Yaxiro Fumi: Böyük bacım (İkinci hissə)

Литература

 

Satış

  Mən doqquzuncu sinifdə oxuyurdum və qış tətilinin başlanmaşına bir necə gün qalırdı. Bir gün dərsdən evə qayıdanda anamı qanı qara halda qapının ağzında oturan gördüm. 
  O, səhər kömür təmizləməyə getmişdi, amma görünür lap tez qayıtmışdı - əynində yun arxalıq, boz şalvar və ayağında bu yaxınlarda aldığı taxta keta (terc. - ənənəvi yapon ayaqqabısı) var idi. Tərpənmədən, dilxor halda öz ayaqlarına baxırdı. Elə təssürat yaranırdı ki, o bu vəziyyətdə bir necə saatdı oturub. 
- Nə olub? – gözünə baxaraq soruşdum. 
O yavaşca ağır bir yük qaldırırmış kimi başını qaldırdı və çətinliklə dedi:
- Kunio tapıldı...
- Nə? Harda?
- Yuqetedəki Taue mədənində - hirslə cavab verdi. 
  Onun cəmi qirx beş yaşı var idi, lakin kasıblığın əziyyəti onu on yaş daha qoca göstərirdi. Anam qapının ağzında büzüşmüş şəkildə oturmuşdu, mədəndəki ağır işdən və tikiş tikməkdən beli əyilmiş qoca qarıya oxşayırdı. 
- O məgər mədəndə işləyirdi? O cür sağlamlıqla?
- Hə. Ona görədə tamam çöküb. Qanla öskürür. – anam narazılıqla dedi. 
- Qan öskürür? Ciddisən? Sən onun yanında olmusan? – qorxaraq soruşdum.
- Hə, getmişdim. Amma bu dəfə canını qurtara bilib.
- O Taue mədəninin xəstəxanasındadır?
- Yox, elə bilirsən orda xəstəxana var? O mədəndə xəstəxana olar?
- Bəs hardadı?
- Şəhər xəstəxanasında. Amma orda çox qala bilməz. Onu gərək vərəm dispanserinə köçürtsünlər. 
- Vərəm dispanseri hardadır ki?
- İidzukedə. İidzukedə Kaxo xəstəxanası.
- İndi biz İidzukiyə getməliyik?
- Bilmirəm. Bəlkə özləri apardılar. 
- Demək vərəm tutub...
  Anamın yanında oturaraq ah çəkdim. 
- Pul, pul lazımdı – anam qışqırdı. 
Mən qorxaraq ona baxdım, görəsən o dəli olmayib? Onun baxışları donmuşdu, qurumuş dodaqları isə əsirdi.
- Anacan! – mən onun əlini tutub möhkəm sıxdım. 
  O bir az özünə gəldi, gözlərini açıb yumdu, dərindən ah çəkdi.
- Gərək fikirləşək ki, pulu hardan tapmaq olar? – deyib çətinliklə ayağa qalxdı.
- Hara gedirsən? – mən qalxaraq soruşdum. 
  Anam mənə çarəsizcə baxıb dedi:
- Taminegilə getmək istəyirəm.
- Getmə onlara. Axı o çox yüksək faizlə verir – mən anamı saxlamağa çalışdım.
- Burax. Boş-boş danışma.
  Mənə hirslə baxaraq əynini geyinib qapıdan çıxdı.
  Mən onun arxasınca qapını bağlayıb boş otağa qayıtdım. Böyük qardaşım mədəndə idi, balaca qardaşım isə məktəb çantasını evə tullayıb gəzməyə getmişdi. 
  Ev qızdırılmırdı və çox soyuq idi. Qonşuda işləyən radionun səsi eşidilirdi: “Sürücülərin mahnısı” oxunurdu.
  Mən deşilmiş tatamiyə baxdım. Əvvəl burda, dua olunan küncün yanında Kunionun yatdığı futon yerləşirdi. Yerdə dərman və çay ləkələri var idi. Küncdə oturub, mahnı zümzümə edərək gül düzəldən qardaşım gözümün qabağına gəldi. 
  O tapılıb, amma vərəmdi və bizə yenə pul lazımdı! Dilxorçuluq məni bürüdü.
  Mən otağın ortasında donub qalmışdım. Anam Taminegilə getmişdi. Biz heç qalan borcumuzu ona ödəyib bitirməmişik, bəs yenə götürsə necə olacaq? Hər ayın sonunda anam kreditorlardan qaçırdı. Onda mən onlara cavab verməli olurdum. 
  Maraqlıdır, görəsən nə qədər pul lazımdır? Yəqin beş min olar, bəlkə də on min...
  Belə böyük məbləği Tamine talonlarla maaş verən Koyama mədəninin işçilərinə verməz. Mədənlər axır zamanlar ödəmələri gecikdirirdilər. Mən anamın zəifləmiş, sınmış, ayaq üstə güclə dayanan halda evə dönməsini təsəvvür eləyirdim. 
  Paltomu soyunub, köhnə sviterimi geyindim, üstündən önlüyümü taxdım.
  Giriş qapısı sürətlə açıldı. Mən dəhlizə boylandım:
- Ey, Setzuko, sən artıq evdəsən?
Gələn Xideo idi. O artıq yeddinci sinifdə oxuyurdu və məndən bir baş hündür olması ilə çox fəxr eləyirdi, artıq mənlə balaca uşaqla danışırmış kimi danışırdı.
- Hə, nə olub? –səbəti götürərək cavab verdim.
- Ödəmə məntəqəsinə gedirsən? Talonla mənə ayaqqabı götür. Buna bax, mənimkilər tamam cırıldı. Deşikdir hər yeri. 
  Xideo artırmanın üstündə oturdu, ayağındakı ayaqqabları çıxarıb mənə uzatdı. 
- Orda ayaqqabı satmırlar – qabları yığdığımız şkafı açaraq dedim. Ora talonlarla dolu idi. Bir
yenlik talon, beş yenlik talon, on yenlik və yüz yenlik talonlar bir-birinə qarışmışdı. Yendən çox böyük olmayan balaca şax kağız parçalarının üzərində “Ödəmə talonu” və mədənin adı –Okadzaki sözləri yazılmışdı. 
- Nə vaxta kimi onlar bizi bu əldəqayırma kağızlarla dolayacaqlar?- dedim.
- Anlamıram – qardaşım narazılıqla baxaraq dedi: - bəs ayaqqabıları nə vaxt satacaqlar?
- Heç vaxt. Nə ayaqqabı, nə də rezin çəkmə satmayacaqlar. Maaşı talonla verəndən sonra talon dəyişmə məntəqəsinə mal gətirmirlər. Ancaq mədəndə geyinilən çəkmələri gətirirlər.
- Axmaqlar! Bəyəm elə çəkmələrdə dərsə getmək olar? - qardaşım güldü. Şkafa baxaraq dedi:- Ay da... nə qədər talon yığılıb!
- Almağa bir şey yoxdu ona görə də üst-üstə yığılırlar. İndi saat beşdi, amma gedib bir şey almağın mənası yoxdu. Nə balıq qalıb, nə də tərəvəzlər – deyinərək əlimdəki zənbili yerə qoydum. 
- Niyə qalmayıb ki?
- Ərzaqlar orda çox qalmır. Götürək elə düyünü, səhər saat yeddidən növbə tutmasan düyü almaq mümkün olmayacaq. Sən bunların heç birisini görmürsən, çünki yatırsan. Mən isə hava bir az işıqlanan kimi düyü almağa gedirəm. 
- Doğurdan? Mən bunu bilmirdim. İndən sonra səhərlər məni də oyat. Sənin üçün bir kisə düyü daşıyaram. 
- Ay dəli, sənə o qədər düyünü verərlərmi heç? Bir nəfər üçün təyin olunmuş normadan çox vermirlər. 
- Nəyə görə ki?
- Nə bilim nəyə görə. Get ordakı nəzarətçidən soruş.
Mətbəxə keçdim. Qab yuyanın altındakı yeşikdə bir az kartof və soğan qalmışdı. 
  Bir neçə kartof götürüb, nə bişirəcəyimi bilmədən onları təmizləməyə başladım. Sonra kartof sıyığı bişirməyə qərar verdim. 
  Anam saat səkkiz üçün qayıtdı. Mən masaya üç pors karri sousuyla ətsiz sıyıq qoydum. Anam dilxorcasına qaşığı götürüb başını aşağı salaraq yeməyə başladı. 
  “Demək pul tapmaq mümkün olmayıb” düşünərək mən də başımı boşqabımın üstünə əydim. 
  Heç nədən xəbəri olmayan qardaşım dayanmadan deşilmiş ayaqqabılarından danışırdı. Yeməkdən sonra anam həmişəki kimi abajuru olmayan elektrik lampasının altında oturaraq tikiş tikməyə başladı. Balaca peçi onun yanına itələyərək çaydanı peçin üstünə qoydum və masadan qabları yığmağa başladım. Xideo dostundan əmək dərsi üçün lazım olan qayçını istəməyə getdi. 
  Mən qabları yudum, səhər bişirəcəyimin düyünü islatdım, gedib çəndən bir vedrə su doldurub otağa qayıtdım. 
  Anam məni çağırdı. 
- Nə oldu?- soruşaraq yanında oturdum.
- Sabah səhər dərsə gedəndə, yolüstü poçta girərsən və Kotyana teleqram göndərərsən - anam əlindəki işini davam eləyərək dedi. 
- Teleqram? Niyə? Nə teleqramı? - əlimi bir-birinə sürtərək sorüşdüm.
- Yazarsan ki, Kunio ölüm ayağındadı. 
- Doğurdan? Kunio öləcək? – qorxaraq soruşdum.
- Qoy işlədiyi patinkodan çıxsın. Əgər teleqramda “Ölüm ayağındadır” yazılıbsa ona gəlməyə icazə verərlər. 
- Bacımın işdən getməsini nəyə görə istəyirsən ki?
  Anamın nəyə eyham vurmasını anlaya bilmirdim. 
  Sualıma cavab verməyərək o dodaqlarını sıxıb tikiş tikirdi. 
  Bacımı işdən çıxardıb hara göndərmək istəyir? Anamın soyuq və tərs vucuduna gözlərimi zillənib baxırdım. Anamım getdiyi yerdən qara fikirlərlə qayıtdığını, yemək yeyərkən heç bir söz demədiyini düşünürdüm.
  Doğrudur, anam pul tapa bilməmişdi. Buna şübhəm yox idi, amma tapa bilməmişdirsə sonra nə olacaq?
  Fikirləşərək otağın içində var-gəl eləyirdim, birdən dayanıb ah çəkdim. Və mən həqiqəti anladım! Anama kənardan soyuq baxışlarla baxdım. 
  Onun kədərli baxışları iynədən ayrılmırdı. 
  Mən dəhşətə gəlmişdim. Anam və Tamine bacımı Simonosekidəki əyləncə məkanında satmaq istəyirdilər (tərc- müharibədən sonra faşihəlik qanunla qadağan olunmuşdu, lakin bu növ fəaliyyət türk hamamları və əyləncə məkanlarında davam etdirilirdi). Tamine təkcə faizə pul vermirdi, həm də başqa çirkli yolla da qazanırdı, yəni əyləncə məkanlarına qadınları cəlb eləyirdi. Bu haqda söhbətlər bütün qəsəbədə gəzirdi. Hətta mənim boyda məktəbli uşaq da bilirdi ki, bir nəfər Taminedən pul götürür və borcunu qaytara bilmir, əvəzində arvadını və qızını ona satmalı olur. Bunlar təkcə ara söhbətləri deyildi. Sonradan bilindi ki, Çin stilində tikilmiş qırmızı-qızılı qapılar hara aparır və Simonosekidəki əyləncə evinə kimləri satırlar. 
  Çox güman ki, Tamine anama pul verə bilməmişdi lakin anam qızını Simonosekiyə verməyə razı olsa, ona kömək eləyə bilər. Keçən dəfə anam pulu ödəyə bilməyəndə o bacımı evində dayəlik üçün aparmışdı. Bəlkə də o bacımın cavan və gözəl olmasını yadında saxlayıb, anama belə təklif vermişdi. 
  Mən düşünürdüm: necə eləmək olar ki, bacım Simonosekiyə getməsin? Peçdən aralanaraq anamın yanında oturdum. 
- Ana, qulaq as. 
Anam sakitcə başını qaldırıb şübhə dolu baxışlarla mənə baxdı. 
Mən ona yaxınlaşıb ciddi şəkildə dedim:
- Mən dörd aydan sonra məktəbi qurtarıram. Gedib hansısa tikiş atelyesində şagirdlik eləyib tikməyi, biçməyi öyrənəcəm, çoxlu pul qazana biləcəm. Bacımı patinkondan çıxartma, olar?
- Nə demək istəyirsən? – anam hirslə soruşdu. Mən isə fikirli halda anamın dizinin üstündəki xaori üçün tikilən parça qırığını əlimlə fırlamağa başladım. 
- Lap istəsən mən də bacım işlədiyi patinkoya gedərəm, işləyərəm. İkimiz bir yerdə işləyərik, lap çox qazanarıq. Gəl bir az gözləyək, hə?
- Sən nə danışırsan? Nə demək istəyirsən, anlaya bilmirəm. 
Anam güya heçnə başa düşmürmüş kimi yavaşcadan tikdiyi parçanın altlığını düzəltməyə başladı.
- Anlamırsan? Tamine sənə təklif eləyib ki, bacımı Simonosekiyə göndərək! Mən hər şeyi başa düşmüşəm! – acıqla söylədim. Anam hirsli baxışlarla mənə baxaraq dedi:
- Neyləyək, əlimizdən heçnə gəlmir. Kunionu xəstəxanaya qoymaq lazımdı. Borclarımız xırtdəyə kimidi. Sənin məktəbi qurtarandan sonra patinkoda ya başqa bir yerdə işləməyin hələ sual altındadır. Canımı qoymağa yer tapmıram, qərara gəlmişəm ki, Kotyan Simonosekiyə gedəcək!
Sabahısı səhər poçtdan teleqram göndərib məktəbə getdim. Amma dərsdə heç nə eşidə bilmirdim çünki fikrim bacımın yanında idi. 
  Axşam evə gələndə gördüm bacım evdədi, paltosunu soyunmadan peçin yanında oturub. 
Görəsən işin nə yerdə olduğunu bilirmi? Ürəyimdən qara qanlar axırdı, onun üzünə baxmağa qorxaraq otağa girdim. 
- Bacı gəlmisən? – axmaq sualı verdim, onun gəlməyi məlum idi. Çantamı “stolun” üstünə qoydum.
Bacım kədərli şəkildə dedi:
- Mən Kunionun yanına xəstəxanaya getmişdim. 
- Doğurdan? Necə idi?
Baxışlarımı hələ də bacımdan gizlətməyə çalışırdım.
- Arıqlayıb, heç özünə oxşamır – bacım ah çəkərək söylədi, sonra peçin qapısını açıb içindəki alova üfürdü.
Mən paltomu divardakı mismardan asdım. 
- Mən də bu bazar onun yanına gedəcəm. 
- Hə, get.
- Anam hardadı? – önlüyümü başımdan keçirərək soruşdum. 
- Qotodziyə getdi. Mənim maaşımı və əşyalarımı götürəcək. 
  Demək bacım Simonosekiyə getməyə razılıq verib. Acı bir təssüflə başımı aşağı salıb önlüyümun yanlarını bağlamağa başladım. Gözlərimi yerə dikib mətbəxə keçdim və arxamca pərdəni çəkdim. 
- Setsuko – bacım məni çağırdı. 
- Bəli? - əlimdəki vedrəni yerə qoyaraq soruşdum.
- Bura gəl.
Ona yaxınlaşdım. Məni özünə tərəf çəkdi, üzümə baxaraq günahkarcasına soruşdu:
- Niyə gözlərini məndən gizlədirsən?
- Nə?- üzümü yana tutaraq soruşdum.
- Sən bilirsən hər şeyi? – narazı şəkildə soruşdu.
Mən sakitcə heç nə bilmirmiş kimi ona baxdım. 
- Bilirsən, düzdü?- onun səsində məlahət vardı, əllərimi tutdu. Onun əlindən mənim bədənimə yun jaketdən belə hiss olunan istilik keçdi. Mən kədərli şəkildə onun sinəsinə sığındım. 
- Ay dəli, ağlama. Ağlamalı heç nə yoxdur. Niyə ağlayırsan? – pıçıltıyla deyib məni qucaqladı. 
Mən hönkürürdüm. O isə mənim belimi ovxalayaraq özünə təsəlli verirmiş kimi dedi:
- Pis olmalı heçnə yoxdur. Sənin bacın hər nə yerdə işləsə də hər şey yaxşı olacaq. Qorxmalı bir şey yoxdur. 
  Mən göz yaşları ilə islanmış üzümü onun sinəsinə sıxıb, həyəcanli ürək döyüntülərinə qulaq asırdım.

 

Vida hədiyyəsi

 

- Satyan, telefona gəl, səni çağırırlar – atelyenin sahibəsi məni çağırdı. 
- Gəlirəm – deyib tikiş maşınını saxladım. 
Xaruko Ninomiya, məndən bir az yaşca böyük olan qız əlindəki varetniki manekenin üstünə geydirilmiş paltarın üstünə baxaraq mənə gülümsündü.
- Görəsən kim olar? – maraqla tikiş maşınının arxasından qalxdım. 
  Bura Kusakabe avropasayağı paltar atelyesinin tikiş emalatxanası idi və mən də beş dərzi ilə burda çalışırdım. Hələ təzə sayılırdım, bura yarım il əvvəl qəbul olunmuşdum. Bu yaxınlarda on yeddi yaşım tamam olmuşdu. 
  Emalatxananı paltar soyunma otağından ayıran, üzərində su damcıları əks olunan pərdəni aralayıb atelyenin sahibəsinə yaxınlaşdım. 
  Sahibəmiz Akiko Kusakabe eynəyini taxıb, arıqlamış üzünü aşağı salaraq kostyum biçirdi. Telefon masanın kənarında dayanmışdı. 
  Mən telefonun dəstəyini qaldırıb qulağıma yaxınlaşdırdım.
- Allo, Setsuko?
- Oy, Kotyan! – özümdən asılı olmayaraq sevincli səslə qışqırdım və dəstəyi əlimlə sıxdım. – hardasan sən?
- Mən indi burdayam, Okurada. İdzutsuy univermağından zəng eləyirəm. Sənin atelyenin yanındadı. Sən işdən bir necə saatlıq çıxa bilərsən?
Bacımın səsini birinci dəfə idiki telefonda eşidirdim və onun səsi birmənalı səslənmirdi. 
- İndi çıxıram, bir dəqiqə gözlə. 
Dəstəyi kənara qoyub sahibəmizdən bacımla görüşmək üçün icazə istədim. 
- Get amma tez qayıt, iş çoxdu, – deyib məni xəbərdar elədi. 
  Küçəyə çıxdım. İçimdə həyəcanlı narahatçılıq var idi. Deyəsən bacımın başına nəsə bir iş gəlmişdi. Oktyabr səması şəffaf mavi rəngdə idi, sərin külək əsirdi. 
  “Görəsən o Okuraya nə üçün gəlmişdi?” sualına cavab axtararaq İdzutsuya univermağına tərəf qaçaraq addımlayırdım. 
  Bacımla təqribən iki il olardı ki görüşmürdük. O vaxtdan biz ayrılmışdıq. Simonosekidəki əyləncə evinə gedəndən sonra biz bir-birimizə məktub belə yazmırdıq. Mən hər dəfə əlimə qələm alanda o iyrənc yer gözümün qabağına gəlir, üstümə sanki altından qalxa bilməyəcəyim bir ağırlıq çökür və mən qələmi yerə qoymalı olurdum. 
  İki il görmədiyim bacım ilə görüşmək fikri məni sevindirirdi, lakin bu illər ərzində ona yazmamağıma görə yaranan utanc hissi içimi yeyirdi. Məktəbi bitirib Okurada tikiş emalatxanasında şagirdlik etməyimi yəqin anamdan öyrənmişdi. Yeqin eşidib və gəlib məni görməyə. 
  Görəsən necə görsənir? Çox qorxurdum ki, onun xarici görünüşü dəyişilmiş olsun. Hərəkətli küçədə qaçaraq univermağa yaxınlaşdım. Vitrinin arxasından bacımı gördüm, o çantalar olan stendin arxasında dayanmışdı. Onun simasından laqeyidlik və yorğunluq yağırdı. Üzü əlvan rənglə bəzənsə də dərisi ölümcül dərəcə də solğun rəngdə idi və bu hiss olunurdu.
- Kotyan, bacı! – şüşə qapını itələyərək onu çağıdım.
- Oy! – bacım çevrilərək dedi və onun üzündə mənim üçün çox dəyərli olan təbəssüm parıldadı. O əvvəlki simasını almışdı və bu məni bir qədər sakitləşdirdi.
- Sən artıq tamam böyümüsən – bacım məni başdan ayağa süzərək söylədi. O özünü elə göstərirdi ki, elə bil məndən on-on beş yaş böyük idi. 
- Gedək – dedi və biz çıxışa tərəf yollandıq. 
  O, ağ toxunma cemper və qırmızı rəngli yun klyoş ətək geyinmişdi. 
  Yeriyəndə ətəyinin kənarları incə ayaqlarına dolanırdı və ayağına geyindiyi hündür dikdaban tufliləri onu şux göstərirdi. Ondan çox zəif hiss olunacaq şirin ətir iyisi gəlirdi. 
  Mən dedim:
- Sən Okuraya niyə gəlmisən?
- Elə- belə maşınla gəzməyə gəlmişəm. 
- Maşınla? Simonosekidən? Öz maşınındı?
- Yox, dostumla gəlmişik. O da maşını öz dostundan götürüb.
- Dostunla? Kimdi ki dostun?
Bacım cavab vermədi və kafenin qapısını itələyib açdı. Kafedə həzin musiqi səslənirdi. Biz kafetin küncündə olan bir masada əyləşdik. 
- Yeməyə nə götürəcəksən?
- Fərqi yoxdur, nə olsa.
  Nəyə görəsə özümü rahat hiss etmirdim və bacımın cemperin altından geyindiyi son dəbə uyğun qara atlas koftasından gözümü ayıra bilmirdim. Qara atlas kofta qırmızı ətəklə çox gözəl uyğunlaşırdı. Boynundan boyunbağı asılmışdı. 
Mənə elə gəldi ki, bacım arıqlayıb. Sinəsi bluzkanın altından bilinmirdi, çiyinləri isə ancaq sümükdən ibarət idi.
- Sən artıq tikməyi öyrənmisən? – bacım soruşdu, ofisiant qıza nəsə sifariş verdi və çantasından siqaret çıxartdı. 
- Hə, amma mənə ancaq ətək tikmək və biçməyi etibar eləyirlər – bacımın siqareti ağzına qoymasına təəcüblü halda baxaraq cavab verdim. 
- Eybi yox, yavaş-yavaş öyrənəcəksən və çox gözəl dərzi olacaqsan.
  Bacım çox ciddi danışırdı. O yavaşca yandırdığı kibriti siqaretinə yaxınlaşdırdı. Sonra başını arxaya itələdi, ayağını ayağının üstünə aşırıb dodaqlarından ağ tüstünü üfürərək pəncərəyə baxdı. 
  Pəncərənin yanındakı masada əyninə cemper geyinmiş bir oğlan əyləşmişdi. O da pəncərədən bayıra baxaraq siqaret çəkirdi. 
- Gətirdilər, ye. 
  Ofisiant qız kofe və doğranmış meyvə gətirdi. 
  Bacım kofeni öz tərəfinə, meyvələri isə mənim qarşıma çəkdi. Banan, yemiş, ananas, albalı – heç vaxt bunlardan yeməmişdim.
- Necədə dadlıdı – özümdən asılı olmayaraq dedim. Əlimi vazaya uzatdım – heç vaxt bele şey yeməmişəm.
- Ola bilər – bacım gülümsəyərək əlindəki siqaretin külünü külqabıya vurub dedi.
  Başımı aşağı salıb meyvələrdən yeyirdim. Bacım isə tüstünü üfürərək mənə baxıb susurdu. 
  Fikirləşdim ki nəsə demək lazımdı. Amma nə? Əslində mən çox şey soruşmaq istəyərdim. Necə yaşayır? İstirahət günləri nə edir? Amma bu adi sualları belə verə bilmirdim, özümü çox pis hiss eləyirdim. 
  Ah! Kaş bacım elə dəhşətli bir yerdə işləməzdi və biz indi bir-birimizlə rahat danışa bilərdik. İndi isə... meyvələrin dadını bir-birindən ayırmadan onları çeynəyirdim və hiss edirdim ki, ürəyimi buz kimi soyuq sıxır. 
  Bacım əlini kofeyə uzatdı, mən başımı qaldırıb dedim:
- Okadzakidəki mədəni bağladılar. 
  Deyə bildiyim cümlə ancaq bu oldu. 
- Bilirəm – bacım laqeyidliklə cavab verib fincanı ağzına yaxınlaşdırdı. 
  Demək anam ona bu haqda yazıb. 
- Xirosi isə işsizliyə görə müavinəti dayandırıldan sonra başqa iş axtarmaq dalınca gedib – deyib əlavə etdim və düşündüm ki, anam yəqin bunu da deyib. 
- Nə yaxşı – bacım söhbətə tamam maraqsız halda fincanını nəlbəkiyə qoyub cavab verdi. 
- Kunio yəqinki tezliklə xəstəxanadan çıxar. 
- Lap yaxşı – bacımın üzü tutuldu və o siqaretini külqabıda əzdi. 
- Anam isə gələn il Xideo məktəbi qurtarıb işə başlayandan sonra kiminsə evinə aşpaz düzəlib işlədiyi evdə yaşamağı düşünür. 
- Ailədə hərə bir yerə dağılıb – bacım başını qaldırmadan təssüflə söylədi.
  Sonra saata baxdı və boynundan boyunbağısını çıxardıb dedi:
- Setsuko, bu sənindir. 
- Doğrudan?
  Bacım gülümsədi və başı yelləyərək dedi:
- Əlini uzat. 
  Hər iki əlimi masanın üstünə qoydum. Bacım boyunbağını əlimin içinə qoyub barmaqlarımı yumdu. Sonra uzaqdan baxırmış kimi məni süzdü, elə bil baxmaqdan doymurdu . Sonra dedi:
- Sağlamlığını qoru. Bacardığın qədər yaxşı işlə. 
  Yenə pəncərə tərəfə baxdı. Masa arxasındakı oğlan biz tərəfə baxıb ayağa qalxdı. Əynindəki cemper köhnəlmiş idi, şalvarının dizləri isə torbalanmışdı. O, arıq, hündür idi, yaşı iyirmi üç olardı. Bizə yaxınlaşdı. Bacım dedi:
- Mənim kiçik bacımdı. 
  Stuldan qalxdım və yüngül əyilərək salamlaşdım. 
  Demək bu bacımın haqqında danışdığı dostu idi. 
  Oğlan mənə baxaraq gülümsədi, lakin heçnə demədi. Üzündən yağan cəsarət, dərin qırışlar hansısa kino aktyorunu xatırladırdı. Bunlarla bərabər simasında kədər cizgiləri də hiss olunurdu. Sanki içində bütün dünyaya, ətrafdakılara qarşı kin və nifrət yığılmışdı. 
- O bizim Kunionu tanıyır. Onunla birlikdə Yuqetedəki Taue mədənində işləyib – bacım çox sakit, laqeyid şəkildə gülümsəyərək dedi.
- Nə yaxşı – deyib bir də dostunun üzünə baxdım. 
  O yenə də susurdu və gözləri ilə bacıma getməli olduqlarını işarələyirdi. 
Kafedən çıxanda o mənimlə bir kəlmə danışdı:
- Özünə yaxşı bax.
Mən cavab verdim:
- Sağolun. 
  Dayanaraq onları gözlərimlə ötürdüm. Onlar univermağın tinindən döndülər, yəqin ki,maşını univermağın yanında saxlamışdılar. 
  Gözümü qırpmadan bacımın uzaqlaşan simasına baxırdım, görəsən birdə onu nə vaxt görəcəm? Həmin gecə onu yuxumda görmüşdüm. Görürdüm ki, biz hündür bir terrikona çıxıb ordan kömür yığırıq. Biz görək kim daha çox kömür yığacaq yarışına girmişdik və kömür yığa-yığa lap yuxarıya dırmanırdıq və birdən yuxarıdan böyük kömür parçası üzərimizə gəldi. Mən qışqırıb kənara çəkildim və həyəcandan yuxudan ayıldım. 
  Pərdəsi örtülməmiş pəncərədən bayıra baxdım və havanın işıqlandığını gördüm. Həmişəki kimi yanımda Xaruko Ninomiya yatmışdı. Ondan bir az o biri tərəfdə kürəyini bizə çevirmiş bizimlə eyni emalatxanada işləyən Ryoko Fudzino uzanmışdı. 
  Yastığımın altından boyunbağını çıxarıb ona diqqətlə baxmağa başladım. Qalın boyunbağıya bənd edilmiş taxtadan yonulmuş ürək kulon çox yaraşırdı. Kulona səhər də, axşam da diqqətlə baxırdım. Ryoko və Xaruko mənə baxaraq gülürdülər. 
  Düşündüm, görəsən paltoma belə kulon yaraşar? Bacım onu qara koftanın üstündən taxmışdı. Görəsən mən onu sviterlə taxa bilərəm? Eh, gərək onun özündən soruşardım. 
  İki ildən sonra görüşmüşdük gərək əməlli söhbət eləyərdik. Yanındakı oğlanın adını da soruşmadım heç. Görəsən o bacımın sevgilisi idi? 
  Başımın üstündəki zəngli saat zəng çalmağa başladı. Onu tez söndürdüm. Saat səkkiz idi. Oyanınb pijamamı soyundum. Altdan kombinasıyamı, üstündən sviterimi geyindim. Gözümü masanın üstünə qoyduğum kulondan çəkmirdim. Sonra onu əlimə götürüb bir az düşünərək boynuma taxdım. Boyunbağı bədənimə yapışırdı. Öz-özümə gülümsəyərək əynimə geyindiyim sviteri qaydaya saldım. 
  Əlimi sviterin üstündən kulonumun üstünə qoyub xoş əhvalla atelyeyə daxil oldum və bütün pərdələri qaldırmağa başladım. 
  Kusakabe atelyesində mən və burda qalan üç qız atelye sahibəsi ilə bir yerdə hər səhər süd çörəklə səhər yeməyi yeyirdik. Yeməklə bağlı heç kimin narazılığı yox idi. Hər səhər oyanıb, mən pərdələri qaldırıb ortalığı yığışdırırdım. Axşamlar saat onda, iş bitəndən sonra ortalıqda çoxlu sap qırığı və parça qırıqları olurdu. Dodağımın altında zümzümə edərək pəncərələri açdım və otağı süpürməyə başladım. 
  Birdən telefon zəng çaldı. Süpürgəni atıb parça biçilən masaya yaxınlaşdım. Telefonun dəstəyini qaldırıb təqdim edici səslə dedim:
- Kusakabe Avropa tərzi paltar atelyesi.
- Danışan Setcukonun anasıdır...
- A, ana, - öz adəti səsimlə dedim – Nə olub? Belə tezdən ...
- Kotyan...
- Kotyan, nə? – dəstəyi ikin əlli tutdum. 
- Kotyan ölüb.
- Nə? – elə bildim səhv eşitdim – necə yəni ölüb?
- Hə, ölüb. Modzi polisindən xəbər verdilər. Yolda qəzaya düşüb. O, bir də maşın sürən adam... Modzi tərəfdə dənizə düşüblər. 
  Gözlərim qaraldı. Hiss elədim ki, ayaqlarım məni saxlaya bilmir, stula əyləşib başımı masanın üzərinə qoydum. Bu mümkün deyildi. Yox, heç cürə mümkün deyildi, ağlıma sığışdıra bilmirdim. Bacımın dünən gördüyüm gülər üzü gözümün qabağından getmirdi. Yadıma düşdü ki, dünən mənə diqqətlə baxıb dedi:
- Sağlamlığına fikir ver. Bacardığın qədər yaxşı işlə. 
  Görəsən onun ölüm xəbəri doğrudur? Lap uşaqlıqdan özünü bacı və qardaşlarına görə qurban ver, onlara görə işlə, iyirmiyə kimi həyat sür və sonra öl- bəs görəsən bacım nəyə görə yaşadı həyatda? 
  Dünən onun yanında olarkən onun hərəkətlərində soyuq bir laqeyidlik hiss eləyirdim. Bu laqeyidlik insanın yaşamaqdan doymasından xəbər verirdi. 
  Və bu an ağlıma məni utandıran və qorxudan bir fikir gəldi. Başımı anidən masanın üstündən qaldırdım. 
Bəlkə heç bu qəza yox, intihar idi? Bəlkə ona görə mənlə sağollaşmağa gəlmişdi?
İçimi ağır bir kədər doldurdu, əlimi boynumdakı kulona uzadıb onu var gücümlə sinəmə sıxdım...

Kultura.az

Tərcümə: Leyla Cahangirova

 

Kultura.az | Developed by Samir Yahyazade