Müharibə burulğanında sovrulanlar

Публицистика

 
 
O qədər inanmışdı ki, ölkə insanı daha  “mən Qarabağlı deyiləm, nəyimə gərək o torpaqlar” ifadəsini işlətməyi özü üçün bir utanc kimi görürdü. Azərbaycan xalqı o qədər inanmışdı ki, artıq aprelin 1-i onlar üçün “zarafat günü” statusunda deyildi. Bəli, Azərbaycan xalqı ilk dəfə bir şeyə inanmışdı. Elə bir şey ki, başlanğıcı böyük ruh yüksəkliyi, böyük coşğu və sevinc ilə başlasa da, sonu böyük kədər, sarsıntı və insanı vahiməyə salan bir sükuta çevrildi. 
 
Bəli, Azərbaycan xalqı yenə də böyük sarsıntı və xəyal qırıqlığı ilə qarşılaşdı. Bir mənalı olaraq cəmiyyətin bütün təbəqələri, ictimai-sosial statusundan aslı olmayaraq hər kəs 3-4 gün ərzində insanın yaşaya biləcəyi bütün hissləri yaşadı. Ziyalısı, alverçisi, müəllimi, həkimi, oğrusu, rüşvətxoru, cibə nəşə atanı, üzə duranı, dindarı, ateisiti, liberalı, millətçisi, sağçısı, solçusu hamısı bütünlüklə insanın yaşaya biləcəyi hissləri bir-bir yaşadılar. Bəs sonu? Sonda nə baş verdi? Niyə görə yüksələn bu arzu, istək, coşğu bu insanların gözündə qoyuldu? Nə baş verdi də, bu insanlar, sonda onları xəyal qırıqlığına məruz buraxanlardan əvəz çıxmaq yerinə yenə bir – birlərini didməyə başladılar? Niyə görə hər şey “vətən torpağı üçün axıdılan bir damcı qan müqəddəsdir” söhbətindən sonda “ilahi, bu qədər şəhidin anası, atası bu acıya necə dözəcək?” kimi uğursuzluğu təmsil edən mövzulara çevrildi? Necə oldu ki, Qarabağ arzusu müxalifət cəbhəsini iqtidarın istifadə etdiyi  ritorikanı təkrar etməyə sövq etdi? Bəs, liberalların, solçuların, sözdə sülhpərvərlərin, hüquqşunasların, Qərb “sivilizasiyasına” aşina olan insanların birdən – birə hərb abu-havasına  bürünməsini necə izah etməli? Müharibənin heç də həll yolu olmadığını, mövcud iqtidarın Qarabağ problemini həll etmək iradəsində olmadığını dilə gətirən insanların vətən xaini damğası yemələrinə necə məna verməli? Ortaya çıxan bu və digər suallar bu günə qədər hər birimizi düşündürür. Ölkə şəhidlərini dəfn edir, ailələrdə kədər və iztirab səngimək bilmir və xalq.... xalq isə yenə qırğın və üzgündür. Qururu qırılıb, incidilib, özünə gəlməyə çalışır. Bunun üçün də sosial mediada, xəbər saytlarında çıxan hər anti-hərb mövzulu yazılara böyük nifrət və həqarətlə şərh verir, vətən xainliyində ittiham edir, təhqir edir və sair və ilaxır. Publisistlər, ziyalılar, fikir sahibləri, jurnalistlər, analitiklər bu və ya digər şəkildə məsələyə münasibət bildirən yazılar yazdılar. Ümumi mənzərə ittiham, “biz demişdikdən” ibarətdir. Bəli onların dedikləri hamısı düz çıxdı. Ancaq yenə də, məlum olan səbəblərin kökünə enilmədi. Xalqı ittiham edərkən mümkün səbəblər göstərilmədi. Qarşılıqlı ittihamlar və tənqidlər insanların bilgi bazasının ələ salınması, şəxsiyyətinin alçaldılmasına qədər gedib çıxdı. Odur ki, məsələyə fərqli yanaşan, yuxarıdakı suallara cavab veriləcək bir yazı zərurəti ortaya çıxdı. Azərbaycan adlı məmləkətin bir fərdi olaraq digər fərdlərin nümayiş etdirdiyi ədavət, aqressiya, kin, ideoloji boşluqların kökünə enməyin vacib olduğu qənaətindəyəm. Bunları analiz etmədən “kim nəyi necə etdi?”, “niyə etməməli idi?” kimi suallara cavab tapa bilməyəcəyik.
 
Çat verən ideologiyalar
 
Müharibə təbilləri çalınmağa başlar başlamaz cəmiyyətin ictimai çəki sahibləri, publisistləri, yazıçıları, şairləri, filosofları, 4-5 kitab oxuyanları, aktivistləri və digərləri birdən birə fikir bildirmək yarışına atıldılar. Kimisi müharibənin əhəmiyyətindən danışır, Azərbaycan tərəfinin işğalçı olmadığını dilə gətirir, işğal edilmiş torpaqlarımızı haqlı olaraq azad etməli olduğumuzu müdafiə edir, kimisi də, müharibənin çarə olmadığını, sülhün aliliyinin qorunmasını, heç bir insanın torpaq uğrunda ölməməli olduğunu vurğulayırdı. Hər biri özünə görə haqlı ola bilər. Hər kəsin vətən sevgisi müxtəlif ola bilər. Və heç kim bir-birini daha az və ya çox vətən sevgisi ilə mühakimə edə bilməz. Ancaq müharibə Azərbaycan ictimai-siyasi sferasında gizlənən bir qrup insanın paxırını açdı. Məlum oldu ki, bu insanların əslində bu insanların bu günə qədər müdafiə etdiyi dəyərlər, fikirlər əslində bir heç imiş və bu günə qədər bu vasitələrlə cəmiyyətdə yerlərini möhkəmlətməyə çalışmışlar. Halbuki, bu onların öz qabiliyyəti deyil, ətrafdakı insanların bilgisizliyinin məntiqi nəticəsi idi. 
 
Başlayaq elə müharibə sloqanları atan liberalların fiaskosundan. Necə oldu ki, bu qədər ili sülh haqqında danışan, bəşəri dəyərləri müdafiə edən liberallar birdən birə militarist ruhlu atamanlara çevrildilər? Bəyəm illərdir sülh haqqında xarici tədbirlərə qatılanlar bunlar deyildimi? Bəyəm həmin tədbirlərdə ermənilərlə eyni masa arxasında oturub rumka-rumkaya vuranlar bunlar deyildimi? Bəyəm Qarabağdan söz düşəndə “əslində ermənilər pis xalq deyil, oturub danışmaq lazımdır” deyən bunların prototipi deyildi? Bu qədər şeyi edən və deyənlərin ilk fürsətdəcə ideyalarına dönək çıxması bir çoxlarını təəccübləndirsə də, məni təəccübləndirmədi. Çünki, məmləkətimizdə sözün əsl mənasında nə klassik Avropa liberalizmi, nə də Amerikanvari liberalizm mövcud olmadı. Ona görə ola bilməzdi ki, Azərbaycanda liberal dəyərlərin daşıyıcısı və müdafiəçisi hesab edilən şəxslər əslində donor pullarından, xarici fondların maddi dəstəyi ilə ortaya çıxmışdılar. 2000-ci illərin başlarından etibarən QHT sektoruna atılan bir qrup şəxsin əlindən keçən maddi resurslar onların daha geniş mənzil, daha bahalı maşın, xarici səfərləri ilə yekunlaşdı. Bu insanların qanadı altında çalışan gənclər gördü ki,  “liberal” dəyərlər onları tezliklə hamiləri səviyyəsinə çatdıra bilər. Belə olan halda, öndərlərini yamsılamağa başladılar. Bir iki tədbirdə liberalizm, fikir plüralizmi, dözümlülük, hümanistlik haqqında danışmaq onların xarici tədbirlərə yolunu açırdı. Hər tədbir daha çox xarici yardım, daha çox müftə gəlir idi. Odur ki, QHT rəhbərləri ətraflarında belə gəncləri toplayaraq xaricdəki donorlara göstərirdi ki, bəli, liberalizm təbliğ edilir. Bəs kim idi bu gənclər? QHTlərdə toplanan bu gənclər respublikanın müxtəlif kənd və qəsəbələrindən Bakıya oxumağa gələn “müxalif” düşüncəli gənclər idi. Beləliklə liberlizm ölkədə təbliğ edilir və yayılırdı. Halbuki, unudulan bir şey var idi: kənd-qəsəbə təfəkkürü ilə,xüsusən də əldə kapital olmadan liberalizm dəyərlərinə hakim olmaq mümkün deyil. Əllərində nə sosial, nə mədəni, nə də ki, maddi kapitalı olan bu “qhtşniklər” heç vaxt liberalizmin dayağı sayıla bilməzdi. Odur ki, Avropa və Amerika liberalizmi arasında fərqləri bilməyən insanlar tərəfindən təbliğ edilən liberal dəyərlər  “azad seks” diskursundan o tərəfə keçmədi. Fransız sosioloq Pierr Burdiyö bu kateqoriyadakı insanları “habitusu” əxz etməyən insanlar olaraq adlandırırdı(Grenfell 2014). Yəni, müəyyən bir ideyanın özünküləşdirilməməsi, hər şeyin səthi davam etməsi sonda həmin fikrin arxasında dayanan insanın özünü ələ verməsi ilə nəticələnir və artıq, ideyadan bütünlüklə uzaqlaşır. Son bir neçə ildə QHT sektoruna qarşı yönələn təzyiqlər nəticəsində ölkəyə axan xarici yardımın kəsilməsi bunun bariz nümunələrindən biridir. Demək ölkəyə axan pul əslində müəyyən “ideya sahiblərinin” maddi rifahını yüksələtməkdən ibarət idi.  Kapitalın nə demək olduğunu bilməyən, nəslində ticarət edən belə olmayan insanların sonda gəlib “azad bazar” müdafiəçisi, monopoliyanın zərərlərindən danışması da bir yerə qədər olacaqdı. Liberalizmi bu günə qədər imitasiya edən insanlar əlbət ki, hər hansı fürsətdəcə özlərini mövqe sahibi olaraq göstərməli idilər. Artıq xarici QHTlər fond ayıra bilmir, donorlar ölkədən çıxıb gedib; daha kiməsə dedikləri əhəmiyyətli olmayan liberallar beləliklə bir daha özlərini ələ verdi. Onlar göstərdi ki, nə vaxtsa ölkəyə donorlar geri dönər, onda yenidən “liberallıq oyununa” davam edərik. 
 
Liberalların başlatdığı estafeti solçular müvəffəqiyyətlə davam etdirdilər. Onların yaratdığı mənzərənin liberallardan bir fərqi yox idi. Onsuz da Azərbaycanda liberalizmdə olduğu kimi, solun da təməllərinin sağlam olmadığı bilinən bir şeydir. Ancaq, yenə də sözün əsl mənasında antimilitarist düşüncəyə sadiqliyi qorumalı olan sol, müharibə propaqandistinə çevrildi. Sosial şəbəkələrdə müharibə sloqanları atan solçularımız Lev Trotskinin “Həyatım” əsərində təsvir etdiyi Birinci Dünya Müharibəsinin başlamasına sevinən Avropalı sosialistlərin prototipini xatırladırdı. Alman proletariatının müharibə simpatizantlığı, avstriyalı solçu “herr doktorların” birdən birə hərbi ekspertlərə çevrilməsi, fransız solunun təklənmiş vəziyyətə düşməsini böyük ustalıqla təsvir edən Lev Trotski qeyd edirdi ki, solun mövcud səriştəsizliyi müharibə sonrası Avropanın taleyini bütünlüklə dəyişdirəcək (Trotsky 2012). Necə ki, elə oldu, və Avropa nasional-sosializmlə birlikdə Hitler ilə tanış oldu. Budur, Azərbaycan solu yenə tarixdən nəticə çıxarmaq istəmir. Sanki, hər iki sözündən biri Hegel, Marks, Lenin olan bunlar deyil. Durub desək ki, Çe Gevaraçılıq oyunlarına özlərini qapdırıblar, doğru səslənməyəcək. Yox bir az da ideallaşdırıb, Trotskinin Rusiya vətəndaş müharibəsi zamanı üstləndiyi vəzifəyə özəndiklərini deyəcəyik, məlum məsələ, Stalin təfəkküründən o yana getməyən Azərbaycan solunun nə Lenindən xəbəri var, nə də Trotskidən. Lenini, Trotskini bir kənara qoyuram, bizim barmaqla göstərilə bilinəcək sol fikir adamı və ictimai-siyasi xadim Nəriman Nərimanovu belə doğru dürüst bilmirlər. Görünən budur ki, Azərbaycan solu “solluq oyunu” oynamaqdan çox məmnundur. İki əlin on barmağını keçməyəcək sayda sosial-demokratın müdafiə etdiyi antimilitarist mövqe isə yetərincə eşidilmədi, duyulmadı. Ona görə ki, xalq tərəfindən istənməyən, maarifçi təşəbbüsləri qiymətləndirilməyən maarifçi solun da edə biləcəyi bir şey yoxdur. Etiraf etməliyəm ki, antimilitarist mövqedə dayanan solçuların bir az daha prinsipiallıq göstərəcəyi halda məhşur fransız sosialist lideri Jan Jorsün* aqibətini yaşayacağından ehtiyyat edirdim. Onsuz da ölkədə hamı bir-birini alçaldır, ölümlə təhdid edirdi. 
 
Liberallar və solçularla iş bitsəydi, deyərdik ki, daha bunlar tarixi rəqabətdən özlərinin nəsibini almış iki axındır, budur fürsətdən yararlanmaq istəyirlər. Bəs, bu günə qədər “nə ət, nə də balıq” olanlara nə deməli?  Hansı ki, bu günə qədər icbari hərbi xidmətdən yayınan, bunu siyasi düşüncəsinə görə etdiyini deyən bu insanlar ilk fürsətdəcə müharibənin atəşin müdafiəçilərinə çevrildi. Axı sosial media deyilən məkanda xalqın gözündə qiymətə qalxmaq “vur komandir, vur” deməklə mümkün idi. Cəbhədə şəhid olan əsgərin daha 18 yaşının yeni tamam olduğu, həyatda bir şey görmədiyi, şəhid olduğu vətənin ona bir şey vermədiyini düşünməyəcək qədər opportunist bir təfəkkürə sahib olan bu güruh üçün  daha çox şəhid yeni-yeni statuslar və nüfüz demək idi. Budur, başda 16-17 şəhidlə əldə edilən uğurun eyforiyası artan şəhid sayı ilə yox olmağa başladı. Rəqəmlər sürətlə 30, 40, 50-i keçirdi. Və budur gözlənən oldu və artıq opportunistlər ortaya “kasıbın balası”, “məmur övladı” söhbətini atmışdılar. Nə də olmasa opportunist təfəkkür hər şeydən xal toplaya bilər. Axı, onları yetişdirən hocaları, “abiləri”, “ablaları” hər nə olursa olsun, bu yoldan çıxmamağı zamanında qətiyyətlə tapşırıblar. Budur, bir opportunist cəbhəyə iynə vurmağa belə getməyə hazırdır. Hər nə olursa olsun, səngərdə düşmənlə cəngavər kimi savaşan əsgərlərimizə az da olsa kömək edəcəksə, nə mutlu ona. Digər bir opportunist artıq Cəbrayılın bütünlüklə düşməndən azad edildiyini yazır və facebook hesabında onu izləyənlər sevinc göz yaşları axıdır. Ancaq opportunistlərin sayı hesabı yoxdur. Mütləq gözə girməlidirlər. Öz xəyal dünyasında azad edilən torpaqlar haqqında müəyyən zarafatlar edir və publikanın üzünü güldürürlər. Opportunistlər dayanmır, inamlıdırlar, bu müharibə onların nüfuzuna mütləq əlavə nəsə qatacaq, dayanmaq olmaz. Ancaq sən saydığını say, gör opportunistlər necə kəllə mayallaq olur. Atəşkəs xəbəri gəldikdən sonra isə, səsləndirdikləri fikir də ortaq idi: “Alınmadı, alınmadı da, imkan verin, şəhidlərimizin cənazəsi torpağa verilsin”. Necə də möhtəşəm, necə də pakizə... opportunistlər şəhidlərdən də xal toplayacaq təfəkkürün sahibidir.
 
Bir az daha diqqətlə baxsaq görərik ki, istər liberallar, istərsə də solçular elə məhz opportunizm ilə məşğul oldular. Əslinə qalsa bütün ictimai fikir sahibləri eyni qazanda əriyib getdi. Opportunizmi daha da gücləndirən qüvvə isə, şübhəsiz sosial media oldu. İstər facebook, istərsə də tvitter vasitəsi ilə hər kəs statusunu daha da möhkəmləndirməyə çalışdı. Alan de Bottonun təbirincə desək  statusunu itirmək qorxusu ilə üzləşən fərd mümkün olan vasitələri səfərbər etməkdən çəkinmir (De Botton 2008). 21-ci əsrdə statusu müəyyən edən əsas platformalardan biri sosial media olduğu üçün bizim ictimai çəki sahibləri müharibə ritorikasından bacardıqları qədər faydalanmağa çalışdı. Ağıllı olanlar daha yaxşı dəyərləndirdi, naşı olanlar isə bir sonrakı proses üçün dərs çıxardılar.  Liberallar, solçular, opportunistlər və digərləri status axtarışında idilər. Halbuki, müharibənin yaratdığı bazar rəqabəti də diqqətdən yayınmamalıdır.
 
Bazardakı rəqabət
 
Bazarda uğurlu olmağın əsas şərtlərindən birincisi təklif etdiyin məhsulun, xidmətin əhəmiyyəti və onun təqdimatıdır. Ya heç kəsin satmadığı bir məhsulu bazara çıxardacaqsan, ya da ki hər kəsin satdığı məhsulu daha əlverişli şərtlərdə alıcıya təqdim edəcəksən. Sonuncu üçün bazarı tanıma, marketinq qabiliyyətinin olması qaçınılmazdır. Bəs əgər bazarda monopoliya mövcuddursa? Onda da sənin məhsulunun, marketinqinin bir faydası olurmu? İqtisadi jarqon buna çox az ehtimal verir. Siyasi jarqonda isə bunun zərrə qədər də ehtimalı yoxdur. Necə ki, biz bunu müxalifətin uğursuz Qarabağ ritorikası ilə bir daha gördük. Cəbhədə vəziyyət gərginləşdiyi ilk gündən etibarən müxalifət təmsilçiləri, liderləri ordumuza dəstək olan, mübarizəyə haqq qazandıran bəyantlar, fikirlər səsləndirməyə başladılar. Daha doğrusu əllərində olan məhdud resurslar (bir iki sayt, qəzet) və sosial media ilə buna cəhd etdilər. Ancaq bir şeyi unudurdular: bu da müxalifətin monopoliya bazarına hazırlıqsız, resurssuz girmək cəhdi idi. Unutduqları şey monopilist təfəkkürə qarşı, elə monopilistin təkmilləşdirdiyi, şaxələndirdiyi platformada duruş gətirməyin mümkünsüzlüyü idi. Odur ki, müxalifət başlarda hər nə qədər ordumuza tam dəstəyi dilə gətirsə də, torpaqlarımızın ermənilərdən təmizlənməsi ehtimalına nə qədər inandığını nümayiş etdirsə də, irəliləyən günlərdə rejimi tənqid ənənəsinə geri döndü. Müxalifət qapıldığı eyforiyadan ayıldı və gördü ki, monopoliyaya qarşı edəcəkləri bir şey yoxdur. “Vətənpərvərlik”, “Vətən sevgisi”, “Qarabağ” mövzuları bir qrupun əlində cəmləşib. Onların iradəsi olmadan bazarda heç kim “çıqqırığını” da çıxara bilməz. Monopolist bazara daxil olacaq malın qiymətini və həcmini müəyyən edir, alıcı (sıradan xalq) da bununla kifayətlənir. Monopolist istəsə qiyməti qaldırar, insafına düşsə çəkidə aldatmaz və ya “promosyonlar” təklif edər. Həmin promosyonlardan bir neçəsini yada salaq. Məsələn, bir bayraq alana, gün boyu bayraqla küçədə gəzib dolaşmaq, maşınların pəncərələrindən çıxıb selfi çəkib sosial mediada paylaşmaq “paketini” göstərə bilərik. Evlərin pəncərələrində asılan bayraqlar, sosial şəbəkələrdə profili bəzəyən bayraqlar və sair və ilaxır hamısı bu kompaniyaya daxil idi. İdarələrin, təşkilatların, fərdlərin aldığı bayraqları düşündüyümüzdə qısa vaxt ərzində monopolistin bayraq satışından əldə etdiyi gəlirin cəmini təxmin etmək çox çətindir. Sonra da, müxalifət durub deyir ki, ordumuzun fəaliyyəti haqqında ətraflı məlumat verilməlidir. Ay müxalifət, bu günə qədər bir şey haqqında hesabat verilmişdi ki, indi də bunu etsinlər? Siz bəyəm bilmirdiniz ki, monopolistin bazarına girmək olmaz? Əgər eyforiyaya qapılıb unutmuşdunuzsa, bir şeyi xatırlatmaqda fayda var. İstifadə edilən siyasi ritorika hər zaman mövcud olan diskursun  köməkçi vasitəsi ola bilər. Ələlxüsus da, bizim kimi cəmiyyətlərdə ritorikanın diskursu dəyişdirmək ehtimalı demək olar ki, ehtimal edilmir. 
 
Hər bir cəmiyyətdə olduğu kimi, bizdə də diskurs bir neçə prosedurdan keçərək seçilir və təkmilləşdirilir.  Diskursa nəzarət edən şəxslər, institutlar zaman-zaman müəyyən hadisələri öz lehinə istifadə edə bilər və ya minimallaşdıra bilər. Bunun əyani nümunəsi müxalifət cəbhəsinin Qarabağ, müharibə diskursundan tamamilə təcrid edilməsi oldu. Fransız filosof Mişel Fukonun məşhur “L’ordre du discours” essesində təsvir edilən prosedurlardan birinci qrupu məhz təcridedici prosedurlar haqqındadır (Young 1981). Fuko təcridi prosedurları üç kateqoriyaya ayırır. Bunlardan birincisi qadağadır. İstənilən hər hansı mövzu haqqında yazılmış və ya yazılmamış qadağalar mövcud ola bilər. Fərd həmin mövzu haqqında müəyyən imtiyaza sahib olmadan danışa bilməz. 
 
Cəmiyyətimizdə bu qadağa sisteminə demək olar ki, hər bir sahədə rast gəlinə bilər. Ancaq nədənsə, qadağa sistemi müharibə zamanı işləmədi. Çünki sosial media buna imkan vermədi və doğru, yanlış informasiya dövriyyəsi baş verdi. Bu, həm də müəyyən qrupların maraqlarına xidmət edirdi, odur ki, təcridin bu kateqoriyası göz ardı edildi. Təcridin ikinci kateqoriyası bölünmə  və imtinadır. Bu zaman həm siz cəmiyyətdə stiqmatizə olunursunuz, həm də ki, dediklərinizə əhəmiyyət verilmir. Sizin dediyiniz sözün bir kəsəri olmur. Əslinə qalsa bizim müxalifətin daxil olduğu kateqoriya budur. Eyni zamanda müharibənin doğru olmadığını, sülh haqqında danışan insanların da üzləşdiyi də məhz bu idi. Ancaq bizim diskursumuzda, böyük kütlə kiçik qrupu təkcə qulaq ardına vurub, imtina etmir, eyni zamanda ittiham, təhqir, hədələrlə qarşılayırdı. Təcridin sonuncu, üçüncü kateqoriyası həqiqəti öyrənmək iradəsidir. Ən çətini də məhz budur. Doğru məlumatın mövcud olmadığı və ya doğru məlumata çıxışın məhdud olduğu bir mühitdə bu elə də asan deyil. Fukoya görə belə halda həqiqəti öyrənmək prosedura nəzarət edən institutlar vasitəsi ilə mümkün ola bilər. Onlardan nə qədər məlumat gəlsə, biz o qədər məlumat sahibi olacağıq. Ancaq bizim öyrənmək iradəmiz (notre volonté de savoir) davamlı axtarışlara sövq edir. Məhz həmin iradənin məntiqi nəticəsi olaraq, başlarda 15-16 şəhidimiz haqqında gələn rəsmi bilginin əslində doğru olmadığını öyrəndik. Rəsmi qaynaqlar təcridi prosedurlar vasitəsi ilə nəzarət edildiyi üçün, biz də sosial mediaya etimad etdik. Həddindən artıq bilgi kirliliyi yaratsa da, əslində tam itkinin sayını, müharibənin yekunlarının nə verib, nə vermədiyini də məhz sosial media vasitəsi ilə öyrəndik. Beləliklə müharibə diskursu əslində cəmiyyət üçün bütünlüklə təcriddən ibarət oldu. Cəmiyyətin bütün təbəqələri təcridə məruz qaldı. Təcridin ən dramatik formasını isə, sıradan xalq yaşadı.
 
Lazımdır mülahizə etmək ki....
 
İdeologiya boşluğundan nəsibini alanların, iqtidarın diqtə etdiyi diskursa uyğunlaşmağa çalışan müxalifətin fonunda xalqın üzləşdiyi daha acınacaqlı oldu. Xalqın nümayəndələri qısa zamanda Şuşa üzərinə yürüşün eyforiyasını yaşayarkən onlara agah oldu ki, əslində bütün bunlar yenə də hər zamankı göz boyama oyunlarının bir parçası imiş. Onlara məlum oldu ki, "erməni-müsəlman" davası yalnız müəyyən qrupların icazəsi ilə aparıla bilər. Bayırdan icazə gələrsə içərdəkilər də, siravi xalqa müharibə sloqanları atmağa icazə verəcək. Xalqa deyiləcək ki, bəli, çıxıb şəhidlərinizi dəfn edə bilərsiniz və yaxud da bayrağa bürünüb gəzə bilərsiniz. Hansı ki, xalq ona lütf edilən bu icazəni böyük məmnuniyyətlə dəyərləndirdi.  Onsuz da göstərişə aşiq olan xalqımız ona verilən vəzifənin öhdəsindən artıqlaması ilə gəldi. Sonuncu dəfə belə canfəşanlıqla “Nardaran hadisələri” zamanı qarşılaşmışdıq. Nardaranın fəthi xalqımızın nümayəndələrində böyük ruh yüksəkliyi oyatmış, qələbəyə olan aclığını bir daha göstərmişdi. Lakin, Nardaran hadisələri zamanı ölənlər, həbs edilənlər hamısı bu xalqın nümayəndəsi olduğu üçün, şiddətə meyillilik tam şəkildə özünü biruzə verə bilməmişdi. Düzdür, həmin vaxt din düşmənləri uşaq qətlindən, qurbandan insan kəsilməsindən falan danışsa da, ağızlarının payı artıqlaması ilə verilmişdi. Ancaq, tarixi "erməni-müsəlman" davası bir başqa məsələdir. Bu məsələnin kökündə nifrət, kin-küdərət, şiddətə meyillilik kimi məsələlər yatır. Qafqazın bu iki xalqının son iki əsrdir bitmək bilməyən tarixi ədavətinin kökündə xalqların tarixi şərtləri ilə bərabər, bu iki xalqın bir-birindən fərqlənməyən düşüncə tərzi dayanır.  Və bu iki xalq onlara icazə verildiyi halda tarix boyu bir-birini kəsməyə hazır olub. 
 
Bunun üçün tarixdən nəticə çıxarıb, bu günə qədər olub bitəni analiz etmək lazımdır. Təəssüflər olsun ki, bunu da biz bacarmırıq. Bacarsaydıq bizdən əvvəlkilərin dediklərindən, yazdıqlarından nəticə çıxarardıq. Nəticə çıxarsaydıq, ən azı qiymətli ədibimiz Cəlil Məmmədquluzadənin dediklərini xatırlayardıq. Mirzə Cəlil “Xatiratım” əsərində yazırdı (Məmmədquluzadə 2004): “.... çünki Qafqazın bu iki güclü millətləri öz içəri dərdlərinə mübtəla olanda, əlbəttə, dəxi Rusiya hökümətinin politikasına qarışmağa vaxt tapa bilməzdi. Və sonralar erməni-müsəlman davasının tarixini oxuyanlar və yıxılmış Nikolay arxivini qurdalayıb oradan gizli və sirli materiallar tapanlar elə bir sənədlərə rast gəldilər ki, o sənədlər aşkar bir dəlillərlə sübuta yetirdi ki, erməniləri müsəlmanların, müsəlmanları ermənilərin üstünə küşkürən tək bircə Rusiya höküməti idi. Onunçün də bu iki qonşunun ən sədaqətli insan-dost və tərbiyəli ünsürləri, nə qədər bu ədavəti söndürməkdə təlaş etdilərsə, arada hökmfərma olan gizli şeytanət və provokasiyanın bərəkətindən bu zəhirmar ədavət uzun illər müddətində davam etdi və minlərcə günahsız zəhmətkeşlərin müsibətinə səbəb bir nagəhan oldu.” Üzərindən yüz il keçsə də, dəyişən bir şey yoxdur. Yenə də iki xalq, yenə bir-birini yox etməyə hazır insanlar və yenə də, arada qalan bir ovuc sülhpərvər insan. Bu iki xalq hələ də tarixdən nəticə çıxarmaq istəmir. Vaxtında həm jurnalist, həm də ictimai xadim kimi proseslərin içərsində olan Mirzə Cəlilin söylədiklərindən bu gün də nəticə çıxara bilmiriksə, demək məsələnin mahiyyəti elə də sadə deyil. 
 
Psixoloji, tarixi sosiologiya nöqteyi nəzərdən yanaşdıqda biz həm daxili nifrətin, həm də intiqam hissinin simptomlarını görürük. Bəşəri nifrət, aqressiya, intiqam hissi insan təbiətinin əsas ünsürləri sırasındadır. Bununla belə tarixən xalqların nifrəti birüzə vermə şəkli də əsrlərlə fərqli forma alaraq, təkamüldən keçib (Girard 2013). Cəmiyyətlərin keçdiyi nifrəti biruzə vermə şəkli, bir başa şiddətdən (öldürmək, yaralamaq, döymək) dolayı şiddətə (başqasının işinə mane olmaq, əşyasını sındırmaq) qədər davam etdi. Milli dövlətlərin, institutların ortaya çıxması ilə şiddətin monopoliyasının fərdlərdən dövlətlərin əlinə keçməsi həm şiddətin nəzarətə alınmasını təmin etdi, həm də insanların psixoloji, mədəni strukturunda yeni adaptasiyaları təmin etdi (Elias 2000). Müəyyən mərhələdən sonra insanlara faydalı hesab edilən adaptasiya prosesi, şiddətə geri dönüş zamanı fərqli təlatümlərə səbəb ola bilər. Məsələn, hərbi sosiologiya və psixologiya səhəsində aparılan araşdırmalar göstərir ki, müharibə meydanında ölənlərin böyük əksəriyyəti bilərək hədəf seçməkdən uzaq durmağa çalışıb (Malesevic 2013). Bu hal, institutların tətbiq etdiyi şiddətin nəzarət alınması mexanizminin əyani təzahürüdür. Şiddətin nəzarətdə saxlandığı, eyni zamanda insanların daima aqressiya, kin ilə bəsləndiyi cəmiyyətlərdə şiddəti yansıtmaq meyilləri daima mövcud olur. Misal üçün, polis, rəhbərlik, ailə başçısı kimi status sahiblərinin hədəfinə çevrilən sıradan insanlar davamlı olaraq aqressiyanı başqa cür çıxmağa çalışır. Əgər cəmiyyətin ortaq düşməni varsa nifrəti onların üzərinə tökmək daha rahat olur. Xatırlayırıqsa, Nardaran hadisələri zamanı bəzi insanların kənd sakinlərinə, tutulan və öldürülənlərə olan nifrəti və aqressiyası təhlükəli həddə yüksəlmişdi. Həmin vaxt nümayiş etdirilən nifrət əslində başdan ayağa kinlə bəslənən xalqın mahiyyətini göstərirdi. Nardaran hadisələri zamanı öz vətəndaşına, eyni dili danışan, eyni dinin, eyni millətin nümayəndəsinin həbs edilib, öldürülməsinə haqq qazandıran insanların kəsilmiş erməni başı ilə qürrələnməsinə təəccüblənməməliyik. 
 
Azərbaycan insanı öz nifrətinin, daxili aqressiyasının əslində heç bir şeyə çarə olmadığını, onlara heç bir şey qazandırmadığını şəhidlərin sayının durmadan artdığ zaman dərk etdi. Müharibə bitdi, geriyə anaların göz yaşları qaldı. Əvəzində isə, “vətən üçün axıdılan qan müqəddəsdir” kimi cümlələr daha da artdı. Sosial mediada profillərə qoyulan bayraqlar qalxdı. Əgər qohum əqrabada şəhid xəbəri gəlməyibsə bir az daha müharibə görüntüləri paylaşıldı.  Cəbhədə ara sıra atılan qarşılıqlı atəş kimi, müxtəlif saytlarda köşə yazılarının, analitik mülahizələrin altına təhqir dolu şərhlər də yazıldı. Beləcə proses öz kluminasiyasını bitirdi. Şəhidlərin yeddisi çıxmadan xalq yenə bir-birinə girdi. 18 yaşında balalar, daha heç bir şey görməyən övladlar vətənin şərəfi üçün can verdilər ki, “çolkalı qaqaşlar” sosial şəbəkələrdə “erməninin var yoxunu, belə belə edim” yaza bilsinlər. Hər şeydən danışıldı, yazıldı. Ancaq məlum oldu ki, əslində Qarabağ məsələsi iki kiçik xalqın həll edəcəyi bir şey deyil. Nə qədər ki, bu iki xalqa ədavət aparmaq icazəsi veriləcək, hər iki tərəfin baş bilənləri, zənginləri bu ədavətdən bəhrəsini alıb, yerlərini möhkəmləndirəcəklər. Ötən əsrin əvvəlində olub bitəni ən müfəssəl şəkildə bizə təqdim edən Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalının 17 sentyabr 1907 –ci il sayında dərc olunan “Yoldaş” məqaləsində Rəsulzadəyə xitabən yazırdı (Məmmədquluzadə 2004): “Bəli, Rəsulzadə cənabları yazır ki, dəxi indi erməni və müsəlmanlar öz dost və düşmənlərini tanıyıblar öz mənfəətlərini və zərərlərini qanıblar və bundan sonra onları aldadıb alət etmək qeyri-mümkündür”. Bunun nə qədər mümkün olub-olmadığını sorğulayan ədib ardınca davam edir, “Bunu uşaq da bilir ki, erməninin düşməni müsəlmandır və müsəlmanın düşməni ermənidir. Bunu ermənilər də bilir, bunu müsəlmanlar da bilir, bunu erməni və müsəlman qabaqca da bilirdi, bunu erməni və müsəlman indi də bilir”. Ardınca, hər iki xalqın xeyir  və mənfəətlərini sorğulayan Mirzə Cəlil sərrast vuruşunu edir "... sözün doğrusu budur ki, erməni də öz xeyrini qanır, müsəlman da öz xeyrini qanır. Allah erməni və müsəlman davasına bərəkət versin. Əgər erməni müsəlman davası olmasaydı, nə ermənilər Qarabağda Xankəndini dağıdıb müsəlmanın var-yoxuna sahib ola bilərdi, nə də Naxçıvanda müsəlmanlar ermənilərin dükanlarını dağıdıb top-top çitlərini evlərinə daşıya bilərdilər. Lazımdır mülahizə etmək ki, məsələn, Xankəndində nə qədər erməni yox yerdən bir saatın içində dövlətə çatdı və nə qədər müsəlman Naxçıvanda bir saatın müddətində dövlət sahibi oldu?” Mirzə Cəlilin yüz il əvvəl verdiyi həmin suallara bir sual da mən əlavə edirəm: “Lazımdır mülahizə etmək ki, məsələn niyə bu müharibə 4 gün davam etdi və qısa zamanda atəşkəslə tərəflər bütünlüklə sükunətə çəkildi?”
 
 
*Fransız solunun tarixi lideri Jan Jors müharibə əleyhinə səsləndirdiyi fikirlərlə daima seçilirdi. Onun davamlı çıxışları müxtəlif qruplar arasında səs-küyə səbəb olmuşdu. Antimilitarist mövqeyindən çəkilməməsi millətçi qrupları getdikcə qıcıqlandırmaqdaydı. 1914-cü ildə I Dünya Müharibəsinin başlanmasından bir neçə gün sonra 31 iyulda Parisin “Le Croissant” kafesində millətçi Raul Villyan tərəfindən qətlə yetirildi. 
 
İstinad edilmiş ədəbiyyat:
 
De Botton, A. (2008). Status Anxiety, Knopf Doubleday Publishing Group.
 
Elias, N. (2000). The Civilizing Process: Sociogenetic and Psychogenetic Investigations, Wiley.
 
Girard, R. (2013). Violence and the Sacred, Bloomsbury Publishing.
 
Grenfell, M. J. (2014). Pierre Bourdieu: Key Concepts, Taylor & Francis.
 
Malesevic, S. (2013). "Forms of brutality: Towards a historical sociology of violence." European Journal of Social Theory16(3): 273-291.
Məmmədquluzadə, C. (2004) "Əsərləri", IV cild, Bakı
 
Trotsky, L. (2012). My Life: An Attempt at an Autobiography, Dover Publications.
 
Young, R. (1981). Untying the Text: A Post-structuralist Reader, Routledge & Kegan Paul.
 
Tural Amin Oyrati
Antverpen Universiteti
Sosial elmlər fakultəsi
 
19.04.2016
Kultura.az | Developed by Samir Yahyazade