Anar Məsimli: Qələbənin cəzası

Публицистика

 

Volqoqrad şəhəri bir çoxları üçün heç bir məna kəsb eləmir. Adına əsasən, bəlkə Volqa çayı ilə bağlı təsəvvür yarada bilər. Ancaq əvvəlki adını deyən kimi məşhur zəfər döyüşü yada düşür: Stalinqrad. Bir dostun məsləhətilə Stalinqrad haqqında sənədli filmə baxdım. Stalinqrad döyüşü haqqında oxumaq başqadır; sənədli film isə çox dəhşətlidir.
Vermaxt əsgərlərinin indiyə qədər xarizmatik təsir buraxması, alman əsgərinin, baxmayaraq ki, müharibə sonunda məğlub edilmişdi, indiyə qədər müzəffər əsgər təəssüratı yaratması həm də onların geyimi ilə əlaqədardır. Hitler isə İngiltərə Almaniyaya müharibə elan edənədək ingilislər tərəfindən sevilən lider idi. Parıltılı mundirli, sərt üzlü alman zabitləri insanların təsəvvüründə yenilməzlik rəmzidir. Stalinqradda isə bu zabitlər təkcə elə zahiri görkəmdən dəhşətli vəziyyətə düşmüşdülər. Batıq gözlər, bir dəri, bir sümük vücud, kirdən qapqara olmuş dəri həm də əsgərlərin nə qədər xəstə olduğunu üzə vurur. Əsir düşərgələrində saxladıqları minlərlə yəhudidən, polyakdan, hollanddan heç bir fərqi yox idi alman əsgərlərinin. Yox, bir fərqi vardı, alman əsgəri Übermensch – üstün insan idi. “Üstün insan” ideyası Stalinqraddakı ac əsgərin qarnını doydura bilmədi. Difteriya xəstəliyi üstün insana güzəşt etmir. Videokamera üstün insandan gələn qoxunu bir saniyəlik də olsa, bizə çatdıra bilsəydi, yəqin ki, üfunətdən huşumuzu itirərdik. Stalinqrad üstün və aşağı insanları üzə-üzə gətirib onların fərqli olmadıqlarını, xüsusən də almanların üstün insan olmadıqlarını hər ikisinə isbat etdi. Məhz hər ikisinə. Belə ki, digər millətlər də alman zəfərlərindən təsirlənərək onların üstün doğulduqlarına inanmağa başlamışdı.
Filmdə bir nüans diqqətimi çəkdi. Əsgərlərin hücum etdiyi vaxt şəhərdə yaşayan ruslardan biri alman əsgərlərini belə təsvir edir: Biz əslində onlardan qorxurduq, ancaq şəhərə gəlib çıxanda baxdım ki, “yaxşı uşaqlardır”. Daha sonra Sovet ordusu almanları mühasirəyə alır, almanlar arasında aclıq, səfalət başlayır. Sağ qalmış alman əsgərlərini əsir götürərkən Stalinqrada gəlmiş rus tibb bacısından illər sonra orada nə hislər keçirdiyini soruşurlar. Cavabında deyir ki, “əcəb oldu onlara!” (alman əsirlərə). Yaşadığı şəhəri işğal edilmiş, evi dağıdılmış rus işğalçı alman əsgəri haqqında “yaxşı uşaqlar”, şəhəri azad edən rus isə həmin əsgərlərə “əcəb oldu” deyir. Çünki düşmənə “yaxşı” deyən şəhər sakininin həmin əsgərlərlə birbaşa ünsiyyət qurmaq imkanı olmuşdu. Onun üçün əsgərlər ayrı-ayrı şəxslər idi. Lakin bir-birini uzaqdan-uzağa görən, görəndə də atəş açan orduların əsgərləri bir-birilə ünsiyyət qura bilmir. Onlar üçün tək meyar var: Bizdəndir/bizdən deyil.
Müharibə bədii filmlərdə göstərilən qəhrəmanlıq epopeyası deyil. Müharibə aclıq, səfalət, ləyaqətin açaldılmasıdır; Aclıqdan döyüşdə həlak olmuş əsgər yoldaşının cəsədini yeməkdir. Bunlar təkcə məğlub vəziyyətdə olan orduya aid deyil. Qalibiyyət də məhz bu qiymətədir. Müharibə insanları ekstremal seçimlər etməyə vadar edir. Bir alman əsgəri danışır ki, “rus əsirlərdən biri çıxıb tankın üstündə oturmuşdu. Ona düşməyini əmr etdim. Düşmədi. Onu güllələyəcəyimi dedim, məhəl qoymadı. Mən onu öldürdüm. Müharibə qanunları bunu tələb edirdi.” Başqa bir misal. Stalinqradın ətrafında olan Sovet ordusunda bir zabit əsgərdən üçüncü gün ard-arda keşik çəkməyini tələb edir. Əsgər etiraz edir. Zabit ona əmrə tabe olmayacağı təqdirdə güllələnəcəyini bildirir. Əsgər çox yorulduğunu, heç nə vecinə olmadığını deyir. Zabit həmin əsgəri yerindəcə güllələyir. Müharibə qanunları belə tələb edir.
Döyüş şəraitində cəza həmişə cinayətdən qat-qat yuxarı olur. Belə cəzanın özü adi həyatda cinayət sayılır. Müharibə “cəzavermə cinayəti”nə bəraət qazandırır. Ümumiyyətlə, insana cəza verməyin özü hazırda müzakirə mövzusudur. İnsan cinayətə niyə meyllənir, bu səbəblər necə yaranır, onları necə aradan qaldırmaq kimi sualları sülh şəraitində müzakirə edib bir nəticəyə gəlmək olur. Müharibədə isə satqınlıqla qəhrəmanlıq, qorxaqlıqla zəruri addım arasında çox incə cizgi olur. Şəraitdən asılı olaraq eyni hərəkət müxtəlif cür qiymətləndirilə bilər. Hökm çıxardan zabit necə, haqlıdırmı? Müharibə deyir ki, hər zaman haqlıdır. Əmr müzakirə olunmur.
Müharibəni görməyənlər müharibə arzulaya bilər – bu ifadə artıq çoxdan qəlibləşib. Gəl ki, indi savaşlar bütün detalları ilə təsvir olunur, yenə də savaş istəyi tükənmək bilmir. Gərək insan öz dərisində hiss etsin. Bəzən mülki həyatda vasvası hərəkətlər edən adama “əsgərlikdə olmamısan” deyilərək rişxənd edilir. Əgər sülh şəraitində keçirilən əsgərlik mülki həyatdan bu qədər seçilə bilirsə, onda gör, müharibə nə qədər fərqlidir!
İkinci dünya müharibəsindən başqa bir örnək verim. Jak Delaryunun “Gestapo: Terrorun tarixi” kitabında bir epizod təsvir olunur. Hər dəfə konslagerlərdən yəhudiləri gətirib güllələmək çətinlik yaradırmış. Alman əsgərlərinin psixikası pozulurdu. Əsgərlər yaxın məsafədən silahsız insanı öldürmək istəmirdi. Lakin buna məcbur idi. Nə çətin bir şeydir ki? Tətiyi çək, vur. Əmr qulusan. Ancaq insan şüurlu şəkildə əmrə tabe olsa da, təhtəlşüuru sonradan ondan intiqam alır. Hər gecə yuxusunda öldürdüyü adamların üzünü görmək, öz uşaqlarına baxanda, qətlə yetirdiyi insanların övladlarını xatırlamaq və ən nəhayəti, güzgüyə baxanda qatil görmək hər insanın asan keçirəcəyi travma deyil. Onu da mütləq qeyd etməliyəm ki, məhz bu cür problemlərə görə, almanlar qaz maşınları ixtira etmişdi. Nasistlərin kütləvi qətl metodları ayrı mövzu olduğundan bu haqda bircə onu qeyd edim ki, bu ixtiralar həm də alman əsgərlərinin “iş”ini psixoloji baxımdan yüngülləşdirmək üçün tətbiq olunurdu.
Ona görə də, hətta qalib ordunun əsgəri olmaq belə insan üçün çıxış yolu deyil. Biz təbiətdə sağ qalmaq üçün bir-birinə arxalanan varlıqlar olmuşuq. Öz növümüzdən olan canlını öldürməyin bizim psixologiyamız üçün ağır fəsadları olur. Bizim təhtəlşüur üçün bir kəsi öldürmək özümüzü öldürmək kimi bir şeydir.

 
Anar Məsimli
Kultura.az






 
Kultura.az | Developed by Samir Yahyazade