Kukla Teatrı

Публицистика

 
 
Ümidvaram atəşkəs yaranana qədər Rəşad müəllimin rəhbərlik etdiyi kollektiv əsgərlərimiz qarşısında çıxış etməyi bacarmışdır. 
 
Deyə bilərsiniz Kukla Teatrının cəbhə xəttinə nə dəxli var? Axmaq sualdır. Vətən dardadırsa, hər bir kəs köməyini göstərməlidir. Olmuş əhvalatdır, deyir bir gün ot tayası yanırmış, baxırlar sərçə dimdiyində su daşıyır. Camaat sərçəyə lağ edir, ancaq sərçə deyir ki, əsas odur mən yanğını söndürməyə çalışıram, daha qıraqda dayanıb sizin kimi dişlərimi ağartmıram. Yeri gəlmişkən, Kukla Teatrı erməni ordusunun kuklalarını düzəldib əsgərlərimiz qarşısında sındıra, yandıra bilər, bununla vətənpərvərlik və döyüş ruhu yüksələr. Sözümün canı odur ki, istəsən hər kəsə iş tapılar. Bəsləsən atlas olar tut yarpağından. 
 
Bu baxımdan Azərbaycan Yazıçılar Birliyinin Qarabağ filialının Ağcabədi rayon şöbəsinin poeziya üzrə müdiri, korifey sənətkarımız, xalq şairi Ənvər Əhmədin moderator.az verdiyi intervü olduqca təqdirəlayiqdir. Şair deyir ziyalıları başına yığıb vuruşmağa hazırdır. Hətta gecə yatmayıb, bu münasibətlə bir şeir də yaratmışdır: 
 
“Ali Baş Komandanım, sənin hökmün qətidir, Tökdüyümüz qızıl qan, bəli, müvəqqətidir".
 
Məncə, bu şeir AYB sədri Anara, döyüşün qızğın vaxtında səsini çıxarmayan gənc şairələr üzrə komitə sədri Rəşad Məcidə dərs olmalıdır. Bəs siz niyə yazmırsınız? Nə üçün əsgərlərimizə bir papiros işığı boyda poetik ruh vermirsiniz, cəhənnəm, bir papiros alıb vermirsiniz? Hərçənd, Ənvər müəllimin də əsərində bir qədər nala-mıxa vurmaq, hətta deyərdim ki, iraq olsun, təslimçi sülh sazişinə yönəlik sətiraltı təbliğat motivləri hiss olunmaqdadır. Necə yəni tökdüyümüz qan müvəqqətidir? Belə müqəddəs işlər müvəqqəti ola bilməz, daimidir, əbədidir, dönməzdir. Torpaqları torpaq yapan üstündəki qandır. Di gəl, bunu torpağın sotunu 10 minə satan Hacıbala müəllimə bəzən izah etmək çox çətin olur. 
Bəyəm Anar müəllim öz əsərlərini döyüşən ordumuza həsr edə bilməz? Qoy zəhmət çəksin, “Beşmərtəbəli postun altıncı mərtəbəsindəki Sərkisyan” adlı pyes yazsın. Orda Zaurun Sarkisyanı atmasını, bundan sonra alçaq erməninin konyaka qurşanıb zəlil günə düşməsini təsvir etmək çox yaxşı olardı. Yoxsa neftin yağlı vaxtlarında yeyib-içib Yesentukidə-zadda gəzməyə nə var? O vaxt da yazıq Səməd Vurğun cəbhədə can qoydu, bəzilərinin ataları isə arxa cəbhədə sərbəst yaşayıb sərbəst şeir yazdılar. Nəsə, ağır söhbətdir, ümid edirəm bunu Cəmil Həsənlinin Anar müəllimin kitabına yazdığı növbəti ön sözdə oxuyarıq. 
 
Deputatlarımız da qeyri-vətənpərvər davrandılar. Biri deyib ki, maaşımızın bir hissəsini orduya yardım edək. Niyə hamısını vermirsiniz? Bəyəm əsgərlərimiz vətən uğrunda döyüşə atılanda “canımın bir hissəsi vətənə qurban” deyirlər? Ayıb olsun belə deputatlara. 
 
O cümlədən Mərkəzi Bankın sədri, əslən işğal edilən Cəbrayıl rayonundan olan Elman müəllimi və nəqliyyat naziri Ziya Məmmədovu da qınayıram. Elman müəllim ordumuzun Cəbrayıl istiqamətində aldığı təpənin şərəfinə manatı möhkəmləndirə bilməzdimi? Ziya müəllim isə gərək əlində qalan səlahiyyətlərin o birilərini də orduya yardım fonduna keçirəydi. 
 
İndi söz, bəli, əlaqədar orqanlarındır. 
 
Zamin Hacı
 
Musavat.com
Kultura.az | Developed by Samir Yahyazade