post-title

Allah Qorbaçova lənət eləsin!

İkinci çıxışımdan sonra yanıma alagöz, ağ çöhrəli, qanacaqlı bir kişi gəldi. Özünü təqdim etdi: Şuşa rayon Aqrar-Sənaye Birliyinin Təmir-tikinti trestinin müdiri Süleyman Abbasov. Dövlət Plan Komitəsi xətti ilə onun trestinə rayonun ferma və digər tikililəri üçün şifer, saxsı plitka, sement, taxta və sairə inşaat materialları fondu ayrılmışdı. Materialları Dövlət Maddi Təchizat Komitəsi verməli idi. Bu işin müqabilində “Qossnab”ın işçiləri mühasirədə olan Şuşanın sakinindən rüşvət tələb edirdilər. “Başına dönüm, mən bu rüşvəti haradan verim? Şuşada mən kimdən rüşvət alım ki, həm də Bakıda verim? Axı Şuşada indi pul yoxdur, müharibə var...”

 
 
Kişi uşaq kimi az qala ağlayacaqdı. Mən həm mütəəsir oldum, həm də qəzəbləndim. Ona toxtaqlıq verdim, zəng vurdum “Qossnab”ın sədri Rəhim müəllimə, təqdimatdan sonra xahiş etdim ki, məni təcili qəbul etsin. Rəhim Əliyeviç söz verdi ki, xahişimi yerə salmayacaq, gəlsəm, dərhal qəbul edəcək. Qonağı da götürüb “Domsovet”ə yollandım.
 
Rəhim Hüseynov iri gövdəli ağır bir kişi idi. Bizi qəbul edib dərdimizi  nəzakətlə dinlədi və dedi:
 
-Mən bu məsələni bir dəqiqəyə həll edərəm. Şuşaya kömək etmək hamımızın borcudur . Süründürməçiliyə yol vermiş işçilər tənbeh olunacaq.
 
Vəziyyəti nəzərə alaraq rüşvətxoru süründürməçi adlandırmağı diplomatik nəzakət forması kimi qəbul etdim və kabinetdən çıxandan sonra Süleyman Abbasova tapşırdım ki, işin gedişi barədə mənə məlumat versin. Bütün bu söhbət və danışıqlar əsnasında Süleyman cınqırını belə çıxarmamışdı. Kişi mənə söz verdi ki,  hal-qəziyyədən xəbərdar edəcək.
 
Qayıtdım partiya iqamətgahına. Heç üç saat keçməmişdi ki, Süleyman Abbasov özü gəldi  və sevincək dedi:
 
-Bəy, nə sirdisə, möcüzə baş verdi. Ambarda hamı əl-ayağa düşmüşdü, məndən bir qəpik almadılar, materialları bir göz qırpımında yüklədilər vaqona, qoşdular qatara, indi Şuşaya yoldadır. Mən də gedirəm təcili, Mincivanda qarşılayacağam, boşaldacağam, aparacağam Şuşaya.
 
Süleymana gözaydınlığı verdim, lakin möcüzənin sirrini açmadım: bu sirrin adı televiziyada canlı efir və aşkarlıq idi.
 
Bu sanki uğurlu başlanğıcın sonradan çox faciəvi sonluğu oldu. Mən Süleyman Abbasov adına və soyadına bir daha rast gəldim, amma başqa bir hekayətdə.
 
Süleyman bəy malını Mincivandan Şuşaya daşımaq üçün maşın dalıyca öz doğma şəhərinə tələsdiyindən uzaq, 400 kilometrlik  Füzuli-Cəbrayıl-Zəngilan-Qubadlı-Laçın-Şuşa yolu ilə deyil, cəmi 38 kilometrlik Ağdam-Stepanakert-Şuşa yolu ilə getməyi qərara alır.  Stepanakertin yaxınlığında erməni yaraqlıları onu əsir götürürlər, gətirib şəhərdə bir qarajın xəndəyinə salırlar, xəndəyin üstünü qalın dəmir təbəqə ilə örtüb üstünə köhnə və yararsız bir yük maşını qoyurlar. Düz bir həftə Süleyman bəy bu xəndəkdə qalıb su və çörək ilə dolanır. Sanitar vəziyyəti də təsəvvür etmək çətin deyil.
 
Bir həftədən sonra yaraqlılar gəlib maşını çəkir, dəmir təbəqəni götürür, Süleyman bəyi xəndəkdən çıxarır və evin həyətindəki hamama aparıb əmr edirlər ki, çimsin və saqqalını qırxsın. “Bunlara nə olub? Bir həftədir məni heyvandan betər vəziyyətdə saxlayırlar, bir tikə çörək, bir stəkan su gətirəndə yeddi arxamdan dönənimi söyürlər. İndi isə adam balası kimi üzümə gülürlər, hörmətlə danışırlar. Yəqin mənim başımı  qurban kimi ya kəsəcəklər, ya güllələyəcəklər, ölümümü təmiz qarşılamağımı istəyirlər”-deyə sadəlövh Süleyman düşünür.
 
Çimir, saqqalını qırxır, bir də görür ki, çirkli paltar əvəzinə ona təp-təzə,  ölçüsünə uyğun alt paltarı, bir dəst təzə kostyum və köynək verirlər. Geyinir-keçinir və ölümünü abırlı qiyafədə qarşılayacağına şükür edir.
 
Əsiri gətirirlər evə. Otağa girəndə görür ki, qardaşı da oradadır. Otağın ortasında masa, masanın üstündə Qarabağın olar-olmaz nemətləri düzülüb. Onu hörmətlə qardaşının yanında əyləşdirirlər və qədəhlərə içki süzüb təklif edirlər ki, badələr... Azərbaycan və erməni xalqlarının əbədi və sarsılmaz döstluğu şərəfinə içilsin! Çaşmış və sarsılmış Süleyman badəni çəkir başına və qardaşınna baxır. Görür ki, o da içdi.
 
Dostluqdan sonra qardaşlığın sağlığına içildi. Qardaşlıqdan sonra mədəniyyətlərin yaxınlığı, vahid musiqi və ədəbiyyat sağlığına içildi. Ermənilər Süleymana və qardaşına yalvarıb xahiş edirdilər ki, kababın bu tıkəsinin dadına baxsınlar, şərabın və ya konyakın bu badəsini də içsinlər. Nəhayət, ermənilərin ağsaqqalı ayağa qalxır və son sağlığı söyləyir:
 
-Qardaş xalqların arasına nifaq toxumu səpənlərə lənət olsun! Bizim evimizə-yurdumuza ədavət gətirənlərə, qan salanlara lənət olsun! Allah Qorbaçova lənət eləsin!
 
Ölümdən qurtulduğuna sevinən, içkidən məst olan Süleyman bu “qonaqpərvər” evdən çox qarışıq fikirlərlə ayrılır. Maşın Stepanakertdən çıxıb üzüyuxarı Şuşaya dırmaşmağa başlayanda qardaşından soruşur:
 
-Nə baş verib?
 
Qardaşı deyir:
 
-Andıra qalmış Qorbaçovu deviriblər,  kommunistlər yenə hakimiyyətə qayıdıb. Elan ediblər ki, bütün millətçilərin, separatçıların analarını ağladacaqlar. Ermənilər qorxuya düşüb, yenidən xalqlar dostluğundan danışırlar, Stepanakertin kənarında süfrə açıblar, keçib-gedən bütün azərbaycanlıları zorla saxlayıb havayı yedizdirib-içizdirirlər, sağlıq deyirlər.
    
Süleyman bəy materialları Mincivandan Şuşaya gətirir, tökür trestin ambarına.
 
Yarım ay sonra öz “Moskviç” maşınında xanımı, iki uşağı və qaynanası ilə Şuşadan Laçına gedəndə erməni yaraqlıları maşını avtomatdan atəşə tuturlar. Ailədən bir nəfər belə sağ qalmır.
 
Zərdüşt Əlizadə
 
"İkinci Respublikanın sonu" kitabından
 
Kultura.az
Yuxarı