Rəşad Səfər: Yazıçı məşhurluğu

Публицистика


Prustun məktubundan bir cümlə

Marsel Prust bir fransız dərgisində klassiklik mövzusunda müsahibəyə dəvət edilir. Lakin xəstəliyi səbəbindən gedə bilmir və redaksiyaya məktub ünvanlayır. Məktubunda Prust klassiklik haqqında təxminən belə yazır: “İstənilən həqiqi sənət əsərinin hər zaman klassik olduğunu düşünürəm, amma insan beyninin qanunları əsər meydana çıxdığı vaxt onun klassik olduğunun anlaşılmasına çox nadir hallarda icazə verir.” İnsan beyninin bu qanunları hansılardır, necə işləyir, Prust ətraflı yazır. Hələlik dərinə getməyək və yazıya giriş üçün bu cümləsindən istifadə etdiyimizə görə Prusta təşəkkür edək.

Yetmiş dəqiqə

Buenos-Ayresə bu il qış tez və qəfil gəldi. Mülayim havaya alışmış insanlar axşam evə bircə köynəklə, həm də rəngbərəng bir yay köynəyi ilə gəlib, sabah evdən qalın şarf və gödəkcə ilə çıxmalı oldular. Təbiətin hər halından zövq almağı bacaranlardan savayı, soyuğun ilk günlərində şok yaşayan əksəriyyət sanki evdən çıxdığına peşman görünür, harasa isti bir yerə yetişmək üçün tələsik addımlayırdılar. Haldan düşmüş yarpaqlar da qışın nəfəsinə dözməyib təpəsi üstə aşağı enərək, soyuqdan büzüşmüş insanların bu addımlarını gah təqib edir, gah da onlara öncülük edirdi... 

Cümə günü, axşam işdən sonra, ənənəvi olmayan soyuq hava; bütün bunlara güvənib az insan gələcəyini düşündüm. Nə ağlıma gələrdi ki, soyuqda saatlarla növbədə dayanacağam. Bu, hələ kitab sərgisinə bilet almaq üçün növbə idi. Qarşıda salona girmək üçün bir ayrı növbə olacaqdı... Bilet mərhələsini adlayıb salonun qarşısına gəlirəm. Borxesin adını alnına döymə etdirmiş bu nəhəng salonda düz qırx dəqiqə sonra başqa bir nəhəng – Peru yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatçısı Mario Varqas Lyosa oxucuları ilə görüşəcək və yenicə nəşr olunmuş son kitabını təqdim edəcək. Amma hələ qırx dəqiqə sonra. Hələ ki, salonun qapısı önündə ziqzaq formasında ucu-bucağı görünməyən bir sıra var. Yerimdə dayanmaqdan yorulub, arxamdakı adamdan növbəmdən muğayat olsun deyə xahiş edirəm və sıra boyunca dolaşmağa başlayıram. Nimdaş paltarlı əyalət insanları, şəhərin snob aristokratiyası, yaşlı qadınlar, kürəyi ikiqat olmuş qoca kişilər, məktəblilər, tələbələr, eynəkli əlaçılar, qolunda döymə, cırıq cinsli, burnu-qulağı pirsinqli qızlar və oğlanlar, çoxuşaqlı ailələr...daha kimlər yox idi ki, bu sırada. Öz yerimə qayıdıram. Nəsə bir qarışıqlıq var yerimdə. Yoxsa növbəmi itirib səhv yerəmi gəlmişəm? Ardıcıl qoyub getdiyim insanlar indi dövrə qurub nə haqdasa danışırlar, əllə-qolla, uca səslə. Yaxınlaşdıqca tanıyıram həmin insanları. Öz növbəm imiş, yanılmamışam. Sadəcə, insanlar artıq tanış olub ədəbiyyat və sənət haqqında müzakirələr aparırlar. Biri Lyosanı tərifləyir. Biri Fuentesi, biri Roberto Bolanyonu, başqa birisi də deyir ki, daha əvvəlki kimi əsərlər yazılmır ispan dilində. Biri deyir Lyosa liberaldır, o biri deyir, yox, filan əsərində bəs görmədin necə solçu fikirləri vardı? Üçüncüsü də araya girir ki, bədii əsərdə fikirlərin hamısı müəllifin öz gerçək fikirləri olmur, obrazın dilindən danışır. Bu zaman növbədən yorulmuş bir xanım etiraz edir ki, hər kəs belə növbədə dayanmalı deyil, xüsusi dəvətnamə olmalıdır bəzi insanlar üçün, onlar rahat girməlidir. Dərhal başqa bir xanım (bir az öncə yaxın əyalətlərdən birindən gəldiyini söyləmişdi) gülərək, “Lyosa ədalətli adamdır, istəməzdi ki pulu çox olanlar rahat girsin içəri, başqaları qalsın bayırda” dedi.

Beləcə, söhbətə baş qarışdı, zaman tez keçdi. Vaxt yetişdi və biz salona girdik. Xeyli insan oturdu (bəxtim gətirdi, oturanlardan oldum), xeyli insan ayaqüstə dayandı, dəfələrlə artıq insan isə bayırda qalmalı oldu. Amma onları da düşünmüşdülər: Salonun bayırına iri bir ekran quraşdırmışdılar.

Yerimizdə rahatlandıq. Qısa təqdimatdan sonra Lyosa sakit addımlarla salona girdi. 80 yaşına baxmayaraq uca boyu, şax qaməti, səliqə ilə daranmış saçı, qəşəng kostyumu, səliqə ilə bağlanmış qalstuku və üzündəki müdrik ifadə xarizmasını tamamlayırdı. 

Təqribən yetmiş dəqiqə danışdı. Moderator suallar verirdi. O da cavablara uyğun olaraq dəyişdiyi üz ifadələri, əl-qol hərəkətləri üzərində hakimiyyətini, hərdən güclü yumor hissini, hərdən də zəhmli ciddiyyətini nümayiş etdirirdi. Bir az öz siyasi keçmişindən danışdı. 90-cı ildə Peru prezidentliyi uğrunda mübarizəsindən. Məğlub olduğu Fuximoriyə (Alberto Fuximori – 1990-2000-ci illərdə Peru prezidenti olub) təşəkkür etdi ki, “məğlub olmasaydım, ədəbiyyatla istədiyim qədər məşğul ola bilməyəcəkdim”. Diktaturaları yıxdı-sürüdü bir az, bir az ABŞ-a ilişdi, bir az Argentinaya, bir az Avropaya. Bir az ədəbiyyatdan danışdı, bir az jurnalistikadan, bir az incəsənətdən, bir az öz uşaqlığından. Sonra yeni kitabından danışdı. Bu il, martın əvvəli nəşr olunmuş 18-ci romanı “Beş künc”haqqında. Yenə siyasət, qətl, erotika, jurnalistika və avtoritar rejimlərin bütün bunlardan istifadə formaları. Qulağım Lyosada, gözlərim dizimin üstündəki həmin kitabın üz qabığına sataşır: iki yarıçılpaq qadın yataqda uzanıb, qadınlardan biri qəzet oxuyur, qəzetin üstündəsə “BÜTÜN ÖLKƏDƏ KOMENDANT SAATI” manşeti var. Bir az vərəqləyirəm, amma dizimin üstündəki Lyosanın fikrimi səhnədəki Lyosadan ayırmağına imkan verməyib kənara qoyuram birincisini. Lyosa deyir, Fuximori (kitabdakı hadisələr onun hakimiyyəti illərində baş verir) avtoritarizmi qorumaq üçün ən çox jurnalistlərdən istifadə edirdi. Narazı insanları korrupsiyaya bulaşmış, ləyaqətsiz jurnalistlərin əli ilə zərərsizləşdirirdi. Jurnalistləri satın alır, ləyaqətli insanların həyatında bu jurnalistlər vasitəsilə skandal yaradıb onları cəmiyyətin gözündə etibardan salmağa çalışırdı və bu, çox effektli üsul idi... İnsanlar ölkənin problemlərindən bezəndə bir otağa çəkilib sekslə məşğul olmaq istəyir və az da olsa, xoşbəxtliyi dadmağa çalışırdılar. Amma elə ən təhlükəlisi bu otaqlar idi. Onların yataq macəraları asanlıqla hər kəsə təqdim edilə bilərdi. Kitab da bunlardan bəhs edir. 

Öz iş rejimindən də danışdı. Klişe suallardan birinə cavab kimi. Deyir, hər gün saatlarla yazıram, oxuyuram, həftə sonları da ən azı bir köşə yazıram. Çoxlu səyahət edirəm. Deyir, yazıçı publisistika ilə məşğul olmamalıdır fikri gülməlidir. İnzivaya çəkilən, hər gün insanlar arasında bir neçə saat dolaşmayan yazıçıları da anlaya bilmirəm. 
Başqa şeylərdən də danışdı. İndi hamısını xatırlamıram. Görüş bitdi. Ayağa qalxıb, sanki 18 romanın ağırlığını göstərməyə çalışaraq, asta-asta addımlayıb gözdən itdi...

Amma hələ bitməyib

Salonu tərk edib küçəyə çıxmağa hazırlaşırdım. Çox getməmiş növbəti bir izdihamla rastlaşdım. Tədbir qurtarıb, bəs indi nə baş verir axı? Fiziki cılızlıq hərdən köməyə gəlir. Birtəhər irəlilədim. Lyosanı gətirən maşının önünə yığılmışdı insanlar. Yazıçı indi arxa qapıdan arvadı ilə birlikdə çıxıb maşına minəcək. İnsanlar qışqırır, əllərini maşına sürtür, şəkil çəkir, video çəkir. Mühafizə bir neçə dəfə izdihamı yarmağa çalışır ki, maşın çıxa bilsin...

Yazıçı fanatlığı? Həm də belə? Nə qəribə!

Məni qınamayın. Öz yazıçısı bir yana, dünyada bestseller olmuş yazıçıların belə kitablarının utanılacaq satış rəqəmləri göstərdiyi, bambılılıq və yaltaqlıq etməyən sənət adamının bir qəpiklik hörmətinin olmadığıbir ölkənin vətəndaşı olaraq, bir yazıçının sağlığında bu cür sevilməsinə, bu cür fanat ordusu ilə qarşılaşmasına təəccüblənməyə bilməzdim. İlk ağlıma elə indi oxuyarkən sizin də düşündüyünüz fikir gəldi: hamısı “instaqramda”, “facebook”da şəkil paylaşmaq, sonra da danışıb lovğalanmaq üçün gəliblər bura. Amma dərhal tədbirdən öncə insanlar arasındakı söhbətləri xatırladım və utandım. Hər bir halda, yazıçı belə pop-kültür qəhrəmanı olmalıdırmı, müğənnilər kimi ardınca fanat ordusu qışqırışmalıdırmı, yoxsa dəli-divanə görkəmi yaradıb heç kimi saymamalı, insan içinə çıxmamalı, tez-tez inzivaya çəkilməsi haqqında şayiə buraxmalıdırmı? Bir rəy söyləmədən, sadəcə, sevdiyim bir yazıçını yaxından dinləmək eşqi ilə keçirdiyim bir neçə saat ərzində gördüklərimi, eşitdiklərimi yazdım. Gerisinə oxucu qərar verir...

Klassika

Görüşdə Lyosadan soruşdular ki, yəqin yazıçı həyatınızda ən xoşbəxt an Nobel mukafatına layiq görüldüyünüzü bildiyiniz andır. Dedi, yox, yazıçı kimi ən xoşbəxt anı bir dəfə naşirimlə nahar edərkən yaşamışam. Həmin vaxt Fransanın məşhur “Gallimard” yayın evindən zəng edib əsərlərimi “Pleyad” seriyasında çap etməyi təklif etmişdilər.
“Pleyad” (Bibliothèque de la Pléiade) seriyasından yalnız ən görkəmli yazıçıların klassika zirvəsinə yüksəlmiş əsərləri nəşr edilir. Sağlığında kitablarını bu seriyada görmək Andre Jid, Andre Malro kimi cəmi bir neçə yazıçıya qismət olub. Onlardan biri də Mario Varqas Lyosadır. Ədəbiyyat adına ən ciddi mükafatları alıb. Tanıdığım çox müxtəlif, hətta əks fikirli insanlar Lyosanın əsərlərini sevdiklərini deyiblər. Haqqında ən çox rast gəldiyim ifadə “canlı klassik”dir. Anlaşılan odur ki, Lyosa Prustun istinad etdiyi həmin beyin qanunlarını qüvvədən salan nadir sənət adamlarındandır. 
Kimsə sual versə ki, bu Lyosanın üslubu nədir, janrı nədir, hərə bir cavab verəcək. Biri deyəcək modernizm, biri deyəcək postmodernizm, başqa birisi realizm deyəcək, lap başqası da deyəcək, tarixi-siyasi romanlar yazır. Triller, dedektiv, erotika yazır, deyənlər də tapılacaq. Klassiklik isə bütün “izm”ləri gərəksiz edir.

 

Rəşad Səfər
Kultura.az

Kultura.az | Developed by Samir Yahyazade