post-title

Vətənim Yalandiya

Deyirlər həqiqət acı, yalan şirin olur. Belədirsə, niyə Matfey “Yevangeliya”sında yazırdı ki, dualarında yalnız həqiqət istə... İnsanlara Allahdan acı bir şey istəməyi necə tövsiyə edirdi? Məgər o bilmirdi ki, insan təbiətcə hər şeyin şirinini sevəndi? Qəliz sualdı! Cavabı elə dünyanın sirrini bilmək kimidi. Bəlkə də müqəddəs kitabların hikməti bundadı, nə biləsən…

 

 

Mənim təsəvvürümdə həqiqət dünənə bağlı anlayışdı, yalanın üzü sabahadı. Dünənin xoşbəxt anı bu günün çarəsizliyindən doğan öləri işartıdan başqa bir şey deyil. İstər şəxsi, istərsə də ictimai xarakterli olsun, əsl xoşbəxtlik ilğımı irəlidədi – insanın xoşbəxtliyi sabahdadı!

“Xoşbəxt kommunizm” də, vəd olunan “neft səadəti” də “sabah” olmalıydı. İndi “2020-ci ilin İnkişaf Konsepsiyası”na ümidliyik. Neyləməli, bəşəriyyətin həyat generatoru ümid də sabah ünvanlıdı!

Ümid yalanın sevdiyi ən yaraşıqlı libasdı. Bal dadan, ümid libaslı Yalan – Şeytanın yüz adından biri…

Adam “ümid libaslı” yalana hansı şövqlə inanırsa, elə o çılğınlıqla da ətrafındakıları inandırmağa can atır. Yalanın kütləvi halı onun siyasətə transferində baş verir. Dünyada siyasət qədər yalana ehtiyacı olan heç nə yoxdu. Siyasət yalanın özünü rahat hiss elədiyi mühitdi. Dünyanın nəhəng imperiyaları “ümid libaslı” yalan ideyalarla qurulub-dağılmadımı? Milyon-milyon insan “şirin sözünə” uyub yalan “maşını”ndan ət, “sobası”ndan kül, “borusu”ndan tüstü kimi çıxmadımı?

Yalanın təntənəsi insana ən böyük faciə öncəsi ən gözəl ekstaz yaşatmasıdır – fürerinə dəlicəsinə aşiq olan alman xalqının xoşbəxtlik saçan sevincini görməmisinizmi köhnə kino kadrlarında? Onda hələ qalib sovet əsgəri yüz minlərlə məğlub alman qadınını zorlamamışdı.

Həqiqətin bir, yalanın min üzü var. Yalanların ən qorxulusu həqiqət donu geyinənidi! Tarixdə bunu kommunistlər kimi bacaran olmayıb. Hətta Hitler sovet kommunistləri tək işğalı “xilas” adlandırmayıb, konslagerlərdə yəhudi əsirlərini sovet həbs düşərgələrindəki məhbuslar kimi “Ya druqoy takoy stranı ne znayu, qde tak volno dışet çelovek” oxumağa məcbur eləməyib. Bu, məşhur “Yüz dəfə söylənilən yalan həqiqət olar” ifadəsinin müəllifi, mahir yalan ustası Göbbelsin də ağlına gəlməyib.

Xalqın milyonlarla insanı məhv edən birinə “Xalqlar atası” deməsi kommunist əxlaqının qələbəsi idi. İnsanları işğaldakı torpaqdan bir metri belə azad edə bilməyənə “Xilaskar”, 6 rayonun işğalına yol açan bir günə “Qurtuluş günü” deməyə məcbur eləmək də həmin ənənənin davamıdı. “Pencəyimi çiynimə atıb Xankəndinə gedərəm” kimi hakimiyyət ehtiraslı məşhur mesajından 20 il sonra “Çox sevindirici haldır ki, artıq Azərbaycanın ərazi bütövlüyü məsələləri heç kimdə şübhə oyatmır” sözləri yalnız hər mənada işğal olunmuş ölkədə deyilə bilər. Özü də bu adi təbliğat yox, oturuşmuş mənəvi norma formasında edilir.

“Ötən il Gül bayramına 26, bu il isə 116 ton gül gətirmişik” deyən Bakının seçilməmiş merinin mənəvi norması kimi. Bilmədim, həmin vaxt Xankəndidə paraddan keçən hərbi texnika və əsgərin başına neçə kilo gül atmışdılar…

“Şiroko şaqaet Azerbaydjan“ şüarı 15 sovet respublikası içində təkcə bizə deyilib. Cünki buna təpədən-dırnağa yalanla yoğrulmuş bir respublikanın vətəndaşları “inana” bilərdi. Yalnız biz az qala Qazaxıstanın bir kolxozu boyda olan ölkədə 1 milyon ton pambıq, 2 milyon ton üzüm “yetişdirə”, bir inəkdən 6 min litr süd “sağa”, hər 100 qoyundan 150 bala “ala bilərdik”.

SSRİ-nin ömrü uzansaydı, Kreml nədi, Cənnəti də satın almışdıq; 1 milyon ton pambıqdan cənnət mələklərinə don biçib geyindirmiş, 2 milyon ton üzümdən şərab çəkib kefləndirmişdik. Sayımız 9 yox, 90 milyon olmuşdu, çünki burda analar balanı daha 9 aydan bir yox, hər ay doğacaqdı…

Dəyişməyib, həmin ölkədi! Xalqı da həmindi, hökumətdi də. Qalanısa təkcə neftdi. Avropanın, ondan da Qərbdəkinin dilinə, gözünə, qulağına sürtülən neft.

***

Dünyada bir ölkə var. Gecəsi yalanla gedən, sabahı yalanla gələn ölkə. Körpələri gözünü, böyükləri ağzını yalanla açan ölkə. Burda qanun da, fərman da, tarix də, resept də, qiymət də, kəbin də, maaş da, .... sevgi mesajı da yalanla yazılır. Burda həqiqəti çoxdan dəfn ediblər! Buranın həqiqəti YALANdı!

İrlandiyadan “Avroviziya” mahnı müsabiqəsinə gələn müğənni Edvard və Con Grimes qardaşları bu ölkəyə təzə ad qoymaq istədilər – “EdzerbaiJohn”. Alınmadı! Çünki buranın öz adı var – Yalandiya.

Saxta bayramlar içində tək həqiqi bayramına – istiqlal gününə tamarzı ölkə…

Vətənim Yalandiya!

 

Vahid QAZİ

http://vahidqazi.wordpress.com

 

 

 

 

Yuxarı