Viktor Şenderoviç: Oxuduğum kitablar haqqında

Литература

 
 
10 yaşım olanda “Molla Nəsrəddin haqda povest”i (Leonid Solovyov) oxudum. Əlbəttə, ona qədər də Puşkin və başqalarının kitablarından nəsə oxumuşdum, amma məzmununu ilk xatırladığım, yadımda qalan o idi.
 
Yadıma gəlir, onu oxuyanda uydurulmuş, təxəyyül məhsulu olan bir şey real mövcud olan bütün hər şeydən daha vacib oldu, ilk dəfə bu başıma gəldi və mən kitabın içində yaşamağa başladım.
 
Həyatımın ən böyük faciəsi – Anna Kareninanın ölümüdür.
İndiyə qədər mənim üçün yaxşı ədəbiyyatın meyarı bu olaraq qalır. S.Dovlatov bu haqda yaxşı deyib: “Həyatımın ən böyük faciəsi – Anna Kareninanın ölümüdür.”
 
Kitab oxuyan adamların hamısının başına gəlib belə hadisələr. “Master və Marqarita”nı, “Faust”u, Markesin əsərlərini oxuyanda da yaşamışam bunu... Xoşbəxt narkotik oxucu vəziyyəti.
 
Bəzən bütün rusiyalıları birləşdirən ideya axtarırlar, bu mənə qəribə gəlir, üzdə olan şeyi niyə axtarasan, Puşkin birləşdirir bizi! Onun mətnlərini bilmək rus mədəniyyətinə aid olmağın əlamətidir. Rus insanı əlində Rusiya pasportu olan adam deyil, o pasportdan Gérard Depardieu'də də var, Ramzan Kadırovda da var, mədəniyyət etibarilə isə onların heç biri rus insanı deyil.
 
Rus insanı olub-olmadığını yoxlamaq üçün bəzi suallar verilməlidir. Əgər sən “Şaxta və günəş” paroluna “Gözəl gün” cavabı verdinsə, birinci imtahandan keçdin... Larina bacılarının adlarını soruşanda düşünmədən sadalamaq ikinci mərhələdir... Puşkin haqda sual da belə bir mərhələdir.
 
Sonralar mən Tolstoya baş vurdum. Amma daha çox Çexova. Lakoniklik, gizli gərginlik... Onun nəsrini mən kişi nəsri adlandırardım. O mənada ki, dramatizm var, emosiya yoxdur.
 
Əlbəttə, “kişi nəsri” şərti bölgüdür. Mükəmməl qadın nasirlərimiz var. Onlarınn nəsri gözəldr, aydındır: Tolstaya, Ulitskaya, Rubina, Teffi.
 
Amma Çexov kişi nəsri nümunəsidir. Onun nəsrində "şəhadət barmaq" yoxdur, bu yoxluğu onun müasirləri yanlış olaraq, biganəlik sayıblar. Sadəcə Çexov oxucuya güvənən, ona çox inanan birinci yazıçılardan olub. O inanıb ki, oxucu özü oxuyacaq, özü münasibəti görəcək, özü nə baş verdiyini ayırd edə biləcək, müəllifin nida işarələri olmadan.
 
***
 
Az qala Qoqol yadımdan çıxmışdı. Biz zəngin insanlarıq, rus nəsrini nəzərdən keçirəndə Qoqol yadımıza dərhal düşməyə bilər.
 
O, rus nəsrinin dahisidir. Əgər mən inanclı insan olsaydım, “Ölü canlar”ın son səhifələrinin yuxarıdan diktə olunduğunu düşünərdim. Musiqidir, əsl poemadır! Qoqol dilin plastik imkanlarını açıb.
 
Puşkinin dili sadə, proza dilidir. Lermontovun dili sıxılmış, simic, hədsiz lakonik. Qoqol isə hava kimidir.
 
Mənim üçün Qoqol Peterburq dövründə başlanır. “Şinel”, “Peterburq povesti” və “Ölü canlar”.
 
***
 
Dostoyevski mənə bir qədər az yaxındır. Onda da möhtəşəm hissələr var, amma o, intonasiyasına görə mənim yazıçım deyil. Ümumiyyətlə, psixi cəhətdən sağlam insan üçün Dostoyevskinin xeyli çətin olduğunu düşünürəm. O, elə dərinlikləri mövzu edib ki, bu səbəbdən insanlıq üçün “nömrə bir” olub.
 
Qərbdə rus ədəbiyyatından söz açsaq, Dostoyevski, Tolstoy, Çexov əlbəttə ki, Qoqol, Puşkin, Saltıkov-Şedrindən daha məşhurdurlar.
 
Dostoyevskini psixiatrların oxuması vacibdir. Sərhəd vəziyyətlər, nevrozlar, sirlər – onda bunların hamısının təsviri var.
 
Tolstoyun qəhrəmanları hamısı norma çərçivəsindədirlər, normal adamlardır.
 
Tolstoyun qəhrəmanları Doloxov və Pyer arasındakı psixoloji fərqə gəlincə, bunlar psixiatrik hadisələr deyil, sosial hadisələrdir. Dostoyevskinin kitabını oxuyanda görürsən ki, anomal psixika hər yerdədir: epilepsiya, isterika.
 
“Anna Karenina” və ya “”Hərb və Sülh”ü oxuyanda Tolstoyu unudursan. O, yoxdur. Nataşa, Andrey, Pyer var... O, qəhrəmanlarında yaşayır.
 
***
 
Böyük rus ədəbiyyatına görə bəxtimiz gətirib. Bununla böyümüşük. Təsəvvür də etmirik ki, nə qədərimiz o əsərlərdən yoğrulub, həyatımızda Puşkin, Lermontov, Qoqol, Tolstoy olmasaydı, nə olardı. İnsan öyrəşdiyi şeyə fikir vermir. Rus ədəbiyyatı da hava kimidir, əlimiz, ayağımız kimidir.
 
Böyük rus ədəbiyyatından başqa, Balzac'ı və Dickens'i xatırlayıram. Onları vaxtında, gənclik illərində oxumaq lazımdır, insan qəlbi formalaşanda.
 
Dickens sentimentaldır. Onda insan xeyirxahlığına inam var. Dünya qəddardır, amma insan öz təbiəti etibarilə, yaxşıdır. Bu, heyrətamiz yanaşmadır. Xeyir və Şəri aydın, dəqiq fərqləndirmək məsələsində Dickens yaxşıdır.
 
Balzac bugünkü həyat ritmi üçün biraz uzunçudur. Amma onda əla məsələlər var. Əlbəttə, hər şeydən əvvəl “Şaqren dərisi” (La Peau de Chagrin).
 
***
 
Mənim üçün ХХ yüzilin ən yaxşı romanlarından biri - Penn Warren’in “Kralın bütün əsabələri” (All the King’s Men) romanıdır. Rus dilinə möhtəşəm tərcümə olunub. Brodskinin dostu Viktor Qolışev onu əla çevirib.
 
Ümumiyyətlə, tərcümə məsələsində bəxtimiz gətirib. Rayt-Kovalyova Salinger'i gör necə tərcümə edib! Böyük məktəb var, həm nəsr, həm də poeziya tərcüməsində. Ədəbi əsərlərilə pul qazana bilməyən şairlərimiz tərcüməylə məşğul olublar: Pasternak, Axmatova, Lipkin, Tarkovskiy, Samoylov. Bəzilərinin tərcümələri orijinalından da üstündür.
 
Gürcülər özləri də bilirlər ki, Nikolaz Baratashvili'nin “Səmavi rəng” (Цвет небесный) əsəri Pasternakın tərcüməsində daha güclü alınıb.
 
“Kralın bütün əsabələri” kitabına qayıdaq. Bu kitab mənim həyatımın başlıca romanlarından biridir. Onu oxuyanda mətndən kənar dünya dayanır, mövcud olmur. Bir romanda olması gərək olan hər şeyi var. Siyasi satira da, sevgi xətti və xarakterlər də, qeyri-adi mənəvi dərs də.
 
Biraz mənəviyyatçıdır, amma belə də olmalıdır. Məsələ mənəvi dərsin necə verilməsindədir. Birbaşa verilsə, sən qaçarsan, zorakılıq hiss edərsən. Warren isə mənəvi dərsi incə-incə hörüb.
 
ХХ əsr – Amerika ədəbiyyatının xaqanlığı dövrüdür. Müxtəlif yazıçılar var. Hemingway, Folkner, Warren, hələ bir əsr də qabaqdan Mark Twain... Yaxşı tərcümələr sayəsində bu ədəbiyyat bizimki olub.
 
Mənim Hemingway dövrüm də olub. Bu yaxınlarda oturdum oxudum. Qorxurdum ki, xoşuma gəlməz. Axı gəncliyimin kitablarıdır.
 
Uşaq vaxtı oxuduğum Mayn Rid bugünlərdə kitab şkafı olan bir kafedə əlimə düşdü. “Okeanda itmişlər”. Üç oğlan və qız okeanda üzürlər, sevgi, məhəbbət... Kitabı əlimə elə həyəcanla götürüb açdım ki... Kaş açmazdım! Elə “ucuz” yazılıb ki! Balaca olanda onu bəyənmişəm. Gərək keçmiş sevgiliyə qayıtmayasan.
 
Hemingway'ə gəlincə, məyus olmadım. Güclü hekayətlərdir və ürəyə əvvəlki kimi təsir edir.
 
***
 
Babel haqda ayrıca danışacağam. Onu adətən “Odessa hekayələri” ilə tanıyırlar. Şən, parlaq – mənim nəslim ondan tez-tez sitat gətirirdi. Onun yaradıcılığı rus ədəbiyyatının yumor məktəbidir. “Atlılar ordusu” necə də güclü kitabdır! Orada möhtəşəm novellalar var.
 
Bugünlərdə bir dostum dedi ki, Babeldə ibrətamiz heç nə yoxdur, mənəvi dayaq yoxdur, sadəcə təsvirlərdir. Amma məsələn, “Mənim ilk ördəyim”də qəhrəman ördəyi yemək üçün öldürür. Orada belə bir yer var:
 
"Biz altımız da sarmaş-dolaş yan-yana uzanmışdıq, başımızın üstündəki tavanın deşiklərindən ulduzlar görünürdü. Mən yuxu, yuxuda qadınlar görürdüm, ürəyimsə qətlin yanındaydı, sızıldayıb axırdı.”
 
Musiqili olması ilə Qoqola bənzəyir. Yalnız musiqisi ilə, süjetləri ilə yox. “Atlılar ordusu” kitabındakı başqa bir hekayədə də qətl var, qətlə münasibət var. Sonra da deyirlər ki, onda mənəvi dərs yoxdur! Bunları o, hələ 20-ci illərdə yazırdı.
 
***
 
İlf və Petrov – yumor məktəbidir. Çox hörmət etdiyim Saraskin yazır ki, İlf və Petrov sadəcə gülürlər. Onlar kimlərə gülürlər? Müqəddəslərə, dvoryanlara. Sovet yazıçılarıdır.
 
Bir tərəfdən, düzdür. Amma niyə uzun müddət bu sovet ədəbiyyatını təkrar nəşr etmədilər? Elə bil nədənsə ehtiyat etdilər.
 
İlf və Petrovun nə yazmaq istədiklərini blmirəm, amma bir romanları çox kədərli alınıb: “Qızıl buzov” (Золотой теленок).
 
“12 stul”un yazıldığı 1928-ci illə “Qızıl buzov”un yazıldığı 1932-ci il arasında ölkədə çox şey dəyişilmişdi. Bəlkə də hər şey.
 
“12 stul”dakı yumor insanın özünün haqlı olmasını hiss etməsidir. Bürokratlar, dəyyuslar, rüşvətxorlar keçmişin qalığı kimi görünürlər. “12 stul”da şən intonasiya da var.
 
1932-ci il ildə ilk repressiyalar başlandı, ölkə tragik dövrün başlanğıcında idi. Hiss edənlər üçün 30-cu illərdə çox vacib dövrü başlanmışdı. İlf və Petrov da bunu hiss edirdilər.
 
Diqqət edin, Ostap Bender necə də lirik rəhmandır. O deyir: “Mən sosializm qurmaq istəmirəm”. Bunu mənfi qəhrəman deyir, amma biz ona açıq simpatiya duyuruq. Canlı, şən insana yer vermədiyi üçün o, sosializm qurmaq istəmir. Bu, fərdiyyətçiliyin üsyanıdır.
 
Bilmirəm onlar öz aralarında bunu nə dərəcədə hiss ediblər və məqsədləmi yazıblar. Amma istedadlı yazının xüsusiyyəti budur: müəllif öz istədiyindən artığını yazmış olur.
 
İstedadın əlaməti poeziyada daha qabarıq görünür. Bununla da şair darıxdırıcı əkinçidən fərqlənir. Günəmuzdçu mirzə nə düşünrsə onu da yazır. Şairinsə “sözü uzağa gedir”.
 
İlf və Petrova da aiddir bu. Onlar bir otağa gedib ayrı otağa düşüblər. “Qızıl buzov” gözəl, kədərli romandır, onda nə qədər etibarsızlıq və zamanın səsi var.
 
İndi analiz edirəm, gənc vaxtlarımda isə İlf və Petrovu oxuyanda onlar bizim üçün sadəcə yumor məktəbi idi, gülməli yaza bilmək demək idi.
 
***
 
Bulqakovun “Master və Marqarita”sı da yaxşı əsərdir, sehirlidir, yenidən və yenidən oxunmağa qadirdir. Olduqca gözəl yazılıb.
 
***
 
Leskov əladır. Onun əla publisistik formulirovkaları var. Mənim üçün Leskovun bütün yaradıcılığını onun bu cümləsi ifadə edir:
 
“Biz ruslar bir-birimizi yeyirik və bununla belə, toxuq”. O, bundan başqa heç nə yazmasaydı da, klassik olardı. Amma o, mənim ədəbi zövqümdən bir qədər kənardadır. Hamını sevmək olmaz ki.
 
Qriboyedov əladır. O, öz içində yaşayır. Bu səbəbdən onu dərhal xatırlamadım. İçində "Ağıldan qüssə" (Горе от ума) var.
 
***
 
Suxov-Kobılin'in “İş” və “Tarelkinin ölümü” əsərlərini də xatırlamaq istərdim. Bəzən Tolstoyun, bəzən Çexoun zamanı olur. İndi isə Suxovo-Kobılin zamanıdır.
 
***
 
XX əsr rus ədəbiyyatından isə...
 
(ardı var)
Kultura.az | Developed by Samir Yahyazade