Nicat Qarayev:Niyə bizə sağlam sağ lazımdır?

Публицистика


Son zamanlar REAL-çılar Azərbaycandakı “Sol”-a yaman ilişirlər. Açığı, səbəbini bilmirəm, çünki, “Sol” Azərbaycanda çox balacadır. Nədən qorxurlar, anlamıram. REAL üzvlərinin mövqelərini izləyəndə məndə elə təsəvvür yaranır ki, sanki “Azərbaycanda bir kabus dolaşmaqdadır, kommunizm kabusu.” Halbuki, Azərbaycanda təşkilatlanmış sol demək olar ki, mövcud deyil və mövcud olması üçün ilk növbədə öz çiyinlərindən Sovet yükünü atması, bu təcrübəni əsaslı tənqid və təftiş etməsi, yenidən qiymətləndirməsi lazımdır. Əlbəttə ki, bu çətin bir vəzifədir, amma, biz -- yeni nəsil sol təfəkkürlü gənclər bunun öhdəsindən gələcəyik. Məsələ burasındadır ki, “Sağ”-ın dərdi daha böyükdür.

Özlərinə “sağçı” damğasını vuranların böyük əksəriyyəti reallıq hissini itirib. Yəni ki, ölkədə ideyaya sadiq, dəyərlərə sahib olan sağçılar - milliyyətçilər, mühafizəkarlar, yaxud, liberallar demək olar ki, yox dərəcəsindədir. 90-cı illərin milliyyətçilik + demokratiya formulundan yaxasını qurtara bilməyən bəzi keçmiş QHT-şniklər milliyyətçiliyi Türkiyə türkçülüyünə, liberalizmi isə neoliberal propaqandanın alətinə çeviriblər. Mühafizəkar mövqedə isə, dindarlardan başqa demək olar ki, heç kim gözə dəymir. Baxmayaraq ki, Azərbaycanda əhalinin əksər hissəsi sekulyar mühafizəkardır. Müxalifət partiyaları özlərini gah milliyyətçi, gah liberal, gah da solçu adlandırırlar. Üzvlərinin isə əksəriyyəti yenə də mühafizəkarlardır. Özünə liberal deyən partiya sosial rifah islahatları təklif edir. Özünə sol deyən partiya milliyyətçi proqram təklif edir. Özünə milliyyətçi deyən partiya sağ siyasət təklif edir. Hamı kütləyə oynayır. Hamı opportunizmlə məşğuldur. Ağıllarında bir “orta sinif” şəkli çəkirlər. Oturub o “orta sinifin” dəstəyini qazanmaq üçün proqramlarına bir şey yazırlar, danışanda da qulaq asanların rəğbətini qazanmaq üçün başqa şey danışırlar. Sonra da hamısı bir ağızdan qışqırır ki, bəs bizə sağlam sol lazımdır. Heç soruşan varmı ki, bunların özləri sağlamdırlarmı?

Milliyyətçilərin vəziyyətini biraz başa düşmək olar. Müharibəni uduzmuşuq. Hegemon millət nağılı qurmaq çətindir. İdeyanın bir ucunu türklərə, Türkiyə milliyyətçiliyinə bağlamağa məcburdurlar. Yəni ki, biz uduzmuşuq, amma, əslində tarixən həmişə udanların sırasında olmuşuq. 16 imperiya, şumer və etrusk mədəniyyətini özününküləşdirmək, rus dilində və rus dövlətçiliyində türk izləri axtarmaq, və s. Milliyyətçiliyimiz budur. Ok. Natiq Cəfərli demişkən, xub. Qoy belə olsun. Amma, onda “Vətəndaş milliyyətçiliyi” hekayəsini uydurub, onun dalınca da “biz türklər!” xitabı ilə populizm edəndə götürüb rayonların kəndlərin adını el-oba qoyanda, açıq-aydın bütün mədəni siyasətdə türkçülüyü və türk millətçiliyini təbliğ edəndə, tarixən və mədəniyyət baxımından İranla Türkiyədən və Osmanlıdan dəfələrlə daha yaxın olan bir xalqa türkiyə türkü kimliyini qəbul etdirəndə gərək indi durub bunun ardınca talışa, ləzgiyə, avara, tata başa salasan ki, “əşşi, dildir də, sürüşüb, fikir verməyin.." Belə siyasətin ardınca ölkədə etnik problemlər əmələ gələndə gedib milli azlıqlara nə deyəcəklər? Ki, bəs biz hamımız bərabərik, sadəcə, türklər bir az daha bərabərdirlər? Üstəlik, görəsən bu söhbəti gedən Azərbaycan türkləri haradadır və etnik kimliyi milliyyətçilik adına istismar etmək nə deməkdir? Hərçənd, bu başqa mövzudur.

Bütün dövlətlərin zorakılığının və terrorunun kökündə milliyyətçilik pərdəsi dayanır və milliyyətçilik zatən pərdədən savayı bir şey deyil. Kim ki, güc iyerarxiyasının başında mövqe tutur, o həmişə aşağılara, savadsız kütlələrə “sizin bir düşməniniz var və sizi bu düşməndən yalnız mən qoruya bilərəm” nağılının ora-burasını bəzəyib sırımağa çalışır. Natiq Cəfərli demişkən, xub. Bunu da anladıq. Siyasətdir, filan. Di gəl ki, 21-ci əsrdə Azərbaycanda yetkin insanların iqtidar deyil də, vətəndaş cəmiyyətinin üzvü ola-ola milliyyətçilik kartından istifadə etməsinin, üstəlik bunun da adını vətəndaş milliyyətçiliyi qoymasının heç bir elmi əsası, heç bir məntiqi izahı yoxdur.

İllər uzunu Qərbin Azərbaycanda “post-kommunizm ölkələrinin demokratikləşməsi” adı altında apardığı neoliberal propaqandanın daşıyıcıları olan vətəndaş cəmiyyəti nümayəndələri qalıblar 19-cu əsrdə. Siyasətdə milliyyətçilik, iqtisadiyyatda neoliberalizm, proqramlarında isə sosial rifah dövləti vəd edən REAL-çılar bu təfəkkürün öndərləri hesab olunurlar. Partiyanın uğurunu facebook-da qazandığı like-larla ölçən Erkin Qədirli yazır ki, bəs sovet hökuməti kişidən özəl mülkiyyət hüququnu aldı, qadına da təhsil verdi, o da ayılıb mülkiyyətsiz kişini bəyənmədi. Dedi “çuvak, sənin evin yox, maşının yox, da na fiq ti mne nujen?” Koroğlu demiş, tüfəng çıxdı, kişilik əldən getdi. Görürsünüz, nə qədər absurd söhbətdir?

Hələ 19-cu əsrin əvvəllərində, (təxminən elə Erkin Qədirliylə eyni zamanlarda yazıb yaradan) Ogüst Kont yazırdı ki, insanın inkişafının, onun təbiəti anlamasının üç mərhələsi var: teologiya, yalançı-elm (metafizika) və elm. Erkin Qədrli qalıb yalançı-elm (pseudo-science) mərhələsində. Heç bir sübut, heç bir dəstəkləyici arqument gətirmədən nəzəriyyələr qurur sonra da birdən birə, avtomatik olaraq bu yalanpuşdan nəzəriyyələrin əslində həqiqət olduğunu camaata sırıyır. Yaxşı, hörmətli Erkin bəy, əgər mən sizə kişinin mülkiyyət hüququnun əlindən alınmadığı, eyni zamanda, qadının da təhsil aldığı cəmiyyətləri misal çəksəm, göstərsəm ki, o cəmiyyətlərdə qadın haqları yenə də kobud şəkildə pozulur, satqınlıq, rüşvət və digər sadaladığınız pis-pis şeylər tüğyan edir, onda necə olacaq? Hara gedəcək sizin bu nəzəriyyəniz? Deyəcəksiniz ki, nə bilim, Misir başqadır, orda səbəbi filandır; Hindistan başqadır, orda səbəbi ayrıdır; Keniya başqadır, onu qarışdırmayaq? Daha nə oldu? Elədirsə, heç olmazsa, yazanda “bəlkə”, “ola bilsin ki”, “çox güman ki”, “Allah bilir”, “belə hesab edirəm ki” ifadələrindən istifadə edin. Qaçmağa yeriniz olsun.

Tarixi materializmi kəlləsi üstə çevirən Erkin Qədirli özünə milliyyətçi deyir, amma, marksist-strukturalist yanaşmadan istifadə edərək marksizmi “neprav” çıxartmaq istəyir. Deyəcəksiniz ki, nə dəxli var? Axı, solçular deyirlər ki, özəl mülkiyyət hüququ bölünəndə qadınların mülkiyyətə sahib olmaması onların mütəmadi və struktural istismarı ilə nəticələndi. İndi gərək Erkin Qədirli də mütləq bu arqumentdən istifadə edərək desin ki, Sovet hökuməti özəl mülkiyyəti ləğv elədi deyə kişilər kompleksə girdilər, kişilik hisslərini itirdilər. Başladılar qadınların üstünə düşməyə, rüşvətxorluq eləməyə. Deyirəm, gərək kişilərə villalar, Galendewagenlər verərdi Sovet hökuməti, onlar da Azərbaycandakı kimi Qanuna Riayət Edən Vətəndaş olardılar, rüşvət almazdılar, yalan danişmazdılar. Ax, nahaq da, yoldaş Lenin bu barədə heç düşünməmişdi. Bu absurdun absurdudur. Başqa heç nə. Hələ az-maz, bir balaca da, seksizm. Təsəvvür edin ki, Erkinin dediyindən belə nəticəyə gəlmək olar ki, qadına təhsil verilməsəydi, qadınlar kişilərin mülkiyyətsizliyindən qaynaqlanan kompleksləri dərk etməyəcəkdilər və məsələ həll olunacaqdi.

Bir deyil, iki deyil. Hansını misal çəkək? Bir dəfə də yazmışdı ki, qüdrətli dövlətin dənizə çıxışı olmalıdır. Yenə 19-cu əsr məntiqi. Yenə 1890-cı ilin bestselleri, Dəniz gücünün dünya tarixinə təsiri, müəllifin imzası ilə. İndi oturaq dənizə çıxışı olmayan qüdrətli dövlətləri bir-bir sayaq ki, Erkin bəy, bəs insaf, insaf, insaf. Buradan, bu yazının tən ortasından bütün ciddiyyətimlə üzümü tutub hörmətli REAL idarə heyətinə müraciət edirəm ki, “cümhuriyyətinizi bərpa edəndə” lütfən Erkin Qədirlini Azərbaycan Demokratik Respublikası Karavella Flotilyasının (ADRKF) Kont-admiralı təyin edib göndərəsiniz Xəzərsahili, Volqaboyu şəhərləri mühasirəyə alıb yerli qəbilələrlə kapitulyasiya müqavilələri imzalasın, Azərbaycana yeni ticarət imkanları yaratsın, hər şəhərdə ticarət postu qurub döşü orden-medallı baş konsullar və ali komissarlar yerləşdirsin, Azərbaycan tacirlərinə ekstraterritorial məhkəmə hüququ əldə etsin, ölkəmizin okeana çıxmasına mane olan şərtləri sərt tədbirlərlə aradan qaldırsın. Donanmamızın uzun səfərləri zamanı darıxanda isə kapitan kayutasında günəşin heç zaman batmayacağı yeni imperiyamızın xəritəsinə baxaraq “Özəl mülkiyyətin kişi xarakterini formalaşdırması haqqında traktat” yazar.

Gələk neo-liberalizmə. 2008-ci il qlobal maliyyə böhranından sonra neoliberal düzən süquta uğramaqdadır. İngiltərədə sosialistlər 2020-də hakimiyyətə gəlməyə hazırlaşırlar, ABŞ-da sosialist Bernie Sanders ştatları ard-arda udaraq demokratların, milliyyətçi-populist Trump da respublikaçıların partiya namizədi nominasiyasına doğru gedir. Yunanıstanda, İspaniyada, İtaliyada ən sağ və ən sol partiyalar get-gedə daha çox nüfuz qazanırlar; ən sağ partiyalar belə milliyyətçilik mövqeyindən çıxış edərək neoliberalizmin çıxış yolu olmadığını, “üçüncü yol” siyasətinin uğursuz olduğunu və alternativ çıxış yolları olduğunu hər gün bəyan edirlər. Bizim Avropaya inteqrasiya etməyə can atan neoliberallar da tutduqlarını buraxmırlar. Yapşıblar Avropada və hətta ABŞ-da belə əhəmiyyətini və aktuallığını çoxdan itirmiş “kiçik dövlət” “azad bazar” klişelərindən. Bütün günü hökumətə məsləhətlər verirlər. Bəli. Təəssüf. Gərək bizim hörmətli hökumət nümayəndələrimiz zamanında bizim neoliberallara qulaq asardı. Vaxtında qulaq assaydılar indi belə olmazdı. Bəs görəsən niyə qulaq asmadılar zamanında? Vaxtlarımı yoxuydu? Bəlkə başa düşmürdülər? Niyə bizim savadlı, ağıllı iqtisadçı-ekspert “kassandra”-larımıza qulaq asıb onların dediklərini etmirdilər?

Hər kəs bu sualın cavabını yaxşı bilir. Məsələ maraqlardadır. Məsələ məqsədlərdədir. Məqsəd Azərbaycanda uğurlu və ədalətli iqtisadi sistem qurmaq olsaydı, sizin mütəxəssis rəylərinizə ehtiyac belə olmazdı. Gedib Keynesi, Fridmanı xortladıb gətirərdilər qəbristanlıqdan ki, kömək edin böhran zamanı bu camaata gün ağlayaq. Kurqmana, MİT-in iqtisadi inkişaf professorlarının qabağına paçka-paçka dollarlar atardılar ki, buyurun, gəlin məsələni həll eləyək. Ben Bernankeni gətirib Mərkəzi Bankın sədri eləyərdilər. Amma məqsəd, maraq başqadır. Ona görə də, gedib dünyanın ən güclü sərmaye iqtisadçılarını gətirib onlara deyirlər ki, “qardaş, necə eləyim ki, o biri oliqarxdan daha çox pul qazanım?” “Necə eləyim ki, fondda, büdcədə olan-qalan pulu da ehmalca və daha effektiv və az itkisiz şəkildə cibimə yönləndirim?” Bu suallara cavab axtararkən onları bizim iqtisadi ekspertlərin rəyləri maraqlandırmırdı. Indi də maraqlandırmır. Gələcəkdə də maraqlandırmayacaq. Hakimiyyətdə gücü və pulu bölüşmüş qruplar birmənalı olaraq qısa müddətli mənfəətə hesablanmış addımlar atmaqdan başqa başqa heç nə edə bilməzlər. Onlar uzun müddətdə və davamlı olaraq güc və pul sahibi olacaqlarından əmin deyillər. Onların hər hansı biri bircə dəfə uzun müddətə hesablanmış bir məqsədə resurs sərf etsə, yəni gəlirlərini çox daha uzun müddətə hesablanmış istiqamətlərə sərmaye qoysalar, belə sərmayenin alternativ dəyəri – büdcədən tikinti yaxud idman layihəsi təşkil edib gəlir götürməkdən xeyli gec olacaq. Bu isə, bu fürsəti həmən dəqiqə başqasının ələ keçirəcəyi deməkdir ki, bu da həmin oliqarxın tezliklə sıradan çıxmağına bərabərdir.

Qayıdaq liberalizmə. Özünə liberal deyən partiya proqressiv siyasəti təbliğ etməlidir. İnsan haqlarını təbliğ etməlidir. Özünə liberal deyən partiya milliyyətçi notlar üzərindən “respublikaçılıq” etməməlidir. Özünü “sol”-la asosasiya edən CHP-ni özünə “kumir” seçməməlidir. Özünə liberal deyən partiya Sovetləri tənqid edə-edə köhnə fikirləri, sovet namenklaturasının konveyerindən çıxmış köhnə mədəniyyət, ədəbiyyat adamlarını tərənnüm etməməlidir. Yeni fikri tərənnüm etməlidir. Polisin azaldılmasını, dövlətin güc strukturunun kiçildilməsini, ordunun kiçildilməsini, eynicinsli evliliyi, marijuananın leqallaşdırılmasını, bütün vicdan azadlıqlarının təmin olunmasını təbliğ etməlidir. Liberal Amerikapərəst ola bilməz. Liberalizm Amerikanizm demək deyil. Özünü liberal adlandıran partiya müvəqqəti keçid dövrü üçün sərt avtoritar rejim təbliğatı edə bilməz. Bu mühafizəkarlara, nəbilim, ortodoks sosialistlərə aid xüsusiyyətdir. Daha liberala aid xüsusiyyət deyil. Adını liberal qoyub da praqmatik siyasət yürütmək liberal olmaq demək deyil, neoliberalizmin propaqanda alətinə çevrilərək opportunistlik etməkdir. Sərf eləyəndə sol olacağıq, sərf eləməyəndə sağ olacağıq; sərf eləyəndə liberal, eləməyəndə milliyyətçi... ordan bura hoppan, burdan ora hoppan. Solçular da təkərə düşürlər ki, ay başına dönüm, axı bu sosial rifahı biz dəstəkləyirik, bəs bu REAL niyə belə eləyir?
Mühafizəkar müxalifət partiyaları da dağılıb gedirlər. Mühafizəkar siyasət yürütmək əvəzinə yeni peyda olmuş “liberallar”la ayaqlaşmağa çalışırlar. Özlərinə liberal deyirlər amma üzvlərinin, onları dəstəkləyənlərin liberal sözünün “L”-na, milliyyətçi sözünün “M”-na belə dəxliləri yoxdur. Maraqlıdır, xalq mühafizəkardır, özləri mühafizəkardır, amma partiya xətləri liberal, türk milliyyətçisi, sosial demokrat və s. Nə məcburdur, elə mühafizəkar olun da. Olmaz? ABŞ-da, Avropada olur, burda olmur?

Bir sözlə, Azərbaycanda sağ çürükdür. İçindən çürüyüb və bu çürümənin kökündə duran səbəb özlərini sağ adlandıran kəsimin hələ də ideyalara deyil, populizmə, praqmatizmə pənah aparmasıdır. Bu çürümənin kökündə 90-cı illərin hərəkatının, 2000-ci illərin QHT seminarlarının fərz etdiyi yanlış gümanlarına qapılmaları, Azərbaycan insanını tanımamaları, öyrənməyə çalışmamaları, onlara “təbiətən alverçi” kimi ayamalar qoşmaları, demokratik seçki təcrübəsinin olmadığı bir ölkədə hələ də “seçiciyə” oynamağa çalışmalarıdır. Amma seçici yoxdur. İnsanlar var. Onlar da seçici deyil. Sizin temaları başa düşmür, hörmətli sağçılar. Camaatın ümumiyyətlə bu söhbətlərə dəxli yoxdur. Camaat Rusiyadadır, kənddə-kəsəkdədir, Bakının ətrafındakı gecəqondulardadır. Camaat Facebook-da deyil.

Ölkə sürətlə 90-cə illərə qayıdır. Böhran bütün absurdların cücərməsinə münbit şərait yaradıb. Bütün 90-cı illərin karikatura qəhrəmanları yenidən peyda olacaqlar. Hərə öz populist çıxışları ilə hər şeydən bezmiş camaatı öz tərəfinə çəkməyə çalışacaq, axırda da bir xilaskar peyda olub hər şeyi geriyə qaytaracaq. Çarx da təzədən fırlanacaq. Bunun qarşısını almaq üçün gərək özlərinə “sağçı” deyənlər bu sözün mahiyyətini anlasınlar. Məsuliyyətinə sahiblənsinlər. Facebook respublikalarında hökumətə islahat məsləhətləri vermək əvəzinə, özlərini sağaltsınlar. Çünki bizim bu böhrandan çıxmağımız, daimi böhrana sürüklənməməyimiz üçün bizə sağlam sağ lazımdır. Bizə texnokratizmə sığınmayan və dəyərlərini anlayaraq onları müdafiə edən sağ lazımdır. Nala-mıxa vuran sağ yox. Aranızda bir dənə Səməd Rəhimliniz var, onu da yavaş-yavaş “zaverbovat” eliyirik.


Nicat Qarayev
Kultura.az




 
Kultura.az | Developed by Samir Yahyazade