Asiman Eyniyev: Qəribə təsadüf və ya velosipedin itməkliyi

Литература


Dünən
Qəsəbə məscidi.
Saat 16.23

Məscidin xuddamı, maqnitofonu qoşub, kasetin lentini başa verdi, sonra “play” düyməsini sıxdı. Təzə məscidin hündür minarəsindən azan səsi eşidildi. 
***
Pinəçi, azanı eşidib saata baxdı, (beşə iyirmi üç dəqiqə işləyirdi) qaşqabaqla əllərini döşlüyünə sildi, başını budkanın nəfəsliyindən bayıra çıxarıb yola zilləndi. Küçədə ins-cins yox idi, sanki qar yağmışdı, insanlar soyuqdan qaçıb gizlənmişdilər. Pinəçi, döşlüyünü açıb stulun başına atdı, budkadan çıxıb söyüd ağacına mismarlanan skamyada oturdu. Ciblərini gəzib papiros tapdı, yandırdı. Dərin qullabdan sonra qəsəbənin hər küncündən görünən minarəyə tamaşa eləməyə başladı. Hündürdən yayılan müşayiətsiz səsin ağırlığı evlərin üstünə çökürdü. Bivaxt azan idi bu. Dünyasını dəyişən vardı...

Bu gün 
Qəsəbədə yas yeri. Qadın məclisi. 
Saat 16.24

“Can bala... can, can, can. Boyuva qurban... boyuva, boyuva, boyuva. Qamətinə qurban. Qamətinəəə... Vay...vay, vay, vay, vay. Can... can, can, can, can.” 
–Deyirlər maşın vurub. Düzdü?– Kök arvad, böyründəkinin qulağına pıçıldadı.
–Hə-hə, maşın vurub, sonra aradan çıxıb. 
–Polisin qabağında?
–Belə deyirlər. 
–Elə şey olar? Bə polis hara baxırdı? 
Arvad mollası, pıçıldaşan qadınları görüb gözlərini yumdu, kor adamlar kimi əllərini havada yellətdi, bərkdən – ay bala heyyy– çığırdı. Yerdən oturan qadınların hamısı, drijorun himinə bənd xor çevikliyi ilə hönkürdülər. 
“Öhö, öhö, öhö, öhö.” 
“Can bala... can, can, can. Boyuva qurban... boyuva, boyuva, boyuva. Qamətinə qurban. Qamətinəəə... Vay...vay, vay, vay, vay. Can... can, can, can, can.” 
Arvad mollası, əvvəlcə telefonda saata baxdı, (beşə iyirmi dörd dəqiqə işləyirdi) sonra ətrafına göz gəzdirdi. Baş qarışıqdı, hərə öz dərdini ağlayırdı. Girəvədən istifadə edib, dalını məclisə çevirdi,“Selfie” çəkdi, şəkili“Votsap”la “Mollalıq Eləmə” adlı qrupa göndərdi, daha sonra “ağladıram” yazdı, ardınca “gülüş işarə”si. Qapıda duran uzun boylu bir qadın, mollanı gördü, molla da onu. Arvad mollası, becid telefonu çadrasının altına saldı, bərkdən –ay bala heyyy– təkrar etdi. Hönkürtü artdı, səs-səsə qarışdı. 
“Can bala... can, can, can. Boyuva qurban... boyuva, boyuva, boyuva. Qamətinə qurban. Qamətinəəə... Vay...vay, vay, vay, vay. Can... can, can, can, can.” 
Ölənin bacısının ürəyi getdi. Kimsə –şərbəttt– qışqırdı. Arvad mollası, uzun boylu qadına (çox güman ki, o da ev adamı idi) tapşırdı ki, ürəyi gedən qızı “meydan”dan kənarlaşdırıb, başqa otaqda ayıltsınlar, yoxsa məclisi (oyunu) idarə etmək mümkün olmayacaq. Ürəyigedən də ölən qardaşı kimi uzundraz idi. Qadınlardan biri onun qollarından, digəri isə uzun ayaqlarından yapışıb güc vurdu. Ayaq tərəfdən yapışanın beli sərptdi, ya da ona elə gəldi. Dodaqaltı: –qancıq– dedi. Sözü molla eşitdi, ağlayanlar eşitmədi. Ürəyigedəni ayrı otağa sürüdülər.

 

Dünən 
Qəsəbədə “Polis Şöbəsi” 
Saat 14.01

Otaqda üç nəfərdilər. İkisi polis əməkdaşı, biri də zərərçəkən. Polis kapitanı, telefonla danışırdı, serjant isə telefonla oynayırdı. Zərərçəkən boğazını arıtladı, sorğu-suala hazırlaşdı. Kapitan, dəstəyi yerinə qoyub qol saatına baxdı. (Üçə bir dəqiqə işləyirdi). 
–Danış görüm, nə olub?– stulunu çəkib, zərərçəkənlə üzbəüz oturdu. 
Uzundraz adam:
–Rəis, bəri başdan deyim, avam adamam, savadım-zadım da yoxdu. Misal üçün, burda nəyə desəz qol çəkə bilərəm, and ola Allaha. Az-maz köhnə dili, kirili billəm, təzəni yox. Köhnəynən yaza da billəm. Vəssalam. Hi.hi.hi.hi. Məktəbə axırıncı dəfə 93-də getmişəm, doqquzda oxuyanda. Onda ermənilər partapart atırdı. Hi.hi.hi.hi. O-bu, başım əməyə qarışıb. Saqqızdan tutmuş peraşkiyə kimi, hər şey satmışam. O vaxtı saqqızı monopoliya eləməmişdilər. Hi.hi.hi.hi. İndi köşkdə qəzet satıram. Redaksiya mənə velosiped də vermişdi. Hər səhər qəzetləri ona yükləyib, günortaya kimi idarələrə paylayırdım. Rəis, bu günə kimi belə şey olmamışdı. Deməli, rəis, nəqliyyatı sığorta idarəsinin qabağında saxladım–deyə əlilə velosipedin duruş vəziyyətini göstərdi. 
–Nəqliyyat?
–Veliki deyirəm də. O da nəqliyyatdı də ay rəis. Mexaniki nəqliyyat. Hə, orda, düz idarənin göbəyində saxladım. Yuxarı qalxıb qəzetlərini verdim. Qayıdanda nə görsəm yaxşıdı? 
–Nə?–Kapitan, qaşlarını düyünləyib maraqlandı.
–Sarı kurtka geymiş bir kişi, veliki sürüb qaçırtdı. Qəzetlərdən bir neçəsi də velikin səbətində. Dövlətin əmlakını oğurladılar, rəis. Oğrunun ancaq kurtkasını görə bildim, başqa heç nə. Mən yazıq, neyləyə bilərdim? Ardınca qaça bilməzdim, bronxitim var, təngnəfəs oluram, rəis. Hə, özüm ölüm, düz deyirəm, boronxial astmayam. Hə, indi qalmışam giriftar. Sizə pənah gətirmişəm, rəis. Redaksiya deyir, polisə şikayət et, ərizə, nə bilim, izahat yaz. İndi gəlmişəm, amma deyim ki, yaza bilmirəm. Sizin dildə yaza bilmirəm, yəni təzəynən yox, köhnəynən hə. Yazım? Nə yazım? Kirilnən olar? Hi.hi.hi.hi. 
Kapitan, oğlanın üzünə dalğın-dalğın baxdı, sonra: 
–Düzünü de, görüm, velosipedi neçiyə satdın?
–Satdım? Elə qələt eləmərəm, ayıb olar, rəis. Vicdanıma and olsun, veliki oğurladılar.
–Kişi kimi de, səni buraxım get. Neçiyə verdin? Əlliyə, yoxsa yetmişə? Bax, kişi kimi desən, burdan düz çıxıb gedəcəksən evə. Heç səni yolda maşın da vurmayacaq. Eşitdin, heç maşın da vurmayacaq.
–Ay rəis, kitab gətir and içim, satmamışam. Oğurladılar! 
–Bayaq eşitdim ki, əvvəllər qəbiristanlıqdan oğurluq edibsən. Necə deyərlər, bu işdə səriştən var. Buna görə səni tutublar da. Eləmi?
–Namazqılan adamam, şərləmə məni, rəis. Nə oğurluq? Düzdü, üç ay əvvəl bekarçılıqdan qəbiristanlığa gedirdim, ancaq iş görməyə, oğurluq eləməyə yox. Günortadan axşama kimi orda olurdum. Pulsuz-təmənnasız, qəbirləri təmizləyirdim, daşları silirdim, alaq-ulağı qoparırdım, sonra köhnə hərflərlə başdaşında yazılan familyaları tutuşdurub, qohum qəbirləri tapırdım. Tariximiz orda gizlənib, rəis. Qəbiristanlığı deyirəm e, rəis, “raznıy-raznıy” dildə yazılmış başdaşılar var. Ərəb, fars, rus, türk. Mən ancaq kirilnən yazılanları oxuya bilirdim. Hə-hə, “tolko” kiril. Rəis, bir dəfə, on səkkiz yaşında ölmüş bir qızı ailəsindən əlli metr uzaqda tapmışdım. Hi.hi...
–Nəyə gülürsən əə, şakal? Gülməlidi? Neylədin, qızın qəbrüstü şamdanını oğurlayıb satdın?
–Yox ə kişi, bu nə sözdü? –deyə uzundraz qaşqabağını tökdü. –Gedib, dədəsinə dedim ki, qızın odey, sənnən əlli metr o tərəfdə yatıb. 
–Əə, indi uşaqları çağıracam, səni it balası kimi çırpacaqlar. Zingildəyəcəksən. Velosipedi neyləmisən? Bilmirsən, o dövlət inventarıdı, ona göz dikmək olmaz?–deyə kapitan qızışdı, əlini masaya çırpıb– Dövlətin əmlakına toxunmaq, satmaq, talamaq olar? Ay şərəfsiz, ay əclaf, ay biqeyrət! Ay səni böyüdüb tərbiyə verənin ağzına sox...
Sözü yarımçıq qaldı. Uzundraz yumruğunu düyünləyib onun çənəsinə necə ilişdirdisə, kapitanın protezi, nokauta düşən boksyorunku kimi tüpürcək dolu ağzından bayıra uçdu. O, stuldan aşdı. Serjant, gözlərini telefondan çəkib, döşəmədə sərələnən həmkarını baxdı, bərkdən şaqqanaq çəkdi. Uzundraz özü də güldü: –Hi.hi.hi... Sonra yoxa çıxdı... 

Asiman Eyniyev
19.01.2016
Kultura.az

Kultura.az | Developed by Samir Yahyazade