Corc Oruel: Edam

Публицистика

 

Birmada çox güclü yağış yağan bir sabah idi. Sarımtıl alüminium folqa kimi solğun bir işıq hündür divarların üzərindən həbsxananın həyətinə düşürdü. Kiçik heyvan qəfəslərinə bənzər sıx barmaqlıqlarla əhatə olunmuş otaqların qarşısında gözləyirdik. Bu otaqlar təxmini doqquz kvadrat metr genişliyində idi və içəridə taxta bir yataq ilə bir qab içməli sudan başqa heç nə yox idi. Bəzi otaqlarda səssiz qababuğdayı adamlar çiyinlərində adyallarla barmaqlardan yapışmış halda otururdular. Bunlar bir-iki həftə ərzində asılacaq günahkar məhkumlar idi.

Bir məhkum otağından çıxarılmışdı. Hindli idi. Başı keçəl, gözləri balaca olan bu adam çox zəif görünürdü. Sifətinə görə qat-qat böyük, filmlərdəki komediya personajlarına bənzəyən qalın, sıx bığı var idi. Başının üstündə gözləyən altı nəfər hind mühafizəçi onu edama hazırlayırdılar. Mühafizəçilərdən ikisi əlində süngülü tüfənglə durmuşdu, digərləri isə məhkumun əlini bağlayırdı. Sanki, bütün bu müddət ərzində məhkumun orada olduğundan əmin deyillərmiş kimi, diqqətli şəkildə onun üst-başını yoxlayırdılar. Məhkumu dövrəyə almışdılar - hələ də canlı olan və hər an suya atıla biləcək bir balığı tutarcasına. Amma məhkum sanki nələr baş verdiyini bilmirmiş kimi əllərini etiraz etmədən, sakit tərzdə iplərə təslim etdi.

Saat səkkizi keçirdi. Nəmli havada uzaq baraklardan zəif truba səsi gəlirdi. Bizdən xeyli aralıda dayanan həbsxana müdiri əlindəki çomaqla yerdəki daşları eşir və başını səs gələn tərəfə uzadırdı. Diş fırçasına bənzəyən bozumtul bığı və boğuq səsi ilə əsl hərbçiyə oxşayırdı. “Allah xatirinə, cəld ol Frankis” əsəbi şəkildə dilləndi: “Adam indiyə qədər çoxdan ölmüş olmalı idi. Hələ də hazır deyilsiniz?”

Ağ kobud parçadan gödəkçə geyinmiş, qızılı eynəkli, kök bir dravid olan baş mühafizəçi Frankis əlini qaldırdı. Ağzını köpürdərək: “Bəli rəis. Bəli rəis” dedi. “Hər şey istədiyiniz kimi hazırlanıb. Cəllad da hazırdı. Davam edə bilərik.”

“Yaxşı, tez olun. İş bitmədən məhkumlar yeməklərini ala bilməyəcəklər.”
Dar ağacına doğru yönəldik. Tüfənglərini əymiş iki mühafizəçi yan tərəfində, digər ikisi isə önündə idi: məhkumun qolundan və çiynindən tutaraq gedirdilər. Digərlərimiz, müttəhimlər və s. arxadan onları təqib edirdik. Təxminən on metr getdikdən sonra, qrup hər hansı bir əmr olmadan qısa müddətliyinə dayandı. Tük ürpədən bir şey olmuşdu, həyətdən haradan gəldiyi bəlli olmayan bir it ortaya çıxmışdı. Dayanmadan hürür, tullanaraq üstümüzə doğru gəlirdi. Bu qədər çox insanı bir arada görmənin sevincindən çaşıb qalmış şəkildə ətrafımızda davamlı sıçrayıb dururdu. Yuna bənzər tükləri olan yarı “Airedale” bir it idi. Bir anda tullanıb ətrafımızda fırlandı və daha sonra məhkumun üstünə atıldı – heç kəs onun qabağını ala bilməmişdi – hoppanıb məkumun üzünü yalamağa çalışdı. Hər kəs iti tuta bilməyəcək şəkildə çaşıb qalmışdı.

Müdir əsəbi halda: “ Bu lənətə gəlmiş heyvanı kim bura saldı” dedi və əlavə etdi: “Biriniz bunu tutun”.

Qrupdan ayrılan bir mühafizəçi bacarıqsızcasına itə yönəldi, amma bunların hamısını oyunun bir hissəsi kimi görən it oynayaraq adamın çata biləcəyi məsafənin kənarına çıxdı. Gənc bir Avrasiyalı mühafizəçi, yerdən bir ovuç xırda daş götürdü və itə ataraq onu qovmağa çalışdı, ancaq it daşlardan qaçıb qurtulduqdan sonra yenə arxamızca gəldi. Onun qısa və kəskin səsi həbsxana divarlarında əks-səda verirdi. İki mühafizəçinin sıxıb tutduğu məhkum edam mərasimini etinasızca nəzərdən keçirirdi. Mühafizəçilərdən biri iti tutana qədər bir neçə dəqiqə keçdi. Ardından dəsmanlımı hələ də sızlayan itin boynuna bağladım və biz yenidən hərəkətə başladıq.

Dar ağacına təqribi qırx metr qalmışdı. Məhkumun çılpaq qəhvəyi rəngli kürəyinin mənim önümdə hərəkət etməyini izləyirdim. Əzələləri hər addımda mükəmməl şəkildə oynayır, ayaqları islanmış daşlı torpaqda iz buraxırdı. Və hər iki çiynini tutan adamlara rəğmən, hətta qarşısına çıxan palçıqlı yerə basmamaq üçün yüngülcə kənara çəkildi.

Maraqlıdır, sağlam və şüurlu bir insanı aradan götürməyin nə anlama gədiyini o ana qədər qavraya bilməmişdim. Məhkumum palçıqlı yerə basmamaq üçün kənara çəkildiyini gördüyümdə, axıb gedən həyatı birdən-birə sonlandırmanın sirrini kəlimələrlə anlada bilməyəcəyimi başa düşdüm. Bu adam ölmürdü əslində, eynilə bizim canlı olduğumuz kimi o da canlı idi. Bədənindəki bütün orqanlar işləyir, bağırsaqları yemək həzm edir, dərisi öz-özünü yeniləyir, dırnaqları uzanır, toxumaları inkişaf edirdi. Dırnaqları sadəcə bir saniyənin onda biri qədər yaşayacaq vaxtı qaldığında belə uzanacaqdı. Gözləri sarı daşları və bozumtul divarları görürdü, beyni hələ də xatırlayırdı, ola bilər ki, xırda daşlar haqqında nəsə düşünürdü. O və biz bir yerdə hərəkət edən bir qrup adam idik; eyni dünyanı görür, eşidir, anlayırdıq və iki dəqiqə içində ani bir qopma ilə birimiz köçmüş olacağdıq: bir ağıl, bir dünya daha az.

Dar ağacı hədsiz uzanmış tikanlı otlar tərəfindən əhatə olunmuş həbsxananın əsas meydançasından ayrı olan balaca həyətin içində idi. Həbsxananın ağ uniformasını geyinən, saçlarına dən düşmüş, eyni zamanda məhkum olan cəllad dar ağacının uzaqda gözləyirdi. İçəri girdiyimizdə bizə kölə kimi diz çökərək salam verdi. Məhkumu olduqca sıx formada tutan iki mühafizəçi Frankisin bir sözüylə, bir tərəfdən yol göstərir, digər tərəfdən də bacarıqsız şəkildə məhkumun darağacının nərdivanına çıxmasına kömək etdilər. Ardından cəllad nərdivana çıxdı və ipi məhkumun boynuna keçirdi.

Biz beş metr kənarda durmuşduq. Mühafizəçilər darağacının ətrafında çevrə şəklində düzülmüşdülər. Və ardından, ilgək hazır vəziyyətə gətirildi, sonra məhkum tanrısına hayqırmağa başladı. Davamlı təkrarlanan kəskin bir hayqırtı idi: “Ram! Ram! Ram! Ram!” Bir dua, ya da kömək çağırışı kimi israrlı və qorxu dolu deyil, hardasa bir zəng çalması kimi davamlı və ritmikdi. İt səsə zingildəyərək cavab verdi. Hələ də darağacının yanında duran cəllad balaca, pambıq parçadan olan bir çuval çıxardıb üzünü örtəcək şəkildə məhkumun başına keçirdi. Ancaq parçanın boğduğu səs dəfələrlə təkrarlandı: “Ram! Ram! “Ram! Ram! “Ram! Ram!”

Cəllad ipin ucuna bağlanmış olan çubuğu əlində hazır saxlamışdı. Dəqiqələr ötürdü. Boğuq hayqırtı səsi bir an belə olsun dayanmadan davam edirdi: “Ram! Ram! Ram!” Müdir başını önə əymişdi və əlindəki uzun çubuqla yavaşca yeri qazırdı, bəlkə də hayqırtıları sayır, məhkuma müəyyən bir saya - əlli, ya da bəlkə yüzə - qədər şans verirdi. Hər kəsin rəngi dəyişmişdi. Hindlilər keyfiyyətsiz qəhvə kimi ağarmışdılar. Davamlı olaraq başına çuval keçirilmiş məhkumun hayqırtılarını eşdirdik: hər hayqırtı həyatın bir saniyəsi idi. Eyni düşüncə hamımızın beynindən keçirdi: Ah, onu tez öldür, öhdəsindən gəl, artıq bu iyrənc səsi kəs!

Birdən-birə müdir qərarını verdi. Başını havaya qaldırıb şiddətli bir şəkildə “Chalo!” deyə bağırdı.

Öncə tükürpədici bir səs, ardından ölüm səssizliyi. Məhkum gözdən qeyb olmuşdu sanki, ip öz ətrafında fırlanırdı. İti seyr elədim, cəld darağacının arxasına qaçdı, çatanda qısa bir müddət dayandı, hürdü və həyətin bir tərəfinə çəkilib, otların arasında dikələrək ürkək-ürkək bizə baxmağa başladı. Məhkumun bədəninə baxaraq darağacının ətrafında dolandıq. Ayaq barmaqları aşağıya doğru gərilmişdi. Daş kimi ölü idi.

Həbsxana müdiri çubuğunu uzadıb çılpaq sifətini dürtmələdi. Məhbusun sifəti yüngülcə aşağıya doğru əyildi. Müdir: “Bunun işi hazırdı” dedi. Darağacının altından geri çəkildi və dərindən nəfəs aldı. Sifətinin boz görüntüsü ani bir formada yoxa çıxdı. Qol saatına baxdı: “8:08. Bu səhərlik bu qədər. Tanrıya şükür.”

Mühafizəçilər süngülərini çıxardıb yavaş-yavaş uzaqlaşdılar. İt bunları arxadan aramla süzdü. Darağacı olan həyətdən çıxdıq, içərisində edam olunacaq məhkumlar olan otaqların yerləşdiyi böyük meydançaya daxil olduq. Bambuk dəyənəklərlə silalanmış mühafizəçilərin nəzarətində məhkumlara səhər yeməyi verilirdi. Əllərində qab olan iki mühafizəçi düyü paylayırdılar, məhkumlar isə öz növbəsində əlində balaca taxta qablarla uzun növbədə gözləyirdilər. Bu səhnə edamdan sonra insana olduqca yaxın və hərarətli gəlirdi. İş həll edildiyi üçün böyük bir rahatlanma hiss edirdik. İnsanın içində mahnı oxumağa, birdən-birə qaçmağa başlama istəyi baş qaldırırdı.

Yanımda gedən Avrasiyalı gənc başı ilə gəldiyimiz yolu göstərib çoxbilmiş bir gülümsəmə ilə: “Bilirsiniz cənab, dostum (ölmüş adamı nəzərdə tuturdu) etirazının rədd edildiğini eşidəndə altına işəmişdi. Qorxudan. ” Mədəni şəkildə: “Siqaretimdən bir dənəsini yandırın, cənab. Yeni gümüş siqaret qutumu bəyəndinizmi, cənab? Səyyar satıcıdan iki rupiyə aldım. Şux Avropa tərzi.”

Xeyli insan gülüşdü; heçkim nəyə güldüyünə tam olaraq əmin deyildi.
Frankis müdirin yanında gəzir, boşboğazlıq edir, ağzını köpürdürdü: “Hər şey son dərəcə düzgün şəkildə həyata keçdi, rəis. Amma hər zaman belə olmur. Həkimin darağacının altına keçib, öldüyündən əmin olmaq üçün məhkumun ayaqlarından çəkmək məcburiyyətində qaldığı vəziyyətləri görmüşəm.”

“Qıvrılır, elədi? Bax, bu çox pisdi”- müdir dedi.
“Ah rəis, güclü olmaqları çox pisdi! Aparmağa getdiyimizdə bir adamın qəfəsin barmaqlıqlarından möhkəm tutduğunu xatırlayıram. Adamı yerindən tərpətmək üçün hər iki ayağından tutan altı mühafizəçiyə ehtiyac olduğuna inanmayacaqsınız. Onu yola gətirməyə çalışdıq, “Əziz dostum” dedik, “Bizə verdiyin əziyyətləri və acıları düşün”. Amma xeyr, dinləmədi. Çox zəhmətli idi!”.

Olduqca uca səslə güldüyümüm fərqinə vardım. Hər kəs gülürdü. Hətta həbsxana müdiri də işarırdı. “Yaxşısı budur, hamınız çölə çıxıb içki için” xoş bir şəkildə dedi, “Maşında bir şüşə viskim var. Onu boşalda bilərik.”
Həbsxananın böyük qoşa qapısından keçib çölə çıxdıq. Birmalı hakim birdən, “Ayaqlarından çəkmək” dedi və uca səsli qəhqəhələrə boğuldu. Hamımız təzədən gülməyə başladıq. O anda Frankisin sözü olduqca komik alındı. Yerlilər və Avropalılar dostcasına, birlikdə içki içdik. Ölmüş adam isə yüz metr uzağımızda idi.

 

Tərcümə: Fərid Abdıyev
Kultura.az

Kultura.az | Developed by Samir Yahyazade