post-title

Axundovun ruhuna bir salavat!

Özümdən başlasam, gərək bir on il geriyə qayıdam. Ciddi mütaliyəyə on səkkiz yaşımdan başlamışam. O vaxt Qaraçuxur qəsəbəsində bir kitabxana bələdləmşdim, günüm-güzarım orda keçirdi. İnsafınan deyim ki, axtardığım bütün xarici bədii ədəbiyyatı ordan tapıb bəhrələnə bilirdim. Sonralar başqa-başqa kitabxanalarla da “sövdələşdim”. İyirmi iki yaşımda işlədiyim qəzetlərdən birnin redaksiyasında yazı-pozu adamlarından eşitdim ki, sən demə Kafkanı, Folkneri, Kamyunu da oxumaq lazımdı. Birtəhər qəzetlərdən, jurnallardan onları da tapıb oxuyurdum.

 

 

Nə sirr idisə fikrim-zikrim rus, ingilis, fransız yazıçılarının əsərlərində çaxılıb qalmışdı.

Bu qədər müddət ərzində mən “üzü dönmüş” bircə dəfə də olsun çevrilib öz yazıçılarımızın kitablarını varaqlamadım ki, əcnəbilərdən götürdüyüm ibrətin bir misqalını da onlardan götürəm. Dünya ədəbiyyatının yazıçılarını oxumaq marağında dolana-dolana bir dəfə də olsun düşünmədim ki, illərlə ayaq döydüyüm kitabxananın rəflərində ancaq şagirdlərə verilmiş tapşırıq kimi istifadəyə ehtiyacı olan bir dahini, Mirzə Fətəli Axundovun əsərlərini də götürüb vərəqləmək lazımdır. Və hətta boynumun borcudu!

Gün keçdi, dövran dolaşığa düşdü. Olan olub, keçən, keçibdir deyibən,  bu səhvimi və avamlığımı bəhanələrə calaşdıra-calaşdıra xarici ədəbiyyatlarla qərib ellərə “səyahət”lərimə ara verib, Mirzə Fətəli Axundovun əsərlərini varaqlamağa başladım.

Başlanğıc yalan olmasın, mənə doqquz ballıq zəlzələ gücü ilə təsir etdi.

Ömrünü insanların maariflənməsinə, tərəqqisinə sərf edən Axundovun bütün əsərlərinin, pyeslərinin, məqalələrinin hər vərəqində belə dahini bu çağa qədər oxumadığım üçün özümü ən cahil insan hesab edirdim.

Əsərlərində Axundov bütünlüklə insanları inkişafa, mənəvi azadlığa, milli bərabərliyə səsləmişdi.

Onun yazdıqlarını oxuyub bitirdikdən sonra, Nərimanov, Haqverdiyev, Çəmənzəminli və başqa ədibləri oxumağa davam etdim. Hər biri öz dövrünün fədakarları olan bu insanların qoyub getdiklərindən çox şeylər öyrənsəm də nə yazıq ki, sevinə bilmədim...

...Axı hansı günə sevinəydim ki, bu cəfakeş qələm sahiblərinin qalaq-qalaq yazdıqlarının üstündən yüz ildən çox vaxt ötməsinə baxmayaraq hələ də qızlarını on dörd yaşında ərə verən ata-analarımız, molla adı altında gənc qızların, qadınların namusuna sataşan “dindarlarımız”, güzarını kafelərdə, barlarda keçirən beşi, beşə vura bilməyən on birinci sinif şagirdlərimiz var.

Və bir də, beşinci sinifdə oxuyan, başına qara hicab bağlayıb, üstündən süni saç qoyan məktəbli qızlarımız...

Özünün qulac-qıvrım saçlarını hicab altında gizlədən bu məktəbli kiminsə “soxa”sını başına taxmaqla əcaba nə etdiyinin fərqində deyilmi? Fərz edək ki, o deyil. Bəs onu məktəbə göndərən ata-ana hara baxır?

Məktəbə hicabla girməyin yasaq olduğunu bilən bu on bir yaşlı qızcığaz, bu gündən belə fənddgirliyə əl atıb müəllimlərini, tay-tuşlarını aldadırdısa, iyirmi bir yaşında, hansı yalanlar uydurub insanları dolayacaq?  

Əgər səbəb islam dini və qadının telinin görünməməsi prinsipidirsə, onda onlar bilmirlərmi, islam dinində saç qadını gözəl göstərdiyi üçün gizlədilməsi məqbul sayılıb qadını yaraşıqdan məhrum etmişdi. Belə olan halda süni saçın verdiyi gözəllik, gözəllik  deyildimi?!

Gözəlliyi on, doquzunu da  don eliyən atalarımızın göstərişinə əməl edən bər-bəzək həvəskarlarının saçını bəzəyən süni saçlar, əcaba bu məktəblini bəzəməmişdimi?

O zaman, bir mərifətli adam ortaya çıxıb məni başa salsın görüm, saçı saçla gizlətməyi hansı din alimi kəşf edib?

Mən hələ bu məktəblinin gündə beş dəfə dərsdən yayınıb namaz qılmasını, sarala-sarala oruc tutub, küt beyinlə dərsə gəlməsini, günlərini məsçidlərdə çürüdüb, zay etməsini ortaya gətirmirəm.

Mənimki bu saç məsələsidi ki, bu haləti görəndən yer ayaqlarımın altından qaçıb. Daha yerdə davam gətirə bilmirəm.

İyirmi birinci əsr, cib telefonumuz, internetimiz, peyk antenalarımız və hicaba bürünüb süni saçla gəzən pakizə məktəbli qızlarımız!

Axundov misilsiz əsəri olan “Kəmalüddövlə məktubları”ını rus dilinə tərcümə edib rus naşiri İsakova göndərərkən ona ünvanladığı məktubda  belə bir cümlə işlətmişdi. “Müəllif axirət haqqında düşünənlərdən deyil; o bu kimi şeylərə heç bir əhəmiyyət vermir. O, ancaq o dinə üstünlük verir ki, insanı bu dünyada xöşbəxt və azad edə bilsin.”

Oxuduğumuz bu sətirlərdə mütəfəkkirin sevinci aşkar duyulur.

Sizcə, bu gün Axundov sağ olsaydı və baş verən bu qədər pəstahları görsəydi sevinərdimi?

Sevinərdi deyənlər varsa, o zamanAxundovun ruhuna bir salavat!

Samirə Əşrəf

Kultura.Az

Yuxarı