Güntay Gəncalp: Hüseyn Cavidin təsvir etdiyi Atatürk

Публицистика


Güntay bəy, sizin bir çox yazılarınızda Hüseyn Cavid yaradıcılığına olan rəğbət açıqca görünməkdədir. Bunu necə izah edə bilərsiniz?

Klasik türk və fars ədəbiyyatını çox dərindən oxumağa çalışmış və bu haqda bir çox məqalələr yazmışam. Klasik ədəbiyyata özəl bir bağlılığım olmuşdur. Klasik məfkurənin, dünyagörüşünün və varlığı mənzum dillə açıqlamanın nümunəsinə Cavid yaradıcılığında rast gəldim. Yəni öz mənəvi dünyamda Cavidi kəşf etdim və əsərlərini diqqətlə oxumağa başladım. Son 150 illik ədəbiyyat tariximizdə kimsəni Cavid qədər dərindən oxumamışam. Ayrıca, son 150 ildə də nə Anadoluda, nə Türküstanda, nə İranda, Əfqanistanda və Qafqazda Cavid kimi şair, düşüncə adamı, çağları aydınladan bir dramaturq meydana çıxmamışdır. Bu üzdən Cavidin hər bir əsərindən bir neçə parçalar əzbər bilirəm. Hətta öz yalnızlığımda küçələrdə gedərkən bəzən Cavidin şeirlərini öz-özümə oxuyaraq xəyal dünyamı dərinləşdirir, genişləndirirəm. Bu baxımdan Cavid mənim ən yaxın könül dostlarımdan biridir. Mənəviyyat, düşüncə, şeir və estetik dünyamda Hafiz, Əttar, Mövlanə, Füzuli kimi böyük şəxsiyyətlərlə bir yerdə Cavid də vardır.


Sizcə Hüseyn Cavidi öz çağdaşlarından fərqləndirən xüsusiyyətlər nələr olmuşdur?

Bir çox baxımdan Cavid öz çağdaşlarından fərqlənməkdədir. Birincisi dil məsələsidir. Cavid yalnızca o zaman təqribən iki milyon olan Qafqaz türklərinə xitab etməmişdir. O, Anadoludan İrana, Mərkəzi Asiyaya qədər bütün türk oxucularına xitabən yazdığı üçün türkcənin geniş coğrafi imkanlarına söykənmişdi. Ayrıca, mənə görə Cavid yaradıcılığının ağırlığını bu gün “azərbayacn dili” olaraq adlandırdığımız kiçik bir bölgənin dili daşıya bilməzdi. Çünkü Cavidin açdığı düşüncə üfüqündə bütün Şərq mədəniyyət tarixi özünü göstərir. İkinci məsələ Cavidin mədəniyyət və mənəviyyat tarixini canladıraraq öz əsərlərində çağımıza daşıması idi. Cavid öz yaradıcılığında modern düşüncələrə dayanaraq Xəyyam, Əttar kimi şəxsiyyətlərin dünyagörüşlərini açıqlamışdır. Açdığı öz tarixi üfüqünü də o şəxsiyyətlərin dünyagörüşlərinin üfüqləri ilə bütünləşdirmişdir. Bu üzdən Cavid yaradıclığında biz öz ardıcılığını qoruyan düşüncə və dünyagörüşlərinin davamı ilə qarşılaşırıq. Üçüncü olaraq Cavid irfan kültürünü modernliklə birləşdirərək anlaşılır hala gətirmişdir. Cavidin arxalandığı mənəviyat dərinliyi irfandır. Yöntəmi modern məzmunu irfanidir. İrfanla modernitənin birləşməsi. Ariflərin, sufilərin və digər azad şüurlu insanların açdıqları yolda mənəvi yolçuluğuna davam edən Cavid öz ədəbi, mənəvi və irfani təcrübələrini də bu yolçuluğunda realizə etmişdir.


Demək sizi Cavid yaradıcılığına cəlb edən edən bu...

Mənim Cavidi oxumağımın iki və hətta üç mərhələsi olmuşdur. İlk gənclik çağlarımda əsərlərinin məna dərinliyinin fərqinə varmadan oxuyardım. Sonra yaşlandıqca dünyagörüşüm öz ölçümə görə dərinləşirdi, çünkü Şərq-Qərb ədəbiyyat örnəklərindən əsərlər oxuyurdum. Bu mərhələdən sonra Cavidi oxumağa başladığımda gördüm ki, Cavidi oxumaq üçün zehni hazırlıq lazımdır. Yəni modernitədən, Şərq ədəbiyyatından, hətta Hind ədəbiyyatından da bir şeylər oxuyub bəlli zehni təcrübə qazandıqdan sonra Cavidi oxumaq daha faydalı olur, bu yolla cavid daha asan anlaşılır. Bu mənim təsbitim idi. Üçüncü mərhələdə Cavidi öz intelektimin və zehnimin tənqid və dəyərləndirmə süzgəcindən keçirərək oxumağa başladım. Ağlımda bir çox suallar var idi. Cavid hansı suallara cavab vermək istəmiş, tarixi və yaradıcı şəxsiyyətlərin dünyagörüşünü anlamağa onu sövq edən nə olmuş? Nələri necə anlamış və anlatmaq istəmiş? Bu zaman Cavidin əsərləri üzərinə yazdığım məqalələr “H. Cavidin təsvir etdiyi Atatürk” adı ilə bir kitaba dönüşərək Bakıda çap oldu.


Atatürk deyirsiniz, Cavidin yaradıcılığında Atatürkə işarə edilmişmi?

Yox, Mustafa Kamala işarə edilməmiş, lakin Cavidin şah əsəri olan ”İblis” dram əsəri 1918-ci ildə, yəni Birinci Dünya Savaşının bitdiyi sıralarda yazılmışdır. Bu zaman Osmanlı dövləti yenilmiş və türklər bu məğlubiyyət üzündən aşağılıq kompleksinə qapılmışdılar. Müttəfiq güclərin Anadoludan türkləri silib atma təhlükəsi var idi. Bu zaman Cavid çox narahat və əndişəlidir. ”İblis” əsərini yazır və bu əsərdə ”Elxan” adında qurtarıcı bir öndəri xarakterini təsvir edir. Bu öndər Osmanlı sarayından qovulmuş, çünkü Osmanlı zehniyyətinin şeyxlik qurumu modern qurtarıcı öndərin dünyagörüşünü və gerçəkləşdirmək istədiyi yeniliyi qəbul edə bilmirdi. Mühafizəkar və dəyişimə qarşı olan şeyxlik qurumu əsərdə ifadə edildiyi kimi Elxan kimi yenilikçiləri şərləyib, din düşməni adlandıraraq öldürürdü. Bu üzdən əsərdəki yenilikçi və qurtarıcı surət olan Elxan osmanlı zehniyyətinin basqısından və tutuqlamasından qaçmışdır. Cavid bu əsərdə həm özünün, həm də İsmayıl bəy Qaspirallı kimi türkçülərin arzusunu dilə gətirir ki, artıq Osmanlı çağla həmahəng ola bilmir və türklüyün Anadoludakı qurtuluşu Osmanlı zehniyyətinin, Osmanlı dünyagörüşünün tarixdən silinməsi ilə mümkün ola bilər. Bu üzdən Cavid Osmanlı sarayından qaçaraq Anadolu alpərənləri ilə bir yerdə silahlı qurtuluş savaşına başlayan ”Elxan”nın üzərinə iki tarixi missiya yükləyir: 1- İşğalçıları ölkədən çıxarmalıdır. 2- Osmanlı zehniyyətini tarixə buraxaraq modern bir tarix başlatmalıdır. Cavid bu əsərində Nitçenin anlatmağa çalışdığı qurtarıcı üstinsanın kimliyini təsvir etmişdir. Cavid bu əsəri yazdıqdan tam bir il sonra Mustafa Kamal adında bir savaşı və qurtarıcı öndər ortaya çıxdı. Mustafa Kamal şəxsiyyəti ilə Hüseyn Cavidin təsvir etdiyi ”Elxan” surəti tam olaraq üst-üstə düşməkdədir. Mustafa Kamal da Osmanlı sarayından qaçaraq həm işğalçıya qarşı savaşıb ölkəsini azad etdi, həm də əskimiş və heç bir düşüncə və yenilik ortaya qoymayan Osmanlı zehniyyətini qapadaraq türk millətinin gözləri önündə yeni və aydın bir üfüq açdı. Bu baxımdan Mustafa Kamal və Cavid arasında intuisiya şəklində əlaqə olmuşdur. Maraqlı olan Cavidin bu əsərdə təsvir etdiyi qəhrəmanın gerçək həyatda meydana çıxması olmuşdur. ”İblis” dram əsərində Elxanın davranış və söylədikləri diqqətlə incələndiyində, adama elə gəlir ki, Mustafa Kamal bu əsəri oxuyaraq qurtuluş savaşına başlamışdır.


Cavidin görüşlərini təşkil edən əsas amillər nələr idi sizcə?

Cavidin dili və varlığa yanaşma şəkli fəlsəfi olmuşdur. Fəlsəfə də şübhə və suallarla mövzuya yanaşar. Bu üzdən Cavid fəlsəfi şübhəni düşünən insanın özəlliyi olaraq açıqlar. ”Şübhə artarsa həm yəqin artar” deyən Cavid Dekartçı bir dünyagörüşünü dram əsərlərinə, ədəbi düşüncəyə və şeirə gətirmişdir. Mənə görə, Cavidin dünyagörüşünü təşkil edən ana amil budur ki, həqiqət deyə bir şey yoxdur, sadəcə həqiqəti arama deyə bitməyən sonsuz bir durum var və biz buna həqiqət deyirik. Bu da durmadan və sarsılmadan düşüncə və iman yollarında əbədi yolçuluqdur. Bu hikmətli yürüşdə ağlımızı aydınladan, yolumuza işıq tutan ancaq suallardır, dialoqlardır. Cavid dünyagörüşündə sualla-cavabın diyalektik qarşılaşmasında sual cavabdan daha üstün, dəyərli və təsirli olaraq öz varlığını göstərər. Daha geniş biçimdə söyləyəcək olursaq, Cavidin dünyagörüşünü təşkil edən amilləri bu şəkildə sıralaya bilərik: Bilgi, irfan, eşq, türk kimliyinin yüksəlişi, varlığı və həyatı estetik ölçülərlə idrak etmə, fədakarlıq, qadın azadlığı, humanizm və tarixi insan surəti.


Belə anlaşılır ki, Cavidin dünyagörüşündə öncədən hazır olan bilgilərlə hadisəyə yanaşma yoxdur, deyilmi?

Doğru, Cavidin dünyagörüşünü kəşf edib oradan dünyaya baxdığımızda qarşımıza belə bir durum ortaya çıxır ki, bütün önyarqılarımızı və bilgilərimizi bir yana buraxıb varlığı anlamağa çalışmalıyıq. Cavid yaradıcılığında ağıl deyilən varlıq olaylar və gəlişmələr içində özünü aydınladır. Aydınlanmaya hazır olan ağıl önyarqılardan başardığı qədər azad olmağa çalışmalıdır. Çünkü önyarqılar doğru anlama yolunda əngəl bir divar oluşdurar. Bu üzdən də Cavidə görə, varlığa yanaşarkən öncədən verilən və doğruluğu bilinməyən cavabları bir yana buraxıb suallarımızla ortaya çıxmalıyıq. Cavidin ”Mərifət nuru” adlandırdığı işıq da bu yanaşma yöntəmindən doğar və bu yöntəm yenə də Cavidə görə insanı ”əhli-hikmət babası” edər.


Az öncə Cavid və moder mədəniyyət üzərinə söhbət etdiniz. Bu mövzunu Cavid yaradıclığında daha açıqca necə bəyan edə bilərsiniz?

Cavidin əsərlərini teoloji, teleoloji və ya gələcək hədəfşünaslıq, tarixilik və modernitə görüşləri baxımından incələmək mümkündür. Çünkü Cavidin dinşünaslıq, özəllikllə islamşünaslıq haqqında, gələcək aydın yaşamla ilgili vizionunun və tutarlı təsbitlərinin yanı sıra modernitə və ya modern mədəniyyət haqqında da görüşlərini açıqlamışdır. Cavidə görə çağdaşlıq deyilən durum hərəkətli ağlın törələr və ənənələrlə qarşılaşması ilə ortaya çıxar. Cavid insan ağlının tarix və törələr zindanında olmaması gərəkdiyini vurqular. İnsan və toplum həyatına hakim olması gərəkən durum ənənələr deyil, ardıcıl özünü aydınladan ağıl olmalıdır. Cəhalətlə güləşərək qalib gələn də ancaq özünü yeniləyən ağıldır. Cavidin yeniləşmə şüuruna verdiyi əhəmiyyəti biz ancaq Qərbin aydınlama çağının bilgələrində görmüşük. 
  
”Lazımsa cəhalətlə güləşmək,
Bir çarə var ancaq: yeniləşmək”

Cavid yeniləşməyi tək çarə olaraq göstərməsinin də səbəbini bu şəkildə açıqlayır ki, insan nə qədər yenilşməyə çalışsa da, onun ağlı və düşüncə dünyası geniş ölçüdə tarix və əski törələrin basqısı altındadır:

”Bizlər yeniləşsək belə daim,
Bir əskilik az-çox bizə hakim.”


Cavidi klasik olaraq adlandırırsınız. Hansı özəlliklər Cavidi klasik olaraq göstərməkdədir?

Klassik deyincə ağla gələn bunlardır: ölçü, bilgəlik, etidal. Bir əsəri klasik edən dilin ən inkişaf zirvəsinə çatması, öz növündə o janr bənzərsiz bir səviyyədə olması və ən önəmlisi isə milli özəlliklər daşımasıdır. Bu üç amilin üçü də Cavid yaradıcılığında mövcuddur. Cavid bizim çağımızda yaşasa da, istifadə etdiyi mövzulara görə həm əski çağlara mənsubdur, həm də indiki zamandan gələcəyə doğru bir üfüq açmışdır. Klassikliyin özəlliklərndən biri də budur. Cavid bu sahədə çox başarılı olmuşdur. Cavid yaradıcılığında ağıl, tarixi şərtlər içində varlığını göstərərək olayların axışı içində fəallaşır, yaradıcı imkanlarını büruzə verir.


Hüseyn Cavidin əsərlərində teoloji xüsusiyyətlərin də olduğunu dediniz, buna bir aydınlıq gətirərsinizmi?

Cavidin ”Peyğəmbər” pyesi peyğəmbərşünaslıq və islamşünaslıq baxımından çox önəmli əsərdir. Bu əsər estetik özəlliklərinin fövqündə bir də teoloji mövzuları incələmişdir. Burada İslam Peyğəmbəri ilahi missiyasının dışında bir də toplumu, tarixi aydınladan bir şəxsiyyət kimi verilmişdir. Peyğəmər baxışından gözəllik, ədalət, qardaşlıq, qadın haqları və barış konuları incələnmişdir. Özəlliklə Cavid öz əsərlərində önəmli bəzi dini mövzulara aydınlıq gətirməyə çalışdığı üçün teoloji ilə də məşğul olmuşdur.


Məsələn hansı önəmli din mövzusu Cavidin yaradıcılığında aydınlığa qovuşmuşdur?

Məsələn 1400 ildir İslam peyğəmbərinin cismani olaraq göyə gedib-getmədiyi dartışılmaqdadır. Cavid bu mövzuya aydınlıq gətirmişdir. Çünkü gerçəkdə yer-göy deyə bir şey yoxdur. Bunlar dildə vardır, reallıqda yoxdur. Gerçəkdə yer özü də göydə, uzaydadır, hər şey uzay boşluğundadır. Zehn kainatı anlaya bilmək üçün sözlərə möhtacdır. Məsələn insan başqa planetlərə gedir. Oradan bu dəfə yer kürəsi göydə görünür. Başqa planetdən insan yerə gəlmək istərkən öncə yenə göyə yüksəlir. Çünkü yer özü də göydədir. O zaman Peyğəmbərin göyə getməsinin nə anlamı var? Ayrıca, Quranda ”Allah sizə şah damarınızdan da yaxındır” deyir. Allah bizə şah damarımızdan yaxınsa, o zaman Allahı aramaq üçün göyə getməyə gərək yoxdur Cavidə görə. Cavidə görə İslam Peyğəmbərinin göyə yüksəlmə məsələsi fiziki deyil ruhi bir hadisədir. Peyğəmbərin ruhunu uzayın sonsuzluğunda dolaşdırmışlar. Quranın ”İnşirah” surəsi də bunu bəyan edərək ”sənin köksünü genişlətmədikmi?” deyə yazar. Cavid bütün bu verilərdən yola çıxaraq ”Şeyx Sənan” əsərində bu mövzuya aydınlıq gətirir və düşünür ki, Quran israrla ”Peyğəmbər də bir insandır” deyirsə, insan necə məhdud imkanları ilə durduğu yerdən göyə yüksələ bilər? Cavid bu görüşünü belə bəyan edər:
”Bir bəşərdir”- deyirdi Peyğəmbər,
Heç görülmüşmü çıxsın ərşə bəşər?”


Sizcə Cavidə lazımı dəyər verilirmi?

Cavidə dəyər vermək üçün onun əsərlərini oxumaq lazımdır. Bunun dışında necə dəyər vermək olar? Dəyər vermək onun təsvir etdiyi mənəvi dünyaya girməyə çalışmaq anlamında olmalıdır. Lakin Cavidi oxumaq üçün də hazırlıq lazımdır. Dilimiz sovet zamanında öz tarixi köklərindən, Cavid ölçülərindən qoparılaraq qısırlaşdırılımışdır. İndiki dil bilgisi ilə Azərbaycan oxucusu Cavidi oxusa da anlaya bilməyəcək. Bu üzdən Cavid çox az oxunmaqdadır. Ancaq məncə Cavidin əsərlərindən hər bir Azərbaycan vətəndaşı, onlarca beyt əzbər şeir bilməlidir. Çünkü bu şeirlərlə bizim düşüncə dünyamızda aydın üfüqlər aça bilər.

Kultura.az
 

Kultura.az | Developed by Samir Yahyazade