Klassik musiqi sədaları altında batmaq

Литература

 
 
Birdən necə oldusa, söhbət Şimali Koreyadan düşdü. 
 
Dostlardan biri dedi ki, gözləyin, internetdə Şimali Koreya haqda maraqlı məlumatlar var onları tapım oxuyaq. Məlumatarı oxuduqca gülürdük. Düzdür, bunların bir çoxunu eşitmişdik, amma bəziləri vardı ki, bunları həqiqətən də, eşitməmişdik. Məsələn, Kim Jong İlin rəsmi bioqrafiyasında yazılıb ki, o doğulduqdan 3 həftə sonra gəzməyi öyrənib, 8 aylığında isə danışırmış. Kim İl Sung Universitetində oxuduğu zaman isə 1500 kitab yazıb və s. bu tipli bir xeyli məlumat...
 
İçkinin təsiri, məlumatların da gülməsi olması otaqda əməlli-başlı səs-küy yaratmışdı. Sonra aram-aram bu gülüş səsləri kəsilməyə başladı. Sanki özümüzə gəlirdik. Və dostlardan biri dedi ki, bizim ölkədə də aşağı-yuxarı xeyli belə gülməli hadisə var. Normal düşüncəli yad bir insana bunları danışsaq, o da gülər. Ona desək ki, müəllim məktəbdə ona görə dərs demir ki, şagirdi evdə yanına pulla gəlib hazırlaşsın və ya biz universitetə girəndə oxumamaq üçün müəllimlərə pul paylayırıq, ya da ölkədə 100% devalvasiya baş verir, iqtisadçılardan, rəsmi şəxslərdən əvvəl JEK müdiri çıxıb hər şeyin qaydasında olduğunu deyir - uğunub gedər... Əslində, hadisələr arasında bəzi fərqlər olsa da, mahiyyət eynidir. 
 
Dünən də Kultura.az saytında Hans Xristian Andersenin "Kralın təzə libası" nağılını oxudum. Əsərin məğzi budur: iki fırıldaqçı əyalətlərin birinə səfər edir. Sonra da xəbər yayırlar ki, bəs onlar, misli-bərabəri olmayan, heç kəsin ömründə görmədiyi parça toxuya bilirlər. Parçanın qeyri-adi gözəlliyindən, bəzək və rəngindən başqa, qəribə bir xüsusiyyəti də var: bacarmadığı işdə işləyən, başıboş, küt adamların gözünə görünmür. Xəbər qısa zaman ərzində Krala çatır. Kral fikirləşir ki, bах, bu, qiyamət libas olacaq! Onda biləcəyəm mənim əyanlarımdan kim öz yerındə deyil, kim ağıllıdır, kim axmaqdır. Qoy bu parçanı mənim üçün tez toxusunlar. Fırdaqçılar buna görə xeyli pul alırlar. Günlərlə özlərini gərgin işdə çalışırmışlar kimi qələmə verib guya libas toxuyurlar. 
 
Bir müddət keçdikdən sonra kral işin nə yerdə olduğunu öyrənmək üçün fırıdaqçıların işlədikləri yerə iki tanımış vəzirini göndərir. Vəzirlər ilk olaraq, heç nə görmədiklərini demək istəsələr də, birdən yadlarına düşür ki, bu an kral onları cəzalandıra bilər. Həm də insanlar arasında biabır olub, urvatdan düşəcəklər. Buna görə parçanın gözəlliyi, onun naxışların necə incə və dəqiq olması barədə danışırlar. Nəhayət, kral libası görmək istədiyini bildirir. Saray adamların müşayiətilə həmin yerə gedir. Kral içəri girdikdə heç bir libas görmür. Amma bunu uca səslə deyə bilmir. Düşünür ki, biabır olacaq, xalq onu krallığa yaramadığını söyləyəcək. 
 
Buna görə sakitcə hər şeyin çox dəqiq və gözəl olduğunu bildirir və nəhayət, kral saray adamların müşayiəti ilə insanların arası ilə təntənəli sürətdə keçir.
 
Hamı yerdən libasın çox gözəl olduğunu və krala yaraşdığını söyləyir. Amma birdən kiçik bir oğlan uşağı kralın çılpaq olduğunu qışqırır. Sanki insanlar ayılır və hamı birdən uşağın dediyini təkrar edir. Kral isə özünü o yerə qoymayıb, mərasimi tamamlamaq üçün özünə daha da möhtəşəm görkəm verərək irəliləyir.
 
Kiçik bir nağıl, hadisəni necə gözəl izah edirsə, hər şeyin çılpaq olduğu aydın görünür. Məncə, ədəbiyyatın gücü məhz bundadır. Sanki bu kimi əsərlər illər, əsirlər keçsə də, günümüzə nəzərən yazılır. 
 
Məsələn, son zamanlar baş verən hadisələrə qayıtsaq, bunu daha da aydın görəcəyik. Neftdən milyardların gəlməsi çoxunu xumarlandırdı, pul ağıllarını əllərindən aldı. Başladılar nə gəldi danışmağa. Hələ bəziləri ölkəni dünyanın supergücləri ilə müqayisə etdi. Beləcə, dünyanın ən bahalı yollarını çəkdilər, yol qıraqlarına mərmər düzdülər, fontanlar, parklar, idman kompleksləri, bahalı restoranlar və daha nələr... Bütün bunların fonunda isə təhsili öldürdülər, kitab mağazalarını bağladılar, aydın insanları ölkədən didərgin saldılar, burada qalanları isə "Kürdəxanı Universiteti"nə göndərdilər. 
 
Amma son hadisələr hər şeyin mif olduğunu aydın əks etdirdi. 
 
Sən demə, ən zəif valyuta da, MDB-də ən az orta aylıq gəlir də, ən böyük infilyasiya da bizdəymiş. İndi ölkə "Titanik" filminin sonunu xatırladır. Yəqin, filmə baxanların yadına düşər. Gəmi nəhəng bir aysberqə dəyir və gəmi zədələnir. İçəriyə güclü su axır, kapitan isə insanların xəbəri olmasın deyə əmr edir ki, klassik musiqi çalınsın.
 
İndi ölkədə durum buna bənzəyir. Gəmi batmaq üzrədir, bütün təşkilatlar həyəcan siqnalı çalır, amma yenə də çıxıb iqtisadi inkişafdan, gələcəkdən danışırlar...
 
Elkin Xəlilov
 
Qaynar.info
Kultura.az | Developed by Samir Yahyazade