Əli Zamin: Cəngəllik

Публицистика

 

Yəqin ki, yoldan keçərkən bağ evlərinin ətrafında üzərinə şüşə qırıntıları tökülmüş 3 metrlik hasarları görüb özünüzə “bunu tikən nə fikirləşir?” ritorik sualını vermisiniz. Səbəb bəllidir, həmin evin sahibi yoldaş ətrafındakı insanlara və dövlət strukturlarına etibar etmir. Cəmiyyətimizdə artıq bu hal çoxdan sosial bir norma kimi formalaşdığından biz bunun "normal" olduğunu qəbul edib yolumuza davam etmişik. Son zamanlar neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar istər hökümət, istər də müstəqil qeyri-hökümət təşkilatları tərəfindən iqtisadiyyatımızın dirçəldilməsi üçün innovativ tədbirlərə əl atılmasının lazımlılığı vurğulanır və təşəbbüslər irəli sürülür. Təbii ki, təkcə neft-qaz satmaqla qazan doldurmağın qeyri-mümkün olması reallığını dərk etmək bizim üçün böyük uğurdur. Həm hökümət, həm də cəmiyyətimiz tərəfindən. Səhv etmək yaxşıdır. Səhv etməsək nəsə öyrənə bilmərik. Ancaq hər səhvi etmək də lazım deyil. Azərbaycanın cəmiyyətini və o cümlədən onun iqtisadiyyatını xilas etmək üçün sadəcə o 3 metrlik müdafiə istehkamlarına bir də qayıtmaq lazımdır.

Kapitalizm əsrlərin sınağından keçmiş bir sistemdir və onun əsasında azad bazar iqtisadiyyatı durur. “Azadlığı da səndən öyrənəcək deyiliz” deyə bilərsiniz. Razı. Ancaq unudanlar üçün bir də yada salaq. Çünki insan adət və vərdişlərinin məhsuludur; biz nəyisə daima istifadə etməsək asanlıqla unuduruq. Deməli, mənim fikrimcə, azadlıq başqa insanların hüquqlarına hörmət etməklə, sən istədiyin təbii hüququnu həyata keçirirsən və dövlət strukturları sənin bu hüququnu tanıyır və müdafiə edir. Vurğulayıram, dövlət strukturları, yəni qanunverici, icra və məhkəmə hakimiyyəti. Məhz bu səbəbdən bizdə yenicə vüsət almış innovativ tədbirlər, perestroykalar, onlara ayrılan qrantlar, Beynəlxalq Valyuta Fondundan (yeri gəlmişkən, AZTV-nin çökdürdüyü Almaniya BVF-nin üçüncü ən böyük donor ölkəsidir) alınan kreditlər təəssüf ki, heç şübhəsiz uğursuzluğa məhkumdur. “İqtisadiyyat məhdud resursların maksimal effektiv şəkildə bölünmasi haqqında elmdir” yazaraq sizin o qiymətli vaxtınızı almaq fikrim yoxdur. Ancaq artıq aldım. Ən məhdud resurs sizcə hansıdır? Zaman, hansı ki, hər birimizin gün ərzində 24 saat = 1440 dəqiqə = 86400 saniyə var. Bu dəyişməzdir, istər qalx Bazardüzünə, istər düş Lənkəran çökəkliyinə. Hərəmiz bir cür istifadə edirik bu 86400 saniyəni. Ümid edirəm ki, cəmiyyətimizin hər bir üzvü yeni bir dəyər qatmaq, nəsə istehsal etməklə bu vaxtdan Azərbaycan iqtisadiyyatına, yəni ÜDM-ə (oxumaq heç vaxt gec deyil: Ümumi Daxili Məhsul) öz töhfəsini verməklə istifadə edir.

Bizimkilərdən yaxşı olmasın, Norveç iqtisadçısı Vidar Kristiansenin belə bir termini var: “Cəngəllik qanunu”. Məğzi ondan ibarətdir ki, qanunsuzluq hökm sürən və ya zəif inkişaf etmiş institutlara malik rejimlərdə məhdud resurslar fiziki güc və ya silah vasitəsilə bölüşdürülür. Məsələ burasındadır ki, zəif və işləməyən institutlar, hüquqi-sosial normalar olan cəmiyyətlərdə resurslar qeyri-məhsuldar olaraq mülklərin, mövqelərin müdafiəsinə və başqalardan oğurlamağa sərf olunur. Cem Yılmaz misali, sən işdə rahat işinlə məşğul olman gərəkərkən, “arabana ve ya evine kelebek camından girmeseler bari” deyə düşünməməli və bu səbəbdən 3 metrlik istehkam tikməməlisən. Ətrafındakı insanlara, dövlət strukturlarına etibar etməlisən. Əvəzində o hasara istifadə etdiyin vəsaiti başqa bir şeyə effetkiv şəkildə xərcləməlisən. İqtisadiyyatın məğzi də məhz bundan ibarətdir ki, hər bir şeyin alternativ dəyəri var. Sadə bir misal, ÜDM-i bir napoleon tortu kimi düşün. Hər kəs tortdan öz payını götürür. Əqlən inkişaf etmiş cəmiyyətlərdə fərdlər bu tortun ümumi həcmini böyütməklə öz rifahlarını düzəltməyə çalışırlar. Çünki tort böyüyəndə sənə düşən pay da böyüyür. Ancaq problem ondan ibarətdir ki, neandertal cəmiyyətlərdə ümumi tortu böyütmək əvəzinə, başqalarının payını zəbt etməklə yalnız öz paylarını artırmağa çalışırlar. Nəticədə ən qiymətli məhdud resurs olan vaxtımız, o cümlədən pulumuz, iqtisadiyyata yeni dəyər əlavə etmək, nəsə istehsal etmək əvəzinə, başqalardan oğurlamağa və oğurlanmış malın, mülkün müdafiəsinə həsr olunur. Nəticədə heç bir şey yeni istehsal olunmur, tortumuz eyni həcmdə qalır və yavaş-yavaş cəngəllik formalaşır. Cəngəllikdə nə hökm sürür? Cəngəllik qanunları.

 

Kultura.az
Əli Zamin

http://dayirman.blogspot.no/

 

Kultura.az | Developed by Samir Yahyazade