Tural Hüseyn: İnsan təbiəti və tək adamlılıq

Публицистика

 

İnsanlar tarix boyunca mərkəzi bir idarəetmə sisteminə ehtiyac duyublar və onu qurub inkişaf etdirməyə çalışıblar. Bu inkişaflardan biri kimi hakimiyyətin tək adamın idarəsi altında qalmasını yox, müxtəlif orqanlar arasında bölünməsini seçməklərini də saymaq olar. Siyasi inkişaf yolunu keçmiş dövlətlərdə qanunverici orqan, icraedici orqan və məhkəmələr bir-birindən müstəqil şəkildə işləyirlər. Bu isə, hakimiyyətin ayrı-ayrı vəzifələrinin daha effektiv işləməsinə, siyasi gücün sui-istifadə edilməməyinə təkan verir. Bəşər tarixi hakimiyyət bölgüsünü əldə etməzdən əvvəl bir neçə mərhələlərdən keçmişdir. İdarəetmə sistemlərində olan bu siyasi dəyişikliklər və inkişaflar insan təbiəti ilə birbaşa bağlı olduğu üçün bunu eyni zamanda, təbii bir prosses adlandırsaq, yanılmarıq. Belə ki, insan təbiətində canını və sahib olduqlarını qoruma, ədalət, azadlıq, haqqsızlığa qarşı gəlmək kimi hisslər mövcuddur.

Əgər bu dəyişikliklər təbii bir prossesin nəticəsidirsə, bəs onda necə ola bilər ki, insanlar hakimiyyətdə olan tək bir şəxsin hər sözünə tam etimad göstərə bilir və onun heç kim qarşısında hesabat verməməyi insanları narahat etmir - yəni, insan öz təbiətindən necə qaça bilir?

XVI-XVII əsrlərdə yaşamış siyasi mütəfəkkir Tomas Hobbs insan təbiətinin mənfəətçi və şiddətə meyilli olduğunu qeyd edir və inanırdı ki, idarəetmə sistemləri olmadığı zamanlarda həyat amansızlıqlarla dolu yoxsulluq və səfalət içərisində keçib. Insanlar sağ qalıb yaşamaq və ya daha yaxşı yaşamaq üçün bir-biri ilə savaşıb. Hobbs bu savaşı “hər kəsin hər kəslə olan savaşı” adlandırdı. Bu savaşdan çıxmaq üçün insanlar tək bir idarəçi altında (Hobbs bu idarəçiyə “Leviathan”-yəni, dəniz canavarı adı verirdi) bütün səlahiyyətlərindən imtina edərək ictimai bir müqavilə əsasında birləşməli və heç bir şərt olmadan onun qoyduğu bütün qanunları qəbul etməlidir. Bu idarəçiyə mütləq hakimiyyət verilməlidir və insanlar ondan qorxmalıdır ki, qanunları pozmasınlar. Əgər pozub iğtişaşa səbəb olsalar, idarəçi insanlara qarşı təzyiq göstərə bilər və hətta, zor tətbiq edə bilər. Hobbs hakimiyyətin bölünmə prinsipinə də qarşı idi, o, bu fikri suveren gücü məhv etmək kimi qəbul edirdi. Suveren gücün məhv olmasını da yenidən insanların təbiətlərinə qayıtmağı kimi şərh edən Hobbs, hakimiyyətin tək bir hakimi-mütləqin əlində - hər nə olursa olsun ona etiraz edilmədən, qarşı çıxılmadan və ondan heç bir hesabat alınmadan - qalmağının tərəfdarı idi.

XVIII əsrdə yaşamış başqa bir siyasi mütəfəkkir Jan Jak Russo isə insan təbiəti haqqında Hobbsla tamamilə əks fikirdə idi. O, insan təbiətinin mərhəmətli, comərd, şəfqətli olduğuna inanırdı. İddia edirdi ki, idarəetmə sistemi olmadığı zamanlarda insanlar arasında rəqabət yox idi və onlar sadəcə öz canlarını qorumaq üçün yaşayırdılar, buna görə də aralarında heç bir münaqişə baş vermirdi. Russo qeyd edir ki, bir torpaq hissəsini ələ keçirib “Bura mənimdir!” - deyən və buna insanları inandıran ilk adam sivilizasiyanın banisidir. İnsanların ailə qurmağa, mal-mülk sahibi olmağa başlaması ilə rəqabət və bərabərsizlik yarandı, bu isə, onları dövlət qurmağa məcbur etdi. Russo, təbiət halının daha yaxşı olduğuna inansa da, sivilizasiyanın inkişaf etməsi ilə birlikdə ona geri qayıtmağın mümkün olmadığını bildirir. Hobbsdan fərqli olaraq o, daha demokratik (nümayəndəli olmasa da, bilavasitə demokratiyanı dəstəkləyirdi) bir idarəetmə sisteminin tərəfdarı idi. Bu dövlətdə xalqın əmlakının və ailəsinin mühafizəsi, dövlət tərəfindən mənimsənilməməsi kimi “ümumi maraqlar” mövcud olmalı və dövlət başçısı buna uyğun hərəkət etməlidir, etmədiyi təqdirdə isə, Hobbsun yaratdığı dövlətdən fərqli olaraq xalqın etiraz etmək və hakimiyyəti ondan almaq hüququ vardır.

Tədqiqatlar göstərir ki, ilk dəfə Aristotel hakimiyyət bölgüsündən öz əsərlərində bəhs etmişdir. Müasir dövrdə isə Con Lokk ilk dəfə dövlət qurulduqdan sonra hakimiyyətin kral və parlament arasında bölünməsini təklif edib. Fransız siyasi mütəfəkkir və hüquqşünas Monteskyö isə hakimiyyətin 3 idarəetmə sisteminə: icraedici, qanunverici və məhkəmə orqanlarına bölünməsini təklif edib. Bu nəzəriyyənin əsas mahiyyəti gücü tək bir monarxın və ya qrupun əlindən almaq, bərabər güclü orqanlar yaratmaq, daha sonra biri-birilərini hesabata çəkməsini təmin etməkdir. Monteskyö düşünürdü ki, idarəetmə sistemləri bir-birindən müstəqil şəkildə işləyərsə, bu, qanunların daha yaxşı tətbiq olunmağına və insanların daha azad cəmiyyətdə yaşamaqlarına kömək edəcək. XVIII əsrdə yaşamış Monteskyönün hakimiyyətin bölgüsü nəzəriyyəsi maarifçilik dövründə bir çox Avropa ölkəsinə yayıldı və konstitusiyalarda öz əksini tapdı. Müasir dövrdə - hətta bəzi ölkələrdə bir orqan digərinə nisbətən daha çox səlahiyyətə malik olsa belə - əksər dövlətlər hakimiyyət bölgüsü prinsipi ilə idarə olunur.

Dövlətlər Hobbsun qeyd etdiyi kimi insanların bir-biri ilə olan savaşından sonra məcburiyyət halında qurulmuşdursa da, yaxud Russonun qeyd etdiyi kimi insanların mal-mülk sahibi olması ilə hüquqi tənzimləmələrə olan ehtiyacdan qurulmuşdursa da, bu təbii tarixi bir prosses olub. Məlumdur ki, Hobbsun nəzəriyyəsindəki kimi əvvələr dövlətlərdə suveren güc tək hakim qüvvə olub və insanlar etiraz etmək hüququndan məhrum edilib. Sonralar, Russonun nəzəriyyəsindəki kimi insanlara tək bir şəxsə bu qədər gücün verilməsi təqdirində baş verən sui-istifadə hallarına qarşı çıxmaq hüququ verilib. Daha sonra isə, hakimiyyət tək bir insanın əlində yox, bir qrup insanın əlində cəmləşib. Ən son hədd isə Monteskyönün nəzəriyyəsində göstərilən hakimiyyət bölgüsüdür. Buradan o qənaətə gəlmək olar ki, insanların zaman keçdikcə tək bir insana güvənməyib gücü bir qrup arasında, sonra isə bir neçə orqan arasında bölməkləri və onları daima hesabatda saxlamaqları da tamamilə təbii bir gedişatın məhsuludur.

İnsan hətta bəzən öz ailə üzvləriylə belə eyni fikirdə olmur, hər deyiləni doğru olaraq qəbul etmir, onların düşüncəsiylə hərəkət etməyə etimad göstərə bilmir. Başdakı suala qayıdırıq: bəs onda necə ola bilər ki, bir insan hakimiyyətdə olan tək bir şəxsin hər sözünə tam etimad göstərə bilər və onun heç kim qarşısında hesabat verməməyi insanları narahat etməz - yəni, necə öz təbiətindən qaça bilər?

Bu hadisənin daha çox Şərqdə olduğunu nəzərə alsaq və keçmişdən bu günə müqayisələr ortaya qoymaq istəsək, İslam tarixindən danışmamaq olmaz. Əhməd bəy Ağaoğlu qeyd edir ki, Şərqdə hökmdarlar daima insanların dini inancından istifadə edərək onları tək adamçılıq idarəsində yaşamağa məcbur edib. “Xəlifəyə (və ya hökmdara) qarşı çıxmaq Allaha qarşı çıxmaqdır”, “Başınızdakı zalım da olsa, itaət edin” tipli xurafatlarla insanlar daima tiraniyada yaşamağa məcbur edilib, qarşı çıxanlar olduqda isə cəzalandırılıb. Bu kimi ifadələrin və zorakılığın nəticəsində hakimiyyətlər siyasi idarəçiliyin inkişafına maneələr yaradıb. Yenə Ağaoğlu yazır ki, İslam tarixində Hz.Hüseynin o dövrün xəlifəsi Yezidə qarşı savaşması bu cür əsassız və təməlsiz ifadələrin hamısını təkzib edir. Lakin hökmdarlar sırf iqtidarlarını qorumaq, etdikləri cinayətləri, ədalətsizlikləri qanuni çərçivəyə salmaq, insanların etimadını qazanmaq və hər zaman tək adam olaraq itaət qazanmaq üçün bu yollardan istifadə ediblər. Tarixə nəzər salsaq görərik ki, bir çox zaman əhalisinin çoxunu müsəlmanların təşkil etdiyi yerlərdə bir dövlət qurulduğunda, iqtidarı ələ keçirənlər xəlifəlik iddiasında olublar və ya dövrün xəlifəsinin itaəti altına giriblər. Beləliklə, insanlar hakimiyyətin İlahi bir qüvvə tərəfindən verildiyinə inanır və mütləq inamla dövlət başçısına etimad göstərir, itaət edir və bunu dini bir vəzifə olaraq görürdü. Odur ki, hakimiyyətin belə müqəddəs hala gətirilməsi, siyasi idarəçiliyin və siyasi elmin inkişafının da qarşısını alıb.

Hakimiyyətləri qorumaq üçün dini sui-istifadə etmək halları Qərb ölkələrində də mövcud idi. Lakin, hakimiyyətdə olan bəzi krallar öz mənafeləri yolunda Papanın təsirindən çıxmaq üçün öz milli kilsələrini yaratdılar. Bunun nəticəsində Qərbdə hakimiyyətin dini olaraq müqəddəsləşdirilməsi azaldı. Yuxarıda adı qeyd edilən siyasi mütəfəkkirlərin ortaya çıxması da bu hadisədən sonra başladı və siyasi elm inkişaf yoluna qədəm qoydu. 1215-ci ildə İngiltərədə “Böyük Azadlıqlar Xartiyası” imzalananda artıq kralın bir çox səlahiyyətləri məhdudlaşdırılmışdı, insanların məhkəmə qərarı olmadan həbs edilməsi qadağan olunmuşdu. Ardınca baş verən bəzi cərəyanlar, məsələn Martin Lüter hərəkatı Qərb ölkələrində dinin dövlətdən ayrılması, hakimiyyətin ilahiləşdirilməməsi məsələlərində mühüm dəyişikliklərə səbəb oldu. Hakimiyyətin tanrıdan gəldiyinə inanılan bu zamanda, Fransız və Amerikan inqilablarının nəticəsində bu inanc tamamilə ortadan götürüldü və hakimiyyətin mənbəyinin xalq olması qəbul edildi. Bu kimi siyasi prosseslər Qərb siyasi idarəçiliyində uzun müddət var olub və inkişaf ilə nəticələnib. Lakin, Şərq bu inkişaflardan hər keçməyə başladığında bir hakimi-mütləqin inkişafı dayandırması ilə hər zaman geri addım atıb. Bu gün də bir çox dövlətlərdə keçmişdə olanların təzahürünü görmək mümkündür. İndi isə hansı dövlətlərdə xalq dindardırsa din, millətçidirsə milli kimlik və suverenlik sui-istifadə edilir və hakimiyyət yenə tək bir insanın əlində cəmlənir. Yəni əgər keçmişdə, hökmdara qarşı çıxanda kafir adlandırılıb cəzalandırılırdınsa, indi də vətən xaini adlandırılıb cəzalandırılırsan. Bu siyasi idarəçilik ənənəsinin hələ də hökm sürdüyü yerlərdə insanlar öz təbiətlərinin əksinə hərəkət etməyə ya bilərək ya da bilməyərək məcbur qalırlar.

Xülasə, dünyada hər şey inkişaf etdiyi kimi siyasi idarəçilik və hətta müasir dövrdə siyasi ideologiyalar da inkişaf edir. Siyasi ideologiyalar keçmişdə onların ana sütunu olan dini mülahizələrdən və hətta öz prinsiplərinin bəzilərindən çoxdan uzaqlaşıblar. Bir siyasi ideologiya digər bir siyasi ideologiyanın prinsiplərini mənimsəyir və əksəriyyəti mərkəzə meyl edir. Bu inkişafın nəticəsində insanların təməl azadlıqları və həyat şərtlərinin yüksəkliyi demək olar ki, sığortalanmış hala gəlir. Məsələn, Avropanın əksər ölkələrində hakimiyyətə gələn partiyanın hansı ideologiyada olmasından asılı olmayaraq, pulsuz təhsil və səhiyyə, minimum maaş qanunu, azad rəqabətli market, söz azadlığı və sairə məsələlər olduğu kimi qalır. Bu cür inkişafdan keçməyən dövlətlərdə isə ənənə hakimiyyəti hökm sürür. Yəni, dövlət başçıları keçmişdəki kimi ilahlaşdırılır, tək adam sayılır, hətta bəziləri xəlifə kimi görülür. Belə olduqda isə, nə təməl azadlıqlardan, nə yüksək həyat şəraitindən danışmaq mümkün olmur. Ən qorxulusu isə insanların təməl azadlıqları və ehtiyacları qarşılanmadığında Hobbsun nəzəriyyəsindəki təbii hallarına dönməsi ehtimalıdır.

 

Aristotel, “Siyasət”
Ahmet Ağaoğlu, “Hukuk-ı Esasiye Ders Notları”
Charles-Louis Montesquieu, “The spirit of Laws”
Hampsher Monk, “Modern Political Thought”
Jean-Jacques Rousseau, “Social Contract”
John Locke, “Two Treatises of Government”
Robert Berki, “The History of Political Thought”
Thomas Hobbes, “Leviathan”

 

 

Tural Hüseyn

Kultura.az

 

Kultura.az | Developed by Samir Yahyazade