Leyla Depp: Bir də Saramaqodan tanıyaq Məsihi

Публицистика

 

Joze Saramaqonun “İsanın İncili” (1991) romanı son onilliyin, bəlkə də, ən qalmaqallı kitabıdır. Onun nəşri katolik kilsəsinin etirazına, müəllifin isə küfrdə ittiham edilməsinə səbəb olmuşdu. Lakin buna baxmayaraq, “Tanrı əleyhinə çıxan, tarixi həqiqətləri lağa qoyan, əhdi-Cədidin əsas personajlarının xarakterlərini təhrif edən həmin kitab” dünya xalqlarının əlliyə yaxın dilinə tərcümə edilərək işıq üzü görüb və bu gün də ən çox mütaliə edilən əsərlər sırasındadır.


Azərbaycanda da işıq üzü görən roman tipik və təkrar süjet xəttindən şikayətlənən, mütaliə vərdişi və həvəsi olan insanlar üçün əsrarəngiz səyahətdir. Dini inancı var olan insanlar, ola bilsin ki, romanı kobud materializm, ya da fanatik klerikalizmlə yozub, ona aqressiv yanaşsınlar. Romanda hadisələr Nazaretli İsanın həndəvərində cərəyan edir. Məryəmin onu necə dünyaya gətirməsi, Nazareti tərk edərkən Çobanın (əsərdə Çoban İblisi təcəssüm etdirir) onu özünə çoban köməkçisi götürməsi, səhrada İsanın Tanrı ilə görüşü kimi əsas mifik hadisələrin təsvirindən ərsəyə gəlmişdir.


Romandan Çobanla Nazaretli İsanın söhbətindən bu maraqlı dialoq diqqətimi çəkdi; Çoban: “Mən yəhudi deyiləm və buna görə başqa dinin ayinlərini icra etməməliyəm.” ; İsa, sanki, nizəsini irəli tutub qalxanla qorunurmuş kimi dedi: “Tanrı təkdir!”


Çobanın üzündəki təbəssüm silindi, dodaqları isə acı iztehzayla əsdi: “Hə, əgər o varsa, yəqin, təkdir, amma yaxşı olardı ki, ondan iki dənə olsun – biri canavar, o birisi – quzu üçün; biri ölən üçün, biri də öldürən üçün; məhkum üçün biri, cəllad üçün isə o birisi.”


Əlbət ki, İsa varsa, Tanrı da var. Tanrı varsa, deməli, İblis də var və onların əbədi və əzəli mübarizəsi. Əcəba, Tanrı və İblis mübarizəsinin qayəsini nə təşkil edir? İblis bizim bildiyimiz ( bizim günahlarımızın əvəzsiz səbəbkarı) kimi pis biridirmi? Bu məsələyə Saramaqonun qələmindən baxanda böyük bir paradoksla rastlaşırıq. Bu, özünü Tanrıdan bağışlanmasını istəyən İblisə Tanrının son və maraqlı fəlsəfi fikirlərinin Saramaqosayağı yanaşmasından açıq – aşkar görünür.


İblis: “Deməli, sən məni qəbul edib bağışlamayacaqsan?”; Tanrı: “Yox, nə qəbul edəcəm, nə də bağışlayacam, sən mənə elə indiki simanda gərəksən. Hələ əgər mümkün olsa, bundan bir az da pis.” ; İblis: “Niyə?” ; Tanrı: “Çünki məndə təcəssüm olunmuş xeyir, şərin cəmləşdiyi İblis olmadan yaşaya bilməz və xeyir də şərsiz o qədər anlaşılmaz, o qədər dərkedilməz olardı ki, mən heç özüm belə onu təsəvvürümdə canlandıra bilmərəm. Mənim Xeyir olaraq qalmağım üçün sən mütləq Şər olaraq qalmalısan. Əgər İblis İblis kimi yaşamırsa, deməli, Tanrı artıq – tam olaraq Tanrı deyil. Birinin ölümü, elə digərinin də ölümüdür.”


Saramaqonun təqdim etdiyi İsanın dünyəvi həyatı bir çoxlarının əzbər bildiyi faktlardan fərqlənir. O, tamamilə müstəqil, heç bir mənbəyə ehkamçı münasibət bəsləmədən, kilsənin məqbul saydığı variantdan çox fərqli bir variantda təqdim etmişdir romanını. Əsərin adından önyarqılı davranıb romanı çox rast gəldiyimiz növbəti arxaizm hesab etmək böyük bir yalnışlıq olar. Çünki “İsanın İncili” (1991), bəlkə, bir az da şişirdilmiş dərəcədə, ifrat dərəcədə müasirdir.


Saramaqonun qələmə aldığı İsa, sanki, həvəzsiz, fağır, fikirlərini isbatlaya bilməyəcək durumdadır. Bu, bilavasitə atası (Tanrı) ilə olan dialoqundan sonra daha da nəzərə çarpır. Özünü, Tanrının dili ilə desək, məbədə aparılan qurbanlıq qoyun kimi hiss edir. Bəs İsa kimin oğludur? Tanrının yoxsa dülgər İosifin? Əlbəttə, “İsanın İncili”ndəki Saramaqosayağı sarkazmatik yanaşma bizdə bir paradoks yaradacaq. Yabanı turp spesifik bir tərzdə yanaşdığı bu mövzuya maraq yaratmağı ustalıqla bacarıb. İsanı tanımaq, onun daxilində üsyan edən mübhəmləri anlamaq üçün Sokratın mayevtikasına ehtiyac yoxdur. Lakin Saramaqonu mütaliə etmək əyləncə deyil, fikirləri dərin və fəlsəfi, məhsulu mürəkkəb cümlələrdən təşkil olunmuşdur daha çox. Siz oxuyursunuz və oxuduqca dəyişirsiniz, azad düşünməyi, buxovları qırmağı, sərbəst olmağı öyrənirsiniz. Joze Saramaqo özü kimi, oxucularını da azad, hər cür ehkamdan uzaq görmək istəyir.


Joze Saramaqo 1922 – ci il noyabr ayının 16 – da Lissabon yaxınlığındakı Azinaqa qəsəbəsində kasıb kəndli ailəsində dünyaya gəlib. Ailələrinin Souza soyadını daşımasına baxmayaraq, anadan olanda qəsəbələrinin vətəndaş aktlarının qeydiyyatı bölməsinin katibi körpənin soyadını ağırtəbiətli atasına həmkəndlilərinin verdiyi ləqəbə uyğun “Saramaqo” (yabanı, acı turp) yazır.

 

Leyla Depp

Kultura.az

 

Kultura.az | Developed by Samir Yahyazade