Orxan Əmrullayev: Doğru saydığımız yanlışlar haqqında (2-ci hissə)

Публицистика


II HİSSƏ
   
   DÜŞÜNCƏDƏKİ MƏNTİQİ PROBLEMLƏR:

   
  
 
1. Emosional ifadələr və yanlış analogiyalar 
Emosional ifadələr duyğulara səslənərək onları qızışdırır və insanın məntiqli düşünməsinin qarşısını alır. Onlar həm pozitiv (ana, vətən, vicdan, şərəf, qeyrət), həm də neqativ (təcavüzkar, satqın, xərçəng xəstəliyi, zalım) yüklü ola bilərlər. Bəzən emosional sözlərdən istifadə etməklə elə analogiyalar aparırlar ki, bunların düzgünlüyünə inanmaq təhlükəlidir. Bununla belə, insan təbiətindəki emosional zəifliklərdən istifadə edənlər az deyil. Reklamçılar insanların bu zəifliklərindən istifadə edərək, reklamlarla duyğularımıza səslənib, məntiqsiz qərar verməmizə nail olurlar və nəticədə biz ehtiyacımız olmayan məhsullar alırıq. 
   
Siyasətdən misal versək, prezident seçkilərində namizədlərdən biri öz xəstə oğlunun heyakəsi ilə ölkənin vəziyyəti arasında analogiya qurur: ölümün pəncəsində olan oğlu ana və atasının qayğısı sayəsində yaxşılaşır. Əvvəlki prezidentlərdən sonra ölümün pəncəsində olan ölkənin yeni bir başçıya ehtiyacı var ki, vəziyyəti yaxşılaşsın. 
Analogiyalar hadisə ilə məntiqdən daha çox, emosional bağ qurur. Başqa sözlə fikri sürüşdürür. Odur ki, analogiya tələsindən xəbərdar olmaq vacibdir. Unutmaq lazım deyil ki, rəvayətlər kimi misallar və analogiyalar da sübut yarada bilməz. 
   
2. Cavab arqumentlərin azlığı 
“Əgər bir iddianın əksini sübut etməsəniz, həmin iddia doğrudur,” kimi iddialar yanlış düşününmənin nəticəsidir. Bu tərz düşüncəyə görə, hər hansı bir hadisənin baş verməsinə fövqəltəbii qüvvənin səbəb olmadığını sübut edə bilmirsinizsə, onda bu hadisəyə fövqəltəbii qüvvə səbəb olub. Bir misalla belə iddiaların necə əsassız olduğunu görmək olar: Əgər Şaxta babanın olmadığını sübut edə bilməsəniz, deməli o doğrudan da mövcuddur. 

Elm sahəsində inam, iddianı dəstəkləyən sübutlardan qaynaqlanır, iddiaya qarşı çıxan fikirlərdən və ya sübutun azlığından deyil. 
Başqa sözlə, elmdə kaprizə yer yoxdur. Elm, varlığı sübuta yetirən sübutlara (təcrübədə təsdiqlənən sübutlara) əsaslanır, yoxluğu “sübuta yetirilən” sübutlara yox. 
Açıq ifadə etsək bu yanaşmanın məntiqi belədir:
“Sən cavab verə bilmirsən, amma mənim bir cavabım var və başqa seçim olmadığından mənim cavabımı doğru kimi qəbul etməliyik.” Absurd səslənir. Amma bu fikrin bəzəndirilmiş hallarını tanımaq nisbətən daha çətin olur deyə, onları qəbul etməyə meyilli oluruq.

  
3. O düz deyilsə, bu düzdür 
Bu yanaşma, “bir iddiaya inanmırsınızsa, digərinə inanmalısınız” formasında dünyanı ikiyə bölməyə çalışan düşüncədir. Əslində isə iddiaların sayı iki yox, daha çox olur. Lakin fürsətçilik edilərək sadəcə iki iddia qarşı-qarşıya qoyulur və birinin təkzibi digərinin təsdiqi formasını alır.

“O düz deyilsə, bu düzdür” yaradılışçıların çox zaman irəli sürdükləri iddiadır: həyatın ya Tanrı tərəfindən yaradıldığını, ya da təkamül nəticəsində formalaşdığını qəbul etməlisiniz. Bu cür ikili sistem (o səhvdirsə, mən düzəm) nəticəsində onlar təkamülü gözdən salmağa, bununla da yaradılışçılığın doğruluq payını artırmağa çalışırlar. Amma nəzəriyyədəki zəif cəhətləri göstərmək kifayət deyil. Nəzəriyyə həqiqətən daha üstündürsə, həm əvvəlki nəzəriyyənin izah etdiyi “normal” faktları, həm də əvvəlki nəzəriyyənin izah etmədiyi “anormal” faktları izah etməlidir. 
Yeni nəzəriyyənin təkcə etiraza qarşı olan sübutlara (əks-arqumentlərə) ehtiyacı yoxdur, həm də özünü təsdiqləyən sübutlara (arqumentlərə) ehtiyacı var.

 

4. Tələsik ümumiləşdirmə 
Bir neçə pis müəlliməsini tanıdığımız məktəbin bütövlükdə təhsil üçün pis məktəb olduğunu düşünürük. 
Bu cür tələsik ümumiləşdirmələr düzgün olmayan induksiya formasıdır (ayrı-ayrı hallara əsaslanıb ümumi fikirə gəlmə) və qərəzli düşünməninin nəticəsidir. Yəni, faktlar zamin durmazdan əvvəl nəticə çıxarırsınız ki, bunu doğru hesab etmək qəbuledilməzdir. Maykl Şermerin dediyinə görə, ola bilər ki, beyinimiz daim hadisələr və səbəblər arasında əlaqələr axtarmaq üçün təkamül edib deyə nəticə çıxarmaqda belə tələsik davranırıq. 

Eyni maşından bir neçəsinin keyfiyyətsiz olmasını görməyiniz kifayət edir ki, həmin model avtomobillərin keyfiyyətli olmamasına qərar verəsiniz. Əslində isə bu, tələsik ümumiləşdirib verdiyiniz qərardır və obyektiv sayıla bilməz. Bunun üçün eyni modeldən olan çox sayda avtomobillə qarşılaşmalı və qərarı yalnız bundan sonra verməlisiniz. (Marketinq araşdırmalarında nə qədər avtomobildən sonra qərar verə biləcəyiniz öyrənilir.) 

Hər hansı bir brend yaxşı ola-ola pis kimi qarşılana bilər. Məsələn eyni avtomobilin bir neçə keyfiyyətsiz nümunəsini görən şəxs qarşılaşdığı vəziyyəti ictimailəşdirsə, avtomobil şirkətinin nüfuzuna ciddi zərər dəyə bilər. Ola bilər ki, şirkətin avtomobilləri kifayət qədər keyfiyyətlidir, yalnız həmən şəxsin qarşılaşdığı avtomobillər defektli olub. Bu, reklamlarında insanların emosional zəifliyindən istifadə edən məğrur şirkətlərin çətinliyə düşdüyü məqamdır.
   
5. Dairəvi əsaslandırma 
Dairəvi əsaslandırma təməl iddiaların təkrar edilməsi ilə meydana çıxır. İnanclılarla bu kontekstdə dialoq belə olar: 
Tanrı var? Hə. Hardan bilirsiniz? Çünki müqəddəs kitab elə deyir. Bəs müqəddəs kitabın doğru olduğunu hardan bilirsiniz? Çünki onun yazılmasına Tanrı ilham verib. 
Belə çıxır ki, Tanrı, Tanrı olduğu üçün Tanrıdır. 

 

Elmdə də eyni arqumentlərdən istifadə etmək olar: 
Cazibə qüvvəsi nədir? Cisimlərin bir-birini cəzb etməsidir. Cisimlərin bir-birini cəzb etməsinə səbəb nədir? Cazibə qüvvəsi. 
Belə çıxır ki, cazibə qüvvəsi, cazibə qüvvəsi olduğu üçün cazibə qüvvəsidir. 
Yeri gəlmişkən, Nyutonun dövründəki bəzi nüfuzlu şəxslər onun cazibə qüvvəsi nəzəriyyəsini Orta Əsrlərin sehirli düşüncəsinə qayıdış kimi dəyərləndirib elmi olmamasına görə rədd etmişdilər. 
   
İstənilən müzakirə zamanı bu düşüncə tələsinə düşmədiyimizdən əmin olmalı, dairəvi əsaslandırmadan kənar çıxıb daha sağlam fikir yürütməli və qarşı tərəfdən də eyni davranışı tələb etməliyik. 
   
Dairəvi əsaslandırma məntiqi cəhətdən qüsurlu olsa da, onu ilkin forma olaraq qəbul edib, üzərində sınaqlar apara, onu dəyişdirə və təkmilləşdirə bilərik. Necə ki, şərtlər ödənsin deyə alimlər qeyri-müəyyən fenomenləri “qara enerji”, “qara maddə” kimi adlandırır və “nə olduğunu başa düşənədək belə adlandıraq” deyirlər. 
   
Bundan sonra, elm adamları bu məchulun üzərində işləyir və elmi yanaşma tətbiq etməklə həqiqətə daha da yaxınlaşmağa can atırlar. Digər tərəfdən, nağıl-əfsanəni sevən, qeyri-müəyyənliyə heyranlıq duyan insanlar bir məchulun xarakteri haqqında təxəyyüllərinə əsaslanan fərziyyələr irəli sürürlər. Elmi yanaşma ilə təxəyyülə əsaslanan fərziyyələr arasındakı əsas fərq budur ki, elm “sınama və yanılma” üsulu ilə yanlışları çıxdaş edir, təkcə doğru versiyaların inkişafına zəmin yaradır; təxəyyülə əsaslanan fərziyyələr isə həqiqəti sorğulamır, eyni zamanda bütün fərziyyələrə (doğru olanlara da, yanlış olanlara da) imkan verir ki, inkişaf etsinlər. Üstəlik təxəyyülə əsaslanan fərziyyələrin heç bir elmi əsası olmur. Elm nəticə çıxarmağa tələsmir, sübut toplayır, psevdo-elm isə hadiəsni dərhal izah edib bir nəticəyə varmağa tələsir. Maykl Şermerin TED çıxışında bildirdiyi kimi “məchullar, elmi düşüncə üçün məntiq zəncirinin başlanğıcı, qeyri-elmi düşüncə üçün isə zəncirin son halqasıdır.”
   (https://www.ted.com/…/michael_shermer_on_believing_strange_…)
   
6. Absurda gətirmək
Bu yanaşma, bir şəxsin irəli sürdüyü arqumentini məntiqli görünən nəticələrlə əlaqələndirə-əlaqələndirə sonda sərsəm bir nəticəyə gətirməsi haqqındadır. Bu yolla arqumentin doğruluğu “təsdiq” olunur. Belə “təsdiqlər” böyük aldadıcı gücə malikdir. Bunun ən primitiv misallarından birini deyək: 
   
“X firmasının dondurmasını almağınız piylənmənizə səbəb olacaq. Piylənməyiniz həddən artıq kilo almağınıza yol açacaq. Bir müddət sonra 150 kilo olacaq və ürək xəstəliyindən öləcəksiniz. Ona görə də X firmasının dondurmaları ölümə səbəb olur.” 
   
Bunun daha mürəkkəb örnəkləri gündəlik həyatımızın bir hissəsidir və dərindən düşünməyərək inandığımız bir çox iddia əslində bu ideyaya əsaslanır. 
   
7. Nüfuzlu şəxslərə ifrat etibar etmək 
Tanınmış insanların fikirlərini qeyd-şərtsiz doğru qəbul etmək, bütün fikirləri ilə razılaşmaq, bir çox hallarda onları özümüzə örnək götürmək meyillərimiz vardır. Lakin “ondan daha yaxşı bilməyəcəyəm ki” qənaətinin doğruluğu şühbəlidir. Skeptik düşünmə təbliğatçısı Ceyms Randi nüfuzlu şəxslər barədə belə deyib: 
"Onlar bir statusa sahib olduqdan sonra iki şeyi deməyi özlərinə yaraşdırmırlar – “bilmirəm” və “səhv etmişdim”. 
Nüfuzlu şəxslərin öz sahələrində mütəxəssis olmaları başqa sahələrdə haqlı olma ehtimallarının yüksək olmasına heç bir əsas vermir. 
   
Belə bir ağrılı misal çəkək. Günümüzdə sənət adamını efirə çıxarıb ondan sosial problemlərlə bağlı düşüncələrini bölüşməsini istəyirlər. Bir çox insan da bu düşüncələri özünə örnək götürür. Əslində isə sənətçinin bu mövzudakı düşüncələrinin dəyərli olması ehtimalı çox azdır. Çünki o, sadəcə öz sahəsində “hər şeyin ən yaxşısını” bilə bilər və sosiologiya onun sahəsi deyil.
   
Nüfuzlu şəxslərlə bağlı iki yanlışdan uzaq durmalıyıq: 
   a) Rəğbət bəslədiyimiz şəxs tərəfindən dəstəklənir deyə yanlış düşüncəni qəbul etməməliyik; 
   b) Xoşlamadığımız şəxs tərəfindən dəstəklənir deyə düzgün düşüncəni rədd etməməliyik. 
   Belə səhvlərə yol verməmək üçün şəxsləri deyil, sübutları əsas götürmək lazımdır.

Orxan Əmrullayev
Kultura.az

Kultura.az | Developed by Samir Yahyazade