post-title

Tut ağacı

Malakan bağı yaxınlığında balaca ofisimiz var. Yoldaşım bütün usaqlığını orada keçirib, ana-atası bu evin tikilməsində şəxsən iştirak edib, həyətdə bir necə ağac da əkiblər. O gündən keçən 40 ildən bəri ağaclar xeyli böyüyüb.

 

 

Bizim üçüncü mərtəbədəki pəncərəmizə çatan Tut ağacı da qış-yay bizi sevindirir, həyətin eybəcər mənzərəsindən bizi qoruyurdu.

O gün həyətə bir az gec catdıq. Gördüyümüz mənzərə bizi heyrətləndirdi. Gözümüzün qabağında Tut ağacının son iri budağı kəsilib yerə düşdü... Gözəl qollu-budaqlı, yam-yaşıl ağacın lüt gövdəsi indi yetim uşaq kimi durub elə bil soruşurdu “Axı mənim nə günahım var idi?”

Yoldaşımla birgə həyətdə bu işləri idarə edən insanları cığırdıq, hədələdik, lənətlədik, nifrətimizi bildirdik... Belə gözəl ağaca əliniz necə qalxdı?! – deyə ucadan qışqırdıq.

Ağacın tutları maşınlarımızın üstünə düşür! - cavabını aldıq.

Bu qədər sadə cavab. Bizi əhatə edən insanlar üçün maşın gözəllikdən, təmiz havadan, ağacın verdiyi kölgə və sərinlikdən vacibdir! İllərlə qarşılaşdığım bu acı həqiqəti sonunda qəbul etmək məcburuyyətindəyik.

Mən yenə də razılaşmadım. İnternetdən Bakı Şəhər Ekologiya departamentinin nömrəsini tapıb zəng vurdum. Bir neçə saat sonra üç cavan, boylu-buxunlu insan həyətimizə gəldi. Ağaca baxıb,- Çox hayıf, amma biz indi nə edə bilərik! – dedilər. Nə cərimə, nə inzibati töhmət. Kəs ağacları maşınına mane olursa! Bəs siz ekologiya departamentində nə işlə məsğulsunuz, bura niyə gəlmisiniz, dövlətin pullarını havayı niyə alırsız?! - deyə bağırmaq istədim. Amma susdum. Onsuz da cavabsız qalacaq! Əvəzində Gürcüstanda yaxın dostumuzdan eşitdiyimiz yeni ekoloji qanunlardan danışdıq. Sən demə, indi öz şəxsi həyətində belə ağac kəsmək istəsən ekologiya departamentindən icazə almalısan. Ağac çox nadir, gözəl olsa sənə izin də verməyəcəklər. Qeyri-qanuni hərəkətlərin sonucları da artıq Gürcü xalqına yaxşı bəllidir!

Bəs biz?!

Evimizin 100-ə yaxın sakinlərindən heç biri bu əhvalata qarışmadı, gələcəyi düşünmədi, gözəl ağaça heyfi gəlmədi. Hamı maşınını düşündü. Tək başına mücadilə etməli olduq. Və əlbəttə uduzduq. Mənzilə qalxıb pəncərəmizin pərdəsini kip bağladıq. İndi pəncərəmizdən Tut ağacının yaşıl budaqları yerinə maşınlar və zibil qutuları görünür. Mən daha ora baxmaq istəmirəm. Yorulmuşam zibil mənzərələrindən!

Şəhəri məzarlıq kimi gəzirəm. Burada Tut ağacı vardı, burda, Nizami heykəlinin ətrafında yaşı 100-ə çatan Zeytun ağacları, burda, Heydər Əliyev prospektində, sıra-sıra Şam ağacları, Neftçilər xəstəxanasının qarşısında onlarla Çinar.... İndi onların yerində enli prospektlər və maşınlar, maşınlar, maşınlar. Nə vaxtsa Bakının, Abşeronun hər yerində Püstə ağacları görünürdü. İndi bir-ikisi qalıb. Biri Axundov bağının yanında, biri də Şirvanşahlar sarayının aşağı həyətində. Hər il ona baş çəkib yanında oturur, bu qoca ağacı dir daha görmərəcəyimdən qorxuram. Köhnə dost kimidi. Bu il hələ olmamışam...

Yəqin mənə deyəcəklər indi Avrovision zamanıdır, bütün şəhər canlanıb, hər yerdə sərgilər, canlı konsertlər kecirilir, Qız qalasında işıq şousu, hər gün atəşfəşanlıq, Fəvvarələr meydanında Flaşmob keçirilir. Sən də Tut ağaçından danışırsan.

Yəqin, yəqin mən nə isə başa düşmürəm. Bu qədər çıraqban, şənlik, ümumi bayram ab-havası, turistlər arasında özümü tənha hiss edirəm.

İndi həyətdə də özümü tənha hiss edirəm. Həyətin sakinlərinə ən sadə bir həqiqəti başa sala bilmədim. Aciz qaldim. Yəni bu həyətin, bu şəhərin sakinləri ən yaxın gələcəyi belə düşünmək istəmirlər? Axı 10-15 gündən sonra tut daha tökülməyəcək, amma qızmar yay hələ qarşıda bizi gözləyir.

Bir həftə sonra Avrovision bitəcək, amma gündəlik həyat davam edəcək...

Nə vaxtsa hətta neft də bitəcək, bəs onda bizi nə gözləyir...

Heyran Qorçu

 

 

Qızım bu əhvalatı danışanda, çaşdım, bilmədim nə deyim. Doğrudan da bizim hərəkətlərimiz “taun zamanı ziyafətə” bənzəyir. “Beş günlük dünyada” nə düşüncə, əsas bu gün, toy olsun bayram olsun. Bizim millətə tay ola bilməz. Nə isə. Qızıma yeganə təklifim o oldu ki, əhvalatı yazsın. Bəlkə bir-iki nəfər oxudu. O adamlar ki “Avrovizion” və onunla bağlı attraksionlarla beyinlərini dumanlandırmayıblar. Bəlkə “tut ağacı” ağrısını onlar da bölüşdülər.

Rəhman Bədəlov

Yuxarı