post-title

Cavanşir Quliyev: «Kiprə sürgünə gəldiyimi deyirəm»

Tanınmış bəstəkar, 2005-ci ildən Quzey Kıbrıs Türk Respublikasındakı Yakın Doğu Universitetinin Səhnə Sənətləri fakültəsində dərs deyən professor Cavanşir Quliyev yay tətilini keçirmək üçün Azərbaycana gəlib. Bu fürsətdən istifadə edib bir sıra məsələlərlə bağlı fikirlərini öyrəndik.

 

Azərbaycanın hansı dövlət olduğunu ağlı kəsən adam bilir. Ağlı kəsməyən adam da bilməsə yaxşıdır.

- Azərbaycandan kənarda olsanız da yəqin ki, burdakı prosesləri izləyirsiniz. Müşahidələriniz nədən ibarətdir?

- Dərindən izləmək mümkün deyil. Çünki internet saytlarında yazılan materiallardan başqa ayrı informasiya almaq olmur. Mən də bilirəm ki, internet saytlarına hər şey gedib çıxmır. O üzdən informasiyam yəqin ki, bütöv deyil.

- Bakıda “Eurovision” yarışmasına keçirildi. Əksər ölkələr bu kimi tədbirlərdən ölkənin təbliğatı üçün istifadə edir. Azərbaycan hakimiyyəti də qarşısına belə məqsəd qoyduğunu bəyan etmişdi. Lakin yarışma ərəfəsində dünya mətbuatında Azərbaycanda insan haqlarının pozulması və digər problemlərlə bağlı yazılar dərc edildi. Nəticədə yarışma hakimiyyətin əleyhinə işlədi. Bunun səbəbi nə idi?

- Mənə elə gəlir ki, Azərbaycanda insan haqlarının pozulmasının gizlətmək mümkün deyil. Hakimiyyət bunu bilir. Bunu gizlətməyə çalışmaq yanlış addım idi. Hadisələr də onu göstərdi ki, bunu gizlətmək olmur. Təbliğata gəldikdə, mənə elə gəlir Azərbaycanın buna o qədər də ehtiyacı yoxdur. Azərbaycanın hansı dövlət olduğunu ağlı kəsən adam bilir. Ağlı kəsməyən adam da bilməsə yaxşıdır. Yəni istəyən, maraqlanan adam indi hər hansı ölkə haqqında informasiyanı tapa bilər. Sovet üsulu ilə ölkəmizi təbliğ edək, elə edək ki, qonaqlar hamısı razı getsin, bunların hamısı köhnəlmiş şeylərdir. Avropada bu cür festivallar keçirəndə oranın hökuməti belə işlərlə heç yaxından məşğul da olmur. Festivalı keçirən televiziya şirkəti, ya da hansısa qurum bu işləri görür, keçirirlər, bitir gedir. Isveçrə və Avstriyada keçirilən ötən futbol üzrə Avropa çempionatı zamanı bir tanışım Isveçrəyə getmişdi. Deyir şəhərdə gəzirəm, burda futbol birinciliyinin keçirildiyini heç cür bilmək olmur. Stadionlarda oyunlar gedir, ancaq şəhər, insanlar öz həyatı ilə yaşayır. Bizim ölkədə nədənsə hansısa hadisə, tədbir keçiriləndə ölkəni iflic vurur, hər yeri bağlayırlar. Az qalırlar insanları da ölkədən qovsunlar ki, çıxın gedin, sonra gələrsiniz. Bunun hamısı hələlik ölkənin, cəmiyyətimizin mədəniyyətinin aşağı səviyyədə olduğunu sübut edir. Biz hələ də normal, sıradan bir dövlət ola bilməmişik. Hələ də keçmiş sovet respublikası havası ilə yaşayırıq. Hamısı ondandır.

“Içəridən hərəkət olmasa, kənardan yardım olmayacaq

- Son vaxtlar dünya mətbuatında Azərbaycanda baş verən neqativ hallarla bağlı yazılar artıb. Siz də ölkədən kənardasınız. Elə hal olub ki, Sizə Azərbaycanda hansısa xoşagəlməz hallar barədə desinlər? Bunu necə qarşılayırsınız?

- Mənim yaşadığım ölkədə belə şey olmur. Çünki Şimali Kipr Respublikası özü elə həyat uğrunda mübarizə aparan yerdir. Onların öz dərdləri çox böyükdür. Güman edirəm ki, onlar bu nəşrlərin ancaq özlərinə aid səhifələrini oxuyurlar. Başqa şeyləri oxusalar belə reaksiya vermirlər. Hər halda mənə bunu deyən olmayıb. Güman edirəm ki, bütün ölkələrdə də belədir. Biz bəzən elə bilirik ki, dünya oturub-durur Azərbaycandan danışır. Məncə, belə deyil. Sırası gələndə hansısa məsələnin bəlkə də müzakirə edirlər. Amma oturub düşünsünlər ki, Azərbaycanda niyə belədir, vəziyyət belə çətindir, bu olmayacaq. Hələ mən burda yaşayarkən də cəmiyyətimizin, insanlarımızın, bəzi müxalifət hərəkatlarının da düşünürəm səhvi bunda idi ki, deyirdilər Amerika, Avropa, mütərəqqi bəşəriyyət hara baxır. Niyə bəs bizə qarşı bu cür ədalətsizliyi görmürlər. Heç nə etməyəcəklər. O vaxtı da eləmirdilər. Çünki içəridən hərəkət olmasa, kənardan yardım olmayacaq.

- Azərbaycanda olanda televiziyada Sizinlə bağlı qadağalar var idi. Indi necə, bu qadağalar aradan qaldırılıb, yoxsa özünüz artıq görünməkdə maraqlı deyilsiniz?

- Götürülməyib. Necə qoyub getmişəmsə, vəziyyət yenə elədir. Bir dəyişiklik görmürəm. Açığını deyim, artıq yavaş-yavaş təbliğat etməyə marağım da ölüb. Düşünürəm ki, həqiqətən mədəniyyətə, sənətə dəyər verən cəmiyyətdə əsərlərini, yaradıcılığını təbliğat etməyə dəyər. Dəyməyən cəmiyyətdə təbliğatın mənası yoxdu. Onun üçün yavaş-yavaş bu işlərdən soyuyuram.

- Sənətdən söz düşmüşkən, Azərbaycanda bəzi məmurlar, hakimiyyətə yaxınlığı ilə seçilən şəxslər həm də bəstəkar kimi fəaliyyət göstərir. Məsələn, Hüseyn Abdullayev, bəstəkar Kamal. Peşəkar kimi onların yaradıcılığına necə qiymət verərdiniz?

- Bunu eşitmişəm. Ancaq o əsərləri dinləməmişəm. Bəlkə hardasa maşında gedərkən qulağıma dəyə bilər. Amma mən bilmirəm hansı əsər kimindir. O üzdən də konkret bir şey deyə bilmərəm. Ancaq məmurların sənətlə məşğul olması qadağan deyil. Sənətlə məşğul olan ən böyük məmur Molla Pənah Vaqifdir. Biz bilirik ki, məmur idi, ancaq şeir yazardı boş vaxtlarında. Arzu edirəm ki, bizim məmurlar da o səviyyədə, o keyfiyyətdə bədii əsərlər yazsınlar. O zaman bizə alqışlamaq qalır.

“Burdakı vəziyyəti öyrənsəm, fəaliyyətim görünəcək

- Burda olanda ictimai fəal olmusunuz. Indi də Azərbaycanda Ziyalılar Forumu yaranıb. Orda Sizin də yaxşı tanıdığınız Ramiz Rövşən, Rüstəm Ibrahimbəyov, Rafiq Əliyev və digər tanınmış şəxslər toplaşıb. Bunlar hakimiyyət tərəfindən tənqidlərə, bəzən təhqirlərə də məruz qalır. Məsələn, Rüstəm Ibrahimbəyov da Sizin kimi ölkədə daima yaşamır. Siz niyə bu quruma qoşulmamısınız, yoxsa bunu məqbul hesab etmirsiniz?

- Qoşulmaq deyəndə nəyi nəzərdə tutursunuz? O cəmiyyətlərin mövcudluğunu indi bilirəm, xəbərim yoxdur. Ikincisi, mən burda az oluram. Tətil müddətində bir şey eləmək olmaz. Üçüncüsü, bir fəaliyyət göstərmək üçün vəziyyəti tam bilməliyəm. Siyasi vəziyyəti tamam öyrənməliyəm. Qabaq burda yaşadığım üçün bilirdim. Bilirsiniz ki, siyasətdə qəzetlərdə yazılmayan, nümayişlərdə, mitinqlərdə deyilməyən, telekanallarda söylənməyən pərdə arxasında bəzi şeylər olur. Həqiqət ordadır və fəaliyyət göstərməkdən öncə onu bilmək gərəkdir. Burda yaşayanda əlaqələrim var idi, bilirdim. Indi bilmirəm və qəzetdə yazılmaqla, televiziyadan, radiodan dinləməklə hərəkət etməyi yanlış hesab edirəm. Vəziyyəti öyrənməliyəm. Öyrənsəm, fəaliyyətim görünəcək. Öyrənməsəm, bir şey edə bilmərəm. Çünki yanlış addım atmaq istəmirəm.

- Vəziyyəti öyrənmək üçün ancaq tətildən istifadə edə bilərsiniz. Bundan istifadə edəcəksiniz?

- Mümkün qədər. Tətil bir aydan çox olmur. Amma o vaxt ərzində intensiv informasiya əldə etmək də olar, etməmək də. Mən burda olan müddətdə hadisələr olacaqmı, bunu da bilmirəm. Qısası, hər şey vəziyyətin gedişinə baxır.

“Cəmiyyətdə belə ”sənətkarlar", “alimlər”, “ziyalılar” həmişə olub"

- Ziyalılara qarşı hücumlar zamanı özünü ziyalı adlandıran başqa bir qrup da hakimiyyətin sifarişi ilə bu kampaniyaya qoşulur. Haqq sözü deməmələri bir yana, bunu deyənlərə qarşı hücuma da keçirlər...

- Dünya durandan belə şeylər var. Sovet Ittifaqında Pasternak kimi şairin üzünə durub Yazıçılar Ittifaqından qovdular. Sonra Nobel mükafatı aldı. Illər sonra onun üzünə duranlar Pasternakın böyük şair olduğunu deməyə başladılar. Bu həmişə var. Mən burda yaşayan zaman da belə şey olub. Təbii ki, belə şeylərə əsəbiləşirəm, ancaq heyrət eləmirəm. Çünki belə ölkədə belə olacaq. Bu işin arxasınca gedən adam bilməlidir ki, belə olacaq və dözməlidir. Dözməyən adam belə şeyə getməməlidir. O biri tərəfdəki adamlara da nəsə deməyin mənası yoxdur. Onlara nə deyim? Sabah hakimiyyət dəyişəcək, başqa bir hakimiyyət gələcək. Gedib o hakimiyyətin yanında durub indiki hakimiyyətin adamlarını tənqid edəcəklər. Bunlar bu tip adamlardır. Cəmiyyətdə belə “sənətkarlar”, “alimlər”, “ziyalılar” həmişə olub. Buna təəccüblənmirəm.

“Cəmiyyətin güclü təzyiqi olana qədər bu belə gedəcək

- Azərbaycanda baş verənlər, şəhərin mərkəzində aksiyalara icazə verilməməsi, vicdan məhbuslarının azad edilməməsi, insan haqlarının pozulması beynəlxalq təşkilatlar tərəfindən çox səslənib. Artıq Avropa Birliyi Azərbaycana qarşı sanksiyalar tətbiq edəcəyini də deyib. Problemləri aradan qaldırmaq istəməyən hakimiyyət üçün bir neçə məhbusu azad etmək, aksiyalara icazə vermək elə çətindir ki, bununla ölkənin imicinə zərbə vururlar?

- Mən hesab edirəm ki, çox çətin məsələdir. Çünki birini azad etsə, o birini də azad etməmək üçün hüquqi əsas qalmayacaq. Hamısını azad etməlidir. Bir aksiyaya icazə versə, o birilərini də qadağan edə bilməyəcək. O üzdən eləmir, bu aydın məsələdir. Amma xarici dövlətlərin, Avropa Birliyinin sanksiyasına baxmayaraq indidən deyə bilərəm ki, Azərbaycan dönməyəcək. Bu repressiyalar davam edəcək. Çünki bu cür rejimlər beynəlxalq təşkilatların sanksiyalarına baxmaz, işini görərlər. Sadəcə içəridən cəmiyyətin güclü təzyiqi olana qədər bu belə gedəcək. Cəmiyyətin güclü təzyiqi olması üçün də, həmişə imkan olanda demişəm, indi də deyirəm, ölkədəki bütün müxalif qüvvələr və yaxud hökumətə qarşı tənqidi mövqedə duran insanlar birləşməlidir. Yalançı birləşmə yox, doğrudan birləşməlidilər. Bütün xırda partiyalar işlərini atmalıdır, bir mərkəzdə birləşməlidirlər. Təzə ad düşünsünlər, ya istəyirlər köhnəsini saxlasınlar. Bu, önəmli deyil. Birləşməsələr, bir olmasalar, hakimiyyət dinləməyəcək. Çünki zəif adamı dinləməzlər.

- Çalışdığınız ölkədə “niyə bura gəlmisiniz” kimi suallarla üzləşirsiniz?

- Internetdə mənimlə bağlı materialları oxuyanda gəlib mənə heyrətlə baxırlar ki, bura niyə gəlmisən. Burda nə işin var. Ora balacadı, Bakının bir mikrorayonu qədər əhalisi var. Mən də deyirəm ki, bura sürgünə gəlmişəm, amma gəlib cənnətə düşmüşəm. Ancaq necə yaxşı olursa-olsun, yenə də adı sürgündür. Belə zarafatla vəziyyətdən çıxıram. Ancaq təbii ki, həqiqəti onlara demirəm.

“Burda diktaturanın olduğunu bilirlər

- Azərbaycan telekanalları peyk vasitəsi ilə yayılır. Ora baxanlarda belə fikir yarana bilər ki, niyə Azərbaycanda kiçik fasilələri çıxmaq şərti ilə 40 ildir eyni sülalə hakimiyyətdədir, başqa layiqli adam yoxdurmu. Sizə belə suallar olur?

- Belə sual vermirlər. Çünki cavabını bilirlər. Yəni ordakı camaat, ictimaiyyət nümayəndələri bizim qədər bilirlər ki, bəli, bu, diktaturadır. Bu, yenilik deyil, Şimali Koreyada, bir çox ölkələrdə var. Qədim dünyada da belə idi, hakimiyyət atadan oğula keçərdi. Bizdə də elədir. Bunu bilirlər. Gərək o ölkənin vətəndaşı olasan ki, bunu anlayasan. Mənə deyiblər ki, siz çox xoşbəxt xalqsınız, çünki iqtisadi durumunuz çox yaxşıdır. Özünüz heç nə etmirsiniz, yerin altından durmadan ölkənizə var-dövlət gəlir. Bunu bir az yaxşı mənada paxıllıqla deyirlər. Deyirlər, sizdə insanlarda avtomobillər çoxdu, çünki yanacaq ucuzdu. Onlar bu işə belə baxır və bizə həsəd aparırlar. Özlərinin çətinlik çəkdikləri məsələləri başqa ölkələrdə yaxşı səviyyədə görəndə, o ölkənin siyasi durumuna o qədər əhəmiyyət vermirlər. Yəqin ki, bu, insan təbiətinə xas olan şeydir. Biz Braziliya deyəndə ordakı siyasi quruluş barədə düşünmürük. Oranın futbolu və kofesi ilə maraqlanırıq. Başqa şeylə heç maraqlanmaq istəmirik. Deyəndə də deyirik, onların daxili məsələsidir, özləri bilər. Bunlar da yəqin belə yanaşır. Bir-iki nəfərlə siyasətdən, quruluşdan, demokratiyadan, haqdan-ədalətdən söhbətə cəhd edəndə, o zaman dinləyib deyirlər ki, sizdə haqq-ədalət yoxdur, ancaq bunu mənə niyə deyirsən, durun ayağa, qurun. Misir qalxdı, o birilər qalxdı, qurdular. Cavab belə olur.

Fizzə

"Azadlıq"

Yuxarı