post-title

Taseki İnoue: Əl çatmaz arzu

Hekayə

 
Alnımı pəncərə şüşəsinə diriyərək diqqətlə uzağa - sehrbazlar truppasının gələcəyi səmtə baxırdım. 
 
Pəncərəmdən uzunsov düzənlikdə yerləşən bütöv kənd görünürdü. Kənd boyunca çala-çuxurla dolu yol uzanırdı. Sanki xətkeşlə çəkilmiş dümdüz yol kəndin tən ortasından keçərək dağlara qədər uzanıb gözdən itirdi. 
 
Yolun hər iki tərəfində yumşaq saqqala bənzəyən palıdı rəngli küləş tarlaları səpələnmişdi, bəzi yerlərdə şumlanmış sahələr qaralırdı. Hərdən bir yaşıl rəngli qış tərəvəzləri əkilmiş bostanlar gözə çarpırdı. 
 
Üzəri samanla örtülmüş kənd evlərinin arasından tərsinə çevrilmiş süpürgəyə bənzər lüt ağaclar görünürdü. Bu ağacların arxasından dağlar görünürdü, onların üstünü buludların kölgələri ləkələr şəklində örtmüşdü. Solda, qışın solğun mənzərəsini rəngləndirən şintoist məbədin qapıları qızarırdı. 
 
Xəstə ayağımı atamdan qalan saralmış yun əsgər adyalına büküb, belimə pambıq şal dolayaraq səhər açılandan pəncərədə oturub uzağa baxırdım. Şəhərdən kəndə bir yol gəlirdi və kəndimizə gələcək olan artistlər də o yolla gəlməli idilər. Onların gəlişini heç cür qaçırmaq istəmirdim.
 
Sehrbazların kəndimizə gələcəyi haqqında beş gün əvvəl anamdan eşitmişdim. O təmir üçün götürdüyü əşyaları sahiblərinə qaytarmaqçün kəndə getmişdi. Qayıdanda isə kənddəki bütün teleqram dirəklərinə “Sehrbazların böyük truppası”nın gəlişi haqqında elanlar yazıldığını söyləmişdi. Qastrol səfərinin vaxtı çox yaxşı idi- kəndlilər məhsullarını yığıb, qış tədarüklərini bitirmişdilər - artistlərin kəndbəkənd gəzməsi uçün əsl məqam idi. 
 
Mən heç vaxt sirkdə olmamışdım, tamaşalara baxmaq arzusunda idim, lakin anlayırdım ki, bu heç vaxt mümkün ola bilməz. Axı mən yeriyə bilmirəm. Anam məni tamaşalara aparmaq üçün hər həftə xəstəxanaya apardığı kimi belində daşımalı olacaqdı. Hər dəfə də bizi yad bir insan görəndə mən yenə utanmalı, içimdə vicdan əzabı çəkməli idim. Yaşıma görə artıq üçüncü sinifdə oxumalı idim. Kənddə analar ancaq balaca uşaqları bellərində gəzdirirdilər. Çox istəyirdim tamaşaya baxım, amma bunun mümkünsüzlüyünü də anlayırdım. 
 
Pəncərədən baxarkən “Sehrbazların böyük truppası”nın gəlişini təsəvvür eləməyə çalışırdım. Yəqin piyada gəzən orkestrin ifa etdiyi şən musiqi altında atlara bağlanmiş arabalarla gələcəkdilər. Sehrbazlar fokuslarında cəld və iti hərəkətlər eləyirlər, məncə onlara öküz arabasında gəlmək heç cür yaraşmaz. Görəsən hansı fokusları göstərəcəklər? Sehirli çubuğun bir hərəkəti və budur, gözəl bir qız iti dişləri görünən pələngə çevrilir! Bu fokus haqda mən kitabda oxumuşdum. Bəlkə onlar tamaşaçıları Şirniyyat diyarına səyahətə apararlar. Orda da kim hansı şirniyyatdan nə qədər istəsə yeyə bilər. Truppanın gəlişinə vaxt azaldıqca mənim fantaziyalarım daha canlanır və sehirbazların inanılmaz imkanlarının olmasına daha çox inanırdım. Mən özümü sağlam təsəvvür eləyirdim - dostlarımla kənddin yollarında qaçıram, dağlara dırmanırıq, çayda üzürük, məktəbdə lövhənin qarşısında dərs danışıram... Rəhmətə gedən atam dirilir... Hə... kaş bunlar mümkün ola bilərdi... 
Tamaşaya gedə bilməyəcəyim fikri ilə barışsamda, sehrbaz arabalarının yolun başında görünməsi təssəvvürü ürəyimi dondururdu. Lakin yol isə əvvəlki kimi boş idi.
 
– Günorta oldu, görəsən bunlar niyə gecikir? – narazı halda tikiş maşınında tikiş tikən anamdan soruşdum. Axır zamanlar anam tamam arıqlamışdı, üzündə bir damcı qan qalmamışdı. 
 
Yerli kəndlilərin paltarlarını yamayan anam gözünü tikişdən ayırmadan  məni sakitləşdirməyə çalışdı:
 
– Bir azdan gələrlər – ayağını tikiş maşınının pedalına basdı. Otağın sakit boşluğunda tikiş maşınının taqqıltısı daha kəskin və bərk səslənirdi. 
 
Biz bu kəndə köçüb gələnlərdən idik, atamız vəfat etmişdi, anam, mən, balaca bacım və dörd yaşlı qardaşım üzəri dəmir parçası ilə örtülmüş balaca bir daxmada məskunlaşmışdıq. Qışda evimiz qaranlıq və soyuq olurdu. Qapının, pəncərənin deşiklərindən evə soyuq girirdi. Anam deşikləri kağızla tuturdu. Həmin gün bacım və qardaşım harasa yox olmuşdular, bəlkə də qonşuda idilər. 
 
– Oğlum qrelkanı dəyişdirim? – ayağını pedaldan götürərək anam soruşdu.
 
Mən qrelkanı ayaq barmaqlarımla yoxlayıb başımı yellədim. Pəncərədən baxaraq xəyallara elə dalmışdım ki, ayağımın altındakı qrelka yadımdan çıxmışdı. İndi onun soyuduğunu, ayağımda ağrının başlandığını hiss elədim. 
 
Əlbəttə ki, ayağım qrelkanın soyuğundan ağrımırdı, ayağım soyuq olanda həmişə ağrıyırdı. Qışın gəlməsi ilə ağrılarım daha da artırdı. Soyuqlar düşən kimi havada uçan sığırçın dəstələri bulud kimi şaxtadan ağarmış tarlaların üstündə uçuşur, mənim isə ayağımdakı küt ağrı günü-gündən güclənirdi. Qan dövranının pozulması səbəbindən, ayağımın biri qrelka qoymağımdan asılı olmayaraq, həmişə soyuq olurdu. Soyuq gecələrdə ayağım dözülməz ağrı verir və məcbur olub anamı yuxudan oyadırdım. O qrelkanı dəyişir, belimdəki yaradan axan çirkə bulanmış sarğını başqasıyla əvəz edir, sonra soyuq ayağımı qayğı ilə sığallayırdı. Onu yuxu tutur, başı aşağı əyilir, əlləri yavaş-yavaş hərəkətsizləşirdi. Bu zaman mən onu çağırıb oyadır, o ayılaraq yenə ayağımı sürtməyə başlayırdı. 
 
– Ana, doğurdan onlar gələcəklər? – qrelkanı dəyişən anamdan hövsələsizcə soruşdum.
 
– Gələcəklər, gələcəklər. Belə həyəcanlanmaq və əsəbiləşmək lazım deyil. 
 
Anam başını qaldırıb pəncərədən baxdı, ayağımı qrelkanın üstündə rahatladı və yenidən tikiş maşınının arxasına keçdi. Mən əsəbləşmirdim, sadəcə gözləməkdən bezmişdim. Bir qədər dikəlib yenidən pəncərədən baxmağa başladım. 
 
Mən bütün günü pəncərədən bayırda baş verənlərə baxmağa adət eləmişdim. Düzdür, kənddə xüsusən qışda maraqlı bir hadisə olmur, ona görə də mənzərə darıxdırıcı gəlir adama. Küçədə hər hansı hərəkət olanda çox xoşuma gəlir. İstər küçədə palçıq içində qaçan uşaqlar olsun, istərsə də bir-birinə bağlanmış öküzlərin arxası ilə gedən, soyuqdan gözlərinədək bürünmüş kəndlilər... Mən, gözdən itənədək onların arxasınca baxıram. Hətta uzunquyruqlu sığırçınlar, həyətimizə çin bambukunun dənələrini yemək üçün bərk səslə bir-birini çağıran çöl ördəkləri belə məni əyləndirirdi. Günəşdə qızışan mozalan topalarının havada dalğalanmasına fasiləsizcə baxa bilərdim. Küçədə hansısa beli əyilmiş qocanın peyda olmasına, çomağına söykənərək yolun kənarı ilə asta-asta hərəkət etməsinə baxıb düşünürəm: nə olsun yavaş hərəkət edir, beli əyilib, yeriyən axı onun ayaqlarıdır...
 
– Ana, anacan! Gəldilər! – deyərək bərkdən qışqırdım və alnımı şüşəyə yapışdırdım. Uzaqda üstü örtülü at arabaları görünürdü. Nəhayət! Mən o dəqiqə anladım ki, bu sehrbazların arabalarıdır. Kənddə öküz arabalarını görmək adi hal idi, at arabaları isə tək-tük hallarda olurdu. Üstəlik üstü örtülü at arabası nadir hadisə idi.
 
Araba yaxınlaşdıqca təəccübüm daha da çoxaldı - araba gözlədiyim kimi bəzəkli və əlvan deyildi. Açıq palıdı rəngli arabanın yuxarısı qara ləkələrlə örtülmüş, arxasındakı brezent örtük isə çırılaraq sallaq vəziyyətdə qalmışdı. Yan örtükləri sürtülmüş və süzülmüşdü. Onların üzərində güclə oxunacaq dərəcədə iki böyük heroqlif əks olunmuşdu – “böyük” və “truppa”. Arabanın təkərləri yoldakı çalalara düşdüyündən araba gah sola, gah da sağa əyilirdi. Araba əyildikcə dazbaş arabaçı atların yüyənini gah buraxıb, gah dartırdı. Onun başı açıq idi, nə papağı vardı, nə də örtüyü. Şəhərdən gələn yol arabanı dağa qaldırırdı və buna görə də hündürlüyə qalxan atlar çox güman yorğun idilər. Arabaçı atların yüyənini dartırdı. Nalların altından qalxan qum buludları əsən küləklə havada sovrulurdu. 
 
Mən elə bilirdim ki, şəhərdən bir neçə at arabası gələcək. Amma gözlədiyimin əksi oldu - vur-tut bir araba, həm də sınıq-salxaq araba!
 
Hə... “Böyük sehrbaz truppası” cəmi bir arabada? Heç mahnı səsi də eşidilmir! Mənim gözləntilərim özünü doğrultmamışdı və tamaşaya olan bütün marağım itmişdi.
 
Araba kəndin ortasına yetişəndə kənd uşaqları onu görüb sevinclə salamlayır, arabanın arxasınca qaçırdılar. Arabadan bir kişi başını çıxardaraq onları salamladı. Uşaqlar səs-küylə onun salamına cavab verdilər. Birdən məndə də arabanın arxasınca qaçmaq istəyi yarandı. 
 
Fikirləşirdim ki, bu araba çox yollar gəzib, çox kəndlər görüb. Amma əgər afişalarda “Sehrbazların böyük truppası” yazılıbsa, demək, onların göstərəcəyi proqram da maraqlı olmalıdır. 
 
Arxasınca uşaqlar qaçan, sağa-sola əyilən araba dağın ayağı tərəfə səmt götürərək gözdən itdi. O hələ məktəb tərəfə gedib, çayın üstündəki taxta körpünü keçməli idi. Araba gözdən itən kimi balaca yol boşaldı, pəncərəmdən görünən mənzərə yenə darıxdırıcı və maraqsız oldu. 
 
Qapı qəfildən açıldı və təngələfəs halda bizim süləng uşaqlarıımız evə girdilər. 
 
– Yığışın! Tez! Tez! 
– Tələsməyin, axşam düşmədən başlamaz– anam əlini tikişindən ayırmadan onları sakitləşdirdi. 
– Qonşu dedi ki, əgər tez getməsək, bizə yaxşı yerlər düşməyəcək– bacım etiraz edərək söylədi.
 
“Buna görə belə təngnəfəs qaçıblar” deyə düşündüm.
 
– Axı tamaşaya bütün kənd yığışacaq, hamıya yer çatmaya bilər! – anama qulaq asmadan bacım təkrar edirdi. 
–Biz gedənə hər şey qurtara bilər! –balaca qardaşım külək qızartmış yanaqqlarını sallayıb dedi.
–Uşaqlar, bəlkə qonşudan xahiş eləyim sizi özü ilə aparsın? – anam tikiş maşınını saxlayıb əlini balacaların ciyninə qoyaraq soruşdu.  
– Niyə? Niyə biz qonşu ilə getməliyik?! – ikisi də bir səslə incik halda soruşdular. 
 
Mən dönüb boşalmış küçəyə baxdım. Anamın nə haqda düşündüyünü bilirdim. 
 
– Böyük qardaşınız tək darıxacaq. Mənim də işim tökülüb qalıb...
– Yox! Biz sənlə getmək istəyirik! – qardaşım tələb edirdi. 
– Mən də sənlə getmək istəyirəm. Sabah tikərsən paltarları. Qardaşımı isə həmişəki kimi belində apara bilərsən– bacım bərk səslə israr eləyirdi. 
– Bezdirdiz! Əgər dözə bilmirsinizsə üçünüz gedin! –Onların səsini batırmaq üçün deyindim. Hamısı mən tərəfə çevrildi – Siz gedin! Evə mən baxaram– onlara hirsli nəzərlərlə baxıb yenidən üzümü pəncərəyə çevirdim. 
 
Günəş batmağa doğru gedirdi. Teleqraf dirəklərinin kölgələri bir sıraya düzülərək yolun ortasına kimi uzanmışdı. Onlar yol boyu uzanıb tarlaya çatanda günəş dağların arxasına keçəcəkdi. 
 
– Özünüzü yaxşı aparın, mehriban olun. Qonşuyla gedin– anam sakitcə dedi. 
– Ana, niyə qardaşım o dəqiqə qışqırmağa başlayır? Sən həmişə bizi aldadırsan, qardaşımın sözünə baxırsan. 
 
Bu sözlərdən mən hiddətləndim.
 
– Ey! Nə qədər çərənliyirsən sən! Get burdan! – gözümü pəncərədən ayırmadan qışqırdım. Nəfəsimdən pəncərə şüşəsi bir saniyəlik ağ buxarla örtülüb yenidən şəffaflaşdı. Bacım hələ də deyinirdi. O başlayanda dayana bilmirdi.
 
– Çıxın bir az gəzin, –anam onlara dedi.
 
Bacımla qardaşım onun sözünə baxaraq sakitcə küçəyə çıxdılar. 
 
Otağa yenə süküt çökdü. Tikiş maşınının taqqıltısı ahənglə səslənməyə başladı. Mən üzümü pəncərədən çevirib böyrü üstə uzandım, əllərimi birləşdirib başımın altına qoydum və gözlərimi yumdum. 
Düzünü desəm, tamaşaya getməyi çox istəyirdim. O akt zalında baş tutacaqdı və deməli mən məktəbi görəcəkdim.  Axı mən heç bir dəfə də orda olmamışdım. Mənim dostlarım yoxdur. Məktəb haqqında ancaq bacımdan eşidirdim- o bu yaz birinci sinfə getmişdi1. Onun danışdıqları həmişə heyrətlə dolu olardı. Amma anam məni belində aparsa, hamı gözünü mənə zilləyəcək, bəlkə də gülüşəcək, “nə balaca bəbədi” kimi sözlər deyəcəkdilər. Bu mənim üçün dəhşətdir. Səhər tezdən oyanmağıma baxmayaraq, məni anam pəncərəyə bir az gec çıxardırdı. Səhər tezdən pəncərəyə yaxınlaşmıram. Yaşıdlarımın hazırlaşıb məktəbə getməsinə baxmaq mənim üçün çox kədərli idi. Soyuq qış belə onlara kar eləmirdi, həmişə şən, gümrah olurdular, kolları əyərək aralarından yola çıxıb topa şəkildə məktəbə gedirdilər. Bu zaman mən yatağımda uzanıb onların səsinə qulaq asırdım. Şəhər xəstəxanasına getmək üçün evdən həmişə lap erkən çıxırdıq. Küçədə adam olmurdu. Məni belinə aşıraraq anam əlindəki çubuğuna söykənib, ağzından isti buxar çıxararaq cığırla asta-asta dəmir yolu keçən qəsəbə tərəfə düşürdü. 
 
Bizim uduzduğumuz uzun və dəhşətli müharibədən üç il keçirdi, mənim xəstəliyim isə günü gündən ağırlaşırdı. Həkimlər mənə çanaq-bud oynağının vərəmi diaqnozunu qoymuşdular və söyləmişdilər ki, mən xüsusi müalicə kursu keçməliyəm. Evdə isə heç mülicəvi korset almağa belə pul yox idi. Eləyə biləcəyimiz yeganə şey hər həftə dağdan şəhərə həkim müayinəsinə getmək  və ondan dərman almaq idi. Bir dəfə yayın əvvəlində - müharibənin bitdiyi il olardı- dağdan enən cığırda yıxılıb budumu yaraladım və bununla da ayağımın ağrıları başladı. Yəqin ele o vaxta mən atamdan vərəm tutmuşdum. Onun ağciyərləri cənub dənizlərində döyüşəndə pisləşmişdi və onu evə ezam etmişdilər. Atam qan öskürə qayıtmışdı və 1945-ci ilin payızında kəndimizdə vəfat etmişdi. Ən çox şişkinlik dizimin üstündə idi. Şişin üzərindəki dəri dartılmış və şəffaflaşmışdı. Sonra o partladı, yaradan çox miqdarda çirk axmağa başladı və məhz bundan sonra mən yatağa düşdüm. Kənddə həkim yox idi və anam məlhəm tapmaq üçün məni belinə alıb şəhərə apardı. Ona demişdilər ki, mənim dərdimin çarəsini yalnız Tokio böyük xəstəxanasındakı həkimlər bilər. Bizim Tokiodakı evimiz müharibə zamanı yanmışdı, oraya getmək üçün pul tapmaq da çətin idi. Mən artıq yeriyə bilmirdim və bütün yayı hava cərəyanları oynayan, qaranlıq daxmada can verən atamla bir yerdə keçirməli olmuşdum. 
 
Atamın ölümündən iki il sonrakı qış iltihab dizimdən çanağıma qədər bütün sümüyü əhatə elədi. Bir yara sağalıb qurtarmamış üzərindən başqa biri peyda olurdu. Yeni bir irinli yara peyda olanda ondan əvvəlki yaranın yeri sağalmır, dəridə yanıq izi kimi iz salırdı. Beş belə çapıq mənim balaca ayağımı tamam kifirləşdirmişdi- ayağım qurd yemiş albalı yarpağına bənzəyirdi. Hər dəfəsində çapıqlar daha dərin, yaralar daha sağalmaz olurdu. Bu yaxınlarda hesabla altıncı əmələ gələn yaradan çirklə bərabər balaca sümük qırığı çıxdı.  İltihab sümük toxumasına keçmişdi. Yaraya yarısına kimi pinseti salanda mən artıq ağrı hiss eləmirdim. Xəstəlik ağrı hiss edən sinir uclarını zədələmişdi. Görəsən qəsəbə həkimi düz deyirdi- mənə amputasiya lazım idi? Bu fikir məni tamam müvazinətdən çıxarmışdı və mən anamdan hər gün tələb eləyirdim ki, o məni Tokiodakı xəstəxanaya aparsın. Cavabında isə o mənə günahkarcasına bir azda gözləməyimi xahiş eləyirdi. Axı pal-paltar yamamaqla pul qazanmaq o qədər də asan deyildi. 
 
Bizim demək olar ki, Tokiodan gələn paltarlarımız və əşyalarımız qalmamışdı- bütün bahalı əşyaları anam düyü və tərəvəzlərlə dəyişdirmişdi. Komodun boşalmasını mən rəflərin sürüşərkən çıxartdığı cırıtıdan hiss eləyirdim. Əvvəl o ağzına kimi kimono və ya obi ilə dolu olurdu və açılıb bağlananda səs çıxarmırdı.
 
... Mən gözümü açıb növbəti dəfə atamın qaranlıq divarda asılmış şəklinə baxmağa başladım. Şəkil şəhərin sumo birinciliyi yarışmasında, mən doğulan il çəkilmişdi. Atamın əynində yüksək səviyyəli döyüşcü forması var idi. Mən hələ də inana bilmirdim- belə cəngavər boyda bədən quruluşunda adam qan öskürərək ölə bilərmiş. Amma atam vəfat etmişdi və üstəlik xəstəliyini mənə də keçirmişdi. Əgər o qonşuların ataları kimi müharibədə itkin düşsəydi, biz də onlar kimi onun nə vaxtsa gələcəyinə ümid edə bilərdik. Belə isə ümid etməli bir şey yoxdur... alnımı pəncərənin şüşəsinə söykəyib atamın cənazəsinin kəndlilərimizin çiynində aparılmasına tamaşa edirdim. Budur onlar kəndin kənarındakı yolla gedib pəncərəmdən görünən şiş təpəli dağa tərəf döndülər. Anam cənazənin arxasınca başını qaldırmadan gedirdi. Yasda az sayda insan vardı. Kremasiya başlandı. Dağın ayağından qalxan tüstü çox hündürə qalxıb yoxa çıxırdı. 
 
Qəfildən giriş qapısı döyülmədən açıldı. Başımı əllərimin üstündən qaldırıb qapıya tərəf baxdım. Bayaqkı cütlük geri qayıtmışdı. 
 
– Ana, biz bir şey fikirləşmişik! Qardaşımız da tamaşaya baxa biləcək! – Bacımın gözləri həyəcandan böyümüşdü – qulaq as bizə, biz onu velosipedin qoşquşunda aparacağıq. Onda dördümüz də gedə bilərik! – o fəxrlə sonluğu başa vurdu.
– Qoşquda? – anam birdə soruşdu
– Hə, ikitəkərli qoşquda. Biz artıq onu da tapmışıq – qardaşım əlinin üstü ilə burnunu silərək dedi.
– Tapmısınız? Hardan?
– Qonşudan xahiş elədik. Balaca döşəkcə də tapmışıq – bacım anama baxaraq mənə yaxınlaşdı – Qaqaşım, sənə qoşquda çox rahat olacaq. Hamımız bir yerdə gedərik – bacım sözlərin sonluğunu yerli ləhcə ilə deməyə başladı. 
 
İkitəkərli qoşqunu yaşlı qonşumuz kartof və düyü daşımaq üçün istifadə eləyirdi. Qoşqu qara rəngli boya ilə boyanmışdı və təzə görünüşü var idi. Məni də məhz o qoşquya mindirmək istəyirdilər. 
 
– Mən sizin üçün düyü və ya kartof kisəsi deyiləm – deyə mızıldandım. 
– Sən axı utanırsan anam səni belində daşıyanda. Qoşquda getmək daha yaxşıdır. Biz səni apararıq. Başqa nə istəyirsən?! – Bacım mənim fikirlərimi düz tapmışdı. Amma o bunları hirslə, yuxarıdan aşağı baxaraq dediyindən mən onun dedikləri ilə razılaşmaq istəmirdim. Üzümü pəncərəyə tutub susurdum. 
– O həmişə tərslik eləyir! – bacım acıqla ayaqlarını yerə çırpdı. 
– Getmirəm dedimsə, deməli getmirəm! – dedim.
 
Ayağım olmasaydı bəlkədə onu ağzını yumdurmuşdum, indi isə mən onu ancaq acıqlı sözlərimlə cavabını verirdim. O məktəbə gedəndən çox həyasızlaşmışdı. İndidə balaca gombul mənim sözümə baxmamağa başlayıb. 
 
– Uşaqlar gedib sənin üçün qoşqu tapıblar, gəl gedək onlarla– anam məni yolumdan döndərməyə calışdı. 
 
Mən pis olmuşdum, adyalı başıma keçirdib hərəkətsiz halda uzandım. Otağı cansıxıcı sakitlik bürüdü. 
 
Dəhşətli dərəcədə tualetə getmək istəyirdim. Tısbağa kimi astaca başımı yorğanın altından çıxardım. Sağ gözümün küncü ilə trioya baxdım. Onların görünüşü məni dəhşətə gətirdi. Anam ortada dayanıb balacaların çiynini qucaqlamışdı. Onun sağ tərəfində hönkürüb ağlamağa hazır olan bacım dayanmışdı. Mən yenə başımı yavaşcadan yorğanın altına salıb, nəfəsimi saxladım.
 
– Gedin bir az həyətdə oynayın, – anam uşaqlardan xahiş etdi. Onlar otaqdan çıxdılar. Mən güclə nəfəs alırdım. Qonşu otaqdan ayaq səsləri və daha sonra qapının çırpılması eşidildi, yəqin ikisi də bayıra çıxdılar. Mən yorğanı üstümdən atdım. Gözümün qabağına yanağından axan göz yaşlarını silən bacım gəldi və içim bir az yumşaldı.
 
Kəndin üzərinə qaranlıq çökürdü. Pəncərədən cığırla tamaşaya baxmağa axışan kəndli dəstələri görünürdü. Onlar əvvəl hissə-hissə eyni istiqamətdə gedərək, bir-birinə yaxınlaşıb böyük dəstə yaradaraq məktəbə tərəf gedirdilər. Böyüklərin dəstələrinin yanında balaca uşaqlar qaçışırdılar. Kəndlilərin əlində dzübako boxçaları və bambukdan hörülmüş zənbillər var idi. Zənbillərə yəqin ki, yemək və yerli istehsal olan sake butulkaları qoyulmuşdu. 
 
Kənd əhalisi üçün əyləncə nadir hadisədir. Qonşumuzun dediyinə görə müharibədən sonra ilk dəfə idi ki, kəndə sirk truppası gəlirdi. Kənddə başqa nə əyləncə ola bilərki? Payız bayramı, keçirilən müxtəlif yarışlar, yaz mədəniyyət günləri... Bu günlərdə evlərdə dadlı yeməklər bişirilir. Tamaşaların başlanmasına bir necə saat qalmış insanlar yerlərini tutmağa gəlirlər. Mən nə keçirilən idman oynlarını, nə də mədəniyyət günlərini görmüşdüm. Payız bayramlarında da  gördüyüm yeganə mənzərə uzaq-uzaq tarlalar boyu aparılan kəcavə idi. 
 
Məktəb tərəfə sevinərək gedən kəndli dəstələri mənin içimdə tamaşaya baxmaq həvəsini daha da alışdırırdı. Mən pəncərədən aralanıb kürəyi üstə uzanaraq gözlərimi yumdum. Elə o dəqiqə gözümün qabağına qara sallaq plaşlı illuzionist gəldi. 
 
– Qaqaşım! – həyətdən bacımın səsi eşidildi. Mən pəncərəyə doğru dikəldim. Qəfil hərəkətdən sağ ayağımda küt ağrı əmələ gəldi. Üzümü turşudaraq pəncərədən baxdım. Həyətdə qara qoşquda qardaşımı daşıyırdılar. Anam qoşqunu qarşı tərəfdən dartırdı, bacım isə arxadan itələyirdi. O mənə əl yelləyib əsl kəndli qızları kimi bir əli ilə qoşqunu itələyib, o biri əli ilə paltarının uclarını düzəldib, alnının tərini sildi. Qoşqunun sahibi bağımızın yanındakı çəpər qonşumuz idi. Bacım tərləməmişdi, sadəcə canfəşanlıq etdiyini göstərmək istəyirdi, daha böyük görünməyə çalışırdı. Adyala bürünmüş qardaşım qoşquda oturub sevincək halda sağa-sola boylanırdı. Anam əyilərək pilləkənin altından keçib aynabəndə qalxdı və evə girərək adyal və balaca döşəkcə götürdü. Onları qoşquya qoyaraq mənim yanıma gəldi.  
 
– Hər şey hazırdı! Gedək! – deyə məni çağırıb əllərini mənə uzatdı. Səhərlər xəstəxanaya gedəndə olduğu kimi ona tərəf çevrilməyə başladım. Anamın dodaqları qaçdı və baxışları mülayimləşdi. O mənim qoluma girərək ayaq üstə qoydu. 
 
– Bayırda hava avazıyır, qalın geyinmək lazımdı. 
 
O məni xəstəxanaya gedərkən əyninə geyindiyi pambıq arxalığa bürüdü. Balaca xırda sarı-qırmızı xrizantemalarla bəzənmiş qadın arxalığına nifrət eləyirdim. Adamı belə arxalığa bürüyəndə qızlarla asanlıqla səhv salmaq olar. Bu səfər dözdüm, anam mənlə istəyi kimi rəftar edə bilərdi. 
 
O məni qoşquya qədər gətirdi. Qoşquya oturarkən qolum kənardakı iti dəmirə dəyib yüngülvari cızıldı. Anam ayaqlarımı adyala bürüyüb çiynimə daha bir pambıq arxalıq atdı. Mən çalışırdım bacım tərəfə baxmayım, onun baxışlarına məhəl qoymadan susmağa davam edirdim. 
 
– İtələyirəm! Hazırsan, ana? – arxamdan bacım dillərdi.
– Hazıram, itələ.
 
Qardaşım “Mən də kömək edəcəm” deyib şaxta vurmuş əlləri ilə qoşqunu itələməyə başladı. Maili həyətlə qoşqunu itələyib qəsəbə yoluna çıxartdılar. Yolun bu hissəsində qardaşım onu da qoşquya mindirməmizi tələb eləməyə başladı. 
 
– Sənin ayağın ağrımır, sən özün də gedə bilərsən! – bacım əmrvarı söylədi. Lakin qardaşım ona qulaq asmayaraq özünü qoşqunun içinə saldı və mən özümü daha rahat hiss eləməyə başladım. 
 
Yol çala-çuxurlu idi, qoşqu silkələnirdi, ayağım ağrıyıdı. Lakin ayağımın ağrısına məhəl qoymayaraq dözürdüm. Səmanın qərb hissəsində üfüqlər qızarırdı. Hər şey mənim pəncərəmdən göründüyündən daha da möhtəşəm idi. Qış günlərinin gün batımına baxmağa nifrət edirəm. Bu günün sona yetməsini və soyuq gecənin başlamasına işarə idi. 
 
Arxamda uşaq səsləri eşidəndə gözlərimi yumurdum. Onlar qaçaraq qoşqu ilə bərabər addımlayırdılar və hamısı sözləşmiş kimi birdən susub mənə baxırdılar. Təbii ki, məni başdan ayağa süzürdülər. Uşaqların yanımdan ötüb keçməsini təsəvvür edərək gözlərimi açırdım və kiminsə hələ də gözünü mənə zillərəyək baxdığını görüb yenidən gözümü yumurdum. Anam isə mehribanləqla hamı ilə salamlaşırdı. 
 
Daş hasarları keçib məktəbin həyətinə daxil olduq. Budur, mən məktəbdəyəm! Mən daha gözlərimi yuma bilmirdim. Giriş qapılarının qarşısında taxtadan tikilmiş böyük məktəb binası dayanırdı. Həyətin ayağında turnik, yelləncək və oynamaq üçün qumluq var idi. Bütün bunlar haqqında bacım mənə danışmışdı. Ətrafda hər yerdə uşaqlar oynayırdı. Mən ətrafda olan hər şeyə baxmaq istəyirdim, lakin mümkün olmurdu. İnsanlar qoşqunu əhatə etmişdilər. Mənə diqqətlə baxaraq qoşqunun yanı ilə addımlayırdılar. 
 
Gərək heç bura gəlməzdim! Bura mənim kimi xəstələrin yeri deyil! Mən üzümdə soyuqqanlı ifadə almaq istəyirdim, lakin özümü məcbur edə bilmirdim.
 
Akt zalının girəcəyinə yaxınlaşdıqda hamı anamın məni qoşqudan endirməsinə tamaşa edirdi. İnsanlar sıx divar kimi sıraya düzülmüşdülər. Mən sıxılaraq anamın çiyinlərinə sığınmışdım. O mənə yalnız bunları pıçıldadı “Həmişəki kimi möhkəm dayan”. Mən utancaq meymun balası kimi üzümü onun sinəsinə sıxdım. 
 
Hündür akt zalının tavanından abajursuz lampalar asılmışdı, döşəməyə isə nazik dəmir listləri sərilmişdi. Düzbucaq şəklində olan peçin içində kömür qızarırdı. Musiqi səsi bütün zala yayılmışdı, zalda ümumi canlanma hiss olunurdu. Uşaqlar geniş zalda o yan, bu yana qaçışırdılar. Qoca kəndlilər mırıq dişlərini göstərə-göstərə gülümsəyir, cavan qızlarla zarafatlaşırdılar. Gözləməyə səbri çatmayanlar boxçalarındakı yeməkləri çıxardıb, şüşələrə sake süzürdülər. 
 
Anam məni birinci sıraya qədər daşıyıb, bizdən əvvəl gələnlərdən üzr istəyərək məni birinci sıranın qarşısında döşəmədə otuzdurdu. 
 
– Oğlunun sağlamlığı necədir?– yanımızda oturan qoca qadın soruşdu.
– Babat, soyuqlar düşəndə ayağındakı ağrılar çoxalıb, əziyyət verir– deyərək anam qadına maraqlandığı üçün təşəkkür elədi.  
 
Qadın təəssüflə başını yelləyib yavaşca söylədi:
 
– Xəstəliklə barışmaq olur, ölümə qurban gedənləri isə qaytarmaq mümkün deyil...
 
Anam bir dəfə bu qadın haqqında bizə danışmışdı. Onun kiçik oğlu hərbi gəmidə xidmət eləyirdi və bir gün düşmənlər gəmini batırıb içindəkilərin hamısını öldürmüşdülər. Mən onu əlində balaca gül dəstəsi tutaraq qəbirstanlıq tərəfə getdiyini pəncərədən tez tez görürdüm. Yaşlı qadın hərəmizə bir dənə soyutma kartof verdi. Tamaşanın başlamasını gözləyə-gözləyə  kartofu yeməyə başladım. 
Nəyahət, pərdələr aralanmağa başlandı. Səhnənin tən ortasında başdan ayağa qara geyinmiş illuzionist dayanmışdı. Başındakı parlaq silindr papağı düzəldərək, əllərini uzun plaşının altından çıxarıb tamaşaçıları salamlamağa başladı. 
 
– Tamaşamıza başlayırıq!– yüksəkdən elan edərək çiynindəki mantiyasını havada yellədi. Mantiyanın altında qırmızı atlas astar göründü. Birdən nə olsa yaxşıdır? Sehrbazın əlində iki uzun qanadlı ağ göyərçin peyda oldu. Bütün zal onu alqışladı. Təəccübümü gizlətmədən əl çalmağa başladım. 
 
Səhnənin arxasından gənc bir qadın peyda oldu. Əl-üz yuyan ləyənə bənzəyən bir ləyənin hər iki tərəfini əli ilə tamaşaçılara göstərərək onu səhnədəki xüsusi masanın üzərinə qoydu. Sonra nümayişkaranə şəkildə əlindəki kibriti yandırıb ləyənin içinə atdı. Ləyənin içindən alov dilimləri görünməyə başlandı. 
 
– Oy!– zaldan təcüblənmiş qadın səsi eşidildi.
 
Budur, sehrli alov! Hər şey bu qədər sadədir, üfürmək üçün bambuk çubuğuna da ehtiyac qalmadı. 
 
Sehrbaz tələsmədən masaya yaxınlaşdı, bir qədər əyilib yavaşcadan dodaq altında nəsə oxudu və vedrəyə bənzər bir qabla yanan alovun üzərini örtdü. Alov söndü.
 
– Ux, –  deyib yanımızdakı qadın köks ötürdü. 
– İndi isə baxaq bizim sehivli alovumuz nəyə çevrilib– sehirbaz zarafatçıl tərzdə söylədi və qabı ləyənin üstündən qaldırdı. Ləyənin içində ağ toyuq oturmuşdu.– Əla! İndi bizim yumurtlayan toyuğumuz oldu. 
 
Toyuq ayağının birini qaldırdı və hamımız ləyənin içinə nəyinsə düşdüyünü eşitdik. Toyuq iki dənə yumurta yumurtlamışdı. Bu əsl möcüzə idi! Bir göz qırpımında iki yumurta... A.. Bu nədir? Toyuğun boğazının altından qırmızı ət sallanmışdı. Bu ki xoruzdur! Harda görünüb ki xoruz yumurtlasın? Alqışların əvəzinə zalı gülüşmə səsi bürüdü. Sehrbaz ciddi görkəmdə dayanmışdı. O heç nəyə fikir vermirdi. Gülməkdən hətta mənim yan tərəfim sancmağa başladı. Öz pərtliyini hiss eləyib sehrbaz utanaraq öskürdü və tamaşaçılardan üzr istədi.
 
– Günah mənim sehrli çubuğumdadır. Nəm tutub, ona görədə xoruzla toyuğu səhv salıb. 
 
Zalı gülüş dalğası bürüdü. Razı halda maestro xoruzu köməkçisinə verib ləyəndən yumurtaları götürdü.
 
– Davam edirik! Xahiş edirəm hamınız bu qeyri-adı yumurtaya baxasınız!– o  böyük və baş barmağı ilə bir yumurtanı götürərək tamaşaçılara görsətməyə başladı. Mənə elə gəldi ki, bu yumurta qonşumuzun toyuğunun yumurtladığı yumurtalardan heçnə ilə fərqlənmirdi. Lakin eşidəndə ki, bunlar qeyri-adi yumurtalardır, onların fərqli olduğuna özümü inandırdım. İlluzionist yumurtanı qaytarıb yenidən ləyənin içinə qoydu və üstünü qapaqla örtdü. Əlindəki çubuğunu havada fırladıb iki dəfə qapağa vurdu. Tamaşaçılar nəfəslərini dərib diqqətlə səhnəyə baxırdılar. Bir qədər gözləyib maestro qapağı təntənəli şəkildə qaldırdı. 
 
Bir ləyən pul! Bir dolu ləyən pul! Doğurdan da o adi yumurta deyildi, qızıl yumurta idi! Köməkçi xanım əlinini ləyənin içinə salaraq ordan kağız və dəmir pulları qaldırıb tamaşacılara göstərirdi. Sehrbaz başındakı silindr papağı çıxardıb ləyənin içindəki pulları saya saya papağının içinə yığırdı: bir, iki, üç...
 
Kaş bizim də o qədər pulumuz olardı! Biz Tokioyadakı böyük xəstəxanaya gedib mənim xəstə ayağımı müalicə eləyərdik. Bunları arzulayaraq çönüb anama baxdım. Təəccübdən anam ağzını açıb sehrbazın əlindəki pul topasına baxırdı. Və nahəyət sonuncu pul əskinasını yuxarı qaldırıb əlindən buraxdı. Kağız pul havada bir necə dəfə fırlanaraq yerə düşdü və bütün zal alqışlamağa başladı. 
 
– İndi isə biz hipnozun gücünü nümayiş eləyəcəyik – sehirbaz çubuğunu qoltuğuna qoyaraq zala müraciət etdi. Zal həyəcanlandı. O baxışları ilə sıralarda əyləşən insanları süzürdü. Zaldakı səslər azalmağa başladı. Onun gözləri bir azda diqqətlə baxmağa başladı və zalda tam sakitlik oldu.
– Sən, səhnəyə gəl zəhmət olmasa– əlindəki sehirli cubuq düz mənə tuşlanmışdı–  Bəli, sən, sən! Yaxınlaş bura zəhmət olmasa.– sehirbaz məni səhnəyə dəvət edirdi. Zalda alqışlar səsləndi, fit çalındı. Nə edəcəyimi bilmirdim, anama tərəf çevrildim, gözlərimlə ondan kömək diləyirdim. 
– Bağışlayın, amma oğlum yeriyə bilmir... Yaxşı olar ki başqa adamı çağırasız – deyib anam üzr istədi.
Mən rahatlanıb başımı qaldırdım. Bu anda sehirbaz iti addımlarla mənə yaxınlaşaraq məni qucağına götürdü. Havada dalğalanan plaşına məni bürüyərək səhnəyə qaldırdı. Stula əyləşdirib soruşdu:
– Sənin adın nədir?
Mən sualı cavablandırdım və o növbəti sual verdi:
– Necənci sinifdə oxuyursan?
Məni ağlamaq tutmuşdu. Kaşki evdə oturub evə qarovul çəkərdim. Zal susaraq mənim cavabımı gözləyirdi. Durub səhnədən qaçmağım gəlirdi. Dodaqlarımı dişləyərək başımı aşağı saldım. 
– Əla, mən hər şeyi anladım–  sehrbaz deyəsən hər şeyi başa düşmüşdü– yəqin sən məktəbə hamıdan qabaq gedirsən.
 
Zaldan gülüş səsləri eşidildi. Mən rahatlıqla nəfəsimi dərdim. Sehrbaz mənə fövqəlbəşər insan təsiri bağışlayırdı. Əlini mənim çiyinlərimə qoyaraq elan elədi:
 
– İndi əziz tamaşaçılar siz hipnoz seansının şahidi olacaqsınız. Hipnoz vasitəsi ilə bu oğlan bizə ən əlçatmaz arzusu haqqında danışacaqdır! Xahiş edirəm sakitliyə riayət edəsiniz. 
Zal skitləşəndən sonra sehirbaz mənə diqqətlə baxaraq öz sehirli çubuğunu üzümə yaxınlaşdırıb sehrli sözlərini pıçıldamağa başladı:
 
– Hipnoz eləyirəm, hipnoz eləyirəm... yuxum gəlir... yu-xu-m gə-li-r...
 
Mən boynumun arxasının ağırlaşmasını və göz qapaqlarımın keyiməsini hiss elədim. 
 
“Hipnozun təsirinə düşməməliyəm” cümləsini düşünməyi belə çatdırmamış ətrafımdakı bütün səslərin yoxa çıxdığını hiss elədim.
 
Sağ əlimdə ağrını hiss eləyib ayıldım. Sehirbazın çubuğu mənim çiynimə dəyirdi. Hipnoz bitmişdi. Tamaşaçılar alqışlayırdılar. Sehrbaz alqışlara cavab olaraq tamaşaçıların qarşısında baş əydi, məni qucağına alaraq oturduğum yerimə qaytarıb qoydu. 
 
Mən hipnozdan nə qədər vaxt keçdiyini, nə baş verdiyini, nə danışdığımı tamamilə unutmuşdum. 
 
Başım hələ də dumanlı idi. Yəqinki hipnozdan tam ayılmamışdım.  
 
Səhnədə sehrbazın köməkçisi növbəti seans üçün hazırlıq görürdü, başı keçəl qırxılmış kişi isə ona köməklik edirdi. 
 
Tamaşadan sonra məni yenə də qoşquya oturtdular. Külək sakitləşmişdi. Yarpaqlarını tökmüş qinkqo ağaclarının budaqları üstündən ay görünürdü. Ay məktəbin turnik və yelləncək olan hissəsini aydınlatmışdı. 
 
Tamaşaçılar akt zalını boşaldırdılar. Onlarla bərabər, məktəbin həyətində onların kölgələri də yeriyirdi. Daş hasarı keçəndən sonra kəndlilər tarladan keçən cığırlarla kəndə qayıdırdılar. 
 
Hər dəfə bizi hansısa kəndlimiz ötüb keçəndə çönüb xeyirli axşamlar diləyirdi. Anam ayaq saxlayıb baş əyərək təşəkkür edirdi. Bəziləri mənimlə söhbətləşməyə can atırdılar: tamaşanın necə keçdiyini, xoşuma gəldiyini soruşurdular. Qayğı ilə söyləyirdilər:
 
– Çalış soyuqlamayasan!
 
Cavab olaraq mən başımı yelləyirdim. Sonra pambıq arxalığı başıma keçirdim, sevmirdim mənə çönüb bir neçə dəfə baxanları. Öz özümə düşünürdüm: tamaşanın keçirilməsi çox yaxı oldu. Hamının xoşuna gəldi, yəqin ona görə hamı bizimlə mehribancasına salamlaşır. 
 
Tamaşa doğurdanda uğurlu keçmişdi. Alovdan xoruzun əmələ gəlməsi, yumurtaların pula çevrilməsi səhnəsini bir neçə dəfə xatırlayırdım. 
 
Məktəb hasarlarının arxasında bir neçə ev dayanmışdı. O evlərin yanından keçən kimi kəndin bütün mənzərəsi qarşımızda açıldı. Kənd qaranlığa bürünərək gecə yuxusunda mürgüləyirdi. Kəndin ətrafı təpələri ay işığında parıldayan dağlarla üzük kimi əhatə olunmuşdu. Ay işığında yoldakı çınqılları da görmək olurdu. Qarşıda taxta körpünün məhəccərlərinin sırası bilinirdi. Körpünün altından çay axırdı. 
 
Çala-çuxurları yan keçməyə çalışarkən anam və bacım qoşqunu tələsmədən itələyirdilər. Anamın ayağının altında şəkildən şəkilə düşən kölgəsinə baxaraq məktəbən bəri arxamızca gələn, aramızda on metr məsafə saxlayan oğlanlardan fikrimi ayıra bilmirdim. Onların arasında olan söhbətin bəzi sözləri qulağıma çatırdı:
 
– Sən keç qabağa!
– Yox, sən keç!
 
Mən bir neçə dəfə çönüb onlara baxdım. Onlar yaşca mənlə eyni olardılar və dördünün də saçları dibindən qırxılmış idi. Onların hər hansı biri ilə göz- gözə gəldikdə qarşı tərəf utancaqcasına başını aşağı salırdı. 
 
Mən onların bir xata çıxaracağından qorxub büzüşmüşdüm. 
 
Körpüyə çıxa-çıxda, çayın şırıltısı eşidilməyə başlayan yerdə onlar bizə yaxınlaşıb qoşqunu dövrəyə aldılar. Anam ayağını saxladı. Mən yanımda oturan qardaşımın əlini sıxaraq gərgin halda dikəldim.
 
– Xala, verin bir az biz itəliyək qoşqunu– oğlanlardan biri söylədi. 
 
Anam köməkdən imtina eləyib təşəkkür etdi. 
 
İsrar edərək “icazə verin, icazə verin” deyərək qoşqunu anamın əlindən alıb sevinclə itələməyə başladılar. Qoşqu asanlıqla qarşıya getməyə başladı. 
 
Qardaşım sevindi. Bacım da yanımızda qacaraq qoşquya əyləşdi. 
 
Oğlanlar bizi evə qədər aparacaqlarını söylədilər. 
 
Görəsən niyə onlar bizi ötürməyə qərar vermişdilər? Mən bütün bu olanları yuxudamı görürəm?
 
– Səni hipnoz eləyəndə ağrıdırdı?– onlardan biri məndən soruşdu.
– Bir qram da ağrıtmadı–  deyərək cavab verdim. 
– Mən elə bildim sən öləcəksən.
– Məndə elə bildim. Qəfildən gözlərin yumuldu. 
– Mən hətta bir az qorxdum–  uşaqlar öz fikirlərini bölüşürdülər. Onların dördü də üçüncü sinifdə oxuyurdular. Onların adları: Qenta, Tsune, Seta və Mineo idi. 
– Bəs doğurdan sənin yadında heç nə qalmayıb? Bəlkə hipnoz hələ də davam eləyir və bizə də keçə bilər?–  qabaqda gedən Qenta çönərək hamımıza baxdı. Hamı bir nəfəsə gülməyə başladı.
 
Yollar donmuşdu və təkərlərin altından bərkimiş palçıq qırıqlarının səsi eşidilirdi. Torpağın üstünü duman örtmüşdü, lakin mən nədənsə soyuq hiss eləmirdim. Biz yoldan ev tərəfə döndük və qoşqu qapımızın ağzında dayandı. Anam dayanıb bizim yol yoldaşlarımıza təşəkkür elədi. 
 
– Əgər sənin ayağın ağrıyırsa, sabah mən sənlə oynamağa gələcəm– Qenta təklif elədi. 
– Məndə gələcəm– Mineo ona qoşuldu.
 
Mən razılıq əlaməti olaraq başımı yellədim, boğazımı isə qəhər boğurdu.
 
– Al, bunu götür, bunu yoldan tapmışam. – Tsune cibindən çıxartdığı qozu mənə verdi. 
 
Setada şalvarının cibindən qoz çıxardıb mənə uzatdı. 
 
– Yaxşı, sağol!
– Sabahadək!– deyib onlar ay işığının altında çığırla qaçmağa başladılar. 
 
Qaçanların arxasınca aynabənddən baxan bacım sevinərək dedi:
 
– Qaqaşım, nə yaxşı ki, biz tamaşaya baxmağa getdik. İndi sənin də dostların olacaq. 
 
Onların verdiyi qozları yastığımın yanına düzərək, onlardan gələn dağ iyini qoxulayırım və heç cür yuxuya gedə bilmirdim. 
 
Yəqin, Seta və Tsune onları məktəbin arxasında dağın dibində tapmışdılar. Yəqinki onlar ora dərslərdən əvvəl oynamağa gedirdilər. Qoz mövsümü çoxdan bitmişdi. Qozlar tökülmüş yarpaqların altında xeyli qalmışdılar, qabıqları qaralmış, payızda olduğu kimi parlaqlıqlarını itirmişdilər. 
 
Üçü bir balaca aralanmışdı. Mən onları ayırıb kənara qoydum. Səhər xahiş eləyəcəm ki, bağda, pəncərəmdən görünən bir yerdə onları əksinlər. Yazda dostlarımın verdiyi qozlar yaşıl zoğlar buraxacaq. 
 
Mən anamdan sehrbazın sualına verdiyim cavabı öyrənmişdim. Sən demə, hipnoz altında “Mənim ən böyük arzum- dostlarımın olmasıdır!” demişəm. 
 
Kibritin ucunu yonaraq onu qozun birinin qabığına keçirtdim. Sonra onu sakit otaqda fırladaraq səsinə qulaq asmağa başladım. 
 
Sabah yanıma dostlarım gələcək!
 
Yerimdə uzanıb qozun fırlanmasına qulaq asırdım. 
 
 
1. Yaponiyada dərs ili Aprel ayının 1-də başlayır. 
2. Obi- kimono üçün qalın kəmər.
3. Sumo- Yapon milli döyüş növü
4. Dzubako- yemek üçün nəzərdı tutulmuş qutu.
 
Tərcümə: Leyla Cahangirova
 
Kultura.az
 
Yuxarı