Yaxiro Fumi: Böyük bacım

Литература

 

Pastil

Həmin yay müharibədən üç il keçirdi, mən isə üçüncü sinifdə oxuyurdum və hər şənbə yağış yağmayanda məktəbdən bir başa evə getmirdim. Yaşadığım İtoda şəhərinin kənarındakı Okadzaki mədəninə deyil, başqa səmtə-məktəbimizin yaxınlığında olan parka qaçırdım. Orda yelləncəklər, sürüşkənlər, turniklər var idi, lakin yelləncəklərin ipləri qırıq, oturacaqları cırıq, sürüşkənlər isə deşik-deşik olmushdu. Buna baxmayaq bütün uşaqlar oynamağa ora gəlirdilər. Parkın girəcəyində, sıx yarpaqlarla örtülmüş, budaqlarında açmış qırmızı çiçəklərlə bitmək üzərə olan yayı yola salan ağac vardi. 
  Məktəbdə ikinci yarımillik başlamışdı və mən həmişə olduğu kimi ilk şənbə günü məktəb darvazasından çıxan kimi parka tərəf qaçmağa başladım. Fotoatelyenin yanından dönüb bir az getdim və budur, parkın girəcəyində gül açmış, sıx yarpaqlı ağacı gördüm. Hər dəfə bu yolu qaçanda ayağımın altındakı torpağı hiss edə bilmirdim. Görəsən bacım gəlibmi? Mən, bacımı belinə ağır uşaq bağlayaraq məni gözlədiyini təsəvvür eləyib ağaca tərəf qaçırdım. 
- Onunla gəzmək hələ dərdyarıdı... Onun çirkli paltarlarını yumaq çox yorucudu - deyərək bacım dodaqlarını sallayıb şikayətlənirdi. Sonra ucadan gülə-gülə kürəyini mənə çevirib – aç onu, çıxart belimdən. Gedək bir az oynayaq - dedi.
- Ver açım- deyərək yuxulu uşağı onun belindən açmağa başladım. 
- Yaxşı tut, əlindən salarsan- deyərək uşağı belinə bağladığı parçanın düyünlərini açmağa başladı.
- Yaxşı, narahat olma- başımı yelləyib yekə qarın uşağı qucağıma götürdüm. O çox ağır idi. 
  Bacım üzünü mənə çevirdi, adəti qaydada uşağı qucağına götürüb yerdəki otun üstünə qoydu və başının üstündə gün çətirini açdı. Getdik turnikdə fırlanmağa.
  Görəsən bugün yenə gələcəkmi? Çiynimdəki yaram ağrıyırdı , amma bunu hiss etməyərək yenə irəliyə doğru qaçırdım. Bacımı hər şənbə gözləyirdim, lakin bəzən o gəlmirdi. Hərdən dayəlik etdiyi uşağın gənc anası uşağı yedirtməyi çatdırmırdı və ya yaşlı qoca nənəsi bacımı masajistin dalınca göndərirdi yaxud hər hansı başqa iş tapşırırdı...
  Bacımı parkda görməyəndə bir az gözləyib evə qayıdırdım. Evdə məni gözləyən işlərim var idi, istədiyim qədər oynaya bilməzdim. Evə qayıdandan sonra mədənə gedib kömür yığmalı, qardaşıma dərman almaq üçün xəstəxanaya getməli və nahar hazırlamalı idim.
  Anam Okadzaki mədənində işləyirdi, kömür yığırdı. Axşamlar isə paltar tikməklə bir az pul qazanırdı. Nahar hazırlamağa vaxtı yox idi. Buna görə də mən dərslərdən sonra ərzaq almaq üçün dükana getməli, nahar hazırlamalı və su daşımalı idim. Əvvəllər bunları yeddinci sinifdə oxuyan bacım edərdi. Lakin üç ay əvvəl o məktəbi atmağa məcbur olub köhnə paltar alveri eləyən Taminegildə dayəlik etməyə başladı və bununla da evin bütün işləri mənim boynuma düşdü. 
  Mən parka gələndə bacım artıq orda idi. O, belində uşaq turnikdən sallanmışdı. Uşağın başı arxaya çevrilmişdi və o hönkürtü ilə ağlayırdı. Gün çətiri isə açıq halda yerə atılmışdı. 
- Bacı!- çağıraraq ona tərəf sevinclə qaçmağa başladım. O məni görərək turnikdən aşağı hoppanıb gülümsədi. 
- Çoxdan gözləyirsən?
- Elə indi gəlmişəm... Sən tər su içindəsən- deyərək əlini alnıma sürtdü. 
- Gəl onu yerə qoyaq-uşağı göstərərək dedim.
  - Bayaqdan bağırır, zəhlətökən-deyib uşağın ayağından vurdu və kürəyini mənə çevirdi. 
  Mən ağlayan uşağı özümə tərəf sıxdım.
Bacım kürəyindəki yükdən azad olan kimi belini dikəldib turnikə tərəf qaçdı. Öz nazik bədənini zərifcəsinə əyərək başı aşağı sallandı. Məktəb vaxtı turnikdə tapşırıqları hamıdan yaxşı yerinə yetirirdi, qacışda da hamıdan qabaqda idi. Bütün qaçış yarışlarında iştirak edirdi. O kömür anbarından kömür oğurlayarkən qarovulçunun qaçaraq ona çata bilməməsindən fəxrlə danışırdı. O turnikdə bir necə dəfə dartındı, daha sonra geriyə doğru fırlanmağa başladı. 
Qucağımda dayanmadan ağlayan uşağı saxlayaraq ona dedim:
- Bacı, uşaq sakitməşmir.
- Heç nə olmaz. Qoy ağlasın. Burda olar, anası eşitmir-deyərək fırlanmağa davam elədi.
  Mən bir az təəcübləndim. 
  Bacımın qaldığı alverçinin evi parkdan bir kvartal aralıda idi. Bir dəfə anamla onlara getmişdim, balaca darısqal dükanda köhnə patefonlar, radioqəbuledicilər, amerikanlardan qalan yun yorğanlar, tikiş maşınları və sandıqlar vardı. Divardakı rəflərdə geyinilmiş əsgər botinkaları düzülmüşdü, onları yəqinki heç kim almazdı. 
  Dükan sahibi ad xatirinə köhnə əşyalar satırdı. Əslində isə o faizlə borca pul verirdi. Bununla o çox gözəl qazanırdı. Okadzaki mədənində çox adam ondan pul götürürdü. İlin əvvəlində atam plevritdən ölən zaman xəstəxana və dəfn xərclərini ondan borca götürmüşdük. Biz götürülən pulu geriyə qaytarmamış on altı yaşlı qardaşım Kunio evə qayıtdı və məlum oldu ki, Noqatada çuqunəritmə zavodunda işləyərkən o da plevritə yoluxmuşdu. Bu borclardan qurtulmaq uçun anam bacımı Taminegilə dayəliyə göndərdi. Bacım Taminenin çox xoşuna gəlmiş və bacımı nəvəsinə dayəliyə götürməyə razı olmuşdu. 
- Məni incidir – deyərək uşağı turnikdən sallanan bacıma uzatdım.
- Onu otun üstünə qoy – turnikdən sallanmış halda dedi və əllərini dəmirlərdən buraxaraq başı aşağı yellənməyə başladı. 
- Gördün? – gülərək məndən soruşdu.
  Mən qucağımda ağlayan uşağı otun üstünə qoyaraq üzünə gün düşməsin deyə günəş çətirini açıb yanına qoydum. O dayanmadan, var güclə bağırırdı. Mən belimdəki çantanı çixararaq bacımı çağırmağa başladım. 
- Gözlə bir azda sallaşım, bir dəfədə firlanım, gəlirəm – turnikin dəmirlərindən tutaraq ayaqlarını göydə fırladıb yerə hoppandı. 
- Sən bütün yaşsan – bacıma baxaraq söylədim. 
  O üzünün tərini sildi.
- Bütün günü ağlayır. Bilmirəm ona nə eləyim – hirsli səslə deyib uşağı qucağına götürdü. 
Uşaq o dəqiqə sakitləşdi, heç elə bil bayaqdan ağlamırdı. Bacım mənə baxıb gülümsəyərək dedi:
- Senuko, kölgəyə gedək. 
- Gedək – deyərək razılaşıb yerdən çantamı götürdüm. Birdən yadıma vacib bir şey düşdü. Çantamda bacıma veriləsi vacib bir şey var idi. 
- Kotyan, şirin bir şey istəyirsən? – soruşaraq onunla ağacın altında oturdum.
- Şirin?
  Bacım uşağı əlindən qoyaraq mənə tərəf çevrildi.
- Pastil – deyərək çantamı açdım.
- Pastil? Hardandı səndə pastil? – təəcüblənərək soruşdu.
  Deməli, mən onu təəcübləndirə bildim! Sevincək halda çantamdan pastilləri çıxartdım. Bu sadəcə pastil cubuğunun beş santimetr böyüklüyündə olan qırıqları idi. Üzərindəki gümüşü örtüyü soyaraq pastilin yarısını bacıma uzatdım. 
- Götür.
- Hardandı bu səndə? – bacım əlini uzadaraq maraqlandı. Bacım bilirdi ki, bizim evdə saxarinlə yoğrulmuş yam kökələri olurdu. Pastil və ona bənzər bahalı şeylərə pul heç vaxt olmurdu.
-Ötən gün Taniquti xala gətirmişdi – deyərək bir dilim dişlədim. Bacım da öz payından bir dişlək aldı.
-Dadlıdı!
  Pastillər şirin və dadlı idi, dodaqlar bu daddan həzz alaraq gülümsəyirdilər.
-Taniquti xala birdən-birə niyə bizə pastil gətirdi ki? – bacım son tikəsini ağzına qoyub, barmaqlarını somuraraq soruşdu.
-Onlar köçürlər. Akaikematidəki Fudzisima mədəninə köçəcəklər. Anamla vidalaşmağa gəlmişdi və özü ilə pastil gətirmişdi.
- Başa düşdüm.
  O anam işdən gəlib paltarını dəyişən zaman gəlmişdi. Anam ondan gözləməyi xahiş etdi, o isə mehribancasına gülümsəyərək anamın əynindəki çirkli iş şalvarını çıxarıb ev paltarını geyinməsinə tamaşa edirdi. Sonra ciddiləşərək dedi:
- Gəlmişəm sizinlə sağollaşmağa. 
- Siz sabah köçürsünuz? – anam soruşdu.
-Hə, amma yük maşını səhər tezdəndən gələcək. 
-Çox təssüfki siz köçürsünüz. Sizsiz çox darıxdırıcı olacaq – anam yavaş səslə dedi.
- Zərər yoxdu, biz çox uzağa köçmürük. Siz bizə tez-tez qonaq gələ bilərsiniz – deyərək xalam anama təsəlli verməyə başladı. 
- Yox, gələ bilməyəcəyik. Ata da yoxdu, söhbətləşməyə bir adam qalmadı.
- Hə, yazıq çox tez rəhmətə getdi. Adi plevritdən öldü. O qədər mədəndə qəzalar olmuşdu, hamısından sağ-salamat çıxmışdı. 
- Hə ölmək ölməkdirsə, elə mədəndə ölmək hamısından yaxşıdır. Heç olmasa ailəyə pul verirlər. Xəstəlikdən ölənlərə heç bir qəpik də verən olmur. Ata bu sözlərə görə məni bağışlasın. Neyləyim, pul elə çətinliklə qazanılır ki.
- Doğrudur. Amma Xirosi müstəqil insan təəsüratı bağışlayır adama. 
- Hə, onun hələ on səkkiz yaşı var.
- Ərim deyir ki, Xirosu çox əla işçidi. Əgər belə davam eləsə bacarıqlı şaxtaçı ola bilər. 
- Dözə bilmir. Atasını basdıran kimi yanında şagirdlik elədiyi dülgəri atıb mədənə işləməyə getdi. Gərək getməzdi. İndi bir şey olan kimi hirsini hamıdan çıxır, Setsukidən də, Xideodan da. Evdə xəstə adamın olması pis şeydi.
- Hə, sizin dərdiniz böyükdü – xalam bayaqdan əlində saxladığı boxcanı təntənəli şəkildə açmağa başladı – Sizə pastil gətirmişəm. Yeyin, nuş olsun.
- Nahaq əziyyət çəkmisən – deyərək anam təəcübləndi. 
- Hər şeyə görə çox sagolun. Siz mənə qarşı həmişə mehriban davranmısınız. Belə balaca sovqata görə gərək bağışlayasınız. İndi pulla bağlı bir az sıxıntımız var, ona görə də başqa mədənə köçmək məcburiyyətindəyik. Amma inanınki heç köçməyimiz gəlmir!
-Nə danışırsınız? Əslində mən sizə hədiyyə verməli idim, amma veriləsi bir şey də yoxdur. Elə utanıram... 
-Nə hədiyyəsi, fikir eləmə – deyib xalam pastilləri anamın dizinin üstünə qoydu. 
  Xalam evlərinə gedəndən sonra anam pastilləri evin dua olunan hissəsinə aparıb, atamın şəklinin altına qoydu. 
  Kunito başını yorğanın alından çıxarıb güclə eşidiləcək səslə dedi: 
- Mənə pastil ver.
- Ayıb deyil sənə? Xirosi gələndə hamıyla bir yerdə yeyərsən – anam ciddi səslə deyərək, aromatik cubuqları yandırmağa başladı. 
- Hamsını qardaşıma verəcəksən, mənə heçnə qalmayacaq – qardaşım Kunio incik səslə deyib ayağı ilə döşəyinə təpik vurdu.
- Nə vaxt olub ki, mən sənə heçnə verməmişəm? Səninki ancaq dadlı yeməkdi. Ondansa çalış tez sağalıb işə çıxasan – deyərək anam hirsləndi.
- Bundan sonra Kunionun gözündən sel kimi yaşlar axmağa başladı – bacıma danışmağa davam edirdim.
- Yazıq. Anam nahaq onun üstünə düşür – bacım qınayaraq dedi. 
- Həmin axşam Xirosi işdən qayıdanda anam pastilləri bölüşdürdü. Birini dörd hissəyə bölərək mənə və üç qardaşıma verdi. O birisini isə qəsəbədəki Maruitiyanın dükanında satılan əriştə ilə dəyişdirdi.
- Secuko, belə çıxır ki sən öz pastilini yemədin, mənə gətirdin? – bacım mehribanlıqla mənə baxdı. 
  Biz danışan vaxtı uşaq yuxuya getdi. 
- Çox dadlıdı, düzdü? – gülümsəyərək ayağa qalxdım. 
  Bacım uşağı belinə bağlayaraq birdən birə ciddiləşib böyüklər kimi dedi:
- Kunioya yaxşı baxmaq lazımdı. Sən artıq evə getməlisən. Dərman almaq lazımdı.
  Evə getməyə heç həvəsim yox idi. Bacımın yanında qalmaq istəyirdim, danışmaq istəyirdim onunla...
- Get, Secuko – çətiri uşağın başına tutaraq bacım təkrar elədi.
- Yaxşı – ona qulaq asaraq çantamı belimə asdım.
- Gələn şənbə görüşürük?
- Görüşərik – bacım başını yelləyib arxasına baxmadan qaçmağa başladı.

 

Avans

Anamın yüyrək addımlarından geri qalmamağa çalışaraq yeriməyə yox, qacmağa başladım. Soyuq bazar günü idi. 1950-ci il sonuna yaxınlaşırdı. Bayıra çıxanda anam kömür təmizlədiyi şalvarını əyninə keçirib, yun arxalığını geyindi. Mən isə bacımın əyninə balaca olan onun köhnə şalvarını geyinib, boynuma anamın şalını doladım. Boynum üşümürdü, amma sviterim əynimə gödək idi və belimə soyuq vururdu. 

- Geri qayıdanda sənə əriştə bişirəcəm – anam dedi. 
- Doğurdan? – sevincimdən hətta qışqırdım. Dəhşətli dərəcədə acmışdım. Səhər bir balaca kasa küftə yemişdim və bu mənim gün ərzində yediyim yeganə yemək idi.
  Həmin il Koreyada müharibə başlanmışdı və Okadzaki mədənində iş çox yaxşı gedirdi. Anam hətta bazar günləri işləyirdi, lakin biz yenə də əvvəlki kimi kasıb yaşayırdıq. Axırda Kunio xəstəxanada yatmalı oldu və evə gələn bütün pul onun müalicəsinə xərclənirdi. Bacım nəhayətki evə qayıtmışdı, alverçi Tamineyə olan borcumuz qurtarmışdı. Lakin elə həmin ilin iyun ayında anam yenidən ondan borc götürməli oldu və bacım yenə Taminenin evinin yanındakı balaca dükana işləməyə getdi. Mən anamla elə həmin dükana doğru gedirdik. 
- Əriştəni yeməkxanada yeyəcəyik?
  Mən sevinc dolu gözlərimlə anama baxdım. O isə gülümsəmədən soyuqdan büzüşmüş halda irəliyə doğru addımlayırdı. Fikirləşdim ki, nə yaxşı ki onunla gəlmişəm. Səhər oyananda anam soruşdu:
- Bacını görmək istəyirsən? Əgər istəyirsənsə mənlə gedərsən.
- Gedərəm– hazır halda təstiqlədim. 
  Bacım Taminegildə dayəlik eləyəndə mən onunla yalnız şənbə günləri görüşə bilirdim. İndi isə o müştərilərə xidmət eləyirdi və biz daha nadir hallarda- ayda iki dəfə ona məzuniyyət veriləndə görüşə bilirdik.
  Evə gələndə bacım deyirdi:
- Bəh, bəh! Adam öz evində nə yaxşı olur! Bizim evimiz hər yerdən yaxşıdı – deyib tataminin üzərində uzanıb mənə deyirdi: 
- Setsuko, yorğanı üstümə ört, bir az yatım. Oyatma məni.
  Mən yastıq və yorğan gətirib onun üstünə qayğıkeşcəsinə örtürdüm. Bacım gözlərini yuman kimi yuxuya gedirdi. 
- Az qalıb – dedi anam və dükanların sırasına girib addımlarını yavaşıtdı.
  Mən onun əlindən tutub insanlar və zənbillərlə dolu hərəkətli küçədə bir-birinə yapışmış balıqlar olan piştaxtaya, bulka satılan dükanlara göz gəzdirirdim. Anamın hər gün kömür toplayan əlləri kişi əli kimi cod və kobud idi. Düşündüm ki, anamın əlləri rəhmətlik atamın əllərinə bənzəyir.
- Çatdıq – deyib anam əlimi buraxdı.
  Bacımın işlədiyi yaşıl rəngli dükan girişində böyük hərflərlə “Permanent” yazılmış bərbərxananın yanında yerləşirdi. Dükanın da üzərində yazı var idi- “Təzə göyərti”. Birdən mən dükanın bir küncündən o biri küncünə cəld hərəkətlə kecən bacımın sürətini gördüm. Bacım! Ürəyim həyəcanla döyünürdü. Bacım isə qəzet kağızına turp bükürdü.
- Kotyan! Bacı! – deyərək qışqırdım. O başını qaldırıb mənə baxdı və simasında xoşbəxt bir təbəssüm peyda oldu.
  Bacımın saçları açıq idi, əynində bədəninə tam oturmuş qara sviter var idi. Ayağına balaca boğaz botinka geyinmişdi, hərəkətləri on beş yaşlı qıza yaraşmayacaq şəkildə cəld və iti idi. Bacım yaşından çox böyük görünürdü. O alıcı ilə danışırdı və üzündən mehribanlıq yağırdı. 
  Anam salamlaşaraq dükana girdi. 
Mənsə bayırda, soyuq küləkdə gözləyirdim ki, bacım işini bitirsin. Mənim ayağımın yanında qablarda kələm, kök, soğan və başqa tərəvəzlər düzülmüşdü. Yanlarında böyük bir mandarin yeşiyi qoyulmuşdu. Mandarinlər xırda və parlaq idilər. 
  Mən onlara baxaraq onların dadlı olmağını yəqin etdim. Mən mandarini tez-tez görmürdüm. Anam almırdı onları bizə. Bir dəfə mən onunla dükana getmişdim və mandarin almağa israr eləmişdim amma o almaqdan imtina etmişdi. 
- Bəyəm mandarinlə adam doyar? Ondansa kartof alarıq – deyib hirsləndi.
- Kotyan, birdə bir qutu qənd ver – turp alan qadın dedi.
  Mən gözümü mandarinlərdən ayırıb bacıma baxdım. Əlində işi az idi, çox da məşğul deyildi, dükanda cəmi bir müştəri var idi. Mən soyuqdan bükülərək gah bir ayağımın, gah da o biri ayağımın üstündə dururdum, əllərimi bir-birinə sürtüb onlara üfürürdüm. İsti nəfəsim soyuq havada buxar olaraq yoxa çıxırdı.
- Çox sag olun – bacım müştərini qapıya kimi ötürüb təşəkkür etdi.
  Mənə yaxınlaşaraq dedi:
-Setzuko, dilini çıxart.
- Nə? – deyib təəcüblə bacıma baxdım. 
- Qorxma, gözünü yum və ağzını aç-deyib güldü.
  Mən onun dediyi kimi elədim. O dilimin üstünə nəsə qoydu.
- Ay, şirindi! – deyib qışqırdım. Bu qənd parçası idi. 
- Sakit, ay dəli, eşidərlər. 
  Bacım tez ətrafa baxdı. Sonra cəld şəkildə əlini yeşiyə uzadıb ordan üç mandarin götürdü və qucağıma basdı. 
- Tez bunları gizlət. 
  Mən özümü itirdim və mandarinin birini yerə saldım. Tez yerdən qaldırb hara qoyacağımı bilmədim. 
- Cibinə qoy, cibinə - bacım təlaşla deyib mandarini şalvarımın sağ cibinə basdı. Şalvarın cibi qabarıq qalırdı və qıraqdan baxana cibimdə nə olduğu aydın bilinirdi. 
- Əlinlə cibinin üstünü ört – bacım əlimi cəld cibimin üstünə qoydu. Sonra mənə baxıb bərkdən gülməyə başladı.
  Məni də gülmək tutdu. Biz bir yerdə gülürdük və soyuq havadan ağ buxara çevrilən nəfəsimizi külək aparırdı. 
  Əlimi cibimin üstündən çəkmədən bacıma dedim:
- Anam bura niyə gəlib?
- Avans istəyir – deyib cavab verdi və üzü ciddi ifadə aldı. 
Heç nə anlamayıb soruşdum:
- Avans?
  Bacım tutuldu. İşin nə yerdə olduğunu anladım. Anam pul istəməyə gəlmişdi. Başımı aşağı salıb ayaqqablarımla yerdəki daşlarla oynamağa başladım. 
- Xirosi işə gedir? – bacım soruşdu.
- Gedir, amma hərdən çox, lap çox hirslənir və heç yerə getmir. Deyir heç nəyin mənası yoxdur, mənə və Xideoya hirslənir. 
- Belə de... Bəs Kunionun sağlamlığı necədir?
- Heç cürə sağala bilmir. Anamla onun yanına xəstəxanaya gedəndə hər dəfə təzə nəsə istəyir. “Yarımbişmiş yumurta istəyirəm, yumurta istəyirəm”. Anam onu hardan alsın?
  Bacım qayğıkeşcəsinə söylədi:
- Yarımbişmiş yumurta çox xeyirlidi. O ondan mütləq yeməlidi, plevritin sağalmasına kömək eləyir. 
  Mən konserv bankaları düzülmüş rəflərə baxdım. Dükanda həm də bambukdan hörülmüş zənbildə yumurtalar vardı. “Kaş ki bu yumurtalardan ala bilərdik” fikirləşdim. 
- Bəs bu gün Xideonu niyə özünüzlə götürmədiniz? – bacım birdən soruşdu.
- Xideo.. – gülümsəyərək cavab verdim – dünən gecə onlar Masaru ilə kömür oğurluğuna getmişdilər. Qarovulçu onları tutub yaxşıca paylarını verib. 
- Fərsizlər – deyib bacım güldü. 
  Dükana bir müştəri girdi. Görünür yaxında qalırdı, yun kofta üzərindən önlük taxmışdı. O qapının agzında dayandı. 
-Kotyan, mənə duza qoyulmuş kələm ver zəhmət olmasa. 
-Xala, deyəsən üşümüsüz – bacım gülər üzlə soruşub əlini ağzına kimi duzlu su ilə dolu boçkaya saldı. Ağrıdan üzünü turşutdu. Dişlərini sıxıb əli ilə kələm çıxartdı və tərəzinin üstünə qoydu. 
  Mən ona baxıb fikirləşirdim: görəsən ona nə olub? Müştəri gedəndən sonra bacım ağrıdan dodağını büzərək mənə yaxınlaşdı. 
- Sənə nə olub?
- Buna bax – o mənə əlini uzatdı. Onun biləklərindən barmaqlarının ucunadək ola hissə şişmişdi. Dərisinin bəzi yerləri çəkiclə döyülmüş kimi göyərmiş, sıyrılmışdı və qanayırdı. Onun indiki və əvvəlki dərisi arasında heç bir oxşarlıq qalmamışdı. 
- Əlimi şaxta vurub və dərim çat verib. Çox pis ağrıdır. Soya və tofu çəkəndə əlim o qədər də çox ağrıtmır. Amma duza qoyulmuş ərzaqlar çəkəndə çox əziyyət çəkirəm. Üstündən su axıtsam da duz əlimi göynədir.
Bacımın gözləri kədərli, çox kədərli idi. O dayanmadan əlini ovuşdururdu. 
- Gərək nanə sürtəsən – mən məsləhət verdim. 
- Sürtmüşəm, kömək eləmir. Əlim həmişə suyun içindədi. Gah yemək bişirirəm, gah qab yuyuram. Heç cürə keçib getmir. 
  Mən əlimi ehtiyatla onun əllərinə vurdum. Barmaqları kobud və şişkin idi. Kənardan baxanda adama elə gəlirdi ki, onlar istidən yanır. Amma toxunduqda buz kimi soyuq idi. Ürəyim dözmədi onları üfürərək isitmək istədim. 
- İsidirsən? – bacım sakit səslə gülümsəyərək soruşdu. 
  Mən bacımın qurumuş əllərini öz balaca toppuş əllərimdə tutub onlara üfürürdüm. Amma onlar qızışmaq bilməyən buz kimi idilər, ağzımdan çıxan isti nəfəs isə buxar olub havada itirdi.

Arzu

Qotodzidə qatardan düşəndə mən stansiyadan meydana keçib, bacım dediyi kimi sağa aparan hərəkətli bir küçəyə çıxdım. 
  Qotodzi İtoda şəhərindən və Okadzaki mədənindən çox da uzaqda olmayan balaca bir şəhərdir. Bizim balaca və boz şəhərimizdən fərqli olaraq Qotodzidə dörd kinoteatr və bir balaca teatr fəaliyyət göstərirdi. Bu teatrda tez-tez Yesio Tabata, Tsudzuko Suqavara kimi məhşur müğənnilər konsert verirdilər. Qodotzidə kollec və şəhər kitabxanası , həm də əmək birjası var idi. Ticarət küçələrində elə bir canlanma olurdu ki, bizim şəhər belə canlanmanı heç yuxusunda da görməzdi. 
  Bacımın 18 yaşı tamam olmuşdu və o patinkoda (tərc. -oyun zalı) işləyirdi. İki il əvvəl o ərzaq dükanından çıxdı və anam onu kimyəvi-quru təmizlik atelyesində işə düzəltdi. Altı aydan sonra ordan da çıxmalı oldu. Sonra o stansiyadan çox da uzaqda olmayan yeməkxanada işlədi, lakin dörd aydan sonra oranı tərk edib Qotodziyə iş axtarmağa getdi. 
- İtodo kənddir, burda yaxşı heçnə yoxdur. Qotodziyə gedib əmək birjasını tapacam və ordan özümə yaxşı bir iş seçəcəm – şəstlə deyib təzə paltosunu geyinib getdi. 
  Məktəbdən evə qayıdanda bacımı əynində palto, otağın bir küncündə büzüşüb oturduğunu gördüm. Ətrafında əlvan rəngli süni güllər səpələnmişdi. Elə həmin küncdə, isti kimonosunu geyinib,ayaqlarını bir-birinin üstünə aşırmış halda qardaşım Kunio oturmuşdu və o başını aşağı salıb diqqətlə işləyirdi. Onu sağalmamış halda xəstəxanadan buraxmışdılar və o indi evdə süni güllər düzəltməklə pul qazanmağa çalışırdı. 
  Açıq tataminin üstünə bir topa qırmızı və sarı güllər yığılmışdı. Bu əlvan rəngli güllər şkafı, radiosu olmayan boş evimizi daha da kasıb və boz göstərirdi. 
  Qardaşım qonşunun radiosunda güclə eşidiləcək səslə gələn mahnıdan “unudulmuş vicdan oyanacaq və keçmiş istirablar canlanacaq” misralarını yavaş səslə zümzümə edirdi. Bu mahnı Yesio Tabatanın oxuduğu “Geri qayıtmış gəmi” mahnısı idi və qardaşım onu çox sevirdi. Qardaşım gülləri düzəldərkən yanında yanan peçin üstündə tez-tez əllərini qızdırırdı. 
  Mən furosikidən tikilmiş məktəb çantamı stol kimi istifadə etdiyimiz alma yeşiyinin altına qoyub soruşdum:
- Birjada nə oldu?
- Bir topa adam var idi. Hamı iş axtarır. Ətrafdakı bir çox mədəni bağlayıblar. 
- Bəs sən özünə uyğun bir şey tapa bildinmi?
- Mən bir də ora getməyəcəm – bacım əllərini cibinə qoyaraq acıqla cavab verdi.
- Niyə?
- Oranın işciləri məni axmaq yerinə qoydular.
- Necə?
- Mən məktəbi axıra kimi oxumamışam! Deyir belə savadsızlara heç yerdə iş yoxdur, hətta qulluqçuda işləyə bilmərəm. Alçaqlar!
  Bacım hirsini birja işçisinin üstünə tökərək bildiyi bütün söyüşlərlə onu söyməyə başladı.
  Yarım il bundan əvvəl baş vermiş bu hadisələri yadıma salaraq mən Qotodzi şəhərinin küçələrində gəzişirdim. Birinci uğursuz səfərindən sonra bacım yenə Qotodziyə gəlib patinkoda- işə düzəldi. 
Patinkonun binası stansiyadan çox da uzaqda olmayan kinoteatrın arxasında yerləşirdi. Kinoteatrın yanında Xideko Takaminenin çəkildiyi “Karmenin qayıdışı” filminin afişasına baxmaq üçün addımlarımı yeyinlətdim. Son dəbə uyğun şlyapa geyinmiş Xideko Takamine və Tosiko Kabayasi bir çətirin altına girib xöşbəxtcəsinə gülümsəyirdilər. Vitrində filmdən kardlar çəkilmiş şəkillər asılmışdı. Mən onlara maraqla baxırdım. Biz bacımla bu filmə getməyi planlaşdırırdıq. 
  O mənə açıqca göndərmişdi, bazar günü istirahət günü götürəcəyini söz vermişdi və məni bu kinoya baxmağa dəvət etmişdi. Patinkonun girişində qızların işə qəbulu ilə bağlı elan yazılmışdı. 
Mən şüşə qapını itələyib içəri daxil oldum. Havasızlıqdan və siqaret tüstüsündən nəfəsim tutuldu. Oyun oynayanlar bir-birinə yapışmış kimi bir sırada oturub oyun şarlarını fırladırdılar. Zalda oyun şarlarının səsi və qulaq batıran musiqi sədaları bir-birinə qarışmışdı. 
- Setsuko! – hardansa bacımın səsi eşidildi. 
  Başımı qaldırıb bacımı gördüm. O , fonerka arakəsmədən çıxıb gülümsəyərək məni çağırdı. Görəsən ona istirahət günü verdilər? Mən oyun zalına keçdim. 
  Bacım əli ilə məni çağırıb arakəsmənin arxasına keçdi. Fanerka arakəsmənin arxasında onun
ancaq başı görünürdü. 
- Setsuko, bura gəl – o məni çağırdı. 
  Avtomatların arxasında olan balaca bir qapıdan içəri keçdi. Mən onu iki ay idi görmürdüm, patinkoda işə düzələndən o heç istirahət günlərində də evə gəmirdi. Onun üzü yüngül bəzəkli idi, dodaqlarına pomada çəkmişdi. Saçlarını burmuşdu, qolu qısa xalatşəkilli formasının yaxasına parabüzən böcəyinin broşkası taxılmışdı. 
- İçəri gir, tez.
Bacım gördü ki, mən, hər şeyə maraqla baxıram və gülümsədi. O çox qəşəngləşmişdi, Əhvalı da yaxşı idi. 
- Sən istirahət günü götürə bildin?
- Alınmadı. İş yoldaşım xəstələndi, onu əvəz eləməliyəm. Heyif ki, kinoya gedə bilməyəcəyik. 
  Bacım qapını açarla bağladı. 
- Mənim bura girməyimə görə bir şey olmaz sənə?
- Heçnə olmaz – deyib yaxınlıqdakı oyun avtomatında yanan qırmızı işığı söndürdü.
  Barmağının ucu ilə avtomatın arxa tərəfindəki dəstəyi burdu və yuxarı çuxurda yığışmış oyun topları səs-küylə avtomatın aşağı tərəfindəki qutuya diyirləndilər. 
- Nə oldu? –mən soruşdum.
  - Hərdən elə olur ki, toplar çuxura düşür və ilişir. Mən indi olnarı çıxardım – deyərək məndən uzaqlaşdı. Bizdən bir qədər aralıda olan avtomatda qırmızı işıq yanmışdı. O işığı söndürüb, dəstəyi burdu və yenə mənə yaxınlaşdı.
- Kinoya başqa bir vaxt gedərik. Amma gəlmisənsə bir az söhbət eləyək. Mən bir yerdə 
dayana bilmərəm, sən mənim arxamca gəz.
Bunu deyib bacım arxaya çevrilərək avtomatlara tərəf getdi.
- Birinci sıra, beş nömrə. İkinci sıra, iki nömrə. Dördüncü sıra, on bir, on iki, on beş nömrə. Dördüncu sıra, bir az tez. 
  Dinamiklərdən gələn səs qızları avtomatlara tərəf qovurdu. Bacımın ardınca ruh kimi
gəzərkən barmaqlarımın ucuna qalxıb arakəsmənin arxasına baxdım. Arxada hündür taburetdə əlində mikrofon bir kişi oturmuşdu. Zala girəndə onu görməmişdim. O balaca boy, yaraşıqsız idi və yaşı təqribən iyirmi beş olardı. O zalda baş verənləri dörd gözlə izləyirdi. 
  Mən qonşu arakəsmənin o tərəfinə baxdım. Deyəsən dördüncü sıra orda idi, üç qırmzı işıq yanırdı. Həmin sıradakı qız irəli-geri qaçaraq qırmızı işıqları söndürürdü. 
- Kotyan –o, bacımı bərkdən səslədi. 
  Bacım kimi onun da yaşı on səkkizdən çox olmazdı, yanaqları uşaq yanaqları kimi toppuş idi. 
- Yanındakı kimdi? – bacım ayaq barmaqlarının ucuna qalxıb ona baxanda o soruşdu.
- Bacımdı – deyərək geriyə döndü və sıranın əvvəlinə doğru getdi. Mən ona yol vermək üçün divara sıxıldım. 
- Yazmışdın ki, Kunio evdən çıxıb. Niyə çıxıb ki?- yanımdan keçərək soruşdu.
- Xirosi ilə dalaşmışdı. Nə mən evdə idim, nə anam. Mən evə gələndə kağız güllər əzilmiş şəkildə bütün evə səpələnmişdi. Xirosi artıq getmişdi, Kunio isə başını yorğana bürüyərək ağlayırdı. 
  Bacım kürəyini mənə çevirmişdi, mən isə olanları ona nağıl edirdim. 
- Necə də qəddardır. Həm özü rəzil günündədir, həm də sizin necə dolanacağınızı fikirləşmir – bacım əlini işdən ayırmayaraq, topları yığışdıqları çuxurdan boşaldıb hirslə söylədi – bəs hara gedib, bilmirsən?
- Bilmirəm. 
- Yanına gedə biləsi bir dostu da yoxdur. Belə xəstəhal hara gedə bilər ki?
Bacım yenə sıranın içində tələsik hərəkət edirdi, mən isə onun arxasınca gedirdim. O başını daima sağa sola çevirərək avtomatları yoxlayırdı.
- Bu yaxınlarda pul göndərmişdim, ala bildiniz? 
- Hə, aldıq. Bacı, sən hər ay demək olar ki bizi xilas edirsən. Anam hər dəfə elə sevinir ki. Hiss elədim ki, yanında dayandığım avtomatda toplar tərpənmir, tez kənara çəkildim ki, bacım yaxınlaşsın. 
- Anam da çox əziyyət çəkir – qabağa keçərək dərindən ah çəkdi. 
- Keçən aydan mədəndə maaşların yarısını talonla verməyə başlayıblar. İndi Xirosida da, anam da maaşlarının yarısını alırlar. 
- Bizi axmaq yerinə qoyublar. Güya bilmirlər ki, talonlarla ancaq bir yerdə bazarlıq eləmək olar. 
- Əlbəttə. Hamı da ora qaçır. Başını bir də qaldırıb baxırsan ki, düyünü və yarmanı alıb qurtardılar. Həmişə də uzun növbələr olur. Balıq və ərzaqlar da tez xarab olur...
- Bu talonlarla dolanmaq olar?
- Anam da elə deyir. Başqa mədənə də köçmək olmur, indi hər yer pis gündədi.
- Düzdü. 
- Üçüncü sıra, nömrə iki, ikinci sıra nömrə iki – dinamikdən eşidildi. 
Bacım cəld fırlanıb məni itələyərək qırmızı işıq yanan avtomata tərəf qaçdı. O dəstəyi fırlatdı və ayaq barmaqlarının üstünə qalxaraq arakəsmənin arxasında oturan müştəriyə dedi:
- Bağışlayın, avtomat işləmir. 
Mən ona yaxınlaşanda o kədərli bir təbəssümlə mənə baxdı.
- Danışmağa imkan vermirlər, hə?
- Yəqin bütün günü bu darısqal yerdə irəli-geri qaçmaq sənə çətindi.
- Çətin olmağına çətindi, amma kiməsə qulluqçuluq eləməkdən yaxşıdı. Düzünü deyirəm. Sən yazda məktəbi bitirsən, düzdü? – soruşdu- Hara gedəcəksən işləməyə?
- İstəyirəm avropasayağı paltarlar tikilən atelyedə şagirdlik edim – dedim. Bu mənim çoxdankı arzum idi.
Bacım qayğıkeşcəsinə gülümsyərək dedi:
- Sən dərzi olmaq istəyirsən? Bu çox yaxşı fikirdir. Həm də sənə yaraşar. Sən həm səliqəlisən, Həm də əllərin qızıldandı. 
- Üçüncü sıra, üçüncü sıra – dinamikdən səs gəldi. 
  Bacım çevrildi, heç bir yerdə qırmızı işıq yanmırdı. 
  O ayaq barmaqlarının üstünə dikəlib, əlində mikrofon olan kişiyə baxdı. Məndə onun kimi barmağımın ucuna qalxdım. O, yaraşıqlı olmayan bədənini biz tərəfə çevirərək mehribanlıqla gülümsədi və bacıma yavaş səslə nəsə deyib biz tərəfə balaca paket atdı.
- Bu sənədir Setsuko- bacım paketi mənə uzatdı. İçində balaca şokolad var idi. 
- O niyə verirki bunu bizə?
- Mən ona demişdim ki bacım gələcək yanıma, o da yəqin səni sevindirmək istəyib. 
- Niyə? – mən təəcübləndim. 
- Yəqin mənim xoşuma gəlmək istəyir – bacım daha ciddi görkəm alıb dedi. Amma mənim təəccüb dolu gözlərimi görüb əlavə elədi: - bilirsən, onun məndən xoşu gəlir. 
  Mən bacımın qızarmış üzünə baxdım. Onun çox gözəl düz burnu var idi. Gözləri xöşbəxtcəsinə parıldayırdı.
- Bacı, bəs o necə, sənin xoşuna gəlir?
O üzünü mənə çevirib gülərək dedi:
- Yox. Mənim ümumiyyətlə belə kişilərdən xoşum gəlmir. 
  Bacım yenə səhnədəki aktrisa kimi şux addımlarla qaranlıq dəhlizdə gəzişməyə başladı. 
O mənim ona çatmağımı gözləyib, şəstlə söylədi:
- Belə uğursuz insanla başımı qatmaq istəmirəm! Mənə zəngin və mədəni bir insan lazımdır. Mənim arzum varlı bir insanla evlənməkdi, qoy anam sevinsin. Kasıbçılıqda nə qədər yaşamaq olar? Mən ancaq bunu arzulayıram, Setsuko. 
- Hə - mən başımı aşağı salıb təstiqlədim. Öz özümə düşündüm: bəs görəsən varlı insan kasıbçılıqdan məktəbi belə qurtara bilməyən bir qızla evlənərmi? Lakin, bacımın ciddi baxışları ilə qarşılaşanda susdum. Əlbəttə ki, bunu bacım özü də başa düşürdü
.

Kultura.az
Tərcümə: Leyla Cahangirova

 


 

Kultura.az | Developed by Samir Yahyazade