhran dövründə belə bir fotonun paylaşılması etik məsələyə çevriləcək.
 
200 manat maaşla 1500 manatlıq mobil telefon və ya 40 min dəyərində maşın (qızıl, brilliant, mebel və s.) kreditə götürən, sonra onu ödəyə bilməyib stress keçirən, dərddən xəstəlik tapan insanlar anlayacaq ki, əşya nüfuz göstəricisi deyil, o, elə əşyadır. Vəssalam. Bütün əşyalar insanın rahatlığına, sağlamlığına xidmət eləməli və zəruri tələbatlarını ödəməlidir.
 
Müğənnilərin saytlarda, telekanallarda prioritet mövzusu olan toy söhbətləri yığışdırılacaq. Ola bilsin, ümumiyyətlə, onlar artıq gündəmi az zəbt eləsinlər. Azərbaycanlı borca-xərcə düşüb Nadir Qafarzadəni və ya Röyanı toyuna çağırmağı özünün həyat amalına çevirməyəcək. Əyalət təfəkkürlü müğənnilər də anlayacaq ki, onlar dünyanın ən məşhur, nüfuzlu adamları deyillər. Yeri gələndə vergi ödəmədiklərinə görə cəzalandırılacaqlar. Maddi problemlərə başı qarışan əhali üçün də onlar dəbdən düşəcək.
 
Sosial şəbəkələrdə istifadə elədikləri brend markalardan çanta, aksessuar, ayaqqabı və s. paylaşan az maaşlı qlamurlar üçün bu, aktuallığını itirəcək.
 
Tiflisə gedib, oradakı sovet binalarını bəyənməyib ürəyi sıxılanlar, bu boyda şəhərdə bir normal alış-veriş mərkəzi, dükan olmadığına görə “püfff” deyənlər daha “püff” edə bilməyəcək.
 
Kənddə təsərrüfatla məşğul olmağa ərinib, şəhərə axışan qohum-əqrəbalarım yurdlarına dönəcək, əkib-becərəcəklər.
 
Çoxdan “Qab-qacaqmaniya” adlı yazı yazmışdım. Məqalədə yaşamımızın mühüm parçasına çevrilən, evin salonunda servanta yığılan, illərlə istifadəsiz qalan, cürbəcür, növbənöv məişət əşyalarına hərisliyimizi tənqid eləmişdim. Bir xanım belə rəy yazmışdı ki, qab-qacaqlar estetikliyə xidmət edir. Bəlkə böhranda qadınlar anlayacaq ki, estetika qab-qacaq demək deyil, bu, çox daha dərin anlayışdır.
 
Sevda SULTANOVA  
 
Kulis
Kultura.az | Developed by Samir Yahyazade